| 
								
								Naxçıvan Dövlət Universitetində ali məktəbin 
								rektoru, akademik, əməkdar elm xadimi, millət 
								vəkili İsa Həbibbəylinin 60 illik yubileyi qeyd 
								olunmuşdur. Yubiley mərasimi universitet 
								televiziyasının İsa Həbibbəylinin 60 illik 
								mənalı və şərəfli ömür yolunu əks etdirən 
								"Ziyalı ömrü" filminin nümayişi ilə başlamışdır. 
								Tədbiri giriş sözü ilə açan AMEA-nın Naxçıvan 
								Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 
								yubilyarın həyat və yaradıcılığı haqqında 
								ətraflı məruzə etmişdir.  
								
								Məruzədə qeyd olunmuşdur ki, ziyalı mühitdə 
								doğulub boya-başa çatan İsa Həbibbəyli 1967-ci 
								ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun  
								Naxçıvan filialına qəbul olmuş, hələ tələbəlik 
								illərindən öz dərin bilik və təfəkkürü, fəal 
								ictimaiyyətçiliyi ilə, elmi konfranslardakı, 
								mərkəzi mətbuatdakı çıxışları ilə elmi-pedaqoji 
								mühitin maraq və diqqətini cəlb etmiş, 1970-ci 
								ildə akademik Məmməd Cəfər Cəfərovla tanışlıqdan 
								sonra qəti şəkildə elm yolunu seçmişdir. Bir 
								müddət doğma kəndində pedaqoji fəaliyyət 
								göstərən İsa Həbibbəyli 1975-ci ildə taleyini, 
								varlığını həmişəlik olaraq doğma universitetlə 
								bağlamışdır. Məruzəçi 1996-cı ildən universitetə 
								rektorluq edən İsa Həbibbəylinin Naxçıvan Dövlət 
								Universitetinin hərtərəfli inkişafındakı, 
								dünyada tanınmasındakı xidmətlərindən danışmış, 
								Azərbaycanda ali təhsil quruculuğu sahəsindəki 
								əvəzsiz rolundan bəhs etmişdir. Məruzədə İsa 
								Həbibbəylinin görkəmli elm xadimi kimi uzun 
								illər apardığı çoxsaylı elmi tədqiqatlar, 
								ədəbiyyatşünaslıq elminə, milli mətbuat tarixinə 
								gətirdiyi qiymətli elmi yeniliklər qeyd 
								olunmuşdur. Natiq İsa Həbibbəylinin millət 
								vəkili kimi fəaliyyətindən söz açmış, ictimai 
								xadim kimi dövlətçilik və azərbaycançılıq 
								ideyalarının təbliğinə, milli məfkurənin 
								inkişafına böyük dəyər verdiyini vurğulamışdır. 
								
								Sonra Naxçıvan MR Ali Məclisinin sədrinin I 
								müavini Azər Zeynalov muxtar respublika 
								rəhbərliyinin təbrikini çatdırmış, taleyini 
								xalqına xidmətə bağlayan, milli ziyalılığın ən 
								yüksək daşıyıcısı, çoxlarının mənəvi idealına 
								çevrilmiş akademik, millət vəkili İsa 
								Həbibbəylinin bundan sonrakı elmi-ictimai 
								fəaliyyəti ilə gələcək nəsillərə örnək olacağını 
								bildirmişdir. Yubilyara Naxçıvan MR Ali 
								Məclisinin Fəxri fərmanı təqdim olunmuşdur. 
								
								Məşhur rus tarixçi-qafqazşünası, Rusiya 
								Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 
								professor Rudolf İvanov akademik İsa 
								Həbibbəylinin vətənpərvər və maarifpərvər 
								ziyalı, fədakar alim, səmimi dost kimi 
								əxlaqi-mənəvi dəyərlərindən danışmışdır. 
								Rusiyalı alim Beynəlxalq İnformasiyalaşdırma 
								Akademiyasının diplom və medalını yubilyara 
								təqdim etmişdir. 
								
								Naxçıvan Müəllimlər İnstitutunun rektoru, 
								professor Sadıq Vəliyev, tələbələr adından 
								universitet YAP Gənclər Birliyinin sədri Elçin 
								Əliyev akademiki təbrik edərək milli elmimizin, 
								maarifimizin tərəqqisində fədakar əməyi olan, 
								elmşünaslıqda öz imzasını qoymuş, dünya elm, 
								təhsil sisteminin ən müasir yeniliklərinin 
								tətbiqinə tükənməz maraq göstərən İsa 
								Həbibbəyliyə gələcək fəaliyyətində uğurlar 
								diləmişlər. 
								
								Sonda akademik İsa Həbibbəyli yubiley tədbirinin 
								təşkilatçılarına minnətdarlığını bildirmiş, bunu 
								Azərbaycan elminin, təhsilinin inkişafına 
								göstərilən diqqət və qayğı kimi qiymətləndirmiş, 
								bundan sonra da gənc nəslin yetişməsi, milli 
								vətənpərvərlik ruhunda təhsil və tərbiyə 
								almaları üçün var qüvvəsini əsirgəməyəcəyini 
								bildirmişdir. 
								
								Tədbir iştirakçıları NDU-nun elmi kitabxanasının 
								hazırladığı İsa Həbibbəylinin 60 illik mənalı 
								həyatını və zəngin yaradıcılığını əks etdirən 
								sərgi ilə tanış olmuşlar.  
								
								
								Mehriban SULTAN,NDU-nun Mətbuat
 şöbəsinin müdiri
 |