| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədə uzun müddət 
								kölgədə qalan, lakin müəllimlərin metodik 
								hazırlığı və peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsində böyük əhəmiyyət daşıyan metodik 
								xidmət barədə mülahizələrimi diqqətinizə təqdim 
								edirəm.  
								
								
								Məlumdur ki, müəllimlərin davamlı olaraq 
								peşəkarlıq səviyyəsinin inkişafı, fənlərin 
								tədrisi sahəsində yeniliklərlə tanış olması, 
								tədris metodikasının təkmilləşdirilməsi, onların 
								ixtisasartırma ehtiyaclarının 
								müəyyənləşdirilməsi, ümumi təhsil sistemində 
								metodik xidmətin təşkili rayon təhsil şöbələri 
								nəzdində olan metodiki kabinetlər tərəfindən 
								həyata keçirilməlidir.  
								
								
								 Mövcud 
								Əsasnamədə də metodik kabinetlər qarşısında 
								xeyli vəzifələr müəyyənləşdirilmişdir: 
								
								
								-Pedaqoji kadrlarla aparılan metodiki işləri 
								istiqamətləndirir, onların təkmilləşdirilməsi, 
								ixtisasının artırılması və yenidən hazırlanması 
								işini təşkil edir.  
								
								
								-Dayaq məntəqələrinin işini təşkil edir, bu 
								prosesə fənlər üzrə ən qabaqcıl müəllimləri cəlb 
								edir, müəllimlərin pedaqoji, psixoloji və 
								metodik sahələr üzrə ehtiyaclarını öyrənir, 
								onların tələbatlarına uyğun təkmilləşdirmə və 
								ixtisasartırma prosesinə hazırlıq işlərini 
								aparır, müvafiq təkliflər hazırlayır, 
								ixtisasartırma təhsili müəssisələri ilə birlikdə 
								proqramların tərtibində iştirak edir, 
								müəllimlərin ixtisasartırma kurslarında 
								iştirakını tənzimləyir.  
								
								
								-İxtisasartırma kurslarından sonra pedaqoji 
								kadrların fəaliyyətini müşahidə edir, 
								qiymətləndirir və metodik kömək istiqamətində 
								təkliflər hazırlayır.  
								
								
								-Kurslararası dövrdə pedaqoji kadrların 
								özünütəhsil və inkişafı üzrə tədbirlər görür, 
								müvafiq metodik məsləhətlərin verilməsini təmin 
								edir.  
								
								
								-Həm özləri, həm də pedaqoji kadrlar tərəfindən 
								kurikulumların, yeni pedaqoji texnologiyaların, 
								müasir təlim metodları və strategiyalarının 
								öyrənilməsi və tətbiqi işini təşkil edir, bu 
								istiqamətdə müəllimlərlə seminarlar və 
								treninqlər keçirir.  
								
								
								-Təlim-tərbiyə işlərinin keyfiyyətinin 
								yaxşılaşdırılması, yeni pedaqoji 
								texnologiyaların, müasir təlim metodları və 
								strategiyalarının öyrənilməsi və yaradıcılıqla 
								tətbiqi sahəsində məktəb və metodbirləşmə 
								rəhbərlərinin, müəllimlərin işini 
								istiqamətləndirir, onlara metodik kömək 
								göstərir.  
								
								
								-Müəllimlərlə aparılacaq metodik işlərin 
								məzmununa, forma və üsullarına dair məktəb və 
								metodbirləşmə rəhbərlərini təlimatlandırır.
								 
								
								
								-Fənlərin tədrisi metodikasının 
								təkmilləşdirilməsi, yeniliklərin və 
								nailiyyətlərin öyrənilməsi və pedaqoji prosesdə 
								tətbiqi sahəsində müəllimlərin fəaliyyətini 
								istiqamətləndirir.  
								
								
								-Müəllimlərin dərslərinin dinlənilməsini və 
								müzakirəsini təşkil edir, onların peşəkarlıq 
								səviyyəsinin artırılması və inkişafı, 
								ixtisasartırma təhsilinə cəlbi barədə təkliflər 
								hazırlayır.  
								
								
								-Fənlər üzrə proqram materiallarının yerinə 
								yetirilməsi vəziyyətini öyrənir, bu istiqamətdə 
								müəllimlərə və metodbirləşmə rəhbərlərinə 
								metodik köməyi həyata keçirir.  
								
								
								-Yeni proqram, dərslik və dərs vəsaitlərinin 
								müzakirəsini, müəlliflərlə görüşləri təşkil 
								edir, onların tətbiqi üzrə təklif və 
								tövsiyələrin hazırlanmasını təmin edir. 
								 
								
								
								-Təhsil müəssisələrində psixoloji xidmətin 
								təşkili, istedadlı uşaqların aşkar edilməsi, 
								xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin 
								təşkili sahəsində məktəb rəhbərlərinə və 
								pedaqoji kollektivlərə metodik kömək göstərir.
								 
								
								
								-Yeni qiymətləndirmə sisteminin tətbiq 
								
								
								i ilə əlaqədar məktəb rəhbərləri və müəllimlərlə 
								təlim seminarları keçirir, müntəzəm olaraq 
								müəllimlərə metodik kömək göstərir.  
								
								
								-Pedaqoji kadrları və ictimaiyyəti tədris 
								sahəsindəki ən yeni nailiyyətlər və qabaqcıl 
								pedaqoji təcrübələrlə tanış etmək məqsədilə 
								mühazirələr, qrup və fərdi məsləhətlər, 
								sərgilər, disputlar, seminarlar, "dəyirmi 
								masa"lar təşkil edir.  
								
								
								-Mütəmadi olaraq qabaqcıl pedaqoji təcrübələri 
								öyrənir, ümumiləşdirir və yayılmasını təmin 
								edir.  
								
								
								-Gənc müəllimlərlə iş üzrə xüsusi plan tərtib 
								edir, onların inkişafı və təcrübə mübadiləsi 
								sahəsində müntəzəm iş aparır.  
								
								
								-Təhsil müəssisələrində metodik işin 
								vəziyyətini, şagirdlərin nailiyyətlərinin 
								səviyyəsini, həmçinin tərbiyə işinin təşkili 
								vəziyyətini öyrənir, Metodşurada və RTŞ 
								şurasında müzakirəsini təşkil edir.  
								
								
								-Pedaqoji kadrların ehtiyac və tələbatlarının 
								diaqnostikasını aparır, müvafiq təklif və 
								tövsiyələr hazırlayır.  
								
								
								-Tərbiyə işinin səmərəli təşkilinə metodik kömək 
								göstərir, pedaqoji kollektivlərdə milli mənəvi 
								dəyərlərin, dövlət rəmzlərinin təbliği işini 
								təşkil edir.  
								
								
								-Təhsil müəssisələri ilə birlikdə müxtəlif bilik 
								yarışları, müsabiqələr, olimpiadalar və digər 
								tədbirləri təşkil edir.  
								
								
								-Tədris metodikasının təkmilləşdirilməsi, 
								innovasiyaların tətbiqi, yeni pedaqoji 
								texnologiyalardan istifadə və digər sahələrdə 
								metodik tövsiyələr və tədris vəsaitləri 
								hazırlayır.  
								
								
								-Təhsil işçilərinin konfranslarının (sentyabr və 
								yanvar) bölmə iclaslarının təşkili, fənlər üzrə 
								metodik tövsiyələrin və hesabatların 
								hazırlanması ilə bağlı tədbirlər həyata keçirir.
								 
								
								
								-Metodistlərin peşəkarlıq səviyyəsinin 
								artırılması istiqamətində məqsədyönlü iş aparır, 
								onların vaxtaşırı "öyrədənlərin öyrədilməsi" 
								təlimlərinə cəlb edilməsi, respublika və 
								beynəlxalq səviyyəli treninqlərdə iştirakının 
								təmin edilməsi, mütəmadi olaraq pedaqoji 
								mətbuatda yazılarla çıxış etmələri istiqamətində 
								tədbirləri həyata keçirir.  
								
								
								Qeyd etmək lazımdır ki, son illərdə ümumi təhsil 
								müəssisələrində metodik xidmətin təşkili, 
								xüsusilə yeni kurikulumla işləyəcək ibtidai 
								sinif müəllimlərinin treninqlərə cəlb olunması, 
								təlimati seminarların təşkili, dayaq 
								məntəqələrinin işinin istiqamətləndirilməsi, 
								pedaqoji innovasiyalar və onların tətbiqinə dair 
								tövsiyələrin hazırlanması, məktəblərdə 
								monitorinqlərin keçirilməsi, istedadlı 
								şagirdlərin aşkara çıxarılması, qabaqcıl 
								pedaqoji təcrübənin öyrənilməsi, 
								ümumiləşdirilməsi və tətbiqi, yeni dərsliklərin 
								müzakirəsi və s. bu kimi məsələlərlə bağlı bir 
								sıra rayon və şəhər təhsil şöbələri metodiki 
								kabinetləri tərəfindən müəyyən işlər 
								görülmüşdür. Bu sahədə Sumqayıt Şəhər Təhsil 
								Şöbəsi metodik kabinetinin müsbət işi xüsusi 
								qeyd edilməlidir. Burada işin düzgün 
								qurulmasının nəticəsidir ki, metodik kabinet 
								tərəfindən təhsilin yeni məzmununun tətbiqi, 
								təhsil müəssisələrində şagirdlərin faktik 
								biliklərinin aşkara çıxarılması, müəllimlərin 
								peşəkarlıq səviyyələrinin öyrənilməsi, dayaq 
								məntəqələrində işin təşkili və müsabiqələrin 
								keçirilməsinə daha çox diqqət yetirilir. Son 
								illər şagirdlərin faktiki biliklərini aşkara 
								çıxarmaq üçün IV sinifdən başlayaraq bütün 
								siniflərdə monitorinq keçirilmiş, nəticələr 
								ŞTŞ-də və məktəblərdə müzakirə olunmuşdur. 
								Müəllimlərin elmi-nəzəri və peşəkarlıq 
								səviyyəsini müəyyənləşdirmək məqsədi ilə ibtidai 
								sinif və fənn müəllimləri arasında monitorinq 
								keçirilərək nəticələr metodbirləşmə 
								yığıncaqlarında müzakirə edilmiş, zəif nəticə 
								göstərən müəllimlərin elmi-nəzəri səviyyəsinin 
								yüksəldilməsi istiqamətində tədbirlər həyata 
								keçirilmişdir. Uzun illər təlim-tərbiyə 
								müəssisələrində sənədlərin tərtibində formalizmi 
								aradan qaldırmaq məqsədilə Sumqayıt metodik 
								kabineti tərəfindən ondan artıq vəsait 
								hazırlanıb yerlərə çatdırılmış, sağlam rəqabətin 
								yaranması məqsədilə mütəmadi olaraq müəllimlər 
								arasında müsabiqələr keçirilmişdir. Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi metodik mərkəzi, Gəncə, 
								Şirvan şəhər, Beyləqan, Samux, Neftçala, Yevlax, 
								Zərdab, Hacıqabul, İsmayıllı, Qazax, Xaçmaz RTŞ 
								metodiki kabinetləri tərəfindən təhsil 
								müəssisələrinə göstərilən metodik xidmətin 
								mütərəqqi formalarından istifadə edilir. 
								
								
								Bununla yanaşı, son illərdə metodik xidmətin 
								lazımi səviyyədə təşkil edilməməsi, Əsasnamə ilə 
								müəyyənləşdirilmiş vəzifələrin yerinə 
								yetirilməməsi barədə müxtəlif məlumatlar 
								alırdım, yerlərdə bilavasitə ümumtəhsil 
								məktəblərində müəllimlərlə ünsiyyətdə olarkən bu 
								sahədə bir sıra ciddi problemlərin olduğu barədə 
								mülahizələr də irəli sürülürdü. Məhz bununla 
								əlaqədar Təhsil Nazirliyində mütəxəssislərin 
								iştirakı ilə müşavirə keçirdik və qərara gəldik 
								ki, işçi qrupu yaradaq, ölkədə metodik xidmətin 
								təşkili vəziyyətini öyrənək. Yaradılmış işçi 
								qrupu bütün təhsil şöbələrində metodik xidmətin 
								təşkili sahəsində mövcud vəziyyəti öyrəndi, 
								problemlər aşkara çıxarıldı, metodik xidmətin 
								təkmilləşdirilməsi üzrə təkliflər hazırlandı, bu 
								məsələ təhsil tarixində ilk dəfə olaraq 
								nazirliyin kollegiya iclasında müzakirəyə 
								çıxarıldı. 
								
								
								Bir vacib məsələni də qeyd edim ki, vaxtilə 
								ölkəmizdə metodik xidmətə ümumi rəhbərliyi və bu 
								sahədə aparılan işləri əlaqələndirən Respublika 
								Elmi-Metodik Mərkəzi fəaliyyət göstərmişdir. 
								2000-ci ildə təhsil sisteminin 
								təkmilləşdirilməsi tədbirləri həyata 
								keçirilərkən həmin Mərkəzin və Elmi Tədqiqat 
								Pedaqoji Elmlər İnstitutunun bazasında Təhsil 
								Problemləri İnstitutu yaradılmışdır. Lakin 
								təəssüf ki, metodik xidmətə ümumi rəhbərlik 
								funksiyası həmin institutun əsas fəaliyyət 
								istiqamətinə çevrilməmişdir. Bu səbəbdən hazırda 
								ölkə səviyyəsində metodik xidmətin təşkili və 
								əlaqələndirilməsi məsələləri lazımi səviyyədə 
								yerinə yetirilmir.  
								
								
								Hazırda respublikanın 73 şəhər və rayonunda 
								(Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin 
								(idarələrinin) nəzdində metodiki kabinetlər, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə 
								metodik mərkəz fəaliyyət göstərir. Bu metodiki 
								kabinet və mərkəzlərdə 870 ştat vahidi vardır 
								ki, onlardan 723-ü metodist, 147-si texniki işçi 
								ştatlarıdır. Metodiki xidmət strukturlarında 723 
								nəfər metodist çalışır ki, onlardan 626 nəfəri 
								tam, 97 nəfəri 0,5, 8 nəfəri 0,75, bir nəfəri 
								isə 1,25 ştat vahidi üzrə işləyir. Metodik 
								kabinetlərdə 40 ştat vahidi metodist vəzifəsi 
								vakantdır.  
								
								
								Fənlər və sahələr üzrə əhatə baxımından təhlil 
								göstərir ki, metodiki kabinetlərdə Azərbaycan 
								dili və ədəbiyyat fənni üzrə 90, rus dili və 
								ədəbiyyatı və ingilis dillərinin hər biri üzrə 
								40, fransız dili üzrə 9, ərəb dili üzrə 1, 
								riyaziyyat üzrə 75, informatika üzrə 9, tarix 
								üzrə 73, coğrafiya üzrə 40, kimya üzrə 36, 
								biologiya üzrə 21, fizika üzrə 40, rəsmxətt və 
								əmək hazırlığı üzrə 20, gənclərin 
								çağırışaqədərki hazırlığı üzrə 37, fiziki 
								tərbiyə üzrə 33, musiqi və təsviri incəsənət 
								üzrə 4, ibtidai təhsil üzrə 78, məktəbəqədər 
								tərbiyə üzrə 49, tərbiyə işləri üzrə 7, 
								psixoloji xidmət üzrə 6, kitabxana işi üzrə 15 
								nəfər metodist fəaliyyət göstərir.  
								
								
								Aparılmış monitorinqlər və təhlillər 
								göstərmişdir ki, Əsasnamə ilə metodik kabinetlər 
								üçün xeyli vəzifələr müəyyənləşdirilsə də bu 
								strukturlar tərəfindən həmin vəzifələr yerinə 
								yetirilmir, bir sıra hallarda Əsasnamə tələbləri 
								ciddi şəkildə pozulur. Hazırda metodiki xidmətin 
								təşkili və həyata keçirilməsi sahəsində mövcud 
								olan problemləri aşağıdakı kimi qruplaşdırmaq 
								olar:  
								
								
								-Fənn kurikulumları, yeni qiymətləndirmə 
								sistemi, dərslik siyasəti, yeni təlim 
								texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər 
								sistemli şəkildə həyata keçirilmir.  
								
								
								-Yaradıcı müəllimlərin qabaqcıl iş 
								təcrübələrinin öyrənilib yayılması istiqamətində 
								sistemli iş aparılmır.  
								
								
								-Gənc müəllimlərlə işin aparılmasına diqqət 
								yetirilmir.  
								
								
								-Metodik tövsiyələrin hazırlanması və çap olunub 
								yerlərə çatdırılmasına nail olunmur.  
								
								
								-Tədris proqramlarının yerinə yetirilməsi və 
								proqram materiallarının mənimsənilməsi 
								vəziyyətinə dair diaqnostik təhlillər aparılmır.
								 
								
								
								-Dayaq məntəqələri ilə əlaqənin zəif olmasının 
								nəticəsi olaraq ixtisasartırma müəssisələri ilə 
								birlikdə proqramların tərtibi, müəllimlərin 
								ixtisasartırma kurslarında iştirakının 
								tənzimlənməsi, onların pedaqoji, psixoloji və 
								metodik sahələr üzrə ehtiyaclarının öyrənilməsi 
								və təkliflərin hazırlanmasında metodiki 
								kabinetlər zəif iştirak edirlər.  
								
								
								-Metodik kabinetlər tərəfindən gənc müəllimlərin 
								peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində 
								səmərəli iş sistemi yaradılmamış, onlara 
								təcrübəli müəllimlər təhkim edilməmiş, bu sahədə 
								xüsusi tədbirlər - seminarlar, treninqlər təşkil 
								edilməmişdir.  
								
								
								-Metodik kabinetlərin strukturunun təkmil 
								olmaması innovasiyaların çevik şəkildə təhsil 
								müəssisələrinə çatdırılması, metodistlərin 
								peşəkarlıq səviyyəsinin davamlı olaraq 
								yüksəldilməsinə imkan vermir, qabaqcıl ölkələrin 
								mütərəqqi təcrübəsi öyrənilib tətbiq edilmir.
								 
								
								
								Təhlil göstərir ki, RTŞ metodik kabinetləri 
								tərəfindən qabaqcıl təcrübənin öyrənilməsinə 
								ciddi yanaşılmır. Baxmayaraq ki, son illərdə 
								interaktiv təlim texnologiyalarının tətbiqi, 
								İKT-nin pedaqoji prosesə inteqrasiyası sahəsində 
								müəllimlər tərəfindən mütərəqqi təcrübə 
								nümunələri nümayiş etdirilir, bu sahədə təcrübə 
								öyrənilib digər müəllimlər arasında yayılmır. 
								Bir sıra hallarda metodik kabinetlərin 
								əməkdaşları bu məsələnin əhəmiyyətini lazımınca 
								qiymətləndirmir, qabaqcıl pedaqoji təcrübəyə 
								dair materiallar məktəb pedaqoji şura 
								iclaslarında, metodbirləşmə yığıncaqlarında 
								müzakirə edilmir.  
								
								
								Ölkə Prezidentinin sərəncamına əsasən son 2 ildə 
								200 nəfər ilin müəllimi müəyyənləşdirildiyi 
								halda, metodik kabinetlər tərəfindən həmin 
								müəllimlərin qabaqcıl iş təcrübəsinin 
								öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi 
								istiqamətində əsaslı addımlar atılmır, belə 
								müəllimlərin bazası yaradılmır.  
								
								
								Bir sıra metodik kabinetlərdə metodistlərin işə 
								qəbulunda mövcud Əsasnamə tələbləri pozulur, 5 
								il pedaqoji stajı tamam olmayan müəllimlər 
								metodist kimi işə qəbul edilir. Belə faktlar 
								Şabran, Beyləqan, Sabirabad, Laçın, Goranboy RTŞ 
								metodik kabinetlərində daha çox aşkar 
								olunmuşdur.  
								
								
								Bir sıra metodik kabinetlərdə ştat vahidlərindən 
								düzgün istifadə edilmir, eyni ixtisaslı 
								metodistlər işə qəbul olunur, digər ixtisaslar 
								üzrə metodistlərin işə götürülməsinə diqqət 
								yetirilmir. Xızı RTŞ-də 4 metodistdən 3-ü, 
								Göyçay RTŞ-də 12-dən 4-ü, Şəmkir RTŞ-də 20-dən 
								5-i, Ağdam RTŞ-də 19-dan 3-ü, Qubadlı RTŞ-də 
								8-dən 3-ü Azərbaycan dili və ədəbiyyat fənni, 
								Mingəçevir ŞTŞ-də 8 metodistdən 3-ü rus dili və 
								ədəbiyyatı, Salyan RTŞ-də 12-dən 8-i humanitar 
								fənlər, Ağdam RTŞ-də 19-dan 4-ü ümumi texniki 
								fənlər, Zaqatala RTŞ-də 11-dən 4-ü xarici dil, 
								Astara RTŞ-də 8-dən 3-ü ibtidai təhsil, 3-ü 
								fiziki tərbiyə fənləri, Masallı RTŞ-də 13-dən 
								5-i humanitar fənlər üzrədir.  
								
								
								Təhlil göstərir ki, metodik kabinetlərin ştat 
								vahidlərindən düzgün istifadə edilmədiyinə görə 
								hazırda respublikanın 73 metodik kabinetindən 
								42-də kimya, 50-də biologiya, 58-də fizika, 
								65-də informatika, 44-də fiziki tərbiyə, 53-də 
								əmək hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 
								36-da məktəbəqədər təhsil, 23-də isə ibtidai 
								təhsil ixtisasları üzrə metodist yoxdur. İbtidai 
								siniflərdə fənn kurikulumlarının tətbiqinə 
								başlanmasından iki il keçməsinə baxmayaraq, 
								Şirvan, Naftalan şəhər, Şabran, Sabirabad, 
								Siyəzən, Kürdəmir, Goranboy, Kəlbəcər, Zəngilan, 
								İmişli, Yardımlı, Hacıqabul və sair rayon təhsil 
								şöbələrinin metodik kabinetlərində ibtidai 
								siniflər üzrə metodist yoxdur. Düşünürəm ki, 
								hazırkı şəraitdə belə bir vəziyyət xüsusi 
								narahatlıq doğurur. Müvafiq sahə üzrə metodistin 
								olmaması bilavasitə həm yeni fənn kurikulumları 
								və dərsliklərin, həm məktəbdaxili qiymətləndirmə 
								sahəsində yeni mexanizmlərin tətbiqi işinə mənfi 
								təsir göstərir, müəllimləri metodik köməkdən 
								məhrum edir. 
								
								
								Narahatlıq doğuran faktlardan biri də budur ki, 
								ayrı-ayrı fənlər üzrə metodistlərə ciddi ehtiyac 
								olduğu halda, metodiki kabinetlərdə 40 ştat 
								vahidi vakant saxlanılır. Hesab edirəm ki, bu 
								məsələ ciddi araşdırılmalı, vakant ştatlara 
								müsabiqə yolu ilə metodistlər işə qəbul 
								olunmalıdır.  
								
								
								Təhlil göstərir ki, metodistlərdən 156 nəfəri 
								(21,6%) pensiya yaşında olanlardır. Şirvan RTŞ, 
								Şəki, Ağdam, Ağcabədi, Qubadlı, Kəlbəcər, Tovuz, 
								Füzuli, Göygöl RTŞ metodkabinetlərində 
								metodistlər arasında 75 və daha yaşlıları 
								vardır.  
								
								
								Daha ciddi problem metodistlərin praktik 
								fəaliyyətlə məşğul olmaması, ixtisasları üzrə 
								dərs deməməsi ilə bağlıdır. Belə ki, metodik 
								kabinetlərin əməkdaşlarından 200 nəfəri (27,6%) 
								məktəblərdə ixtisasları üzrə dərs aparmır, Bakı 
								şəhəri üzrə Təhsil İdarəsi metodik mərkəzində 95 
								metodistdən 29-u, Gəncə ŞTŞ metodiki kabinetində 
								19 metodistdən 6-sı, Şabranda 5-dən 4-ü, Xızıda 
								4-dən 3-ü, Göyçayda 12-dən 3-ü, Tovuzda 20-dən 
								10-u, Göygöldə 8-dən 7-si, Bərdədə 16-dan 11-i, 
								Zaqatalada 11-dən 3-ü, Gədəbəydə 9-dan 5-i, 
								Saatlıda 7-dən 4-ü, Şəkidə 18-dən 5-i, Ağdaşda 
								10-dan 4-ü, Goranboyda 9-dan 4-ü, Ağcabədidə 
								10-dan 7-si, Şamaxıda 9-dan 5-i pedaqoji 
								fəaliyyətlə məşğul olmur.  
								
								
								Etiraf etmək lazımdır ki, müəllim kimi fəaliyyət 
								göstərməyən, bilavasitə məktəbdə pedaqoji 
								prosesdə iştirak etməyən, müəllimin hansı 
								qayğılarla yaşadığını və işlədiyini, hansı 
								problemlərlə üzləşdiyini bilməyən metodist 
								uğurlu nəticələr əldə edə bilməz. Belə 
								metodistlər müəllimlərə məsləhət vermək, onları 
								istiqamətləndirmək, innovasiyaların 
								mənimsənilməsində onlara kömək etmək missiyasını 
								da layiqincə yerinə yetirə bilməz, müəllimlərin 
								etibarını qazana bilməzlər.  
								
								
								Aparılmış monitorinqlər onu da göstərir ki, 
								metodik kabinetlərin fəaliyyətinin 
								planlaşdırılması sahəsində nöqsanlara yol 
								verilir. Bir çox metodiki kabinetlərin fəaliyyət 
								planlarında hələ də yoxlama xarakterli tədbirlər 
								nəzərdə tutulur, nəzərdə tutulan digər məsələlər 
								isə aktuallıq kəsb etmir, gözlənilən nəticələr 
								əvvəlcədən müəyyənləşdirilmir, icra barədə 
								hesabatlar hazırlanıb təqdim edilmir. Metodik 
								xidmətin əsasını təşkil edən pedaqoji kadrların 
								ixtisasının artırılması, dayaq məntəqələrinin 
								fəaliyətinin təşkili, fənn kurikulumlarının, 
								yeni qiymətləndirmə mexanizminin tətbiqi ilə 
								bağlı məsələlər fəaliyyət planlarında öz əksini 
								tapmır.  
								
								
								Hazırda metodik xidmətin səmərəli təşkilinə mane 
								olan amillərdən biri də ümumtəhsil məktəblərində 
								fəaliyyət göstərən fənn metodbirləşmələrinin 
								fəaliyyətinin müasir tələblər səviyyəsində 
								təşkil edilməməsidir. Etiraf etmək lazımdır ki, 
								müəyyən istisnalar olmaqla metodbirləşmələr 
								formal fəaliyyət göstərir, məktəb səviyyəsində 
								müəllimlərin metodik hazırlığının yüksəldilməsi, 
								metodik xidmətin təşkili, dərslərin müşahidəsi 
								və tövsiyələrin verilməsi sahəsində ardıcıl 
								tədbirlər həyata keçirilmir. Bunun isə əsas 
								səbəblərindən biri metodik kabinetlərin məktəb 
								metodbirləşmələrinin fəaliyyətinə kömək 
								göstərməməsi, metodik tövsiyələr və vəsaitlərin 
								hazırlanmasına diqqət yetirməməsi ilə bağlıdır. 
								Digər səbəb isə metodbirləşmə rəhbərlərinin 
								fəaliyyətinin stimullaşdırılmamasıdır. 
								Metodbirləşmələrin fəaliyyətinin qənaətbəxş 
								olmamasının nəticəsidir ki, məktəb və rayon 
								metodşuraları da formal fəaliyyət göstərir, 
								metodik xidmətin səmərəli təşkili, 
								innovasiyaların tətbiqi ilə bağlı məsələləri 
								müzakirəyə çıxarmır.  
								
								
								2000-ci ildə Təhsil Nazirliyinin "Dayaq 
								məntəqələrinin şəbəkəsinin yaradılması barədə" 
								əmrinə uyğun olaraq respublikada ayrı-ayrı 
								ixtisaslar üzrə 3000-ə yaxın dayaq məntəqəsi 
								yaradılmış, onların əsas fəaliyyət istiqamətləri 
								müəyyənləşdirilmiş, digər reqlamentləşdirici 
								sənədlər hazırlanıb yerli təhsili idarəetmə 
								orqanlarına göndərilmişdir. Lakin RTŞ-lər və 
								onların metodiki kabinetləri tərəfindən bu işə 
								laqeyd münasibət göstərildiyindən yaradılmış 
								"dayaq məntəqələri"nin böyük əksəriyyəti formal 
								fəaliyyət göstərməkdədir. Hər bir rayon və şəhər 
								üzrə "dayaq məntəqəsi" kimi nəzərdə tutulan 
								məktəblərin dislokasiyası bu günə qədər tam və 
								düzgün müəyyənləşdirilməmişdir. Yerli təhsil 
								orqanları tərəfindən qabaqcıl müəllimlərdən 
								ibarət "öyrədənləri öyrədən" müəllimlərin 
								siyahıları müəyyənləşdirilməmiş, bu barədə 
								müvafiq ixtisasartırma təhsili müəssisələrinə 
								məlumat verilməmişdir. İxtisasartırma təhsili və 
								təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi 
								ilə əlaqədar metodiki kabinetlərdə konkret 
								tədbirlər həyata keçirilməmişdir. Rayonlar üzrə 
								ayrı-ayrı ixtisasdan olan fənn müəllimlərinin 
								ixtisasartırma təhsilinə olan real tələbatının, 
								ehtiyaclarının öyrənilməsi, bu barədə 
								ixtisasartırma təhsili müəssisələrinə 
								əsaslandırılmış təkliflərin verilməsi təmin 
								edilməmişdir. İxtisasartırma təhsili müəssisəsi, 
								RTŞ - metodiki kabinet-məktəb - dayaq məntəqəsi 
								arasında əlaqələrin yaradılması üçün bütün 
								imkanlardan istifadə edilməmişdir. 
								
								
								Metodik xidmət sahəsində mövcud olan nöqsanların 
								aradan qaldırılması və bu sahədə islahatların 
								aparılması hazırda xüsusi aktuallıq kəsb 
								etmişdir. Belə ki, hazırda ölkəmizdə ümumi 
								təhsilin məzmunu, şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi, dərslik siyasəti, yeni təlim 
								strategiyalarının tətbiqi sahəsində köklü 
								islahatlar aparılır. Bununla əlaqədar metodik 
								işin məzmunu və formalarının təkmilləşdirilməsi, 
								rayon təhsil şöbəsi metodik kabinetlərinin 
								fəaliyyətinin daha səmərəli təşkili, 
								metodistlərin peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsi və bacarıqlarının artırılması, 
								metodik xidmətin təşkilində müasir metodologiya 
								və mexanizmlərin tətbiq edilməsi sahəsində ciddi 
								tədbirlərin həyata keçirilməsi zəruri əhəmiyyət 
								daşıyır.  
								
								
								Əlbəttə, metodik xidmətin təkmilləşdirilməsi 
								üçün dünya təcrübəsinin öyrənilməsi, bu sahədə 
								dünyada gedən prosesləri, müsbət nailliyyətləri 
								və tendensiyaları öyrənmək vacib idi. Bu 
								məqsədlə ABŞ, Böyük Britaniya, Almaniya, 
								Hollandiya, Türkiyə, Finlandiya, Rumıniya, 
								Rusiya, Litva və başqa ölkələrin metodik 
								xidmətin təşkili sahəsində təcrübəsi 
								öyrənilmişdir.  
								
								
								Metodik xidməti sistemli şəkildə həyata keçirmək 
								üçün ABŞ-da, Avstraliyada kurikulum 
								departamentləri, Hollandiyada kurikulum və 
								qiymətləndirmə mərkəzləri, Türkiyədə təlim və 
								tərbiyə qurumları, Litvada təhsilin inkişaf 
								mərkəzləri, Gürcüstanda resurs mərkəzləri ölkə 
								və yerli səviyyələrdə metodik xidmətin təmin 
								olunmasına yönəldilmişdir. Təcrübə göstərir ki, 
								həmin ölkələrdə metodik xidmətlə məşğul olan 
								qurumlar, eyni zamanda idarəetmə sahəsində digər 
								fəaliyyətlərlə də məşğul olurlar. 
								
								
								Litvada təhsil islahatları aparılarkən əvvəllər 
								mövcud olmuş təhsil şöbələri yanında fəaliyyət 
								göstərən metodkabinetlər yeni yaradılmış təhsil 
								departamentləri ilə birləşdirilmişdir. 
								Gürcüstanda təhsil şöbələri və onun nəzdində 
								olan metodkabinetlərin əvəzinə metodik xidməti 
								də həyata keçirən resurs mərkəzləri 
								yaradılmışdır. Rusiya, Belarus, Ukrayna və Orta 
								Asiya respublikalarında təhsil şöbələri yanında 
								metodik mərkəzlər fəaliyyət göstərməkdədir.
								 
								
								
								Beynəlxalq təcrübə və Azərbaycanda təhsilin 
								inkişaf tendensiyaları, eləcə də bu sahədə 
								təcrübəsi olan təhsil ekspertlərinin rəyləri 
								nəzərə alınaraq metodik xidmətin 
								təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlərin 
								həyata keçirilməsi məqsədəmüvafiqdir: 
								 
								
								
								-Ümumtəhsil məktəbləri və məktəbəqədər 
								müəssisələrin müasir pedaqoji texnologiyalara, 
								tədris resurslarına ehtiyacını ödəmək üçün rayon 
								təhsil şöbələri nəzdindəki metodik kabinetlərin 
								resurs mərkəzlərinə çevrilməsi və bu sahədə 
								fəaliyyəti tənzimləyən Nümunəvi Əsasnamənin və 
								resurs mərkəzinin strukturunun işlənib 
								hazırlanması, bu prosesə Təhsil Problemləri 
								İnstitutunun cəlb olunması.  
								
								
								-Yeni kurikulumların, dərsliklərin, 
								qiymətləndirmə sisteminin tətbiqinə dair 
								məsələlərin təhsil şöbələrinin 
								metodkabinetlərində (gələcəkdə resurs 
								mərkəzlərində) və dayaq məntəqələrində mütəmadi 
								olaraq müzakirə olunması, məktəblərə bu sahədə 
								müvafiq kömək göstərilməsi.  
								
								
								-Metodistlər üçün islahat aparılan sahələrlə 
								bağlı müşavirələrin, seminarların, treninqlərin 
								keçirilməsi.  
								
								
								-Metodik xidmətin müasir tələblər səviyy 
								
								
								əsində təşkili, bu sahədə mövcud nöqsanların 
								aradan qaldırılması məqsədilə Bakı şəhərində və 
								zonalar üzrə müşavirələrin keçirilməsi. 
								 
								
								
								-Dərs yükü olmayan metodistlərin növbəti dərs 
								ilindən ixtisasları üzrə dərs aparmalarına 
								şərait yaradılması.  
								
								
								-Fənlər üzrə metodistlərin tərkibinə yenidən 
								baxılması, imkan daxilində bütün fənlər üzrə 
								metodistlərin təmsil olunmasının təmin edilməsi, 
								bu məqsədlə Əsasnaməyə uyğun olaraq 0,5 və 0,25 
								ştat vahidindən istifadə edilməsi.  
								
								
								-Metodistlərin işə qəbulunun müsabiqə yolu ilə 
								həyata keçirilməsi, vəzifə funksiyalarının 
								öhdəsindən gələ bilməyən metodistlərlə bağlı 
								müvafiq tədbirlərin görülməsi.  
								
								
								-Metodik xidmətin səmərəli təşkili məqsədilə 
								Təhsil Nazirliyi tərəfindən hazırlanmış 
								Fəaliyyət planı əsasında metodik kabinetlər üçün 
								fəaliyyət planlarının hazırlanması və həyata 
								keçirilməsi.  
								
								
								-Məktəb metodbirləşmələrinin işinin müasir 
								tələblər səviyyəsində təşkili ilə bağlı 
								tədbirlərin həyata keçirilməsi, metodbirləşmə 
								rəhbərlərinin fəaliyyətinin stimullaşdırılması 
								sahəsində təkliflərin hazırlanması.  
								
								
								-Metodik kabinetlərin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi, İKT vasitələri ilə təmin 
								edilməsi istiqamətində zəruri tədbirlərin həyata 
								keçirilməsi.  
								
								
								Hesab edirəm ki, ən ciddi tədbirlərdən biri də 
								metodistlərin ixtisasının artırılması, onların 
								"öyrədənlər" kimi hazırlanması, dayaq 
								məntəqələrinin koordinatorları üçün müvafiq 
								proqramlar əsasında təlimlərin təşkili 
								istiqamətində əlavə təhsil müəssisələri 
								tərəfindən tədbirlər müəyyənləşdirib həyata 
								keçirilməsidir. Əlavə təhsil müəssisələri RTŞ 
								metodiki kabinetləri ilə əlaqələrin daha 
								səmərəli forma və metodlar üzrə qurulmasını, 
								ixtisasartırma tədbirlərinin təşkilində metodiki 
								kabinetlərin imkanlarından səmərəli istifadəni 
								təmin etməlidirlər. 
								
								Daha ciddi bir problem onunla bağlıdır ki, ümumi 
								təhsil sistemində metodik xidmətin təşkili 
								sahəsində müəyyən işlər görülsə də, texniki 
								peşə, orta ixtisas və ali təhsil sahəsində belə 
								bir xidmətin təşkili, ümumiyyətlə, unudulmuşdur. 
								Hesab edirəm ki, bu barədə düşünməyin və konkret 
								təkliflərin hazırlanması vaxtı çatmışdır. 
								
								
								
								(Ardı var)  
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının təhsil naziri,  
								fizika-riyaziyyat elmləri doktoru, professor  |