| 
								
								"Azərbaycan müəllimi" qəzetinin 11.09.2009-cu il 
								tarixli nömrəsində "ümumtəhsil məktəblərində 
								məktəbdaxili qiymətləndirmənin aparılması 
								Qaydaları"nın layihə variantı çap edilmişdi. 
								ötən müddət ərzində bu layihə yerlərdən daxil 
								olmuş rəy və təkliflər əsasında yenidən işlənmiş 
								və təkmilləşdirilmişdir.   
								
								Aşağıda "ümumtəhsil məktəblərində məktəbdaxili 
								qiymətləndirmənin aparılması Qaydaları"nın 
								yenidən işlənmiş variantını çap edir və 
								nəzərinizə çatdırırıq ki, fənn kurikulumları 
								tətbiq olunan siniflərdə məktəbdaxili 
								qiymətləndirmə bu "Qaydalar" əsasında aparılır. 
								
								Sinif jurnallarının ilk səhifələrində verilmiş 
								göstərişlər  bu  qaydalarla əlaqəli şəkildə 
								həyata keçirilir. Sinif jurnalında  yalnız  
								kiçik və böyük summativ qiymətləndirmələrin 
								nəticələri öz əksini tapdığına görə hər dərs 
								şagirdlərin adlarının qarşısında  onların dərsdə 
								iştirak edib-etməməsinə müvafiq olaraq "+", "q" 
								işarələri qeyd edilir. 
								
								1. Məktəbdaxili qiymətləndirmə şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) 
								(diaqnostik, formativ və summativ 
								qiymətləndirmələr), kurikulum üzrə 
								qiymətləndirmə (təhsili idarəetmə orqanları 
								tərəfindən müəyyən fənlər üzrə şagird 
								nailiyyətlərinin standartlara uyğunluq 
								səviyyəsini ölçmək üçün aparılan qiymətləndirmə) 
								və ümumi təhsilin pillələri üzrə yekun 
								qiymətləndirmədən (əsas və orta  təhsil kursları 
								üzrə  buraxılış imtahanları) ibarətdir. 
								
								2. Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) 
								diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), 
								formativ (irəliləmə və geriləmələrin izlənməsi) 
								və summativ (yekun) qiymətləndirmə  formalarında 
								aparılır.  
								
								3. Diaqnostik qiymətləndirmə şagirdin bilik və 
								bacarıqlarının ilkin səviyyəsini 
								müəyyənləşdirmək məqsədilə əsasən dərs ilinin, 
								bəhs və bölmələrin əvvəlində, şagird başqa 
								məktəbdən gəldikdə, sinfi dəyişdikdə və digər 
								zəruri hallarda onun bilik və bacarıqları 
								haqqında məlumat toplamaq, ona fərdi yanaşmanı 
								təmin etmək və təlim strategiyasını 
								müəyyənləşdirmək üçün müəllim tərəfindən 
								aparılır. Bu qiymətləndirmənin nəticələri 
								jurnalda qeyd olunmur. 
								
								4. Formativ qiymətləndirmə dərs ili ərzində 
								müntəzəm olaraq şagirdin qəbul edilmiş 
								standartların reallaşmasına istiqamətlənən 
								irəliləmələrini və geriləmələrini izləmək, bu 
								zaman qarşıya çıxan problemləri aradan qaldırmaq 
								və onu istiqamətləndirmək məqsədilə müəllim 
								tərəfindən aparılır. Müəllim bu qiymətləndirmə 
								vasitəsilə tədris prosesini tənzimləyir, 
								şagirdlərin ehtiyaclarını öyrənir və onlara 
								lazımi kömək göstərir. Formativ 
								qiymətləndirmənin nəticələri jurnalda qeyd 
								olunmur.  
								
								5. Formativ qiymətləndirmə fənni tədris edən 
								müəllim tərəfindən məzmun standartlarından çıxan 
								təlim məqsədləri əsasında hazırlanmış meyarlar 
								üzrə aparılır, onun nəticələri yalnız şagirdin 
								məktəbli kitabçasında, müəllimin şəxsi 
								qeydlərində öz əksini tapır və şagird qovluğunda 
								(portfolio) toplanır. Portfolio bir il ərzində 
								məktəbdə saxlanılır və ilin sonunda şagirdə 
								təhvil verilir.  
								
								6. Summativ qiymətləndirmə təlim prosesində 
								müəyyən mərhələlərə (bəhs və ya bölmənin, 
								yarımilin sonunda) yekun vurmaqla, 
								qiymətləndirmə standartlarının səviyyələrinə 
								əsasən hazırlanmış vasitələrlə şagirdin 
								nailiyyət səviyyəsini ölçmək məqsədilə 
								aparılır.Summativ qiymətləndirmənin nəticələri 
								rəsmidir və keçirildiyi tarixlə jurnalda qeyd 
								olunur. 
								
								7. Summativ qiymətləndirmə kiçik və böyük 
								summativ qiymətləndirmələrdən ibarətdir. Kiçik 
								summativ qiymətləndirmə (KSQ) bəhs və ya 
								bölmələrin sonunda altı həftədən gec olmayaraq 
								müəllim tərəfindən, böyük summativ 
								qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda 
								məktəb rəhbərliyinin iştirakı ilə fənni tədris 
								edən müəllim tərəfindən keçirilir.  
								
								8. Kiçik summativ qiymətləndirmə vasitələri 
								fənni tədris edən müəllim, böyük summativ 
								qiymətləndirmə vasitələri isə məktəb 
								rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya  
								tərəfindən hazırlanır.  
								
								9. Böyük summativ qiymətləndirmə vasitələri 
								fənnin məzmunundakı zəruri bilikləri əhatə 
								etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa 
								xidmət edir. Qiymətləndirmə vasitələrindən həmin 
								dərs ilindəki növbəti summativ qiymətləndirmələr 
								zamanı istifadə olunmasına yol verilmir. Bu 
								vasitələr növbəti dərs illərində istifadə 
								olunmaq məqsədilə məktəbin test bankına  daxil 
								edilir. 
								
								10. Kiçik summativ qiymətləndirmələrin 
								keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin 
								sinif jurnalında adının qarşısındakı xana 
								diaqonalla 2 yerə ayrılır və onun surətində "q"(qaib) 
								yazılır, məxrəci isə boş saxlanılır. Müəllim 
								həmin şagirdlə növbəti 2 həftə ərzində summativ 
								qiymətləndirmə aparır və onun nəticəsini 
								məxrəcdə qeyd edir.  
								
								11. Summativ qiymətləndirmədə iştirak etməyən 
								şagirdlər üçün yeni qiymətləndirmə vasitələri 
								hazırlanır. 
								
								12. Böyük summativ qiymətləndirmənin  nəticələrinə 
								görə ən çoxu üç fəndən qeyri-kafi qiymət alan 
								II-VIII və X sinif şagirdləri "ümumtəhsil 
								məktəblərində, peşə liseylərində buraxılış 
								imtahanları və şagirdlərin sinifdən-sinfə 
								keçirilməsi haqqında Qaydalar"a uyğun olaraq yay 
								tədris tapşırıqları alırlar. Yay tədris 
								tapşırıqlarını ən azı bir fəndən yerinə 
								yetirməyən şagirdlər təkrar sinifdə 
								saxlanılırlar.  
								
								13. IX və XI siniflərdə bu məsələlər "ümumtəhsil 
								məktəblərində, peşə liseylərində buraxılış 
								imtahanları və şagirdlərin sinifdən-sinfə 
								keçirilməsi haqqında Qaydalar"ın 27, 28 və 29-cu 
								bəndləri ilə tənzimlənir. 
								
								14. Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik 
								ərzində keçirilən) qiymətləndirmənin nəticələri 
								40%, böyük summativ (yarımillik sonunda 
								keçirilən) qiymətləndirmənin nəticələri 60% 
								hesab olunmaqla aşağıdakı düstur əsasında 
								çıxarılır: 
								
								  
								
								Burada, Y - şagirdin  yarımillik qiymətini; 
								
								ksq 1, ksq 2,..., ksq n - şagirdin müvafiq 
								yarımil ərzində kiçik summativ 
								qiymətləndirmələrinin nəticələrini; 
								
								n - müvafiq yarımildə keçirilən kiçik summativ 
								qiymətləndirmələrin sayını; 
								
								BSQ -  yarımilliyin  sonunda keçirilən böyük 
								summativ qiymətləndirmənin nəticəsini bildirir. 
								
								Şagirdin yarımillik və illik qiymətləri 
								çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq 
								edilir. 
								
								Məsələn, şagird I yarımildə aparılmış kiçik 
								summativ qiymətləndirmələrdə "3", "3", "4" və  
								böyük summativ qiymətləndirmədə "3" qiymət 
								aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı 
								kimi hesablanır:  
								
								  
								   
								
								Və yaxud, şagird II yarımildə kiçik summativ 
								qiymətləndirmələrdən "2", "3", "3" və  böyük 
								summativ qiymətləndirmədən "3" qiymət aldıqda, 
								onun yarımil üzrə qiyməti aşağıdakı kimi 
								hesablanır: 
								
								  
								
								15. Şagirdin illik qiyməti aşağıdakı düsturla 
								müəyyən edillir: 
								
								  
								
								Burada I - şagirdin illik qiyməti,  Y1 və Y2  
								isə 1-ci və 2-ci yarımillər üzrə qiymətləridir.
								 
								
								Məsələn, şagirdin I yarımil üzrə qiyməti "3", 
								ikinci yarımil üzrə qiyməti "4" olduqda, onun 
								illik qiyməti  
								
								  
								
								olur. 
								
								16. Summativ qiymətləndirmə tapşırıqları dörd 
								nailiyyət səviyyəsinə uyğun hazırlanır və 
								qiymətlər düzgün cavabların əsasında 
								müəyyənləşdirilir. Tapşırıqlar səviyyəsinə görə 
								asan, orta və çətin olur.  
								
								17. Tapşırıqların ümumi sayının 10%-nə qədər düz 
								cavab verən şagird "1", 10% daxil olmaqla 20%-nə 
								qədər düz cavab verən şagird "2", 20% daxil 
								olmaqla 50%-nə qədər düz cavab verən şagird "3", 
								50% daxil olmaqla 80%-nə qədər düz cavab verən 
								şagird "4", 80% daxil olmaqla 100%-nə qədər düz 
								cavab verən şagird "5" qiymətlə qiymətləndirilir. 
								
								18. Summativ qiymətləndirmənin nəticələri beş 
								ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə 
								ifadə olunur və qiymətlər jurnala yazılır. 
								
								19. Valideynlərə qiymətləndirmənin nəticələri 
								haqqında məlumatlar məktəbli kitabçası 
								vasitəsilə çatdırılır.  
								
								20. Böyük summativ qiymətləndirmələrin 
								nəticələri və şagird haqqında məktəb 
								psixoloqunun qeydləri şagirdin şəxsi işində öz 
								əksini tapır.   
								
								
								TƏHSİL NAZİRLİYİ |