| 
								 
								
								Bu bir danılmaz həqiqətdir ki, hər insan 
								şəxsiyyətinin qiyməti - onun ətrafdakılara, 
								doğma yurda sonsuz məhəbbəti, yüksək mənəviyyata 
								sahib olması, xeyirxahlığı, əməksevərliyi ilə 
								ölçülür.  
								
								
								 Həmin 
								insanlar əməlləri, geniş dünyagörüşləri, zəngin 
								həyat təcrübəsilə hamıya nümunə olur və öz 
								fəaliyyətləri, ağıllı fikir və məsləhətləri ilə 
								xüsusən gənc nəslin tərbiyəsində müstəsna rol 
								oynayırlar. Belə insanlardan biri də haqqında 
								söhbət açmaq istədiyimiz, qismətinə yazılmış 
								ömrünün dolanbac yolları ilə irəliləyə-irəliləyə 
								illəri, ayları adlayaraq 65 illik uzun bir 
								məsafə qət etmiş Ələşrəf Niftiyevdir. 
								
								
								Bəzən deyirlər ki, hər hansı bir insanı 
								hərtərəfli öyrənməyə bir ömür də azlıq edir. 
								Amma nə yaxşı ki, bu uğurlu insan haqqında 
								yazılmış "Ömür yolu - nur yolu" adlı yenicə 
								çapdan çıxmış kitab qarşımızdadır. Onu 
								vərəqlədikcə, ayrı-ayrı fəsillərini oxuduqca 
								Ələşrəf müəllimin keçdiyi mənalı həyat yolu 
								gözlərimiz önündə canlanır. 
								
								
								Ə.Niftiyev 1945-ci ildə Masallı şəhərində anadan 
								olmuşdur. 1961-ci ildə N.Nərimanov adına Masallı 
								şəhər 2 nömrəli orta məktəbi bitirmişdir. Həmin 
								il Lənkəran Pedaqoji Texnikumunun rus dili 
								bölməsinə daxil olmuşdur. 1963-cü ildə həmin 
								məktəbi, 1970-ci ildə M.F.Axundov adına Xarici 
								Dillər İnstitutunda ali təhsilini başa 
								çatdırmışdır. 
								
								
								1970-1971-ci illərdə sovet ordusu sıralarında 
								xidmət etmişdir. 1963-1968-ci illərdə müxtəlif 
								məktəblərdə pedaqoji fəaliyyətlə məşğul 
								olmuşdur. Ə.Niftiyev pedaqoji fəaliyyəti zamanı 
								metodist müəllim ali kateqoriyasına, maarif 
								əlaçısı döş nişanına və müxtəlif mükafatlara 
								layiq görülmüşdür. 
								
								
								1968-1974-cü illərdə Masallı Rayon Komsomol 
								Komitəsinin təşkilat şöbə müdiri, sonradan 
								birinci katibi vəzifəsində çalışmışdır. 
								
								
								1974-1976-cı illərdə rayon partiya komitəsində 
								təşkilat şöbəsinin müdiri, 1976-1977-ci illərdə 
								rayonun "Çağırış" qəzeti redaksiyasında şöbə 
								müdiri olmuşdur. Sonra 1993-cü ilin noyabrına 
								kimi şəhər 2 nömrəli məktəbdə müəllim 
								işləmişdir. 
								
								
								O, 1993-cü ilin noyabrından 2009-cu ilin 
								iyununadək Masallı Rayon İcra Hakimiyyəti 
								başçısının müavini olmuşdur. Sonra dövlət 
								qulluğu müşavirliyindən təqaüdə çıxmışdır. Yeni 
								Azərbaycan Partiyasının üzvüdür. Fəal işinə görə 
								dəfələrlə rayon partiya komitəsinin, digər 
								yuxarı orqanların Fəxri fərmanları və müxtəlif 
								döş nişanları ilə təltif edilmişdir. Rayon və 
								şəhər sovetlərinin deputatı olmuşdur. Yaradıcı 
								ziyalı kimi yüzlərlə məqalələrin, oçerklərin, 
								publisistik yazıların müəllifidir. 
								
								
								Ə.Niftiyev uzun müddət dövlət qulluğunda 
								səmərəli fəaliyyətinə görə Azərbaycan 
								Respublikası Prezidentinin 22 iyun 2007-ci il 
								tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" 3-cü 
								dərəcəli ordenlə təltif edilmişdir. Hazırda YAP 
								Masallı Rayon Təşkilatında müşavirdir. 
								
								
								Bütün bunlarla bərabər, bu zəngin həyat yolunda 
								Ələşrəf müəllim üçün unudulmaz, xoş bir xatirə 
								kimi qalan ümummilli lider Heydər Əliyevin 
								onunla olan telefon danışığıdır. Təsadüfi 
								deyildir ki, o, araya-ərsəyə gətirdiyi 271 
								səhifəlik kitabının birinci fəslini "Unudulmaz 
								telefon zəngi" adlandırıb.  
								
								
								"Elm və Təhsil" nəşriyyatında bu il işıq üzü 
								görmüş kitabın sonrakı fəsilləri "Görüşlər, 
								xatirələr", "Sözün işığı", "Xidmətin bəhrəsi", 
								"Yaxşı ki, sən varsan" adlanır. Bütün bu 
								fəsillərdə alimlərin, yazıçıların, şairlərin, 
								müəllimlərin, şagirdlərinin ona ünvanlanmış 
								səmimi sözləri Ələşrəf müəllimin necə  bir 
								səmimi insan, necə bir ziyalı olduğundan bəhs 
								edir. 
								
								
								Bəli, ömür dediyimiz bir dağ çayıdır. 
								Səsli-küylü bir dağ çayı. Axıb gedən çaylar geri 
								dönmədiyi kimi, günlər, aylar, illər də geri 
								dönmür. Bizə elə gəlir ki, Ələşrəf müəllim  ötüb 
								- getmiş o illər üçün heç də təəssüflənmir. Ona 
								görə ki, ötən illərdə  xeyirxah işlər görüb, 
								yetərincə dostlar qazanıb. Biz isə bundan 
								sonrakı bütün işlərində ona yeni-yeni uğurlar 
								diləyirik. 
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |