| 
								 
								
								Respublikamızda özünün keyfiyyətli təhsili, 
								yüksəkixtisaslı mütəxəssis hazırlığı ilə tanınan 
								Xəzər Universitetinin adı artıq dünyanın ən 
								yaxşı ali məktəbləri sırasında çəkilir. Ali 
								təhsil ocağında bu günə qədər ümumilikdə 2000-ə 
								yaxın məzun arzuladığı ixtisasa yiyələnərək 
								nəinki  ölkəmizdə, hətta  onun hüdudlarından 
								çox-çox uzaqlarda müxtəlif sahələrdə uğurla  
								çalışır və ya təhsillərini davam etdirir.  
								
								
								Elə aprelin 4-də Xəzər Universitetində keçirilən 
								məzun gecəsində də  bu ali məktəbin uğurlu 
								fəaliyyəti haqqında faktlar bir daha mərasim 
								iştirakçılarının diqqətinə çatdırıldı. Ali 
								təhsil ocağının "Dünya" konsert salonunda  sayca 
								28-ci buraxılışa həsr olunan məzun gecəsində 
								respublikanın bir sıra ali məktəblərinin, 
								Azərbaycanda fəaliyyət göstərən səfirlik və 
								diplomatik korpusların nümayəndələri, tanınmış 
								iş adamları, elm, mədəniyyət, incəsənət 
								xadimləri, tələbə və məzunlar, onların 
								valideynləri iştirak edirdilər. 
								
								
								Mərasimi Xəzər Universitetinin rektoru, 
								professor Hamlet İsaxanlı açaraq ali təhsil 
								ocağında aparılan işlərdən danışdı. Rektor son 
								illər ölkəmizin ali təhsil sahəsində mühüm 
								dəyişikliklərin getdiyini deyərək Xəzər 
								Universitetində bununla bağlı həyata keçirilən 
								tədbirlərdən söz açdı. Qeyd olundu ki, yaxşı ali 
								məktəb əslində yaxşı mütəxəssis hazırlamalı, 
								burada təhsil alan gəncin məqsədi isə 
								universiteti bitirdikdən sonra iş axtarmaq yox, 
								iş yaratmaq olmalıdır. Rektor məzunları əmin 
								etdi ki, onlar Xəzər Universitetində aldıqları 
								bilik, əldə etdikləri təcrübə sayəsində böyük 
								uğurlar qazanmağa qadirdirlər. 
								
								
								Çıxışının sonunda Hamlet İsaxanlı  ali təhsil 
								ocağının 28-ci  məzunları olan 108 gənci təbrik 
								edərək onlara  müstəqil həyat yollarında 
								müvəffəqiyyətlər arzuladı.  
								
								
								Xəzər Universitetinin memarlıq, mühəndislik və 
								tətbiqi elmlər fakültəsinin dekanı Rafiq Əhmədov, 
								iqtisadiyyat və menecment fakültəsinin dekanı 
								Məhəmməd Nuriyev, humanitar və sosial elmlər 
								fakültəsinin dekanı Cabir Xəlilov, tibb, 
								stomatologiya və ictimai səhiyyə  fakültəsinin 
								dekan əvəzi Nigar Bağırova və təhsil 
								fakültəsinin dekanı Elza Səmədova məzunları 
								təbrik edərək onlara xüsusi məzunluq kitabçası 
								təqdim etdilər.  
								
								
								Məzun gününə həsr olunan mərasim Xəzər 
								Universitetinin mahnı və rəqs ansamblının 
								hazırladığı konsert proqramı ilə davam etdi.
								 
								
								
								
								Samirə KƏRİMOVA  |