| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, ötən məqalədə qeyd edildiyi 
								kimi, təhsil sahəsində beynəlxalq əlaqələrin 
								mühüm istiqamətlərindən biri də ayrı-ayrı 
								ölkələrlə birbaşa təhsil əlaqələrinin qurulması, 
								əməkdaşlıq haqqında saziş və protokolların 
								imzalanmasıdır. Onu da qeyd etməyi vacib hesab 
								edirəm ki, digər ölkələrlə yaratdığımız bu 
								əlaqələr müstəqilliyin bizə bəxş etdiyi 
								əhəmiyyətli imkanlardan biridir. Bu məqalədə 
								məhz müstəqillik illərində Azərbaycanın xarici 
								ölkələrlə yaratdığı təhsil əlaqələrindən bəhs 
								ediləcəkdir.  
								
								
								Təcrübə göstərir ki, ayrı-ayrı ölkələrlə təhsil 
								sahəsində yaradılan əməkdaşlıq birgə proqram və 
								layihələrin reallaşdırılmasına, tələbə, müəllim 
								mübadiləsinə, təhsil sənədlərinin qarşılıqlı 
								tanınmasına, innovasiyaların tətbiqinə, 
								ümumilikdə ölkə təhsilinin inkişafına və 
								beynəlxalq aləmə inteqrasiyasına əlverişli imkan 
								yaratmaqla yanaşı, son nəticədə ölkələr arasında 
								siyasi, iqtisadi və mədəni əlaqələrin 
								təşəkkülünə gətirib çıxarır.  
								
								
								Təqdirəlayiq haldır ki, Azərbaycan öz 
								müstəqilliyini əldə etdikdən sonra dünyanın bir 
								çox ölkələri ilə təhsil sahəsində yaradılmış 
								səmərəli əməkdaşlıq əlaqələri xeyli 
								genişlənmişdir. Bu gün Təhsil Nazirliyi dünyanın 
								30-dək dövlətilə təhsil əlaqələri yaratmışdır. 
								Belə ki, hazırda ABŞ, Fransa, Böyük Britaniya, 
								Almaniya, Rusiya, çin, Yaponiya, İsrail, Cənubi 
								Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, 
								Misir, Pakistan, Ukrayna, Gürcüstan, çexiya, 
								Slovakiya, Avstriya, Qazaxıstan, özbəkistan, 
								Rumıniya, Latviya, Belorus, Birləşmiş Ərəb 
								Əmirlikləri, Küveyt, Tacikistan və sair kimi 
								ölkələrlə birbaşa təhsil əlaqələri mövcuddur. 
								Həmin ölkələrlə beynəlxalq əməkdaşlığımız 
								Azərbaycanın milli maraqlarına və ölkə 
								Prezidenti tərəfindən müəyyən olunmuş xarici 
								siyasət strategiyasına uyğun həyata keçirilir.
								 
								
								
								Qeyd etmək lazımdır ki, yalnız son bir neçə ildə 
								Türkiyə, Rusiya, Gürcüstan, çin, İran, Misir, 
								Avstriya, Pakistan, Qazaxıstan, özbəkistan, 
								Rumıniya, Cənubi Koreya, Latviya, Belarus, 
								Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, 
								Küveyt, Tacikistan kimi ölkələrlə təhsil 
								sahəsində əməkdaşlıq haqqında saziş və 
								protokollar imzalanmışdır.  
								
								
								Hazırda Azərbaycanla Türkiyə Respublikası 
								arasında təhsil sahəsində çoxtərəfli və inkişaf 
								etmiş əlaqələr mövcuddur. Türkiyə ilə 
								Azərbaycanın bu sahədəki əməkdaşlığı məzmun və 
								miqyasına görə digər ölkələrlə müqayisədə çox 
								geniş spektri əhatə edir. 
								
								
								Belə ki, ötən 18 il ərzində iki qardaş ölkə 
								arasında təhsil sahəsində çoxtərəfli əməkdaşlığı 
								həyata keçirmək üçün lazımi hüquqi baza 
								yaradılmışdır. 1992-ci ildə Azərbaycan 
								Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə 
								Respublikası Milli Təhsil Nazirliyi arasında 
								təhsil sahəsində əməkdaşlıq barədə Müqavilə, 
								1994-cü ilin fevralında Türkiyə Respublikası ilə 
								Azərbaycan Respublikası arasında elm, texnika, 
								sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq 
								Müqaviləsi, 1997-ci ilin martında Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə 
								Respublikası Milli Təhsil Nazirliyi arasında 
								təhsil və elm sahələrində əməkdaşlıq Protokolu 
								imzalanmışdır. Bu sənədlərdə təhsilin müxtəlif 
								sahələri üzrə əməkdaşlığı, o cümlədən qarşılıqlı 
								tələbə mübadiləsini təmin edən müddəalar öz 
								əksini tapmışdır.  
								
								
								Bununla yanaşı, həmin sənədlərdə Azərbaycan ali 
								məktəblərində verilən ixtisasların və 
								diplomların Türkiyə tərəfindən tanınması 
								məsələsi öz həllini tapmamışdı. Bu, sonrakı 
								illərdə Azərbaycan ali məktəblərini bitirən 
								Türkiyə vətəndaşlarının diplomlarının Türkiyənin 
								müvafiq qurumları tərəfindən tanınmasında ciddi 
								problemlərin yaranmasına səbəb olurdu. Türkiyə 
								vətəndaşları yalnız öz ölkələrinin Ali Təhsil 
								Şurası (YöK) tərəfindən tanınan ali məktəblərin 
								müvafiq ixtisaslarında təhsil aldıqda belə 
								problemlərlə rastlaşmırdılar. Məsələnin həlli, 
								yəni Azərbaycanın ali məktəblərinin 
								diplomlarının Türkiyə tərəfindən tanınması üçün 
								hüquqi bazanın yaradılması son dərəcə zəruri 
								idi.  
								
								
								Bu məsələ 1998-ci ilin noyabrında Türkiyədə 
								imzalanmış "Azərbaycan Respublikası Təhsil 
								Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil 
								Nazirliyi və Ali Təhsil Şurası rəhbərliyi 
								arasında təhsil və elm sahələrində əməkdaşlıq 
								haqqında razılıq Protokolu"nda öz əksini tapdı 
								və bununla da iki ölkə arasında tələbə 
								mübadiləsində yeni bir mərhələnin əsası qoyuldu. 
								Belə ki, bu Protokolun Türkiyə ilə təhsil 
								sahəsində imzalanmış əvvəlki sənədlərdən əsas 
								fərqi məhz türkiyəli gənclərin Azərbaycan ali 
								məktəblərində təhsil alması və onların təhsil 
								sənədlərinin Türkiyədə tanınmasının təsbit 
								edilməsində idi. İmzalanmış protokola əsasən 
								hüquq, beynəlxalq hüquq, tibb, inşaatla əlaqədar 
								olan ixtisaslar istisna olmaqla, digər 
								ixtisaslar üzrə diplomların tanınması o dövr 
								üçün böyük bir uğur idi.  
								
								
								Protokolun daha bir əhəmiyyətli cəhəti ondan 
								ibarət idi ki, bundan sonra Türkiyə tərəfinin 
								Azərbaycana ayırdığı təqaüdlərin universitetlər 
								və ixtisaslar üzrə bölgüsü Azərbaycan tərəfinin 
								təklifləri əsasında formalaşmağa başladı. Həmin 
								vaxtadək Türkiyəyə dövlət xətti ilə göndərilən 
								tələbələr heç də həmişə respublikamız üçün 
								gərəkli ixtisaslara uyğun təhsil almırdılar. 
								Yəni göndərilən tələbələrin təhsil alacaqları 
								ixtisaslar və ali məktəblər Türkiyənin Ali 
								Təhsil Şurası (YöK) tərəfindən müəyyən olunurdu. 
								Buna görə də qeyd olunan prinsipin tətbiqi 
								ayrılan yerlərdən daha səmərəli istifadəni və 
								ölkəmiz üçün zəruri ixtisaslar üzrə kadr 
								hazırlığını təmin etmiş oldu.  
								
								
								Protokolda həmçinin orta və ali məktəb 
								müəllimlərinin mübadiləsi, dərslik və nəşriyyat, 
								türkdilli respublikaların ümumtəhsil 
								məktəblərində tədris olunacaq tarix və 
								ədəbiyyatla əlaqədar ortaq dərs vəsaitlərinin 
								hazırlanması məsələləri öz əksini tapmışdı.
								 
								
								
								Qeyd olunan Protokol Azərbaycanda həyata 
								keçirilən təhsil islahatlarına Türkiyə tərəfinin 
								hərtərəfli yardım göstərməsi və bu sahədə 
								faydalı əməkdaşlığın qurulması üçün də real 
								zəmin yaradırdı. Belə ki, Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin nümayəndə 
								heyətinin 22 iyul - 4 avqust 1999-cu il 
								tarixlərində Türkiyə Respublikasına növbəti 
								səfərinin məqsədi Türkiyədə aparılan təhsil 
								islahatlarının gedişi ilə tanış olmaq, bu 
								ölkənin təcrübəsini yaxından öyrənmək idi. Həmin 
								il Dünya Bankının texniki dəstəyi ilə 
								Azərbaycanda orta təhsil sistemində islahatlara 
								başlanmışdı. Bununla əlaqədar Qərb təhsil 
								sisteminə inteqrasiya yolunda böyük uğurlar əldə 
								etmiş Türkiyə təcrübəsinin öyrənilməsi mühüm 
								əhəmiyyət daşıyırdı. 
								
								
								Artıq Türkiyə ilə təhsil əlaqələri qurulmuş, 
								fəaliyyət üçün hüquqi əsas yaradılmışdı, 
								ölkələrimiz arasında əməkdaşlıq daha da 
								genişlənirdi. Türkiyə ilə təhsil sahəsində 
								əməkdaşlıq tarixində xüsusi səhifələrdən biri də 
								2000-ci ilin dekabrında Türkiyə Respublikası 
								Milli Təhsil Nazirliyi nümayəndə heyətinin 
								Azərbaycana səfəri ilə bağlıdır. Səfər zamanı 
								həmin ildə Bakıda baş vermiş zəlzələ nəticəsində 
								ziyan çəkmiş iki məktəbin təmirini Türkiyə 
								Respublikası Milli Təhsil Nazirliyi öz üzərinə 
								götürdü və sonradan Bakı şəhərindəki İncəsənət 
								Gimnaziyası və Səbail rayonundakı 7 nömrəli orta 
								məktəbin təmiri həyata keçirildi. Səfər zamanı 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
								Türkiyə Respublikası Milli Təhsil Nazirliyi 
								arasında təhsil və elm sahələrində əməkdaşlıq 
								haqqında növbəti Protokol imzalandı. Bu 
								Protokolda ali təhsil diplomlarının qarşılıqlı 
								tanınmasında hələ də mövcud olan problemləri 
								həll etmək məqsədilə Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali 
								Təhsil Şurası (YöK) mütəxəssislərindən ibarət 
								yaradılacaq Birgə Komissiyanın ildə bir dəfə 
								Bakıda və ya Ankarada görüşməsi qərara alındı. 
								Məhz həmin Protokola əsasən formalaşmış Birgə 
								Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan 
								ali məktəblərinin müvafiq ixtisaslarının 
								tanınması sahəsində müəyyən irəliləyişlərə nail 
								olundu.  
								
								
								Protokola əsasən, azərbaycanlı gənclərin 
								Türkiyənin ali məktəblərində dövlət xətti ilə 
								təhsil almaları üçün Türkiyə dövləti hər il 150 
								yerin ayrılmasını nəzərdə tutdu və bu qərar indi 
								də öz gücündədir.  
								
								
								Türkiyə tərəfi ilə təhsil sahəsində imzalanmış 
								protokollara uyğun olaraq əməkdaşlıq 
								istiqamətində görüləcək işlərin icrasına 
								nəzarət, qarşılıqlı müzakirələrin aparılması, 
								qarşıya çıxan problemlərin vaxtında həll 
								edilməsi üçün müvafiq təkliflərin hazırlanması, 
								iki ölkənin təhsil nazirlikləri arasında 
								əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hər 
								iki tərəfin nümayəndələrindən ibarət yaradılmış 
								Daimi Komissiyanın bu günədək 8 iclası 
								keçirilmişdir.  
								
								
								Onu da qeyd edim ki, Türkiyə Respublikası Ali 
								Təhsil Şurası ilə əməkdaşlıq bizim üçün xüsusi 
								əhəmiyyət kəsb edirdi. Belə ki, Türkiyənin 
								xarici ölkə vətəndaşlarına ayırdığı təqaüdlərin 
								universitetlər üzrə bölgüsü və yerləşdirilməsi, 
								xarici ölkələrdə ali təhsil alanların təhsil 
								sənədlərinin tanınması, yəni Türkiyə 
								vətəndaşlarının xarici ölkələrin hansı ali 
								məktəblərində hansı ixtisaslar üzrə təhsilinin 
								tanınması kimi mühüm məsələlər məhz bu qurumun 
								səlahiyyətləri çərçivəsində həll olunur. Ona 
								görə də 1998-ci ildə imzalanmış üçtərəfli 
								(Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 
								Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi 
								və Ali Təhsil Şurası (YöK)) razılaşmadan sonra 
								Azərbaycan Təhsil Nazirliyi bu qurumla 
								əlaqələrini daha da genişləndirməyə başlamışdı. 
								Bu əməkdaşlıqda uğurlu addımlardan biri də 
								2005-ci ilin oktyabrında Türkiyə Ali Təhsil 
								Şurasının (YöK) nümayəndə heyətinin Azərbaycana 
								səfəri oldu. Nümayəndə heyəti ilə keçirilən 
								görüşlər, aparılan müşahidələr və təhlillər 
								nəticəsində aşağıdakı qərarlar qəbul edildi və 
								2006-2007-ci dərs ilində qüvvəyə mindi: 
								 
								
								
								1.Bu vaxta qədər bir çox ixtisasları tanınan 
								Azərbaycan Dillər Universitetinin avropaşünaslıq 
								və beynəlxalq əlaqələr fakültəsi və Azərbaycan 
								Memarlıq və İnşaat Universitetinin inşaat 
								mühəndisliyi ixtisası əlavə olaraq tanındı.
								 
								
								
								2.Sumqayıt Dövlət Universitetinin filologiya, 
								fizika və elektroenerji, kimya, 
								mexanika-riyaziyyat və tarix fakültələrinin 
								ixtisasları tanındı.  
								
								
								3.Azərbaycan Milli Konservatoriyasının tanınmış 
								müxtəlif ixtisaslarına xüsusi imtahan 
								nəticələrinə görə 55 türkiyəli tələbə üçün yer 
								ayrıldı. 
								
								
								Türkiyədə təhsil alan həmvətənlərimizin təhsili 
								ilə bağlı bütün məsələlərin həll edilməsi üçün 
								müvafiq tədbirlərin görülməsi, onların təhsildə 
								əldə etdikləri göstəricilərin təhlili və şərhi, 
								təhsilalanların ali məktəblər, ixtisaslar və 
								pillələr üzrə dəqiq statistikasının tərtib 
								edilməsi və Azərbaycan Respublikasının Təhsil 
								Nazirliyinə təqdim olunması, Təhsil Nazirliyinin 
								Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ali 
								Təhsil Şurası və digər əlaqədar qurumlarla 
								koordinasiyanın təşkil edilməsi, Türkiyədə qəbul 
								olunan qərarlar haqqında operativ şəkildə 
								ölkəmizin Təhsil Nazirliyinə məlumat verilməsi, 
								Türkiyənin müvafiq dövlət qurumlarının təşkil 
								etdiyi tədbirlərdə iştirak etmək və müzakirə 
								olunan məsələlərə dair Təhsil Nazirliyinin 
								mövqeyinin bildirilməsi kimi funksiyaların 
								yerinə yetirilməsi ilə bağlı Türkiyədə təhsil 
								təmsilçimiz fəaliyyət göstərir. 2008-ci ildən 
								təmsilçiyə Azərbaycanın Türkiyədəki səfirliyinin 
								təhsil attaşesi statusu verilmişdir. Eyni 
								zamanda Türkiyənin Azərbaycandakı səfirliyində 
								də təhsil üzrə müşavir fəaliyyət göstərməkdədir.
								 
								
								
								Hazırda Türkiyə universitetlərində azərbaycanlı 
								tələbələr, əsasən, aşağıdakı ixtisaslar üzrə 
								təhsil alıb və yaxud almaqdadırlar:  
								
								
								-bakalavr pilləsində: mühasibat, beynəlxalq 
								əlaqələr, beynəlxalq iqtisadi əlaqələr, hüquq, 
								türk dili və ədəbiyyatı, tibb, əczaçılıq, dövlət 
								idarəçiliyi, kompüter mühəndisliyi, 
								iqtisadiyyat, maliyyə, menecerlik, bank işi, 
								xarici dillər, memarlıq, inşaat, sosiologiya, 
								turizm və mehmanxana işi, idxalat və ixracat 
								üzrə kommersant mütəxəssislər, sahibkarlığın 
								iqtisadiyyatı, yüngül sənaye və yeyinti sənayesi 
								texnologiyaları, meşəçilik, jurnalistika 
								ixtisasları.  
								
								
								-magistratura və doktorantura pillələrində: 
								yuxarıda göstərilənlərə həm də tibb uzmanlığı 
								(ordinatura), ticarət hüququ, dövlət hüququ, 
								mülki hüquq, sosial psixologiya, sənaye 
								psixologiyası, iqtisadi inkişaf və beynəlxalq 
								iqtisadiyyat, marketinq, insan ehtiyatları 
								menecmenti, əməyin iqtisadiyyatı və sənaye 
								əlaqələri, elektrik və elektronika mühəndisliyi, 
								dəniz rabitəsi və mühəndis menecer, idarəetmə və 
								təşkilatçılıq, molekulyar biologiya, ilahiyyat, 
								müasir türk ləhcələri, fəlsəfə ixtisasları. 
								
								
								Sevindirici haldır ki, indi respublikamızın ali 
								və orta məktəbləri, Xarici və Daxili İşlər 
								nazirlikləri, Ədliyyə Nazirliyi, Səhiyyə 
								Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, 
								Dövlət Gömrük Komitəsi, Konstitusiya Məhkəməsi, 
								Milli Elmlər Akademiyası, digər dövlət qurumları 
								və müəssisələrində çalışan mütəxəssislər 
								arasında Türkiyə ali məktəblərinin çoxsaylı 
								məzunlarına rast gəlmək olar. İxtisasca 
								iqtisadçı və bank işçisi olanların müəyyən bir 
								qrupu respublikamızda fəaliyyət göstərən dövlət 
								və özəl banklarda çalışırlar. Bir qayda olaraq, 
								həmin məzunlar yüksək peşəkarlığı və 
								səriştəliliyi ilə fərqlənirlər. Türkiyə ali 
								məktəblərinin tibb kadrlarının hazırlanması 
								təcrübəsi xüsusi qeyd edilməlidir. Bu gün 
								Azərbaycanın tibb müəssisələrində yüksək 
								peşəkarlığı ilə fərqlənən həkimlərin əksəriyyəti 
								məhz Türkiyənin ali məktəblərinin məzunlarıdır.
								 
								
								
								Türkiyə ilə yaradılmış səmərəli təhsil 
								əlaqələrinin nəticəsidir ki, bu gün 2500-dən çox 
								azərbaycanlı tələbə Türkiyədə təhsil alır ki, 
								onlardan 600 nəfəri dövlət xətti ilə təhsil 
								alanlardır. Eyni zamanda Azərbaycanın ali təhsil 
								müəssisələrində 4500 türkiyəli tələbə təhsil 
								almaqdadır. 
								
								
								Türkiyə ilə təhsil əlaqələri rəngarəngliyi ilə 
								fərqlənir. Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti müəllim hazırlığı sahəsində 
								Türkiyənin Hacatəpə Universiteti ilə əməkdaşlıq 
								əlaqələri yaratmışdır. Həmin universitetin 
								professorları Azərbaycanda olmuş, təcrübə 
								mübadiləsi sahəsində ADPU ilə birgə tədbirlər 
								həyata keçirmişlər. 
								
								
								Azərbaycanda dərslik siyasətinə uyğun olaraq 
								yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasının 
								işinin təşkili, Şura tərəfindən yeni dərslik 
								komplektlərinin qiymətləndirilməsi sahəsində 
								Türkiyə təcrübəsinin öyrənilməsi bu sahədə 
								işlərin daha səmərəli qurulmasına imkan verdi. 
								Belə ki, təcrübə mübadiləsi məqsədilə Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin və Dərslikləri 
								Qiymətləndirmə Şurasının nümayəndə heyəti bir 
								neçə dəfə Türkiyə Milli Təhsil Nazirliyinin 
								Təlim Tərbiyə Kurulunda olmuşdur.  
								
								
								Dərslik çapı ilə bağlı bir məqama toxunmaq 
								istərdim. 1997-1998-ci illərdə Azərbaycanda 
								kağız qıtlığı yarandığından dərslik çapı üçün 
								ciddi təhlükə yaranmışdı. Türkiyənin köməyi 
								olmasaydı, faktiki olaraq, şagirdlərin dərsliklə 
								təminatı mümkün olmayacaqdı. Türkiyə tərəfi bu 
								problemin həlli üçün Azərbaycana 247 ton kağızı 
								humanitar yardım kimi ayırdı, nəticədə 
								dərsliklərin, dərs vəsaitlərinin və məktəb 
								sənədlərinin çapı həyata keçirildi.  
								
								
								Son illərdə Türkiyə ilə texniki peşə təhsili 
								sahəsində də əməkdaşlıq əlaqələri yaranmışdır. 
								Bu əməkdaşlıq Türkiyənin texniki peşə təhsili 
								modelinin Azərbaycanda tətbiqi, Türkiyənin 
								texniki peşə məktəbləri mütəxəssislərinin 
								Azərbaycanın müvafiq təhsil müəssisələrində 
								təcrübə mübadiləsinin təşkili, Azərbaycan 
								şagirdlərinin Türkiyədə istehsalat təcrübəsinin 
								təşkili və digər sahələri əhatə edir. 
								
								
								Hörmətli oxucular, Türkiyə ilə təhsil 
								əlaqələrindən danışarkən "çağ" öyrətim 
								İşlətmələri Şirkətinin liseylərinin Azərbaycanda 
								fəaliyyətini xüsusi vurğulamaq lazımdır. 
								 
								
								
								ümummilli lider Heydər Əliyevin 1991-ci il 
								noyabrın 1-də Naxçıvanda imzaladığı tarixi 
								sənədlə Azərbaycanda fəaliyyətə başlayan türk 
								liseyləri ölkəmizin pedaqoji həyatında, eyni 
								zamanda onun son 18 illik ictimai həyatında 
								xüsusi yer tutur. Heydər Əliyevin həmin tarixdə 
								atdığı imza son onilliklər ərzində Türkiyədə 
								formalaşmış yeni, milli və ümumbəşəri pedaqoji 
								dəyərlərə malik təhsil təcrübəsinin Azərbaycanda 
								yayılmasına səbəb olmuşdur. 1991-ci il 
								Azərbaycan tarixində ağrılı-acılı səhifələri ilə 
								yanaşı, həm də çox mühüm hadisələrlə zəngindir. 
								Həmin ilin payızında Azərbaycan öz 
								müstəqilliyini bərpa etmək haqqında tarixi 
								bəyannaməsini dövlət səviyyəsində elan etmiş, 
								Azərbaycanla Türkiyəni bir-birinə bağlayacaq 
								maarif körpüsünün, əməkdaşlıq körpüsünün təməli 
								qoyulmuşdur. İllər keçəcək, nəsillər bir-birini 
								əvəz edəcək, gələcək nəsillər müştərək 
								tariximizin bu şanlı səhifələrini vərəqlədikcə, 
								onun müəllifini həmişə xatırlayacaq, bu işdə 
								iştirak edənləri, onu inkişaf etdirənləri 
								minnətdarlıqla yad edəcəklər.  
								
								
								"çağ" öyrətim İşlətmələri Şirkətinin 
								Azərbaycanda fəaliyyəti, onun bu günə kimi 
								keçdiyi yol ölkə ictimaiyyətinin daim diqqət 
								mərkəzində olmuşdur. Azərbaycan məktəblisini 
								beynəlxalq fənn olimpiadalarında ilk dəfə təmsil 
								edən və təhsil sahəsində ölkəyə ilk beş medalı 
								qazandıran da məhz "çağ" liseylərinin şagirdləri 
								olmuşdur. Bu gün həmin təhsil müəssisələrinin 
								müxtəlif bilik yarışlarından Azərbaycana 
								gətirdiyi medalların sayı 200-ü keçmişdir.
								 
								
								
								Onların iştirak etdikləri olimpiadaların 
								coğrafiyası isə hər il daha da genişlənir. Bu 
								şagirdlər indiyədək 40-a yaxın ölkədə 
								Azərbaycanı təmsil etmiş və qələbələr 
								qazanmışlar. Həmin ölkələrin ictimaiyyəti 
								Azərbaycanın adını eşitmiş, onun bayrağını, 
								himnini tanımışlar, bu xalqın övladları ilə 
								təmas qurmuşlar. Həmin ölkələrin mətbuatı, 
								radiosu, televiziyası onlardan bəhs etmişdir, 
								İnternet saytlarına Azərbaycanın adı və qələbəsi 
								düşmüşdür. Artıq böyük dövlətlər bu beynəlxalq 
								yarışlarda Azərbaycana ciddi rəqib kimi 
								baxırlar. Məktəblilərimiz hər bir olimpiadaya 
								gedərkən özləri ilə Azərbaycanı tanıdan rəmzlər 
								aparır, Azərbaycanı təbliğ edirlər.  
								
								
								"çağ" öyrətim İşlətmələri Şirkəti, nəzdində olan 
								uşaq bağçası, on iki ümumtəhsil məktəbi, on ali 
								təhsilə hazırlıq kursu, bir universiteti ilə 
								təhsilimizin müasir standartlara 
								uyğunlaşdırılmasında və dünya təhsil sisteminə 
								inteqrasiya olunmasında, azərbaycanlı gəncərin 
								yetişdirilməsində öncül rol oynamışdır və 
								hazırda da bu istiqamətdə fəaliyyətini uğurla 
								davam etdirməkdədir. Şirkətin təhsil 
								müəssisələri Azərbaycana yeni təhsil modeli 
								gətirməklə yanaşı, təlim prosesində ən müasir 
								texnologiyaların tətbiqi sahəsində də nümunə 
								olmuşdur.  
								
								
								Şirkətin ümumtəhsil məktəbləri məzunları 
								dünyanın 30-dan çox ölkəsində ən nüfuzlu 
								universitetlərdə təhsil alır, təhsil aldıqları 
								xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil 
								edirlər. Eyni zamanda Azərbaycanın ali 
								məktəblərinə qəbul zamanı, bir qayda olaraq, 
								həmin məzunlar yüksək nəticələr nümayiş 
								etdirirlər. Ən başlıcası isə bu məzunlar 
								Azərbaycanın dövlət strukturlarında, beynəlxalq 
								təşkilatlarda, ölkəmizin səfirliklərində yüksək 
								vəzifələr tutmaqla yanaşı, dünyanın nüfuzlu 
								universitetlərində də böyük uğurla fəaliyyət 
								göstərirlər.  
								
								
								"çağ" öyrətim İşlətmələri Şirkəti Azərbaycanın 
								təhsil həyatında bir çox yeniliklər etmişdir. 
								Məsələn, şirkətin liseyləri ilk dəfə 
								Azərbaycanda yeni formada Bilik bayramı, bilik 
								sərgiləri keçirmiş, bu tədbirlərə digər 
								nazirlik, idarə və təşkilatları cəlb etmişlər. 
								Həmin sərgilər təkcə Azərbaycanla 
								məhdudlaşmamış, beynəlxalq miqyas almış və 
								2008-ci ildə ilk dəfə 16 xarici ölkənin iştirakı 
								ilə beynəlxalq fənn olimpiadasına çevrilmişdir.
								 
								
								
								Şirkətin "Qafqaz" Universiteti beynəlxalq 
								standartları cəsarətlə tətbiq edir. Mən bu 
								universitet haqqında həmişə yüksək fikirdə 
								olmuşam, bu gün də həmin fikirdə qalıram. 
								"Qafqaz" Universiteti təmiz, saf və sağlam 
								universitetdir. Burada sağlam ab-hava hökm 
								sürür, üstəlik də universitet istər tədris, 
								tərbiyə, istərsə də elmi fəaliyyətlə yanaşı, 
								Azərbaycanın təbliği sahəsində çox böyük işlər 
								görür. Onun keçirdiyi beynəlxalq konfranslar, 
								xarici dillərdə nəşr etdiyi elmi əsərlər 
								Azərbaycan üçün çox əhəmiyyətlidir.  
								
								
								Əlbəttə, bu məqalədə "çağ" liseylərinin bütün 
								nailiyyətlərini sadalamaq fikrində deyiləm, 
								yalnız diqqəti çox mühüm hesab etdiyim bir neçə 
								məsələyə yönəltmək istərdim.  
								
								
								Bəziləri bu təhsil müəssisələrini "türk 
								liseyləri" adlandırsalar da, mən bu fikirlə razı 
								deyiləm. Bu məktəblər Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin verdiyi xüsusi 
								icazə-lisenziya əsasında fəaliyyət göstərir, 
								burada təhsilalanlar azərbaycanlılardır, 
								təhsilverənlərin 80 faizindən çoxunu Azərbaycan 
								vətəndaşları təşkil edir.  
								
								
								Şirkət bütün müəssisələri üçün əlverişli şərait 
								yaratmış, Qubada yeni lisey binası, Lənkəranda 
								hazırlıq kursu binası, Abşeronda universitet 
								kompleksi inşa etmişdir. Bu gün ölkəmizin 
								paytaxtında Bakı özəl Türk Liseyi üçün yeni 
								kompleks inşa edilir. Gəncədə, Şamaxıda, 
								Zaqatalada, Qaxda, Mingəçevirdə, Şirvanda, bir 
								sözlə, bu müəssisələr üçün ayrılan hər bir 
								binada əsaslı təmir və yenidənqurma işləri 
								aparılmış, bütün müəssisələr ən son model və 
								elektron tədris vəsaitləri ilə təmin edilmiş və 
								müntəzəm olaraq yenilənir. 
								
								
								1992-93-cü tədris ilində Bakı Dövlət 
								Universiteti ilə Türkiyə Dəyanət Vəqfi arasında 
								imzalanmış Protokola əsasən universitetdə 
								ilahiyyat fakültəsi fəaliyyətə başladı. Bundan 
								əlavə, 1994-cü ildən Bakı Dövlət Universitetində 
								Türkiyə Dəyanət Vəqfi tərəfindən 
								maliyyələşdirilən ümumtəhsil məktəbi - lisey 
								fəaliyyətə başladı. O zaman böyük fədakarlıqla 
								açılmış bu təhsil müəssisəsi qısa müddətdə 
								Azərbaycanın ən nümunəvi təhsil ocaqlarından 
								birinə çevrilmişdir.  
								
								
								Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 
								2000-ci ildən etibarən 6 buraxılışı olmuş, hər 
								ilin elmi-statistik təhlillərinə görə həm 
								respublika məktəbləri, həm də türk liseyləri 
								arasında qabaqcıl yerləri tutmuş, hər il liseyin 
								məzunları 100 faiz ali məktəblərə qəbul olmuş, 
								onların 40 faizi qəbul imtahanlarında 600-dən 
								çox bal toplamışdır. Məzunlar arasında ABŞ, 
								Türkiyə, Rusiya, Ukraynanın universitetlərində 
								ali təhsil alanlar var ki, bu da təhsilin 
								keyfiyyətinin yüksək olmasından xəbər verir.
								 
								
								
								Liseyin yüksək nailiyyətləri bir sıra səbəblərlə 
								bağlıdır. Səbəblərdən biri budur ki, 
								respublikamızda uğurla həyata keçirilən təhsil 
								islahatları liseyin fəaliyyətinə də öz təsirini 
								göstərmiş, islahatların verdiyi imkanlardan 
								istifadə etməklə liseyin fəaliyyətini yüksək 
								səviyyədə qurmaq mümkün olmuşdur. Daha bir səbəb 
								liseyin yuxarı siniflərində profilli təlimin 
								tətbiqidir. Hər sinif üçün xüsusi tədris planı 
								hazırlanmaqla təlim şagirdlərin maraq və 
								meyilləri üzərində qurulur. Düşünürəm ki, əldə 
								edilmiş nailiyyətlərin əsas səbəblərindən biri 
								də liseyə şagird və müəllim qəbulu zamanı 
								obyektivliyin və şəffaflığın təmin olunmasıdır.
								 
								
								
								Hazırda ölkəmizdə daha iki Azərbaycan - türk 
								liseyi fəaliyyət göstərməkdədir. Onlardan biri 
								dövlət müəssisəsi olan Bakı Türk Anadolu 
								liseyidir. Bu təhsil müəssisəsi 1994-95-ci dərs 
								ilindən Bakı şəhəri 174 nömrəli məktəbdə 
								fəaliyyətə başlamış, 2000-ci ilədək məktəblə 
								paralel işləmişdir. Həmin ildən 174 nömrəli 
								məktəbin şagirdləri və müəllimləri digər 
								məktəblərə köçürülmüşdür.  
								
								
								Digər lisey isə Türk Dünyası Araşdırmalar 
								Vəqfinin özəl Bakı Atatürk liseyidir. Lisey 
								1992-ci ildə Bakı şəhəri 8 nömrəli məktəbdə 
								fəaliyyətə başlamış, bir neçə aydan sonra 
								şəhərin 133 nömrəli məktəbinə köçürülmüşdür, 
								hazırda həmin məktəbin binasında fəaliyyət 
								göstərməkdədir. Qeyd etmək lazımdır ki, bu 
								liseylərin də ölkəmizin ümumi təhsil sistemində 
								özünəməxsus təcrübələri vardır.  
								
								
								Azərbaycanla geniş təhsil əlaqələri olan 
								ölkələrdən biri də Rusiya Federasiyasıdır. Qeyd 
								etmək lazımdır ki, Azərbaycanın Rusiya ilə 
								ümumilikdə əlaqələrinin, o cümlədən təhsil 
								sahəsində əlaqələrinin tarixi çox qədimdir və bu 
								əlaqələr Sovetlər Birliyi dövründə yüksək 
								intensivliyi ilə səciyyələnirdi. İnkaredilməz 
								faktdır ki, Azərbaycanda təhsilin və elmin 
								inkişafında, güclü kadr potensialının 
								formalaşmasında Rusiya ilə həmin əlaqələrin 
								müstəsna rolu olmuşdur. Təsadüfi deyildir ki, 
								hazırda Rusiya Federasiyasının ali təhsil 
								müəssisələrində 5 mindən çox azərbaycanlı tələbə 
								təhsil alır. Bu əlaqələr ölkəmizin 
								müstəqilliyinin ilk illərində zəifləsə də, 
								1995-ci ilin iyununda Azərbaycan Respublikası 
								ilə Rusiya Federasiyası arasında mədəni və elmi 
								əməkdaşlıq haqqında Sazişin imzalanması 
								Rusiya-Azərbaycan əlaqələri tarixində yeni bir 
								mərhələnin başlanğıcı oldu. Bu Saziş digər 
								sahələrlə yanaşı, təhsil sahəsində əlaqələrin 
								bərpa olunmasına da hüquqi əsas yaratmışdır. 
								
								
								Bu istiqamətdə atılan ilk addım 1997-ci ilin 13 
								iyun tarixində "Ticarət-iqtisadiyyat, 
								elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq 
								haqqında" Sazişin imzalanması oldu. Bu Saziş 
								Moskva şəhəri ilə müxtəlif sahələrdə, o cümlədən 
								təhsil, habelə tələbə mübadiləsi sahəsində 
								əməkdaşlığın başlanılmasına təkan verdi. Sazişə 
								uyğun olaraq 1997-1999-cu illər ərzində 140-dan 
								çox azərbaycanlı gənc (1997-ci ildə 76, 1998-ci 
								ildə 24, 1999-cu ildə 43 nəfər) Moskva şəhərinin 
								ali məktəblərində müxtəlif ixtisaslar üzrə 
								təhsil almağa göndərildi. Hazırda onlardan bir 
								qismi məzun kimi vətənə qayıtmış, 40 nəfər isə 
								növbəti pillədə (ordinatura, aspirantura və 
								doktorantura) təhsillərini başa vurmağa müvəffəq 
								olmuşlar.  
								
								
								Məhz 2000-ci ildən başlayaraq Rusiyanın Təhsil 
								Nazirliyi birtərəfli qaydada Azərbaycan 
								vətəndaşları üçün məhdud sayda təqaüdlər 
								ayırmağa başladı. Bu təqaüdlər hesabına 2000-ci 
								ildə 8, 2001-ci ildə 12, 2002-ci ildə 31 tələbə 
								Rusiyanın ali məktəblərində təhsil almağa 
								göndərilmişdir. Lakin Moskva hökuməti ilə qeyd 
								olunan razılaşma əsasında təhsil alan 
								tələbələrdən fərqli olaraq bu tələbələrin təhsil 
								və yaşayış xərcləri tamamilə Rusiya tərəfindən 
								ödənilirdi. Ona görə də belə təqaüdlərin sayının 
								artırılmasına ehtiyac duyulurdu. Bunun üçün iki 
								ölkənin Təhsil Nazirlikləri arasında müvafiq 
								hüquqi sənədin imzalanması zəruri idi. 
								 
								
								
								Aparılan danışıqlar və əldə olunan razılaşma 
								əsasında 2002-ci ilin fevralında Rusiya 
								Federasiyasının Təhsil və Elm Nazirliyinin 
								nümayəndə heyəti Azərbaycana səfər etmiş və 
								Azərbaycanla Rusiyanın təhsil sahəsindəki 
								əməkdaşlığını tənzimləyən iki mühüm sənəd 
								imzalanmışdı:  
								
								
								- Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
								Rusiya Federasiyası Təhsil Nazirliyi arasında 
								əməkdaşlıq haqqında Protokol;  
								
								
								- Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
								Rusiya Federasiyası Təhsil Nazirliyi arasında 
								təhsil sənədlərinin qarşılıqlı tanınması 
								sahəsində əməkdaşlıq haqqında Protokol. 
								
								
								Bu sənədlərin hər ikisi mahiyyətcə bir-biri ilə 
								əlaqəli idi. Təhsil sənədlərinin qarşılıqlı 
								tanınması sahəsində Protokol mübadilə 
								proqramlarının həyata keçirilməsi üçün yarana 
								biləcək çətinlikləri aradan qaldırırdı. 
								Protokolda göstərildiyi kimi, onun müddəaları 
								tərəflərin dövlət akkreditasiyası olan təhsil 
								müəssisələri, o cümlədən qanunvericiliyə uyğun 
								səlahiyyəti olan digər dövlət müəssisələri 
								tərəfindən verilmiş Azərbaycan Respublikası və 
								Rusiya Federasiyasının dövlət nümunəli 
								sənədlərinə şamil edilirdi. Bu sənəd bütün 
								təhsil pillələri üzrə verilən təhsil 
								sənədlərinin qarşılıqlı tanınmasına hüquqi əsas 
								verirdi. Belə ki, Protokolda aşağıdakı təhsil 
								sənədlərinin qarşılıqlı tanınması ilə bağlı 
								müddəalar əks olunmuşdur: 
								
								
								- əsas təhsil haqqında şəhadətnamə; 
								
								
								-tam orta ümumtəhsil haqqında attestat və ilkin 
								peşə təhsili haqqında diplom; 
								
								
								-ilkin peşə təhsili haqqında diplom və 
								kvalifikasiya haqqında şəhadətnamə; 
								
								
								-orta ixtisas təhsili haqqında diplom; 
								
								
								-dörd ildən az olmayaraq əyani təhsil aldıqdan 
								sonra bakalavr dərəcəsini təsdiq edən ali peşə 
								və ixtisas təhsili haqqında diplom; 
								
								
								-beş ildən az olmamaq şərtilə əyani təhsil 
								aldıqdan sonra müvafiq olaraq mütəxəssis 
								kvalifikasiyası verilməsini təsdiq edən ali peşə 
								və ixtisas təhsili haqqında diplom; 
								
								
								-altı ildən az olmayan tam kursu bitirmək və 
								həkim kvalifikasiyasının verilməsi haqqında 
								diplom; 
								
								
								-magistr dərəcəsinin verildiyini təsdiq edən ali 
								ixtisas və peşə təhsili haqqında diplom; 
								
								
								-ali təhsil proqramları üzrə təhsil almağa daxil 
								olmuş, ancaq tam təhsil kursunu bitirməyən 
								şəxslərə verilmiş sənədlər. 
								
								
								Rusiyanın Təhsil Nazirliyi ilə imzalanmış ikinci 
								Protokol isə Rusiya ilə təhsil sahəsində geniş 
								əməkdaşlığın qurulmasına əsas verirdi. 
								Protokolda tərəflərin orta, ali və əlavə peşə 
								təhsili sahəsində əməkdaşlığı inkişaf 
								etdirəcəkləri qeyd olunurdu.  
								
								
								Protokola əsasən, Rusiya tərəfi Azərbaycana 
								ayırdığı təqaüdlərdən əlavə, respublikamızın rus 
								icmasının nümayəndələrinə də müəyyən sayda 
								təqaüdlər ayırır. Tələbələrin seçilməsi, təhsil 
								yerinə göndərilməsi və sair təşkilati işlər 
								Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi 
								vasitəsilə həyata keçirilir.  
								
								
								Protokolda təhsil sənədləri, elmi adlar və 
								dərəcələrin qarşılıqlı tanınması və 
								ekvivalentliyi haqqında hökumətlərarası sazişin 
								hazırlanması və imzalanması sahəsində əməkdaşlıq 
								da nəzərdə tutulurdu. Tərəflərin apardığı 
								müvafiq iş nəticəsində ümummilli lider Heydər 
								Əliyevin iştirakı ilə 2002-ci ilin sentyabrında 
								Azərbaycan Respublikası ilə Rusiya Federasiyası 
								arasında təhsil sənədləri, elmi adlar və 
								dərəcələrin qarşılıqlı tanınması və 
								ekvivalentliyi haqqında hökumətlərarası Saziş 
								imzalandı. Bütövlükdə Protokolun müddəalarının 
								icrası ilə bağlı ayrı-ayrı tədbirlər həyata 
								keçirildi və əməkdaşlıq bu gün də davam 
								etməkdədir. 
								
								
								2006-2007-ci tədris ilinin göstəricilərinə görə 
								Rusiyada Təhsil Nazirliyinin xəttilə təhsil alan 
								Azərbaycan vətəndaşlarının sayı 170-i ötmüşdü. 
								Qeyd edilməlidir ki, Rusiya ali məktəblərində bu 
								ölkənin təqaüdləri hesabına təhsil alan 
								tələbələrin sayı heç də həmin rəqəmlə 
								məhdudlaşmırdı. Belə ki, müxtəlif nazirlik və 
								komitələrin Rusiyadakı tərəfdaşları ilə 
								imzaladığı razılaşmalar əsasında onlarca 
								Azərbaycan vətəndaşı bu ölkənin ixtisaslaşmış 
								ali məktəblərində təhsil alırdılar.  
								
								
								Rusiya Federasiyasında azərbaycanlı tələbələrin 
								təqaüdlər hesabına təhsil almasının başqa bir 
								yolu da universitetlərarası tələbə mübadilə 
								proqramları əsasında reallaşırdı. Bakı Dövlət 
								Universiteti ilə Moskva Dövlət Universiteti 
								arasında əldə olunmuş razılaşma çərçivəsində 
								tələbə, magistr və aspirantların Rusiyanın bu 
								nüfuzlu təhsil ocağına göndərilməsi buna 
								misaldır. 
								
								
								2008-ci ilin yanvarında Rusiyanın ən nüfuzlu ali 
								təhsil müəssisəsi olan M.V.Lomonosov adına 
								Moskva Dövlət Universitetinin Bakıda filialının 
								açılması da Rusiya-Azərbaycan təhsil 
								əlaqələrinin uğurlu inkişafının nəticəsi hesab 
								edilməlidir. Düşünürəm ki, bu təhsil müəssisəsi 
								rəqabətqabiliyyətli kadrların hazırlanması 
								prosesinə öz töhfəsini verəcəkdir.  
								
								
								Bunlarla yanaşı qeyd etmək lazımdır ki, 
								ölkəmizin digər ali məktəbləri də Rusiyanın 
								müvafiq ali məktəbləri ilə əməkdaşlıq əlaqələri 
								yaratmışlar. Bir çox orta məktəblərimiz 
								Rusiyanın orta məktəbləri ilə birbaşa əlaqələr 
								yaratmış və birgə layihələr həyata 
								keçirməkdədirlər.  
								
								
								Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü 
								ilə hər il 40-50 rus dili və ədəbiyyatı müəllimi 
								Rusiyada ixtisasartırma təhsilinə cəlb olunur, 
								son illərdə bu kursların Azərbaycanda təşkil 
								edilməsi üçün hazırlıq işləri həyata keçirilir.
								 
								
								
								Moskva hökumətinin dəvəti ilə Azərbaycan 
								məktəblilərinin Rusiyaya səfərlərinin təşkili 
								sahəsində artıq ənənə yaranmışdır. Hər il 50-dək 
								azərbaycanlı məktəblinin Moskvaya səfəri təşkil 
								edilir ki, bu da ölkələrarası əlaqələrin 
								inkişafına xidmət edir. 
								
								
								Rusiya ilə təhsil əlaqələrindən bəhs edərkən 
								Moskva şəhərində fəaliyyət göstərən 57 nömrəli 
								Azərbaycan etnomədəni komponentli orta məktəbi 
								xüsusi vurğulamaq lazımdır. Bu təhsil müəssisəsi 
								müxtəlif millətlərə məxsus şagirdlərin təhsilini 
								təşkil etməklə yanaşı, Azərbaycanın milli 
								dəyərləri və ənənələrinin təbliği sahəsində də 
								səmərəli fəaliyyət göstərir, iki ölkə arasında 
								təhsil əlaqələrinin inkişafında körpü rolunu 
								oynayır. Onu da qeyd edim ki, hər dərs ilində 
								həm bu məktəb, həm də Dağıstan məktəblərində 
								təhsil alan soydaşlarımız dərslik və dərs 
								vəsaitləri ilə təmin edilirlər.  
								
								
								2009-2010-cu tədris ilindən başlayaraq Rusiyanın 
								Təhsil və Elm Nazirliyi Rusiyanın Azərbaycandakı 
								səfirliyi ilə birlikdə Azərbaycanın 50 
								məktəbində rus dilinin intensiv tədrisi 
								layihəsinə başlamışdır. Gələcəkdə onun əhatə 
								dairəsinin daha da genişləndirilməsi nəzərdə 
								tutulur.  
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat 
								
								 
								elmləri doktoru, professor  |