| 
								 
								
								Bu günlərdə Bakıdakı 162 nömrəli məktəbdə şəhid 
								Etibar Allahverdi oğlu Əliyevin doğum günü qeyd 
								edilib. 
								
								
								Dövlət himnimiz səsləndirildikdən sonra 
								iştirakçılar vətən uğrunda canından keçmiş 
								şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla 
								yad etdilər.  
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Ələkbər Əliyev Etibarın şərəfli ömür yolundan 
								danışaraq, qəhrəmanların ölmədiklərini, daim 
								qəlblərdə yaşadıqlarını bildirdi. Hər il şəhidin 
								doğum günü məktəbdə qeyd olunur. Bildirildi ki, 
								bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun 
								aşılanmasına  xidmət edərək onların şəxsiyyət 
								kimi formalaşmasında müstəsna rol oynayır. 
								Şagirdlərin vətənə məhəbbət ruhunda tərbiyəsinə 
								xüsusi diqqət yetirildiyini vurğulayan direktor 
								şəhidlərimizin qanının yerdə qalmayacağına və 
								torpaqlarımızın tezliklə azad olunacağına 
								inandığını söylədi. 
								
								
								Sonra söz şəhidin atası Allahverdi Əliyevə 
								verildi. O, bütün iştirakçıları salamlayaraq 
								Etibarın uşaqlıq və gənclik illərindən danışdı. 
								Oğlunun döyüşlərdə göstərdiyi igidliklərdən söz 
								açaraq onunla fəxr etdiyini və belə tədbirin 
								hazırlanmasına görə məktəbin direktoruna, 
								müəllim kollektivinə və mərasimdə əməyi olan hər 
								bir şəxsə minnətdarlıq etdi. 
								
								
								Digər çıxış edənlər Etibar haqqında danışaraq 
								belə oğullarımızla qürur hissi keçirdiklərini 
								bildirdilər.  Tədbir şagirdlərin və 33 nömrəli 
								uşaq bağçasının birlikdə hazırladığı əsrarəngiz 
								səhnəciklərlə davam etdirildi. Bu səhnəciklərdə 
								şagirdlərin vətənə, dövlətə olan məhəbbəti aydın 
								görünürdü. 
								
								
								*** 
								
								
								Bakıdakı 144 nömrəli orta məktəbdə şəhid Namiq 
								Babayevin anadan olmasının 40 illiyi ilə 
								əlaqədar tədbir keçirildi.  
								
								
								Dövlət himninin oxunması və vətənimizin azadlığı, 
								ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid 
								olanların xatirəsinin bir dəqiqəlik sükutla yad 
								edilməsi ilə başlayan tədbirdə şəhidin ailə 
								üzvləri, müəllimlər, şagirdlər iştirak edirdilər. 
								Azərbaycanın Milli Qəhrəmanı ilə bağlı təşkil 
								edilən sərgiyə baxış keçirildikdən sonra tədbir 
								iştirakçılarına şəhid Namiq Babayevin həyat yolu 
								və döyüşlərdə göstərdiyi şücaəti haqqında 
								məktəbin direktoru Raya Allahverdiyeva məlumat 
								verdi. 
								
								
								Şəhidin atası çıxışında bildirdi ki, 
								Azərbaycanda bu gün hökm sürən sabitliyin, 
								əmin-amanlığın yaranmasında böyük xidmətləri 
								olan ümummilli lider Neydər Əliyevin siyasi 
								kursunu Prezident İlham Əliyev uğurla davam 
								etdirir və torpaqlarımızın erməni işğalından 
								azad  olunması  üçün  əlindən gələni əsirgəmir. 
								
								
								Məktəbdə  şagirdlərin  hərbi-vətənrərvərlik 
								ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini 
								vurğulayan şəhidin müəllimləri bildirdilər ki,   
								təhsil ocağında Namiq Babayev  həftəsi keçirilir.
								 
								
								
								Sonda  şəhidə həsr olunan şeirlər söylənildi və 
								mahnılar  oxundu.   
								
								
								
								Niyazi RƏHİMOV, 
								
								
								
								Rəşad ZİYADOV  |