| 
								 
								
								Aprelin 2-də Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin növbəti kollegiya iclası keçirildi. 
								Kollegiyada "Əcnəbi vətəndaşların Azərbaycan 
								Respublikasında təhsili (real vəziyyət, 
								problemlər, perspektivlər)" mövzusunda məsələ 
								müzakirə olundu. İclasda kollegiya üzvləri ilə 
								yanaşı, nazirliyin məsul şəxsləri, struktur 
								bölmə rəhbərləri, ali məktəblərin rektorları, 
								əcnəbi tələbələrin təhsilinə məsul müvafiq 
								strukturların nümayəndələri və KİV təmsilçiləri 
								iştirak edirdilər.  
								
								
								Kollegiya iclasını təhsil naziri Misir Mərdanov 
								açaraq zala toplaşanları salamladı və bir neçə 
								cari məsələni diqqətə çatdırdı. Müzakirəyə 
								çıxarılan məsələ ilə bağlı fikirlərini bildirən 
								təhsil naziri qeyd etdi ki, bu gün ölkə 
								Prezidenti cənab İlham Əliyevin müvafiq 
								sərəncamları ilə bütün ali məktəblərin 
								maddi-texniki bazası ən yüksək səviyyədə yenidən 
								qurulur, həmin müəssisələrdə çalışanların 
								əməkhaqqı ilbəil artır. 
								
								
								Məhz belə müsbət dəyişikliklər xarici ölkə 
								vətəndaşlarının Azərbaycanda fəaliyyət göstərən 
								ali məktəblərə marağının artmasına səbəb olur. 
								Təsadüfi deyil ki, indi respublikamızda 7 minə 
								yaxın əcnəbi tələbə təhsil alır. Halbuki, 
								əvvəllər valideynlər övladlarının oxumaq üçün 
								Bakıya gəlmələrinə razılıq vermirdilər. Bu 
								uğurlar Azərbaycan  dövlətinin, onun qurucusu, 
								ümummilli liderimiz Heydər Əliyevin apardığı 
								siyasətin nəticəsidir. Ulu öndərimizin siyasi 
								kursunun layiqli davamçısı olan Prezident İlham 
								Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində bu 
								gün Azərbaycan təhsili, xüsusən də ali təhsil 
								sahəsi çox yüksək sürətlə inkişaf edir və mən 
								əminəm ki, gələcəkdə daha böyük nailiyyətlər 
								əldə olunacaq. 
								
								
								Sonra "Əcnəbi vətəndaşların Azərbaycan 
								Respublikasında təhsili (real vəziyyət, 
								problemlər, perspektivlər)" mövzusunda təqdimat 
								üçün söz təhsil nazirinin müavini Elmar Qasımova 
								verildi. 
								
								
								Təhsil nazirinin müavini məruzə-təqdimatda öncə 
								əcnəbi vətəndaşların ölkəmizə ali təhsil almağa 
								gəlməsinin tarixi haqqında ətraflı məlumat verdi 
								və bununla bağlı faktları kollegiya 
								iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi 
								ki, Azərbaycan Respublikasının ali məktəbləri 
								ötən əsrin 60-cı illərindən başlayaraq xarici 
								ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr 
								hazırlığı sahəsində ilk addımlar atmışlar. 
								1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya 
								İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr 
								üçün hazırlıq fakültəsi qısa bir zamanda Sovet 
								İttifaqında fəaliyyət göstərən 55 hazırlıq 
								fakültəsi arasında M.V.Lomonosov adına Moskva 
								Dövlət Universiteti və Leninqrad Politexnik 
								İnstitutundan sonra üçüncü yeri tuturdu. İldə 
								500 nəfərdən artıq əcnəbi vətəndaş qəbul edən bu 
								fakültənin məzunlarının çoxu ölkəmizin ali 
								məktəblərinin müxtəlif fakültələrində 
								təhsillərini davam etdirmək hüququ qazanırdı. 
								
								
								Müstəqilliyin ilk illərində keçmiş Sovet 
								İttifaqı məkanında yalnız Azərbaycan əcnəbi 
								tələbələrə yarımçıq qalan təhsillərini SSRİ-nin 
								üzərinə götürdüyü öhdəliklər əsasında dövlət 
								hesabına başa çatdırmaq imkanı yaratmışdı. O 
								vaxt bu fakt beynəlxalq aləmdə ən yüksək 
								səviyyələrdə çox müsbət dəyərləndirildi. 
								
								
								Keçid dövründə əcnəbilərin təhsili
								  
								
								
								müxtəlif əmr və sərəncamlarla tənzimlənirdi. 
								Daha sonra isə 1994-cü ildə əcnəbi tələbələrin 
								təhsili ilə bağlı bir neçə sənəd hazırlandı və 
								təsdiqləndikdən sonra ali  məktəblərə göndərildi. 
								
								
								Beləliklə, Nazirlər Kabinetinin 06.03.2001-ci il 
								tarixli 56 nömrəli qərarı ilə həm öz 
								vətəndaşlarımızın xaricdə təhsili, həm də 
								əcnəbilərin ölkəmizdə təhsilini tənzimləyən "Azərbaycan 
								Respublikası vətəndaşlarının təhsil almaq üçün 
								xarici ölkələrə göndərilməsi və xarici ölkə 
								vətəndaşlarının Azərbaycanın təhsil 
								müəssisələrində təhsil almaları haqqında 
								Əsasnamə" təsdiq edildi. 
								
								
								Əcnəbi tələbələrin respublikamızın ali 
								məktəblərinə marağının əsas amilləri haqqında 
								danışan məruzəçi vurğuladı ki, ulu öndərimiz 
								Heydər Əliyevin məqsədyönlü fəaliyyəti 
								nəticəsində ölkəmizdə yaranmış stabillik, 
								inkişaf dinamikası və Azərbaycanın dünyada 
								tanınması yolunda əldə olunmuş uğurlar təhsildə, 
								o cümlədən xarici vətəndaşların ali təhsil 
								müəssisələrinə cəlb olunmalarında da müstəsna 
								rol oynadı. 
								
								
								Məruzə-təqdimatda daha sonra əcnəbi tələbələrin 
								Azərbaycanda təhsilinin ayrı-ayrı məqamlarından 
								bəhs olundu və bununla bağlı statistik 
								məlumatların əks olunduğu slaydlar monitorda 
								nümayiş etdirildi. 
								
								
								Verilən məlumata görə, hazırda ölkəmizin ali 
								təhsil müəssisələrində - Azərbaycan Dövlət Neft 
								Akademiyası, Azərbaycan Tibb Universiteti, 
								Azərbaycan Memarlıq və İnşaat Universiteti, 
								Qafqaz Universiteti və Azərbaycan Dövlət 
								Pedaqoji Universiteti (fakültə), Bakı Dövlət 
								Universiteti, Azərbaycan Texniki Universiteti, 
								Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət 
								Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan 
								Dövlət İqtisad Universiteti (şöbə), Naxçıvan 
								Dövlət Universiteti (əcnəbi vətəndaşların 
								dekanlığının nəzdində), Azərbaycan Dillər 
								Universiteti (mərkəz) və Bakı Musiqi 
								Akademiyasında (bölmə) əcnəbi vətəndaşları ali 
								təhsilə hazırlayan strukturlar mövcuddur. 
								 
								
								
								2009-2010-cu tədris ilində respublikamızda 45 
								ölkədən 6813 nəfər əcnəbi tələbə təhsil alır ki, 
								bu da tələbələrin ümumi sayının (101127 nəfər) 
								6,7 faizini təşkil edir. Əcnəbilərin yalnız bir 
								qismi müvafiq hökumətlərarası razılaşma əsasında 
								dövlət xətti ilə, qalan əksəriyyəti isə ali 
								məktəblərlə bağladıqları müqavilə əsasında 
								ödənişli təhsil alır. Hazırda Azərbaycanda 
								oxuyan xarici ölkə vətəndaşlarından 196 nəfəri 
								dövlət, 6617 nəfəri qeyri-dövlət xətti ilə 
								gələnlərdir. 
								
								
								Ən çox xarici ölkə vətəndaşlarının təhsil aldığı 
								ali məktəblər Bakı Dövlət Universiteti, 
								Azərbaycan Tibb Universiteti və Azərbaycan 
								Memarlıq və İnşaat Universitetidir.   
								
								
								Lakin universitetlərin tələbələrinin ümumi sayı 
								ilə müqayisədə birinci yeri Azərbaycan Memarlıq 
								və İnşaat Universiteti tutur. Belə ki, orada 
								təhsil alan 4876 tələbənin 1000 nəfəri - 20,5 
								faizi əcnəbidir. 
								
								
								Azərbaycan Tibb Universitetində təhsil alan 6690 
								tələbənin 15,9 faizini (1067 nəfər), Qafqaz 
								Universitetinin 2568 tələbəsinin 17,6 faizini 
								(452 nəfər), Bakı Musiqi Akademiyasının 526 
								tələbəsinin 13,3 faizini (70 nəfər) əcnəbilər 
								təşkil edirlər. BDU-da isə 16638 tələbədən 1097 
								nəfəri xarici ölkə vətəndaşıdır (faiz nisbəti: 
								6,6%). 
								
								
								Monitorda ən çox əcnəbi tələbə qəbul edən dünya 
								universitetlərinin siyahısını nümayiş etdirən 
								nazir müavini tədbir iştirakçılarının diqqətinə 
								çatdırdı ki, Prinston Universitetində təhsil 
								alan 7567 nəfərin 3657-si (48,3 %), Stenford 
								Universitetinin 15140 tələbəsinin 5400-ü 
								(35,7%), Oksford Universitetində oxuyan 20000 
								nəfərin 7100-ü (35,5%) və s. xarici ölkələrdən 
								gələnlərdir. 
								
								
								E.Qasımovun təqdimatına əsasən, əcnəbi tələbələr 
								Azərbaycanın ali məktəblərində öz ölkələri üçün 
								tələb olunan tibb, kompüter mühəndisliyi, 
								memarlıq, inşaat, faydalı qazıntı yataqlarının 
								işlənməsi, neft və qaz quyularının işlənməsi və 
								istismarı, qazılması, neft və qaz kəmərlərinin 
								və anbarlarının layihələndirilməsi, iqtisadiyyat 
								və idarəetmə, kommersiya, beynəlxalq 
								münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, 
								sosiologiya, psixologiya, Azərbaycan, rus, türk 
								dili və ədəbiyyatı, təbiət və dəqiq elmlər, 
								dizayn, rəngkarlıq, teatr-dekor, xanəndə, xalq 
								çalğı alətləri, xor-dirijor və bəstəkarlıq 
								ixtisasları üzrə təhsil alırlar. Xarici ölkə 
								vətəndaşları arasında mühəndislik - 
								texniki-inşaat (33%), humanitar (19%), pedaqoji 
								(18%), tibb (15%), iqtisadiyyat və idarəetmə 
								(11%) , mədəniyyət və incəsənət (3%) və aqrar 
								(1%) sahələr üzrə ixtisaslara yiyələnənlər 
								üstünlük təşkil edirlər. 
								
								
								Növbəti slaydda son 10 il ərzində Azərbaycanda 
								təhsil alan əcnəbi tələbələrin say dinamikası 
								təqdim olundu. Verilən statistik məlumatda ötən 
								illərlə müqayisədə xarici ölkələrdən gələn 
								tələbələrin sayının nəzərəçarpacaq dərəcədə 
								artdığı diqqəti cəlb etdi. Belə ki, 1999-2000-ci 
								tədris ilində ölkəmizin ali məktəblərində 1580 
								nəfər, 2008-2009-cu tədris ilində isə 7150 nəfər 
								əcnəbi tələbə təhsil alıb. 
								
								
								2009-2010-cu tədris ilinə dair ölkələr üzrə 
								statistikadan aydın oldu ki, Azərbaycanın ali 
								məktəblərində təhsil alan əcnəbilərin sayına 
								əsasən, ilk üç yeri Türkiyədən (4073 nəfər), 
								İrandan (1484 nəfər) və Çindən (248 nəfər) olan 
								tələbələr tuturlar. 
								
								
								 Respublikamıza təhsil almaq məqsədi ilə gələn 
								tələbələr arasında ABŞ, Norveç, Finlandiya, 
								Kanada, Almaniya, İsveç, Danimarka kimi 
								ölkələrin vətəndaşları da var.  
								
								
								Azərbaycan Respublikası Dövlət Miqrasiya 
								Xidmətinin yaradılması ilə ölkədə yeni miqrasiya 
								siyasətinin həyata keçirilməyə başlandığını 
								deyən natiq qeyd etdi ki, bu, Təhsil Nazirliyi 
								ilə DMX arasında əməkdaşlığın genişlənməsinə 
								səbəb olmuş, ali məktəblərdə təhsil alan əcnəbi 
								tələbələrlə işin planlı və səmərəli şəkildə 
								qurulması məqsədilə nazirliyin Beynəlxalq 
								əlaqələr şöbəsi  tərəfindən "Nümunəvi Tədbirlər 
								Planı" hazırlanmışdır.  
								
								
								Təqdimatda daha sonra Azərbaycan Respublikasının 
								ali məktəblərində ödənişli əsaslarla oxuyan 
								əcnəbi vətəndaşlar və Dövlət Proqramı 
								çərçivəsində xaricdə oxuyan azərbaycanlı gənclər 
								üçün müəyyən edilmiş təhsil haqlarına dair 
								statistika diqqətə  çatdırıldı. Aydın oldu ki, 
								Azərbaycan vətəndaşları əcnəbilərə nisbətən 
								xarici ölkələrin universitetlərinə bir neçə dəfə 
								artıq vəsait ödəməli olurlar. Məsələn, Bakı 
								Dövlət Universitetinin hazırlıq kursu üçün 
								əcnəbi tələbə 900, əsas təhsil kursu üçün 
								700-1000 ABŞ dolları ödəyirlər. Azərbaycan 
								vətəndaşları üçün isə eyni ixtisaslar üzrə 
								təhsil haqqı Almaniyanın Bremen Universitetində  
								8250, Dusseldorf Universitetində 1200, 
								Avstriyanın Vyana Universitetində 6000 manatdır. 
								Xaricilər Azərbaycan Memarlıq və İnşaat 
								Universitetinin hazırlıq kursu üçün 600, əsas 
								təhsil kursu üçün 1000-1200 ABŞ dolları 
								ödəyirlər. Azərbaycan vətəndaşları üçün isə eyni 
								ixtisaslar üzrə təhsil haqqı Böyük Britaniyanın 
								Kembric Universitetində 17 min, Oksford 
								Universitetində 6-25 min, London Kollec 
								Universitetində 8-20 min manatdır. 
								
								
								Məruzə-təqdimatda daha sonra iclas 
								iştirakçılarına dünyanın müxtəlif ölkələrində 
								əcnəbi tələbələrin sayı, Azərbaycanda təhsil 
								alan xarici ölkə vətəndaşlarının təhsil 
								haqlarından son 3 ildə ayrı-ayrı universitetlər 
								üzrə əldə edilən gəlirlər və s. barədə statistik 
								məlumatlar verildi. 
								
								
								Çıxışına davam edən  Elmar Qasımov hazırda 
								Boloniya prinsiplərinin respublikamızın ali 
								təhsil sistemində tətbiqi istiqamətində ciddi 
								addımların atıldığını deyərək bildirdi ki, ölkə 
								Prezidenti cənab İlham Əliyevin "Azərbaycan 
								Respublikasının Avropa ali təhsil məkanına 
								inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 
								31 yanvar 2008-ci il  tarixli Sərəncamı bu işin 
								uğurla həyata keçirilməsi üçün daha əsaslı zəmin 
								yaratdı.  
								
								
								Hazırlıq fakültə, şöbə və mərkəzlərində təhsilin 
								keyfiyyəti əcnəbi vətəndaşların oxuduqları əsas 
								fakültələrdə özünü göstərir. Buna görə də 
								hazırlıq fakültələrində dərslərin keyfiyyəti və 
								məişət şəraitinin normal olması mühüm amillərdən 
								biri sayılır. 
								
								
								Sovet dövründə hazırlıq fakültələrində tədris 
								həftədə 36 saat olmaqla 38 həftə davam edirdi. 
								Təkcə məşğələlərin sayı 1368 saat təşkil edirdi. 
								
								
								Hazırda müxtəlif ali məktəblərdə həm həftələrin 
								sayı azalmış, həm də 5 günlük iş həftəsinə 
								keçidlə bağlı dərs saatları 36-dan 30-a 
								endirilmişdir. 
								
								
								Beləliklə, hazırlıq fakültələrində faktiki 
								olaraq 300-dən artıq saat ixtisar olunmuşdur ki, 
								bu da əsasən, dilə ayrılan saatların 
								hesabınadır. 1995-ci ilədək dil dərslərinə 
								740-810 saat ayrıldığı halda, indi bu rəqəm 
								480-540 saat arasında dəyişir. 
								
								
								Təhsil nazirinin müavini Elmar Qasımov sonda 
								ölkəmizdə əcnəbi tələbələrin ali təhsili 
								sahəsində işin təkmilləşdirilməsi ilə bağlı 
								təklifləri iştirakçıların diqqətinə çatdırdı: 
								
								
								- Əcnəbi  tələbələrin  təlim-tədris  prosesinin  
								təkmilləşdirilməsi  məqsədilə Təhsil  
								Nazirliyinin  nəzdində  müvafiq  metodiki  
								şuralar yaradılsın; 
								
								
								- Azərbaycan Respublikasının müstəqilliyinin 
								möhkəmlənməsindən sonra ölkədə ictimai-siyasi, 
								sosial-mədəni və iqtisadi sahələrdə baş vermiş 
								tərəqqi, XXI əsrin yeni tələblərinin meydana 
								çıxması və Azərbaycan ali məktəblərində təhsil 
								alan əcnəbilərin cəmiyyətə inteqrasiyası və 
								yerli şəraitə uyğunlaşdırılması işinin 
								yaxşılaşdırılmasının vacibliyinin artması 
								nəticəsində 1995-ci ildə təsdiq olunmuş ali 
								məktəblərin əcnəbi tələbələrlə iş üzrə hazırlıq 
								fakültələri üçün nümunəvi tədris planı yenidən 
								hazırlansın; 
								
								
								- əcnəbi tələbələrin təhsilində dil hazırlığının 
								əhəmiyyəti nəzərə alınaraq bu məsələyə xüsusi 
								diqqət yetirilsin; 
								
								
								- əcnəbi tələbələrin hazırlıq fakültə, mərkəz və 
								şöbələrinin fəaliyyət göstərdiyi ali məktəblərin 
								maddi-texniki bazaları daim yenilənsin, dil 
								tədrisi ilə bağlı linqofon və kompüter 
								mərkəzləri yaradılsın və ya yenilənsin; 
								
								
								- əcnəbi tələbələrin təhsilindən əldə edilən 
								gəlirlərin müəyyən hissəsi ali məktəblərdə 
								mövcud olan yataqxanaların təmirinə və ya yeni 
								yataqxanaların inşasına yönəlsin. Bu məqsədlə 
								Bakıda fəaliyyət göstərən iş adamları da cəlb 
								oluna bilər; 
								
								
								- "Azərbaycan Respublikasının Dövlət Miqrasiya 
								Proqramının (2006-2008-ci illər) təsdiq edilməsi 
								haqqında" Azərbaycan Respublikası Prezidentinin 
								25 iyul 2006-cı il tarixli Sərəncamının icrası 
								ilə əlaqədar sosial, mədəni və iqtisadi 
								sahələrdə müəyyən tədbirlərin görülməsi 
								məqsədilə Təhsil Nazirliyi tərəfindən 
								hazırlanmış "Nümunəvi Tədbirlər Planı"nın 
								icrasına diqqət artırılsın; 
								
								
								- Azərbaycan Respublikasında müvəqqəti yaşama 
								icazəsinin alınması məqsədilə Dövlət Miqrasiya 
								Xidmətində qeydiyyatdan keçirilmə məsələlərinə 
								daha ciddi yanaşılsın və DMX-dən müvafiq 
								sənədlərin alınması vaxtlı-vaxtında həyata 
								keçirilsin; 
								
								
								- əcnəbi vətəndaşlar üçün Azərbaycanda mövcud 
								olan təhsil imkanları barədə maarifləndirmə 
								işinin mütəşəkkil həyata keçirilməsinin 
								zəruriliyi nəzərə alınaraq ali məktəblər 
								tərəfindən ölkəmizdə və xaricdə təşkil olunan 
								təhsil sərgilərində iştirak təşviq olunsun. 
								
								
								Sonra məruzə ətrafında müzakirə aparıldı. Çıxış 
								üçün söz alan Bakı Dövlət Universitetinin 
								rektoru, millət vəkili Abel Məhərrəmov 
								öncə belə aktual bir məsələnin kollegiya 
								iclasında müzakirəyə çıxarıldığı üçün təhsil 
								nazirinə təşəkkürünü bildirdi. 
								
								
								Təqdimata münasibətini bildirən A.Məhərrəmov 
								materialın məntiqə əsasən qurulduğunu və çox 
								dəyərli, maraqlı statistik məlumatlarla zəngin 
								olduğunu vurğuladı. Rektor qeyd etdi ki, 
								Azərbaycanda əcnəbilərin təhsilinə dair son 10 
								ilin statistikasından da göründüyü kimi, 
								ölkəmizin ali məktəblərinə maraq ildən-ilə 
								artır. Lakin zəruri şərait yaradılsa, onların 
								sayını daha da artırmaq olar. BDU-nun 18 min 
								tələbəsindən 5 mini yataqxana ilə təmin edilə 
								bilər. Amma hazırda 1 tələbə də yataqxanada 
								yaşamır. Respublikamızın ali məktəblərində 
								təhsil almaq arzusunda olan xarici ölkə 
								vətəndaşları təhsil haqqı, tədris prosesi,  
								mühit və s. ilə maraqlansalar da, ən önəmli 
								məsələ yataqxana ilə təminatdır. Əcnəbilərə bu 
								şəraiti yaratmadıqda onlar təhsil almaq məqsədi 
								ilə başqa ölkələri seçirlər. Bilik səviyyəsi çox 
								aşağı olan əcnəbi tələbələrlə güzəştli 
								davranmağın təhsilimizin nüfuzuna böyük ziyan 
								vurduğunu deyən millət vəkili BDU-da artıq 2 
								ildir ki, belə halların qarşısını almaq 
								məqsədilə kəskin tədbirlərin həyata 
								keçirildiyini diqqətə çatdırdı.  
								
								
								Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin 
								rektoru Əhliman Əmiraslanov bildirdi ki, 
								müstəqillik əldə etdikdən sonra ölkəyə qonşu 
								Türkiyə və İrandan çox sayda tələbələr gəlməyə 
								başladı. Uzun illər ayrı düşdüyümüzə görə biz 
								onları səmimi qarşılayır və təhsillərini başa 
								vurmalarına hər cür  şərait yaradırdıq. Təəssüf 
								ki, məhz bu amil həmin ölkələrdə bizim ali 
								məktəblərimiz haqqında müəyyən  fikrin 
								formalaşmasına səbəb olub. Hər bir ölkə 
								maraqlıdır ki, xaricdən gələn tələbələrin sayı 
								çox olsun. Lakin savadsızların hesabına artım 
								bizim universitetlərin adına başucalığı 
								gətirmir. Bu gün ali məktəblərimizə savadlı 
								xarici ölkə vətəndaşlarını cəlb etmək üçün ciddi 
								seçim aparmalıyıq.  
								
								
								Ə.Əmiraslanov bununla bağlı rəhbərlik etdiyi 
								təhsil müəssisəsində həyata keçirilən tədbirləri 
								diqqətə çatdırdı və xarici ölkələrin 
								səfirliklərilə həmin istiqamətdə sıx əməkdaşlıq 
								əlaqələrinin yaradılmasının zəruriliyini 
								vurğuladı. 
								
								
								Yataqxana ilə təminat məsələsinə toxunan rektor 
								qeyd etdi ki, Azərbaycan Tibb Universitetində  
								təhsil alan əcnəbi tələbələrin yataqxanası olsa 
								da, tələbləri tam ödəmir. Keçən tədris ilində 
								yerli tələbələrə aid olan yataqxananın 2 
								mərtəbəsi təmir olunaraq xarici ölkə 
								vətəndaşlarına verilib. Lakin bu da kifayət 
								etmir. 
								
								
								Azərbaycan Dillər Universitetinin rektoru, 
								millət vəkili Səməd Seyidov təhsil 
								nazirinin müavini Elmar Qasımovun təqdim etdiyi 
								məruzənin çox yüksək səviyyədə hazırlandığını və 
								bu sahəyə aid ətraflı məlumatın verildiyini qeyd 
								etdi. 
								
								
								Ayrı-ayrı ölkələrin universitetlərində əcnəbi 
								tələbələrin təhsilinə dair statistik məlumatı 
								xatırladan S.Seyidov bildirdi ki, dünyada 
								güzəştli təhsil yoxdur. Biz də 
								universitetlərimizin imicini yüksək tutmaq üçün 
								say dalınca qaçmamalı, ilk növbədə, biliyə 
								üstünlük verməliyik. Əcnəbi tələbələrin təhsil 
								haqqı məsələsinə toxunan rektorun fikrincə, 
								xaricilərin ödədiyi vəsait yerlilərdən ən azı 2 
								dəfə artıq olmalıdır. Statistika göstərir ki, 
								xarici ölkələrdə oxuyan vətəndaşlarının sayına 
								görə Çin Xalq Respublikası dünyada birinci yeri 
								tutur. Təkcə ABŞ-da 250 min çinli ali təhsil 
								alır və onlara heç bir güzəşt yoxdur. Bizdə isə 
								əksinədir və bu təhsil müəssisəsinin reytinqinə 
								çox ciddi təsir edir. 
								
								
								Səməd Seyidov əcnəbi tələbələrin təhsili 
								sahəsində hazırlıq kurslarının mühüm əhəmiyyət 
								kəsb etdiyini dedi. Qeyd etdi ki, dünyanın bütün 
								ali məktəblərində xarici vətəndaşlar üçün 
								hazırlıq kursları var və həmin kurslarda 
								tələblər müxtəlifdir. ABŞ-a getmək istəyən 
								mütləq TOEFL, Böyük Britaniyaya gedən İELTS 
								kursundan, Fransaya, Almaniyaya gedənlər də 
								müvafiq olaraq xüsusi kurslardan keçməlidirlər. 
								Azərbaycana gələn əcnəbilər üçün də dilimizi 
								mükəmməl öyrənmələri məqsədilə ümumiləşdirilmiş 
								və sertifikatlaşdırılmış test hazırlanmalıdır. 
								
								
								Azərbaycan Dövlət İqtisad Universitetinin 
								rektoru, millət vəkili Şəmsəddin Hacıyev 
								yataqxanaların olmamasının bu sahənın 
								inkişafında böyük çətinliklər yaratdığını dedi. 
								Ş.Hacıyev bu problemin həll olunması, eləcə də 
								tələbə şəhərciklərinin salınması məqsədilə 
								Təhsil Nazirliyinin Dünya Bankı və ya digər 
								beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq 
								çərçivəsində fəaliyyət göstərməsinin 
								məqsədəuyğun olduğunu vurğuladı. 
								
								
								Millət vəkili qeyd etdi ki, əcnəbi gənclər 
								ölkəmizdə 4-5 il təhsil alırlar. Onlarla 
								təlim-tərbiyə prosesi elə qurulmalıdır ki, bizim 
								tariximizi, dilimizi, coğrafiyamızı dərindən 
								öyrənsinlər, mədəniyyətimiz, milli mənəvi, 
								əxlaqi dəyərlərimizlə yaxından tanış olsunlar. 
								Belə ki, öz ölkəsinə qayıdan hər bir əcnəbi 
								müəyyən mənada Azərbaycanın səfirinə 
								çevrilməlidir. 
								
								
								Azərbaycan  Memarlıq və İnşaat Universitetinin 
								rektoru Gülçöhrə Məmmədova rəhbərlik 
								etdiyi ali məktəbdə əcnəbi tələbələrlə aparılan 
								işlər haqqında məlumat verdi. G.Məmmədova 
								bildirdi ki, bir neçə il əvvəl universitetə 
								dövlət xətti ilə bir nəfər də tələbə gəlmirdi. 
								Əcnəbi tələbələri cəlb etmək üçün biz özümüz 
								çalışırdıq. İndi isə vəziyyət dəyişib. AMİU-da 
								təhsil alan türk tələbələrin 80 faizi dövlət 
								xətti ilə göndərilənlərdir. Bu uğur isə 
								asanlıqla əldə olunmayıb. Sübut etməyə 
								çalışmışıq ki, biz tələbəyə diplom yox, bilik 
								veririk. 
								
								
								Rektorun sözlərinə görə, əcnəbi tələbələr 
								universitetin ictimai işlərinə cəlb edilir, 
								təhsil almağa başlayandan bir neçə ay sonra 
								tədbirlərdə, səhnəciklərdə iştirak edirlər. 
								AMİU-da xarici ölkə vətəndaşlarının Azərbaycanı 
								tanıyıb sevmələri üçün məqsədyönlü iş aparılır.
								 
								
								
								İclası yekunlaşdıran təhsil naziri Misir 
								Mərdanov mümkün optimal variantlardan istifadə 
								etməyi, universitetlərimizin nüfuzuna xələl 
								gətirməməklə Azərbaycanın ali məktəblərinə gələn 
								əcnəbi tələbələrin sayını artırmağa çalışmağı 
								tövsiyə etdi. Bununla da kollegiya iclası başa 
								çatdı. 
								
								
								
								Hicran ƏKBƏROVA  |