| 
								
								Son illər ölkəmizin ali təhsil müəssisələrinin 
								beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf 
								etməkdədir. Bakı Slavyan Universitetində də 
								beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində 
								mühüm işlər görülür.  İxtisas və şöbələrin, 
								fakültə və kafedraların, elmi-tədqiqat 
								laboratoriyalarının, müxtəlif xalqların tədris- 
								mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyəti çox 
								qısa bir zamanda universiteti respublikamızın 
								tanınıb-seçilən ali məktəblərindən birinə 
								çevirmişdir.  
								
								Yarandığı gündən  BSU-nun beynəlxalq əlaqələri 
								özünün sürətlə inkişafına görə  fərqlənir. Belə 
								ki, universitet bir çox xarici ölkələrin 
								tanınmış təhsil və elm mərkəzləri ilə 
								əməkdaşlığa başlamış, həmin ölkələrin nüfuzlu 
								ali təhsil müəssisələri ilə sıx münasibətlər 
								yaratmışdır. 
								
								 BSU-dakı  tədris-mədəniyyət mərkəzlərində 
								keçirilən tədbirlər nəinki ölkəmizin təhsil 
								ictimaiyyəti, həmçinin belə tədbirlərdə iştirak 
								edən xarici ölkələrin alim və mütəxəssisləri  
								tərəfindən də maraqla qarşılanır. Belə uğurlu və 
								yaddaqalan növbəti tədbirlərdən biri də "Fransa 
								həftəsi"dir. 
								
								Məlumat üçün bildirək ki, 20 oktyabr 2008-ci 
								ildə BSU-da V.Hüqo adına Fransa  
								tədris-mədəniyyət mərkəzinin açılışı olub. 
								Mərkəz Azərbaycan-Fransa arasında mədəni 
								əlaqələrin inkişafına, gənclərimizdə Fransa 
								təhsilinə, elminə, mədəniyyətinə marağın 
								artırılmasına, Avropa təhsil sistemi ilə 
								tanışlığa, fransaşünaslıq sahəsində  biliklərin 
								daha da təkmilləşdirilməsinə xidmət edir. 
								Fəaliyyətə başladığı vaxtdan bu günə qədər V. 
								Hüqo adına  Fransa tədris-mədəniyyət mərkəzində 
								artıq bir  neçə tədbir təşkil olunub. 
								
								19-24 oktyabr tarixlərində keçirilən "Fransa 
								həftəsi" də ölkənin təhsil ictimaiyyətinin böyük 
								marağına səbəb oldu. 
								
								Bu tədbirin keçirilməsində əsas məqsəd Bakı 
								Slavyan Universiteti ilə Fransa universitetləri 
								arasındakı əlaqələri gücləndirmək, Azərbaycan 
								reallıqlarını dünyaya çatdırmaq və fransız 
								dilini tədris edən müəllimlərlə, eyni zamanda 
								həmin dili öyrənən tələbələrlə görüşüb, 
								qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir 
								mübadiləsi aparmaqdır. 
								
								Oktyabrın 19-da BSU-da "Fransa həftəsi"nin 
								açılış mərasimi keçirildi. Mərasimdə Fransanın 
								Nansi-2, Strasburq, Versal və İNALCO (Şərq 
								Dilləri və Sivilizasiyaları İnstitutu) 
								universitetlərinin tanınmış alim və 
								mütəxəssisləri, həmçinin Azərbaycanın görkəmli 
								alimləri  iştirak edirdilər. 
								
								Tədbiri Bakı Slavyan Universitetinin rektoru, 
								AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev 
								açaraq qonaqlara dəvəti qəbul edib gəldiklərinə 
								görə təşəkkürünü bildirdi. Rektor qeyd etdi ki, 
								həftə çərçivəsində fransalı qonaqlar  
								məruzələrlə çıxış edəcəklər. Bu  alimlər  təkcə  
								Fransada deyil, eyni zamanda bütün dünyada  
								tanınmış tədqiqatçılardır. 
								
								"Fransa həftəsi" çərçivəsində proqram üzrə 
								həyata keçirilməsi nəzərdə tutulan işlər barədə 
								məlumat verən rektor bunun gələcəkdə də davamlı 
								olmasını və gözəl bir ənənəyə çevrilməsini arzu 
								etdi. 
								
								ölkəmizdə ali təhsil sahəsində aparılan 
								məqsədyönlü işlərdən danışan BSU-nun rektoru, 
								professor Kamal Abdullayev  rəhbərlik etdiyi ali 
								məktəbin fəaliyyətindən  söz açdı. çıxışında bir 
								sıra məsələlərə toxunan rektor, daha sonra 
								Fransanın "Harmattan" nəşriyyat evində fransız 
								dilində nəşr edilən "Azərbaycan dilini 
								öyrənirik" kitabının işıq üzü görməsində onunla 
								birgə həmmüəllif olan dünya şöhrətli alim, 
								adıçəkilən nəşriyyat evində "Parlons" 
								kolleksiyasının direktoru Mişel Malherbə öz 
								dərin minnətdarlığını bildirdi. 
								
								çıxış üçün söz alan Fransanın Azərbaycandakı 
								səfirliyinin mədəniyyət işləri üzrə attaşesi  
								Lük Obri, İNALCO Paris Universitetinin 
								professorları Mişel Bozdemir, Tomaş Zende, 
								Nansi-2 Universitetinin professorları Didye 
								Frankfort, xanım Gül Mete Yuva, Strasburq 
								Universitetinin professoru, Türkologiya 
								departamentinin rəhbəri cənab Pol Dümon, Versal 
								Universitetinin professoru Deni Sayar bu 
								tədbirin Azərbaycan-Fransa əlaqələrinin 
								inkişafında mühüm rol oynayacağını bildirdilər.  
								Qonaqlar belə bir yüksək səviyyədə təşkil 
								olunmuş tədbirə dəvət olunduqları üçün BSU-nun 
								rektoru, professor Kamal Abdullayevə təşəkkür 
								etdilər. 
								
								"Fransa-Azərbaycan mədəni əlaqələri: dünən, bu 
								gün, sabah" mövzusunda keçirilən "dəyirmi 
								masa"da çıxış edən Fransanın Mört Mozel 
								regionunun ali şurada vitse-prezidenti, regional 
								assambleyada respublikaçılar və sosialistlərin 
								rəhbəri cənab Matyö Klən Azərbaycanın dünyəvi 
								bir ölkə olduğunu bir daha təsdiqlədi. 
								
								çıxış edən qonaqlar   Azərbaycanda gedən sürətli 
								inkişafdan, quruculuq işlərindən və xalqımızın 
								qonaqpərvərliyindən heyrətə gəldiklərini 
								söylədilər. 
								
								24 oktyabrda başa çatacaq "Fransa həftəsi"ndə 
								Fransa alimləri BSU-da "Müasir fransız musiqi 
								mədəniyyəti", "Müasir Avropa ədəbiyyatı", 
								"Qafqaz və Yaxın Şərq mədəniyyəti  XII-XX əsr 
								fransız yazıçılarının gözü ilə"  və s. 
								mövzularda mühazirələr oxuyacaqlar. 
								
								Bundan başqa, həftə çərçivəsində qonaqların 
								BSU-nun fransız dili müəllimləri üçün metodik 
								seminarı, roman-german filologiyası şöbəsində 
								fransız dili dərslərində iştirakı , "Heydər 
								Əliyev məktəbi" tələbə teleradio studiyasında 
								müsahibələri , Bakı şəhərinin tarixi abidələri 
								və mədəni həyatı ilə tanışlığı nəzərdə tutulub. 
								
								Geniş diskussiya və fikir mübadiləsi şəraitində 
								keçən tədbir nəticə etibarı ilə hər iki ölkənin 
								alim və mütəxəssisləri üçün gələcək 
								fəaliyyətlərində mühüm rol oynayacaqdır.  
								
								
								Samirə KƏRİMOVA |