| 
								
								Oktyabrın 20-də təhsil naziri  Misir  Mərdanov  
								Koreya universitetlərinin I Təhsil sərgisində 
								iştirak etmək üçün ölkəmizdə səfərdə olan 
								Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli 
								İnstitutunun (NIIED) Beynəlxalq Təhsil 
								Mübadiləsi Departamentinin direktoru cənab çunq 
								Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti  ilə 
								görüşüb.
								 
								
								Cənab çunq Nam Jonu və onun rəhbərlik etdiyi 
								nümayəndə heyətini  Təhsil Nazirliyində 
								görməyindən məmnunluq hissi keçirdiyini söyləyən 
								nazir Azərbaycanla Koreya arasında mövcud olan 
								əlaqələrin ilbəil sürətlə inkişaf etdiyini dedi. 
								Təhsil naziri, xüsusilə, hər iki ölkənin 
								prezidentlərinin qarşılıqlı səfərlərindən sonra 
								ölkələrimiz arasında yaranmış sıx dostluq 
								münasibətlərinin daha yüksək səviyyədə 
								qurulduğunu qeyd etdi. Koreya Respublikasının 
								dünyanın ən qabaqcıl ölkələrindən biri olduğunu 
								deyən nazir ölkələrimizin təhsil sahəsindəki 
								əməkdaşlığını müsbət qiymətləndirdi. Təhsil 
								naziri Koreya Respublikasına səfərini 
								xatırlayaraq orada təhsillə bağlı işgüzar və 
								səmərəli görüşlər keçirildiyini vurğuladı. 
								
								Azərbaycanlı gənclərin xaricdə təhsili 
								məsələsinə toxunan təhsil naziri Misir Mərdanov 
								hazırda 60-dan çox tələbənin  Koreyanın ən 
								nüfuzlu ali məktəblərində oxuduğunu söylədi. 
								
								ölkələrimizin təhsillə bağlı əlaqələrindən 
								ətraflı söz açan nazir onu da qeyd etdi ki, Bakı 
								Dövlət Universitetində və Azərbaycan Dillər 
								Universitetində  Koreya dili tədris olunur. 
								Təhsil naziri Koreya universitetlərində də  
								Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən 
								işlərin aparıldığını dedi.  
								
								Ali təhsil sahəsində əlaqələrin daha da inkişaf 
								etdirilməsinin zəruriliyindən danışan nazir 
								Misir Mərdanov bu səfərin hər iki tərəf üçün 
								mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. 
								
								Təhsil naziri çıxışının sonunda koreyalı 
								qonaqlara səfərlərinin uğurlu keçməsini, 
								işlərində müvəffəqiyyətlər arzuladı. 
								
								Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli 
								İnstitutunun (NIIED) Beynəlxalq Təhsil 
								Mübadiləsi Departamentinin direktoru cənab çunq 
								Nam Jo səmimi qarşılandıqlarına görə rəhbərlik 
								etdiyi nümayəndə heyətinin adından Azərbaycan 
								Respublikasının təhsil naziri Misir Mərdanova 
								təşəkkürünü bildirdi. ölkələrimiz arasındakı 
								oxşar cəhətlərdən danışan qonaq Azərbaycanın, 
								həqiqətən, inkişaf etmiş bir ölkə olduğunu 
								söylədi. Qeyd etdi ki, bu gün Azərbaycan 
								xüsusilə iqtisadiyyat və təhsil sahələrində 
								böyük uğurlar qazanıb. Bu, bir dost ölkə kimi 
								onları çox sevindirir. Azərbaycanlı gənclərin 
								Koreyanın nüfuzlu universitetlərində təhsil 
								almaları onlar üçün olduqca xoşdur və bundan 
								məmnunluq duyurlar. Gələcəkdə Koreyanın ali 
								məktəblərində təhsil alan azərbaycanlı gənclərin 
								sayının artacağına ümid etdiyini bildirən 
								nümayəndə heyətinin rəhbəri bu səfərin, təşkil 
								olunan sərginin  hər iki ölkənin ali təhsil 
								sahəsində əməkdaşlığının genişlənməsinə və 
								möhkəmlənməsinə, ölkələrarası tələbə 
								mübadiləsinə əlverişli imkan yaradacağını 
								söylədi. 
								
								Sonra görüşdə iştirak edən Koreya, Kimçon, Kyunq 
								Puk, Mokpo Milli, Pusan Milli, Seul  Dövlət 
								Texnologiya və digər universitetlərin 
								nümayəndələri təmsil etdikləri ali məktəblər 
								haqqında geniş məlumat verdilər. çıxış edənlər   
								Azərbaycanın ali məktəbləri ilə tanışlığın  
								onlar üçün böyük maraq kəsb etdiyini 
								bildirdilər. 
								
								Görüşün sonunda koreyalı qonaqlar təhsil naziri 
								Misir Mərdanovla xatirə şəkli çəkdirdilər.  
								
								
								Samirə KƏRİMOVA 
								 |