| 
								 
								
								2010-2011-ci dərs ilində I siniflərdə dərs 
								deyəcək ibtidai sinif müəllimləri üçün təlim 
								kurslarının təşkili məqsədi ilə keçirilmiş 
								tenderin qaliblərindən biri olan Şəxsiyyətin 
								İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə 
								İctimai Birlik respublikamızın bir sıra 
								bölgələrində müvafiq treninqlərə start verib. 
								Təhsil Nazirliyi ilə sözügedən ictimai birlik 
								arasında bağlanmış müqaviləyə uyğun olaraq bu 
								qeyri-hökumət təşkilatı  yay tətili dövründə üç 
								lot üzrə 28 təlim mərkəzində birinci sinif 
								müəllimləri üçün treninqlər keçirəcək. 27 nəfər 
								təlimçinin aparacağı kurslarda 2049 müəllimin 
								əhatə olunması nəzərdə tutulub.  
								
								
								Bu silsilədən ilk kurslardan biri Ucar rayonunda 
								baş tutub. İyunun 29-dan iyulun 3-dək keçirilmiş 
								həmin təlim kurslarında rayonun 70 ibtidai sinif 
								müəllimi iştirak edib. 4 qrupda təşkil olunan 
								təlim kurslarını İctimai birliyin 
								əlaqələndiricisi X.Osmanovanın ümumi rəhbərliyi 
								altında təlimçilər G.Mustafayeva, S.Əmirəliyeva, 
								A.Kərimova və Z.Əliyeva aparıblar. Təhsil 
								Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planı 
								və proqramı əsasında keçirilmiş treninqlərdə 
								ibtidai sinif müəllimləri yeni kurikulumun 
								tətbiqi ilə bağlı müvafiq bilik və bacarıqlara 
								yiyələnib, öz hazırlıqlarını artırıblar. Canlı 
								şəkildə, diskussiya şəraitində keçirilmiş 
								kurslar müəllimlər üçün həm də fəal təlim 
								metodları ilə daha yaxından tanış olmaq və 
								onların tətbiqini təcrübədə görmək baxımından 
								faydalı olub. 
								
								
								Kursu başa vuran müəllimlərə dərəcəli 
								sertifikatlar təqdim olunub. Ucar RTŞ-ın müdiri 
								Fuad İsrafilov, RTŞ metodkabinetinin müdiri 
								Əliyar Qəhrəmanov mütəmadi olaraq kursların 
								gedişi, müəllimlərin davamiyyəti ilə maraqlanıb, 
								bir sıra təşkilati məsələlərin həllində İctimai 
								Birliyin təmsilçilərinə yaxından kömək 
								göstəriblər. 
								
								
								
								Şəfiqə ƏHMƏDOVA, 
								Ucar RTŞ-ın ibtidai  
								siniflər üzrə metodisti  |