| 
								 
								
								
								 Əliyev 
								Ehtiram İsrayıl oğlu  
								
								
								1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan 
								kəndində anadan olmuşdur. 1987-ci ildə doğma 
								kəndlərindəki məktəbdə səkkizinci sinfi 
								bitirmiş, sonra Bakı Maşınqayırma Texnikumuna 
								daxil olmuşdur. O, 1992-ci ildə texnikumu 
								bitirmiş və Milli Ordu sıralarına çağırılmışdır. 
								Xidmət etdiyi hərbi hissədən Naxçıvan MR-na 
								göndərilmiş, Sədərək və Batabat yaylağında 
								erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə 
								iştirak etmişdir. E.Əliyevin xidmət etdiyi hərbi 
								hissə 1993-cü ildə Ağdama göndərilmişdir. O, 
								Ağdam, Füzuli, Tərtər və Cəbrayıl rayonlarında 
								aparılan hərbi əməliyyatlar zamanı xüsusi 
								fədakarlıq göstərmişdir. Ehtiram 1994-cü ildə 
								erməni təcavüzkarlarına qarşı aparılan 
								döyüşlərin birində yaralanmış, müalicə 
								olunduqdan sonra yenidən döyüş bölgəsinə 
								qayıtmışdır. Elə həmin il Tərtər bölgəsinə 
								göndərilmişdir. 1996-cı ildə isə ordu 
								sıralarından tərxis olunmuşdur. 1997-98-ci 
								illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində 
								işləmişdir. E.Əliyev 2000-ci ildə Təfəkkür 
								Universitetinə daxil olmuşdur. Hazırda Bakı 
								Beynəlxalq və Şəhərlərarası Avtovağzalda 
								sərnişindaşımanın təşkili şöbəsində çalışır. 
								
								
								Ailəlidir. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Əliyev Ehtiram İsrayıl oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb.  
								
								
								
								 Əliyev 
								Ələkbər Həsən oğlu  
								
								
								1955-ci il dekabrın 22-də Qubadlı rayonunun 
								İşıqlı kəndində anadan olmuşdu. 1972-ci ildə 
								rayonun Muradxanlı kənd orta məktəbini 
								bitirmişdi. Sonra Sumqayıt  Politexnik 
								Texnikumuna daxil olmuşdu. Təhsilini başa 
								çatdıraraq iki il sovet ordusu sıralarında 
								xidmət etmişdi. Hərbi xidmətdən qayıdaraq 
								Qubadlı Rayon Kimya Birliyində çalışmışdı. O, 
								bir müddətdən sonra doğma kəndlərinə dönərək, 
								kənd əhalisinin istəyi ilə sovxoz direktorunun 
								müavini vəzifəsinə təyin edilmişdi. Erməni 
								təcavüzkarlarının doğma Qarabağımıza 
								soxulduqları zaman Ələkbər özünümüdafiə dəstəsi 
								yaradaraq Vətən torpağının müdafiəsinə 
								qalxmışdı. O, öz müdafiə dəstəsi ilə Laçının 
								Türklər, Səfiyan, Suarası kəndlərində 
								fədakarlıqla vuruşmuşdu. 
								
								
								Ə.Əliyev 1992-ci il avqustun 7-də Suarası 
								kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak 
								olub. 
								
								
								Ailəli idi. Dörd övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 
								1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə 
								Əliyev Ələkbər Həsən oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Bakının 
								Xətai rayonundakı 204 nömrəli orta məktəb onun 
								adını daşıyır.  
								
								
								
								 Əliyev 
								Əliyar Yusif oğlu  
								
								
								1957-ci il dekabrın 14-də Qubadlı rayonunun 
								Qazyan kəndində anadan olmuşdu. 1974-cü ildə 
								kəndlərindəki məktəbdə orta təhsilini başa 
								çatdırmışdı. Sonra o, Azərbaycan Dövlət Bədən 
								Tərbiyəsi İnstitutuna qəbul olaraq, 1979-cu ildə 
								oranı fərqlənmə diplomu ilə bitirmişdi. Bir 
								müddət Qubadlı rayonunun Dondarlı kənd orta 
								məktəbində idman müəllimi işləmişdi. Əliyar 
								1980-1982-ci illərdə hərbi xidmət keçdikdən 
								sonra Saransk Dövlət Universitetində müəllim 
								işləmişdı. Ə.Əliyev 1983-cü ildə yenidən dogma 
								yurda qayıdaraq bir müddət rayon orta 
								məktəbində  müəllim, "Məhsul" kənd könüllü idman 
								cəmiyyətində məşqçi işləmişdi. Respublikanın 
								adlı-sanlı idmançısı olan Əliyar erməni 
								faşistlərinin Azərbaycana təcavüzi zamanı 
								cəbhəyə könüllü getmişdi. Ermənilərin "Topağac 
								yüksəkliyi"nə hücumunun dəf edilməsində iştirak 
								edərək xüsusi fədakarlıq göstərmişdi. 
								
								
								Ə.Əliyev 1992-ci il oktyabrın 3-də "Şurumbaşı 
								yüksəkliyi" uğrunda gedən döyüşdə qəhrəmancasına 
								həlak olub. 
								
								
								Ailəli idi. Üç övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 
								1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə 
								Əliyev Əliyar Yusif oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. 
								Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı 
								tabor və Bakı şəhərindəki küçələrdən biri onun 
								adını daşıyır.  
								
								
								
								 Əliyev 
								Əmiraslan Rza oğlu  
								
								
								1960-cı il avqustun 30-da Naxçıvan şəhərində 
								anadan olmuşdu. 1967-1977-ci illərdə Ü.Hacıbəyov 
								adına Naxçıvan şəhər 1 nömrəli məktəbdə orta 
								təhsil almışdı. 1977-1979-cu illərdə Naxçıvan 
								Şərabçılıq Zavodunda fəhlə işləmişdi. 
								1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdu. 
								Əmiraslan 1981-1992-ci illərdə əvvəlcə Naxçıvan 
								Şüşə Qablar Zavodunda, sonra isə Vayxır 
								Su-Tikinti İdarəsində fəhlə işləmişdi. 
								İstehsalatda çalışmaqla yanaşı o, 1982-1987- ci 
								illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun 
								tarix-filologiya fakültəsində də təhsil almışdı. 
								1992-ci ildə Azərbaycan Respublikası Milli 
								Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında 
								hərbi xidmətə çağırılmışdı. 
								
								
								Baş leytenant Ə. Əliyev  17 mart 1995-ci ildə 
								Azərbaycan Respublikasında dövlət çevrilişi 
								cəhdinin qarşısının alınması zamanı 
								qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Üç övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Əliyev Əmiraslan Rza oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn 
								olunub. "N" saylı sərhəd zastavasında qəhrəmanın 
								xatirə otağı açılıb və büstü qoyulub. "N" saylı 
								sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilib.  
								
								
								
								 Əliyev 
								Əsgər Ələkbər oğlu  
								
								
								1974-cü il noyabrın 8-də Lənkəran rayonunun Ləj 
								kəndində anadan olmuşdu. O, 1982-ci ildə doğma 
								kəndlərindəki məktəbin birinci sinfinə gedərək, 
								1989-cu ildə səkkizinci sinfi əla qiymətlərlə 
								bitirmişdi. 1990-cı ildə təhsilini rayonun 
								Haftoni qəsəbə orta məktəbində davam etdirmişdi. 
								Əsgər 1992-ci ildə orta təhsilini 
								müvəffəqiyyətlə başa çatdıraraq, Bakı Ali 
								Ümumqoşun Komandirlər Məktəbinin 
								tank-artilleriya fakültəsinə daxil olmuşdu. 
								1995-ci il martın 17-də Azərbaycanda hakimiyyəti 
								ələ keçirmək cəhdi zamanı Əsgər Milli Orduda 
								xidmət etmişdi. Çevrilişə cəhdin qarşısının 
								alınması zamanı yaralanan Ə.Əliyev digər 4 
								yaralını xilas edərkən qəhrəmancasına həlak 
								olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Ləj kənd qəbiristanlığında dəfn olunub. Lənkəran 
								şəhərində adına park var. Büstü qoyulub, xatirə 
								lövhəsi vurulub. Haftoni qəsəbə orta məktəbində 
								Ə.Əliyevin xatirə guşəsi yaradılıb.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |