| 
								 
								
								Ümumi təhsilin məzmununun, şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi meyarlarının 
								mütərəqqi dünya təcrübəsi əsasında 
								yeniləşdirilməsi istiqamətində aparılan 
								islahatlar artıq gözlənilən nəticələri 
								verməkdədir. Bu nəticələr hazırda ardıcıl və 
								məqsədyönlü şəkildə tətbiq edilən konseptual 
								xarakterli fənn kurikulumlarında və onların 
								tələblərinə uyğun yaradılan müasir yönümlü 
								dərslik komplektlərində, müəllim-şagird 
								münasibətlərinin pedaqoji əməkdaşlıq zəminində 
								qurulmasında, tədris prosesinin səmərəliliyini 
								artıran çevik təlim strategiyalarının və 
								bilavasitə təhsilin keyfiyyətinin idarə 
								olunmasını şərtləndirən yeni qiymətləndirmə 
								modellərinin tətbiqində, ümumi təhsilin məqsəd 
								və vəzifələrinə əvvəlki dövrlə müqayisədə 
								mahiyyət etibarı ilə tam fərqli yanaşma tərzinin 
								formalaşmasında daha aydın hiss olunur. 
								
								
								Bununla belə, yerlərdə aparılan müşahidələr, 
								mövcud vəziyyətin təhlili göstərir ki,  ümumi 
								təhsil sistemində həyata keçirilən yeni məzmun 
								və qiymətləndirmə siyasətini əhatə edən əsas 
								məsələlərlə bağlı maarifləndirmə işlərinin 
								gücləndirilməsinə, bütövlüklə təhsil işçilərinin 
								hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş 
								zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac 
								vardır. 
								
								
								Həmin problemi nəzərə alaraq, hər bir rayon və 
								şəhər üçün yerli pedaqoji kadr potensialından 
								istifadə etməklə daimi fəaliyyət göstərən 
								təlimçilər qrupunun yaradılması qərara alınmış 
								və   bu işin yerinə yetirilməsi Təhsil 
								Nazirliyinin 2010-cu il 1 mart tarixli, 249 
								nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Əmrin 
								icrası ilə bağlı ilk olaraq Bakı şəhəri üzrə 
								təşkil edilən 10 günlük öyrədici təlim kursunda 
								məktəb rəhbərləri, müəllim, metodist və 
								məsləhətçilərdən ibarət tərkibdə 230 nəfər 
								təlimçi hazırlanmış və onlara müvafiq sertifikat 
								verilmişdir. Həmin təlimçilərin zonalara görə 
								müəyyən olunmuş istinad məktəblərinə təhkim 
								edilməsi və ərazidə yerləşən digər məktəblərin 
								təhsil işçilərinə fənn kurikulumlarının və 
								qiymətləndirmə mexanizmlərinin tətbiqi 
								istiqamətində metodiki xidməti həyata 
								keçirmələri nəzərdə tutulur. 
								
								
								Bütün bunlarla yanaşı, həmin təlimçilərin 
								səmərəli fəaliyyətinin təmin olunması üçün 
								onların vəzifə funksiyaları və səlahiyyətləri 
								dəqiq müəyyən edilməli, görəcəkləri  işlərin 
								planlaşdırılmasına və koordinə olunmasına lazımi 
								köməklik göstərilməlidir. 
								
								
								Qeyd olunanları nəzərə alaraq  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Təhsil Nazirliyinin "Öyrədici təlim 
								kurslarının təşkili barədə" 2010-cu il 1 mart 
								tarixli, 249 nömrəli əmrinin icrası ilə əlaqədar 
								yerlərdə davamlı fəaliyyət göstərən təlimçilər 
								qrupunun yaradılması üzrə müəyyən təşkilati və 
								əməli işlərin görülməsi nəzərə alınsın. 
								
								
								2. "Kurikulum islahatının davam etdirilməsi və 
								kurikulumun tətbiqinə dəstək" alt-komponentinin 
								koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin 
								direktoru Ə.Abbasov, TSİİL üzrə LƏQ-in direktoru 
								E.Rüstəmov 2010-2011-ci dərs ili ərzində digər 
								rayon və şəhərlərdə də eyni məqsədə xidmət edən 
								müvafiq təlimçilər qrupunun formalaşdırılması 
								işini davam etdirsinlər. 
								
								
								3. Yerlərdə fəaliyyət göstərəcək təlimçilər 
								qrupuna aşağıda qeyd olunan istiqamətlərdə 
								təşkilati və metodiki köməkliyin göstərilməsi, 
								habelə müvafiq tövsiyələrin hazırlanması 
								Kurikulum Mərkəzinə həvalə edilsin: 
								
								
								3.1. Rayon (şəhər) təhsil şöbələrinin 
								(idarələrinin) metodkabinetləri ilə zonaların və 
								istinad məktəblərinin müəyyənləşdirilməsi və 
								təlimçilərin fəaliyyətinin təşkili. 
								
								
								3.2. Təlimçilərin işinin planlaşdırılması. 
								
								
								3.3. Müzakirə üçün aktual məsələlərin müəyyən 
								olunması. 
								
								
								3.4. Təqdimatların, işin nəticələrinə dair 
								hesabatların hazırlanması, seminar və "dəyirmi 
								masa"ların, konfransların təşkili. 
								
								
								3.5. Yenilikçilik meyilləri və yaradıcı 
								fəaliyyəti ilə fərqlənən müəllimlərin qabaqcıl 
								iş təcrübəsinin öyrənilməsi  və onlardan 
								istifadə yolları. 
								
								
								3.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
								üçün müvafiq vasitələrin hazırlanması. 
								
								
								4. Yerlərdə fəaliyyət göstərəcək təlimçilərin 
								(təlimçilər qrupunun) hüquq və vəzifələrinə 
								aşağıdakılar daxildir: 
								
								
								4.1. Təlimçilərin hüquqları: 
								
								
								4.1.1. Zona üzrə ərazidəki məktəblərin rəhbər və 
								pedaqoji heyəti üçün öyrədici xarakterli 
								təqdimatlar, seminar və "dəyirmi masa"lar, 
								aktual problemlərə həsr edilmiş digər tədbirlər 
								keçirmək. 
								
								
								4.1.2. Valideynlərlə maarifləndirici tədbirlər 
								təşkil etmək. 
								
								
								4.1.3. Müəllimlərin nümunəvi dərslərinin 
								dinlənilməsini təşkil və müzakirə etmək, 
								qiymətləndirmək və tövsiyələr vermək. 
								
								
								4.1.4. Yeni məsələlərlə bağlı mərhələlərlə 
								həyata keçirilən tədbirlərin yekununda təhsil 
								işçilərinin hazırlıq səviyyəsinin monitorinqini 
								aparmaq, nəticələri müzakirə edib tövsiyələr 
								hazırlamaq, nəticələr barədə təhsil şöbələrini 
								(idarələrini) məlumatlandırmaq. 
								
								
								4.2. Təlimçilərin vəzifələri: 
								
								
								4.2.1. Yenilikləri müntəzəm izləmək və öyrənmək, 
								bunlardan fəaliyyətində istifadə etmək. 
								
								
								4.2.2. Öz fəaliyyətini səmərəli planlaşdırmaq, 
								nəzərdə tutduğu tədbirlərin ardıcıl həyata 
								keçirilməsini təmin etmək.  
								
								
								4.2.3. Müəyyən edilmiş məktəblərdəki pedaqoji 
								işçiləri maraqlandıran problemləri öyrənmək və 
								fəaliyyətində nəzərə almaq. 
								
								
								4.2.4. Planlaşdırdığı tədbirlərin qrafikini 
								hazırlayıb təhkim olunduğu məktəbin rəhbərliyinə 
								və müəllimlərə çatdırmaq. 
								
								
								4.2.5. Planlaşdırdığı mövzular üzrə müvafiq 
								təlim materialları tərtib etmək. 
								
								
								4.2.6. Fəaliyyətinin nəticələrinə dair 
								yarımillik və illik hesabatlar hazırlayıb yerli 
								təhsil orqanının metodkabinetinə təqdim etmək. 
								
								
								5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər 
								Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri: 
								
								
								5.1. Bu əmrin məzmun və mahiyyətinin bütün 
								ümumtəhsil məktəblərinin direktorlarına 
								çatdırılıb lazımi izahat işlərinin aparılmasını 
								təmin etsinlər. 
								
								
								5.2. Metodkabinetlərin illik fəaliyyət planında 
								təlimçilər qrupunun işinin tənzimlənməsinə, 
								onlara hərtərəfli köməklik göstərilməsinə 
								yönəlmiş tədbirlərin nəzərdə tutulmasını diqqət 
								mərkəzində saxlasınlar. 
								
								
								5.3. Vəzifə funksiyalarını keyfiyyətli yerinə 
								yetirmələri üçün təlimçilərin hər birinə normal 
								şərait yaradılmasını, onların müəyyən olunmuş 
								məktəblərin pedaqoji işçiləri ilə səmərəli 
								əməkdaşlığını təmin etsinlər. 
								
								
								5.4. Ərazi üzrə istinad məktəblərini İKT 
								avadanlığı, proyektor və digər zəruri texniki 
								vasitələrlə, tədris-metodik vəsaitlərlə təchiz 
								etsinlər. 
								
								
								5.5. Təlimçilərin apardıqları monitorinqlərin 
								nəticələrini şura iclaslarında müzakirə edib, 
								aidiyyəti üzrə müvafiq tədbirlər həyata 
								keçirsinlər.  
								
								
								5.6. Tapşırılmış işə məsuliyyətlə yanaşan və 
								uğurlu nəticələr qazanan təlimçilərin əməyinin 
								stimullaşdırılması və rəğbətləndirilməsi 
								istiqamətində müvafiq tədbirlər görsünlər. 
								
								
								6. Məcburi köçkün rayonlarının təhsil şöbələrinə 
								tapşırılsın ki, tabeliklərindəki ümumtəhsil 
								məktəblərinin respublikanın müxtəlif 
								bölgələrində fəaliyyət göstərdiyini nəzərə 
								alaraq, öz rayonları üzrə müstəqil təlimçilər 
								qrupları yaradılması imkanları, yaxud 
								məktəblərin yerləşdikləri ərazidə yerli təhsil 
								şöbələri (idarələri) tərəfindən müvafiq zonaya 
								daxil olunmasının məqsədəuyğunluğu barədə 
								təkliflərini 1 ay müddətinə müəyyənləşdirib 
								nazirliyə təqdim etsinlər.  
								
								
								7. "Kurikulum islahatlarının davam etdirilməsi 
								və kurikulumun tətbiqinə dəstək" 
								alt-komponentinin koordinatoru A.Əhmədov, 
								Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov 
								yerlərdə təlimçilər qrupunun fəaliyyətini, 
								onların işinin tənzimlənməsini daim nəzarətdə 
								saxlasınlar. Bu məqsədlə təlimçilər və 
								metodkabinetlərin direktorları ilə Kurikulum 
								Mərkəzində, habelə rayon və şəhərlərdə görüşlər 
								keçirib mövcud vəziyyəti təhlil etsinlər, iş 
								prosesində müşahidə olunan problemlərin həllinə 
								yaxından köməklik göstərsinlər. 
								
								
								8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil 
								xəbərləri" məcmuəsində dərc olunmasını və 
								nazirliyin İnternet səhifəsində 
								yerləşdirilməsini təmin etsin. 
								
								
								9. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL 
								üzrə milli əlaqələndirici İ.İsgəndərova həvalə 
								olunsun.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								7 iyul  2010-cu il  |