| 
								
								Oktyabrın 19-da Təhsil Nazirliyində "Siqma" 
								İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar 
								Mərkəzinin 2008-2009-cu tədris ilində I 
								siniflərdə yeni kurikulumların və dərsliklərin 
								tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun 
								nəticələrinə dair təqdimat mərasimi keçirildi. 
								
								Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, 
								tanınmış alimlər, dərslikləri çap edən 
								nəşriyyatların və Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin rəhbərliyi, ayrı-ayrı fənlər üzrə 
								elmi-metodik şuraların üzvləri, ümumtəhsil 
								məktəblərinin direktorları, müəllimlər, 
								valideynlər və KİV təmsilçiləri iştirak 
								edirdilər. 
								
								Mərasimi açan təhsil naziri Misir Mərdanov 
								ölkəmizdə dərslik siyasətinin daim prioritet 
								sahələrdən biri olduğunu vurğuladı. Təhsil 
								naziri daha sonra öz çıxışında Azərbaycan 
								hökuməti tərəfindən təsdiq olunmuş Milli 
								Kurikuluma əsasən hazırlanan və ötən tədris 
								ilindən I siniflərdə tətbiq olunan dərsliklərdən 
								bəhs etdi. Diqqətə çatdırdı ki, öncə bu 
								istiqamətdə bir sıra əhəmiyyətli addımlar 
								atılmış, axtarışlar və müzakirələr aparılmış, 
								dünya təcrübəsi dərindən öyrənilmişdir. Keçən 
								müddət ərzində bu məsələnin geniş ictimaiyyətin 
								müzakirə obyektinə çevrildiyini və daim diqqət 
								mərkəzində olduğunu deyən Misir Mərdanov bir 
								sıra irad və təkliflərə münasibətini bildirdi və 
								dərsliklərin hazırlanması ilə bağlı fikirlərini 
								söylədi. 
								
								Dərsliklərin kimlər tərəfindən yazılması 
								məsələsinə toxunan nazir bu işə bütün ömrünü 
								yalnız elmi fəaliyyətə həsr edən, təhsil 
								müəssisələrində aparılan təlim-tərbiyə 
								prosesindən xəbərsiz alimlərin deyil, həmin 
								fənni tədris edən pedaqoqların cəlb olunmasının 
								zəruriliyini vurğuladı. 
								
								Sonra "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq 
								Tədqiqatlar Mərkəzinin sorğu ilə bağlı elmi 
								rəhbəri Şahin Zülfüqarov və Dərslikləri 
								Qiymətləndirmə Şurasının sədri Elmira Kazımzadə 
								öz təqdimatları ilə çıxış etdilər. Verilən 
								məlumatdan aydın oldu ki, sorğunun təşkilində 
								əsas məqsəd 2008-2009-cu tədris ilində I 
								siniflərdə istifadə edilmiş kurikulumların və 
								dərsliklərin keyfiyyətində müsbət və ya mənfi 
								cəhətlərin aşkar edilməsi, eyni zamanda bu 
								sahədə tətbiq edilmiş yeni dərslik siyasətinin 
								səmərəliliyinin qiymətləndirilməsi və gələcəkdə 
								reallaşdırılması üçün optimal mexanizmin 
								işlənilərək sınaqdan keçirilməsidir. Sorğu 
								prosesi müvafiq sənədlərin təhlili və empirik 
								araşdırma elmi üsullarının tətbiq olunması ilə 
								həyata keçirilmişdir. Kəmiyyət cəhətdən 
								qiymətləndirmə üçün 2 əsas hədəf qrupu 
								seçilmişdir: 2008-2009-cu tədris ilində I 
								siniflərdə işləyən müəllimlər (943 nəfər) və 
								həmin tədris ilində I siniflərdə oxuyan 
								şagirdlərin valideynləri (1380 nəfər), bu 2 
								qrupdan üzbəüz sorğu üsulu ilə cəmi 2323 
								müsahibə götürülmüşdür. Keyfiyyət cəhətdən 
								qiymətləndirmədə 2 üsuldan - dərinləşmiş 
								müsahibələr və fokus qruplarda müzakirələrdən 
								istifadə edilmişdir.   
								
								Daha sonra tədbir iştirakçılarına əldə edilmiş 
								nəticələrin təhlil olunduğu hər bir istiqamət 
								üzrə ətraflı məlumat verildi. 
								
								Təqdimatlarda keçirilən sorğunun nəticələrinə 
								əsasən dərsliklərin istifadəsində əldə edilmiş 
								nailiyyətlər və qarşıya çıxan problemlər diqqətə 
								çatdırıldı. Qeyd olundu ki, yeni dərsliklərə 
								köhnə dərsliklərlə müqayisədə ən müsbət amil 
								kimi müasirlik meyarı üzrə yüksək qiymət 
								(80%-dən yuxarı) verilmiş, onların əyanilik, 
								düzgünlük, fəndaxili inteqrasiya və fənlərarası 
								infeqrasiya kimi  xüsusiyyətlərə görə 
								köhnələrdən 7 dəfə üstün olması müəyyən 
								edilmişdir. Müəllimlər belə hesab edirlər ki, 
								yeni dərsliklər yalnız 2 meyar üzrə - təlim 
								vaxtına uyğunluq və şagirdin yaş 
								xüsusiyyətlərinin nəzərə alınmasına görə hələlik 
								köhnə dərsliklərdən geri qalır. 
								
								Hər bir məruzəçi təqdimatını başa çatdırdıqdan 
								sonra tədbir iştirakçılarının ayrı-ayrı 
								məlumatlarla bağlı suallarını cavablandırdı. 
								Mərasimdə çıxış edən Bakıdakı 132 nömrəli 
								məktəbin ibtidai sinif müəllimi Məlahət Şirinli 
								tətbiq edilən dərslik komplektləri haqqında 
								rəyini bildirdi.  
								
								
								Hicran ƏKBƏROVA |