| 
								
								Oktyabrın 22-də Azərbaycan Dillər 
								Universitetində "Respublikamızın ali təhsil 
								müəssisələrində mətbuat xidməti: işin təşkili, 
								vəzifələr, reallıqlar, perspektivlər" mövzusunda 
								"dəyirmi masa" keçirildi. Tədbiri açıq elan edən 
								ADU-nun rektoru, professor Səməd Seyidov öncə 
								jurnalistləri salamladı. Bütün sahələrə, o 
								cümlədən təhsilə göstərilən dövlət qayğısını önə 
								çəkən Səməd Seyidov iştirakçılara xatırlatdı ki, 
								bu yaxınlarda Azərbaycan Respublikasının Milli 
								Məclisi yeni "Təhsil Qanunu"nu qəbul etdi. 
								ölkəmiz müntəzəm olaraq dünyanın təhsil sistemi 
								ilə əlaqələr qurur. Təhsil naziri Misir 
								Mərdanovun aktual məsələlərlə bağlı çıxışları, 
								təhsilin inkişafı naminə atdığı qəti addımlar və 
								mətbuatla qurduğu sıx əlaqələr bizi daha fəal 
								olmağa sövq edir. Respublikamızda baş verən 
								hadisələrin, təhsil sistemində aparılan 
								islahatların və digər işlərin ictimaiyyətə 
								düzgün çatdırılması üçün ali məktəblərin mətbuat 
								xidmətlərindən yüksək səviyyədə işgüzarlıq tələb 
								olunur. Rektor qeyd etdi ki, respublikamızda 
								birincilər sırasında Azərbaycan Dillər 
								Universitetində mətbuat xidməti yaradılıb, 
								"Poliqlot" qəzeti və veb saytı fəaliyyət 
								göstərir. Ali təhsil ocağında gedən prosesləri 
								mətbuat xidmətinin köməyi ilə ictimaiyyət 
								yaxından izləyir.
								 
								
								ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat 
								xidmətinin rəhbəri Zeynab Kazımova isə 
								"Azərbaycanın ali təhsil müəssisələrində mətbuat 
								xidməti: işin təşkili, vəzifələr, reallıqlar, 
								perspektivlər" mövzusunda çıxış etdi. 
								 
								
								Sonra söz Mətbuat Şurasının sədri Əflatun 
								Amaşova verildi. 2005-ci ildə informasiya əldə 
								etmək hüququ haqqında qəbul edilən qanunu 
								iştirakçıların nəzərinə çatdıran sədr mətbuat 
								xidmətlərinin funksiyaları barədə məlumat verdi. 
								Hər bir qurum öz fəaliyyətini ictimaiyyətlə 
								səmərəli qurmaq üçün mətbuat xidmətini 
								yaratmalıdır. Jurnalistlərin suallarına vaxtında 
								və dəqiq cavab verilməsinin vacibliyinə toxunan 
								Əflatun Amaşov bir çox məsələlərə aydınlıq 
								gətirdi. 
								
								Sonra tədbirdə Təhsil Nazirliyinin İctimaiyyətlə 
								əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə çıxış 
								etdi. Mətbuat xidmətinin fəaliyyəti ilə bağlı 
								keçirilən "dəyirmi masa"nı nazir Misir Mərdanov 
								tərəfindən dəstəkləndiyini qeyd edən şöbə müdiri 
								bildirdi ki, dövlət müəssisələri və müxtəlif 
								qurumlarda mətbuat xidmətinin normal fəaliyyət 
								göstərmələri ölkənin strateji 
								istiqamətlərindəndir. Sevindirici haldır ki, 
								əksər ali məktəblərdə müxtəlif formalarda 
								mətbuat xidmətləri fəaliyyət göstərir. 
								İctimaiyyətlə əlaqə şöbəsinin yaradılmasında 
								beynəlxalq təcrübədən istifadə edilməsinin 
								zəruriliyinə toxunan natiq Azərbaycan 
								mətbuatında çalışan media nümayəndələrinin 
								səviyyəsinə diqqət çəkdi, problemləri nəzərə 
								çatdırdı. Qeyd etdi ki, müəssisə rəhbərlərinin 
								və ictimaiyyətin dəstəyi olarsa, mətbuat 
								xidmətləri daha yaxşı inkişaf edər, yüksək 
								səviyyəli layihələrin həyata keçirilməsində 
								mühüm rol oynayar.  
								
								Sonda Təhsil Nazirliyinin rəsmi nümayəndəsi 
								həlli vacib olan digər məsələlərə toxundu, 
								tövsiyələrini verdi. çıxışının sonunda 
								B.Hüseynzadə təhsil naziri Misir Mərdanovun 
								adından Azərbaycan Dillər və Naxçıvan Dövlət 
								universitetlərinin mətbuat xidmətlərinin 
								rəhbərlərinə təşəkkür məktublarını təqdim etdi. 
								"Dəyirmi masa" arxasında  fikir mübadiləsi 
								aparıldı, maraqlı təkliflər söylənildi.  
								
								
								Fazil İDRİSOĞLU |