| 
								 
								
								Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz 
								vermişdir. Tanınmış pedaqoq, respublikanin 
								əməkdar müəllimi, Gəncə şəhərindəki Mehdi 
								Mehdizadə adına 4 nömrəli orta məktəbdə yarım 
								əsrə yaxın direktor işləmiş Əkrəm (Çingiz) 
								Ələkbər oğlu Əsgərov ömrünün 82-ci ilində vəfat 
								etmişdir. 
								
								
								Əkrəm Əsgərov 1928-ci il iyulun 27-də Şamaxı 
								şəhərində anadan olmuş, orta təhsilini Bakı 
								şəhərindəki 29, 134 və 6 nömrəli məktəblərdə, 
								ali təhsilini Moskva Dövlət Pedaqoji 
								İnstitutunda tarix ixtisası üzrə almışdır.
								 
								
								
								Əmək fəaliyyətinə 1 aprel 1945-ci ildə orta 
								məktəbdə oxuya-oxuya Bakıdakı Mərkəzi Pionerlər 
								Evində təlimatçı kimi başlamışdır. 1950-1952-ci 
								illərdə Şuşa şəhər 7 nömrəli rus məktəbində, 
								1952-1958-ci illərdə Gəncə şəhərindəki 9 və 11 
								nömrəli orta məktəblərdə tədris hissə müdiri, 
								1958-1962-ci illərdə Gəncə şəhər 9 nömrəli orta 
								məktəbdə direktor, 1962-1963-cü illərdə Gəncə 
								Şəhər Partiya Komitəsində təbliğat-təşviqat 
								şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 
								Sonrakı bütün  əmək  fəaliyyəti  isə  ömrünün 
								sonunadək işlədiyi 4 nömrəli orta məktəblə bağlı 
								olmuşdur. 
								
								
								Ə.Əsgərovun əməyi dövlətimiz tərəfindən yüksək 
								qiymətləndirilmişdir. O, gənc nəslin 
								təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək 
								nəticələrə görə 1973-cü ilin martında "Azərbaycan 
								SSR qabaqcil maarif xadimi" döş nişanına, həmin 
								ilin dekabrında "Azərbaycan SSR-in əməkdar 
								müəllimi" fəxri adına, 1978-ci ildə "Şərəf 
								nişanı" ordeninə layiq görülmüşdür.  
								
								
								Əkrəm müəllim ictimai işlərdə də fəal iştirak 
								etmişdir. O, 1962-1975-ci illərdə Gəncə Şəhər 
								Sovetinin deputatı və daimi komissiyanın sədri, 
								1982-1991-ci illərdə Gəncə Şəhər Nizami Rayon 
								Sovetinin deputatı və icraiyyə komitəsinin üzvü, 
								1991-ci ildən ömrünün sonunadək isə Gəncə Şəhər 
								Nizami Rayon İcra Hakimiyyəti Şurasının üzvü 
								olmuşdur.  
								
								
								Əkrəm Əsgərov 1993-1995-ci illərdə Beynəlxalq 
								Məktəb Şuraları Assosiasiyasının 
								vitse-prezidenti (qərargahı Moskva şəhərindədir), 
								sonralar isə idarə heyətinin üzvü, 1988-ci ildə 
								Gəncə Şəhər Təhsil Şurasının sədri, 1993-cü ildə 
								isə Azərbaycan Respublikası Müəllimlər Şurasının 
								üzvü kimi ictimai vəzifələrə seçilmiş və bu 
								vəzifələri layiqincə yerinə yetirməklə ona 
								göstərilən etimadı doğrultmuşdur. Əkrəm müəllim 
								müstəqil Azərbaycan Respublikasının bütün 
								müəllimlər qurultayının nümayəndəsi olmuşdur.
								 
								
								
								Əkrəm müəllim təcrübə mübadiləsi məqsədi ilə 
								1950-1980-ci illərdə Moskva və Leninqrad (indiki 
								Sankt-Peterburq) şəhərlərinə ezam edilən 
								nümayəndə heyətlərinə başçılıq etmiş, İttifaq (Kiyevdə), 
								Zaqafqaziya (İrəvanda), respublika daxilində (Bakıda, 
								Qubada, Xanlarda) və YUNESKO xətti ilə Bakıda 
								keçirilən beynəlxalq simpozium və konfranslarda 
								məruzələrlə çıxış etmiş, iş təcrübəsi keçmiş 
								İttifaq miqyasında "Narodnoye obrazovaniye" (N 
								7, 1982), "Çelovek i zakon" (N 4, 1974) 
								jurnallarında, "Azərbaycan SSR müəllimlərinin 
								altıncı qurultayı" (Bakı, "Maarif", 1980), "Rassvet 
								narodnoqo obrazovaniya v Azerbaydjane" (Bakı, "Maarif", 
								1980), "Nəcib peşə sahibləri" (Bakı, "Maarif", 
								1977), "Bakinskiy raboçiy", "Molodyoj 
								Azerbaydjana", "Panorama Azerbaydjana", "Azərbaycan 
								müəllimi" qəzetlərində işıqlandırılmışdır.
								 
								
								
								Azərbaycan Respublikası "Təhsil" cəmiyyətinin 
								idarə heyəti 25 aprel 2001-ci il tarixli qərarı 
								ilə Əkrəm Əsgərov adına diplom təsis etmiş, 
								Respublika Ziyalılar Cəmiyyəti isə Əkrəm 
								müəllimi "Fəxri ziyalı" diplomu ilə təltif 
								etmişdir. 
								
								
								Əkrəm Ələkbər oğlu Əsgərov yüksək idarəçilik 
								səriştəsi ilə seçilmiş, onun rəhbərlik etdiyi 4 
								nömrəli orta məktəb 2008-ci ildə "Ən yaxşı 
								ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 
								olmuşdur. Təsadüfi deyil ki, 4 nömrəli orta 
								məktəb bütün respublikada "Çingiz müəllimin 
								məktəbi" kimi tanınmışdır.  
								
								
								Tanınmış müəllim, bacarıqlı təhsil təşkilatçısı 
								Əkrəm Əsgərovun xatirəsi onu tanıyanların 
								qəlbində daim yaşayacaqdır.  
								
								
								Allah rəhmət eləsin! 
								
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
								Gəncə Şəhər Təhsil İdarəsi  |