| 
								 
								
								Müasirləri onu ədəbiyyat tarixçisi, 
								mətnşünas-tekstoloq, jurnalist, pedaqoq, 
								tərcüməçi, kitabşünas, bir sözlə, elmi maraq 
								dairəsi meridianları hüdudsuz olan alim kimi 
								tanıyırdılar. Ədəbiyyat müəllimləri isə XX əsr 
								Azərbaycan ədəbiyyatının məşhur simaları: 
								C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, 
								Ə.Ağaoğlu, Ə.Hüseynzadə haqqında ən dürüst 
								məlumatları məhz onun əsərlərindən alırlar. Ona 
								hamı çox hörmətlə "Əziz müəllim",-deyə müraciət 
								edərdi, indi də onu Əziz müəllim kimi 
								xatırlayırlar. 
								  
								
								
								Görkəmli ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər 
								Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, 
								filologiya elmləri doktoru, professor Əziz 
								Mirəhmədov ömrünün 83 ilinin 60-nı 
								ədəbiyyatımızın tarixinin öyrənilməsinə və 
								tədqiqinə həsr etmişdi. O, XX əsr 
								ədəbiyyatşünaslığının köklü, böyük, metodoloji 
								və milli əhəmiyyəti olan vəzifələrinin həllinə 
								dair uğurlu araşdırmalar aparmış, elmi-nəzəri 
								hazırlığı və gərgin axtarışları ilə hələ 50-ci 
								illərdə professional tədqiqatçı səviyyəsinə 
								yüksəlmişdir. Onun adı iyirminci yüzilliyin 
								Ə.Nazim, H.Zeynallı, M.Arif, F.Qasımzadə, 
								M.Cəlal, M.Cəfər, C.Cəfərov kimi korifeyləri ilə 
								birlikdə çəkilir və ədəbiyyatımız tarixində 
								danılmaz xidmətləri dönə-dönə qeyd olunur.
								 
								
								
								Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci ildə 
								Bakı şəhərində doğulmuşdur. Taleyini, qismətini 
								bu şəhərlə əbədi bağlayan Əziz müəllim ilk 
								təhsilini Bakıda M.A.Əliyev və M.F.Axundov 
								küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli 
								məktəbdə almışdır. Hələ uşaqlıqdan o, böyük 
								ümidlər verən zirək oğlan təsiri bağışlayırdı. 
								Onun haqqında yazılan xatirələrdə deyilir ki, o, 
								çox sakit, astadan danışan, təmkinli və 
								yoldaşları ilə səmimi rəftar edən bir uşaq 
								olmuşdur. Özünə qarşı tələbkarlığı ilə fərqlənən 
								Əziz bütün fənlərə maraqla yanaşır, riyaziyyat 
								və ədəbiyyata isə üstünlük verirdi. O, daima 
								Azərbaycan və rus dillərində kitablar oxuyar və 
								yoldaşlarını da bu işə təşviq edər, həm də 
								ictimai işlərdə fəallıq göstərərək məktəb divar 
								qəzetinin redaktoru, komsomol təşkilatının 
								katibi kimi vəzifələri yerinə yetirərdi. Məktəb 
								dram dərnəyinin təşkilatçısı olmaqla 
								klassiklərin əsərlərindən parçaları tamaşaya 
								qoyaraq özü də bir sıra rollar oynayardı. 
								 
								
								
								Ədəbiyyata olan həvəsi onu Azərbaycan Pedaqoji 
								İnstitutunun filologiya fakültəsinə gətirmişdi. 
								Buradakı ədəbi-elmi mühit az müddətdə onu 
								ədəbiyyatımızın ən dərin qatlarına enməyə 
								istiqamətləndirmişdi. O, hələ tələbə ikən 
								mətbuat aləminə çıxmışdı.  Əziz müəllimin ilk 
								məqaləsi hələ tələbə ikən "Azərbaycan 
								müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 
								may 1938-ci il nömrəsində çap olunmuşdur. Burada 
								Bakı şəhərindəki 25 nömrəli məktəbdə aparılan 
								işlərdən bəhs edilirdi. 1941-ci ildə APİ-ni 
								bitirdikdən sonra gənc Əziz bir qədər orta və 
								ali məktəblərdə dərs deyir, 1942-ci ildə 
								Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim 
								işləyir. 1943-1948-ci illərdə ADU-nun Azərbaycan 
								ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsini 
								tutur. Öz pedaqoji ustalığı ilə az müddətdə 
								şagirdlərin, tələbələrin rəğbətini qazanır. Xalq 
								şairi B.Vahabzadə də onun tələbəsi olmuşdur. 
								B.Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk 
								tanışlığımıza -1943-cü ilin sentyabrına getdi. 
								Bu o gün idi ki, gənc, ucaboy, qarayanız 
								aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc 
								olmasına baxmayaraq, onda çılğınlığın, 
								ötkəmliyin əlaməti belə yox idi. Çox asta və 
								təmkinlə danışar, izah etmək istədiyi mətləbi 
								yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". 
								Onu yaxşı tanıyan müəllimləri H.Araslı və M.Arif 
								tezliklə Ə.Mirəhmədovu Nizami adına Ədəbiyyat və 
								Dil İnstitutuna dəvət edirlər. Adı tariximizə 
								qızıl hərflərlə düşmüş alimlərin çalışdıqları bu 
								elm məbədində ilk vaxtlar laboratoriyada işə 
								başlayan Əziz müəllim çox keçməmiş kiçik elmi 
								işçi, baş elmi işçi, şöbə müdiri, direktor 
								müavini kimi vəzifələrə irəli çəkilmişdir. Elmə 
								böyük maraq göstərən bu istedadlı gənc 1947-ci 
								ildə görkəmli alim-yazıçı Mir Cəlalın rəhbərliyi 
								ilə "Məhəmməd Hadinin həyat və yaradıcılığı" 
								mövzusunda namizədlik dissertasiyasını qurtarıb, 
								Azərbaycan Dövlət Universitetinin Elmi Şurasına 
								təqdim edir. Lakin o dövrün ideologiyası 
								baxımından iş elmi-metodoloji cəhətdən nöqsanlı 
								əsər kimi dəyərləndirilərək, ləğv olunur. Bu 
								ədalətsizlik və bəzi alimlərin ona qərəzli 
								münasibəti Əziz müəllimin iradəsini sındıra 
								bilmir. O, başqaları kimi həmin mövzunu yenidən 
								işləmək əvəzinə tədqiqat üçün başqa bir mövzu 
								seçir və 1955-ci ildə "Mirzə Ələkbər Sabirin 
								həyat və yaradıcılığı" mövzusunda namizədlik 
								dissertasiyasını başa çatdırıb müdafiə edir. 
								Deyilənə görə, Azərbaycan ədəbiyyatşünaslığında 
								belə hallar olmamışdı. Elə bu fakt özü Əziz 
								müəllimin yenilməzliyini təsdiq edir və onu 
								yetkin bir alim kimi səciyyələndirir. 
								 
								
								
								Bacarıqlı elm təşkilatçısı və yorulmaz 
								tədqiqatçı kimi tanınan Əziz Mirəhmədov bir 
								müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi 
								Komitəsində təbliğat şöbəsi müdirinin müavini 
								vəzifəsində işləmiş, sonra Nizami adına 
								Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, 
								Nizami adına Ədəbiyyat İnstitutunun direktoru 
								kimi məsul vəzifələrdə çalışmışdır.  
								
								
								Geniş və hərtərəfli elmi dünyagörüşünə malik 
								olan Əziz müəllim gərgin axtarışlar nəticəsində 
								"Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində 
								Azərbaycan mətbuatının inkişaf mərhələləri" 
								mövzusunda dissertasiyasını müdafiə edib elmlər 
								doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir 
								üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra 
								açılmamış səhifələri Əziz müəllimin qismətinə 
								düşmüşdü. O, "Molla Nəsrəddin" jurnalının 25 
								illik nömrələrinin transliterasiyası, 12 cilddə 
								çapa hazırlanması və birinci cildin nəşr 
								edilməsi işini də başa çatdırmışdı.  
								
								
								Əziz müəllim həm də "Cəlil Məmmədquluzadə" 
								ensiklopediyasının tərtibi işinin rəhbəri olmuş 
								və onu nəşrə təqdim etmişdi. C.Məmmədquluzadə, 
								Məhəmməd Hadi və Əhməd Ağaoğlu irslərinin əldə 
								edilib toplanması da, ilk növbədə, bu böyük 
								alimin adı ilə bağlıdır. Əziz müəllimin elmi 
								fəaliyyəti həm də gənc tədqiqatçılar üçün 
								örnəkdir. Təsadüfi deyildir ki, bu görkəmli 
								ədəbiyyatşünasdan istiqamət alanların, onun 
								yolunu ləyaqətlə davam etdirənlərin sayı 
								gündən-günə artırdı. Onun elmi rəhbərliyi ilə 
								40-a qədər namizədlik dissertasiyası müdafiə 
								olunmuşdur.  
								
								
								Əziz Mirəhmədov Azərbaycan klassiklərinin 
								əsərlərinin mətnşünaslıq məsələlərinə çox böyük 
								məsuliyyətlə yanaşırdı. Gərəkli axtarışların 
								nəticəsi olaraq onun başçılığı ilə 1979-cu ildə 
								"Azərbaycan mətnşünaslıq məsələləri" adlı 
								sanballı məqalələr toplusu işıq üzü görmüşdür. 
								Görkəmli ədəbiyyatşünas Mir Cəlal 
								mətnşünaslıqdan danışarkən demişdir: "Əgər bir 
								ədəbi, bədii əsərin müəllifi bəlli deyilsə, o 
								əsərin dilinə, üslubuna görə müəllifini 
								araşdıran, tapan, dəqiqləşdirib meydana çıxaran 
								yeganə mütəxəssis-mətnşünas alim Əziz 
								Mirəhmədovdur".  
								
								
								Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən  
								Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi 
								məqalənin müəllifidir. Onun "M.F.Axundov" 
								(1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd 
								Hadi" (1962 və 1981), "Azərbaycan Molla 
								Nəsrəddini" (1980) , "Satirik gülüşün qüdrəti" 
								(1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, 
								"XX əsr Azərbaycan ədəbiyyatında satiranın 
								inkişafına dair" , "Zakir və XIX əsr Azərbaycan 
								satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: 
								tənqidi realizm" və s. sanballı məqalələri 
								ədəbiyyatımızın tarixinin öyrənilməsində ən 
								etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc 
								Əziz iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı 
								tarixi"nin (1943-1944) hazırlanmasında yaxından 
								iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı 
								illərdə isə püxtələşmiş alim kimi üçcildlik "Azərbaycan 
								ədəbiyyatı tarixi"nin (1958-1960) əsas 
								müəlliflərindən biri olmuşdur. O, nəşri 
								planlaşdırılmış yeddicildlik "Azərbaycan 
								ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən 
								biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti 
								bahasına müxtəlif illərdə C.Məmmədquluzadənin 
								əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi 
								(1966-1967) və altıcildliyi (1981-1985) çapa 
								hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər 
								nəşrə müqəddimə, izah və şərhlər yazılmışdır. 
								
								
								Əziz Mirəhmədov respublikada filologiya elmləri 
								sahəsində aparılan bütün tədbirlərin mərkəzində 
								dururdu. Onun rəhbərliyi altında Azərbaycan 
								ədəbiyyatşünaslıq elminin inkişafını təmin edən 
								problemlər cəsarətlə qoyulur və həll edilirdi. 
								O, öz ətrafına yaradıcı insanları cəlb etməkdən 
								mənəvi zövq alırdı. Elmi rəhbər kimi onun 
								özünəməxsus iş üslubu vardı. Ondan kitab 
								yazmağı, redaktə etməyi öyrənənlər böyük ustadı 
								həmişə minnətdarlıqla yad edirlər.  
								
								
								Əziz müəllimi orta məktəb dərsliklərinin taleyi 
								də düşündürmüşdür. Dərslik yaradıcılığı onun 
								bələd olduğu sahələrdən biri idi. O, bu  sahəyə 
								ardıcıl diqqət yetirmişdir. Ədəbiyyat 
								dərsliklərinin yazılması və tərtibi kimi 
								xeyirxah işdə onun zəhməti böyükdür. 
								Alim-müəllimin bu barədəki məsləhəti və 
								tövsiyələri ədəbiyyat proqramı və dərsliklərinin 
								hazırlanmasında, müntəxəbatların tərtibində 
								əhəmiyyətli rol oynamışdır.  
								
								
								Əziz müəllimin dərslik yazmaq sahəsində ilk 
								təcrübəsi "Ədəbi qiraət" dərsliyi ilə bağlıdır. 
								Ötən əsrin 50-ci illərində məktəblərimizdə 
								Q.Musayevin (5-ci sinif), M.Rzaquluzadənin (6-cı 
								sinif), H.Əfəndiyevin (7-ci sinif) "Ədəbi qiraət" 
								dərsliklərindən istifadə olunurdu. Əziz müəllim 
								bütün "Ədəbi qiraət" dərsliklərinin, həmçinin 
								H.Araslının 8-ci sinif üçün, F.Qasımzadə, 
								M.C.Cəfərovun 9-cu sinif üçün, C.Xəndanın 10-cu 
								sinif üçün "Ədəbiyyat" dərsliklərinin redaktoru 
								olmuşdur. Eyni zamanda o, həmin illərdə istifadə 
								olunan 9-cu sinif üçün "Ədəbiyyat 
								müntəxəbatı"nın (1948-1962-ci illər) müəllifidir. 
								Professor C.Xəndan Ə.Mirəhmədovun "Ədəbiyyat 
								müntəxəbatı"nı ən dəyərli tədris vəsaiti kimi 
								qiymətləndirmişdir ("Kommunist" qəzeti, 1948 8 
								dekabr). Əziz müəllimin özünün də "Azərbaycan 
								müəllimi" qəzeti və "Azərbaycan məktəbi" 
								jurnalında proqram və dərsliklərə dair sanballı 
								məqalələri dərc olunmuşdur. O, həyatının son 
								illərində də bu məsələyə bir də qayıtmışdır. 
								Onun filologiya elmləri doktoru Zaman Əsgərli 
								ilə birlikdə müəllifi olduğu və 1996-cı ildən 
								dalbadal bir neçə il nəşr edilən X sinif üçün "Ədəbiyyat" 
								dərsliyi məktəblərimizdə rəğbətlə qarşılanmışdır. 
								Əziz müəllimin bir neçə dəfə nəşr olunan "Ədəbiyyatşünaslıq 
								terminləri lüğəti" kitabı tədqiqatçılarla yanaşı, 
								orta məktəbin ədəbiyyat müəllimlərinin də 
								stolüstü kitabıdır. Ədəbiyyatşünaslığa dair 
								yazılan elmi işlərin müəllifləri bu kitabdan az 
								bəhrələnməmişlər.   
								
								
								Azərbaycan MEA-nın müxbir üzvi, professor Nizami 
								Cəfərovun başçılığı ilə hazırlanan X və XI 
								siniflər üçün ədəbiyyat dərslikləri və 
								müntəxəbatlarının hazırlanması prosesində bütün 
								əvvəlki dərsliklər, o cümlədən Əziz müəllimin 
								dərslikləri də bir daha nəzərdən keçirilmiş, 
								ədəbi-elmi-metodiki müqayisələr aparılmış və 
								faydalı cəhətlər nəzərə alınmışdır.    
								 
								
								
								Əziz müəllim ədəbi aləmin böyük 
								şəxsiyyətlərindən biri kimi, həm də öz ölkəsinin 
								vətəndaşı, zəhmətsevər bir oğlu idi. Onun 
								gənclərə münasibətdə tələbkarlığı ilə 
								qayğıkeşliyi bir-birini tamamlayırdı. O da 
								məlumdur ki, Əziz müəllim prinsipial elmi 
								axtarışlarda heç nəyə güzəştə getməz, heç nəyi 
								yaddan çıxarmaz, elmi mülahizələrdə 
								faktologiyanı bir an belə arxa plana çəkməzdi.
								 
								
								
								Əziz müəllim çox həssas, qayğıkeş, diqqətcil, 
								sadə və səmimi insan idi. O, rəhbəri olduğu 
								aspirant və dissertantlarla həm ciddi, həm də 
								incə yumorla danışar, onların kiçicik uğurunu 
								olduğu kimi dəyərləndirərdi. Arxivlərdə 
								işləyərkən məxəzlərdən əlinə düşən naməlum 
								faktları kiçik bir kağıza köçürər, aidiyyəti 
								üzrə sahibinə çatdırardı. Böyük həyat 
								təcrübəsinə malik olan Əziz müəllim ona redaktə 
								üçün verilən yazılara çoxlu qeydlər edər, 
								müəllifin işinə xələl gətirməyən dəyərli 
								düzəlişlər aparardı. Bu zaman vərəqənin kənarına 
								yazdığı tənqidi qeydləri isə  özünəməxsus 
								yumorla bitirərdi. Onun yetirmələri bu cəhəti 
								dönə-dönə qeyd edirlər.  
								
								
								Böyük müəllimləri M.Arif, F.Qasımzadə, H.Araslı, 
								Mir Cəlal, C.Xəndan kimi nəhənglərin yolu ilə 
								gedən Əziz müəllim özünün gərgin axtarışları 
								sayəsində ədəbiyyatımızın tarixi üçün çox 
								qiymətli elmi materiallar əldə etmiş, onları 
								təfəkkür süzgəcindən keçirərək ədəbi-elmi 
								fikirlərimizi xeyli zənginləşdirmişdir. 
								 
								
								
								Özündən sonrakı nəsil üçün böyük ədəbi-nəzəri 
								irs, tədqiqatçılıq səriştəsi, silinməz izlər 
								qoyan Əziz müəllim cild-cild sanballı əsərləri 
								ilə ədəbiyyatşünaslıq elmimizdə özünə əbədi 
								heykəl ucaltmışdır. Ədəbi-bədii təfəkkürümüzün 
								dünəni, bu günü və sabahı ilə maraqlanan hər kəs 
								Əziz Mirəhmədovu minnətdarlıqla xatırlayacaqdır.  
								  
								
								
								
								Nəcəf NƏCƏFOV, 
								filologiya elmləri namizədi,  
								əməkdar müəllim, ADPU-nun  
								Azərbaycan və dünya ədəbiyyatı  
								tarixi kafedrasının baş müəllimi  |