| 
								 
								
								Şagirdlərin, xüsusilə, kiçikyaşlıların məktəbdə 
								ingilis dili dərsinə sərf etdiyi vaxt adətən 
								çox  olmur. Onlar ancaq müəllimlə danışa 
								bilirlər, əksər uşaqların isə danışmaq imkanı 
								olmur. Qruplarla və cütlərlə işləmək isə onlara 
								daha çox ünsiyyətdə olmaq imkani verir və dərsdə 
								dil mühitinin yaranmasına kömək edir. Nəzərə 
								almaq lazımdır ki, uşaqlara sərbəst olmaq üçün 
								yer və fürsət lazımdır. 
								
								
								Kiçik qruplarla və cütlərlə iş onlara psixoloji 
								"yer", "sahə" verir ki, buna nail olsunlar. 
								Qruplarla və cütlərlə iş uşaqlara habelə fikir 
								mübadiləsi etməyə və yaradıcı olmağa şərait 
								yaradır və dərs prosesinə temp və rəngarənglik 
								gətirir. Bütöv siniflə, xüsusilə şagirdlərin 
								sayının çox olduğu siniflə işləmək daha çox 
								diqqət tələb edir və bu zaman hər bir şagirdə 
								fərdi yanaşmaq olmur. Buna görə də qruplar və 
								cütlərlə işə daha çox yer ayırmaq lazımdır. Amma 
								bu işi düzgün təşkil etmək çox vacibdir. 
								 
								
								
								Qruplarla və cütlərlə işə başlamazdan əvvəl əmin 
								olmaq gərəkdir ki, uşaqlar nə etmək lazım 
								olduğunu dəqiq bilirlər. Onlara göstərişləri həm 
								ingilis dilində, həm də ana dilində vermək olar 
								və müəllim 1-2 şagirdlə sinfin qarşısında 
								tapşırığı necə yerinə yetirmək lazım olduğunu 
								nümayiş etdirsə, daha yaxşı olar. Uşaqlar 
								işləyərkən isə müəllim arada gəzərək onları 
								dinləməli və lazım gəldikcə onlara kömək 
								etməlidir. Yaxşı olar ki, cütlərlə işə vaxt 
								limiti qoyulsun. Verilən vaxt şagirdlərə 
								tapşırığı yerinə yetirməyə və diqqətlərini 
								cəmləşdirməyə kifayət etməlidir. Eyni dərəcədə 
								vaxtın çox az olmamasına da diqqət yetirmək 
								lazımdır. 
								
								
								Uşaqlara verilən tapşırığın məqsədi aydın 
								olmalıdır, uşaqlar bilməlidirlər ki, müəllim 
								onlardan nə gözləyir. Tapşırıq elə seçilməlidir 
								ki, nəticəsi praktik olsun. Dərs prosesində bəzi 
								uşaqlar tapşırığı digərlərindən tez yerinə 
								yetirirlər. Bu halda qısa əlavə tapşırıqların 
								verilməsi yaxşı olar. 
								
								
								Balaca qruplar özlərini adlandıra bilərlər: bu, 
								rəng, gül və ya heyvan adı ola bilər. Vaxtaşırı 
								qrupları yenidən formalaşdırarkən yeni ad seçilə 
								bilər. 
								
								
								Kiçikyaşlılar üçün fiziki hərəkətlər gündəlik 
								həyatın bir hissəsidir. Onlar günün çox 
								hissəsini oturanda, bu, yorğunluğa səbəb ola 
								bilər və onların öyrənmə imkanını azaldar. 
								Uşaqların daha çox fiziki hərəkətlərə ehtiyacı 
								var və bu hərəkətlər, qarşılıqlı ünsiyyət onlara 
								ətraf mühiti dərk etməyə kömək edir. Təbiidir 
								ki, uşaqlar yaşlılara nisbətən daha 
								hərəkətlidirlər və biz müəllimlər bu 
								potensialdan düzgün istifadə etməklə öyrənmə 
								prosesini daha səmərəli təşkil edə bilərik. 
								Əgər  uşaqlar uzun müddət parta arxasında oturub 
								passivləşmişlərsə, dərsi, özündə fiziki 
								hərəkətləri cəmləşdirən fəaliyyət növü tətbiq 
								etməklə canlandırmaq olar.  
								
								
								Məlumdur ki, ibtidai siniflər üçün ingilis dili 
								dərsliyinin iş dəftəri də vardır. Dəftərin 
								dərsdə işlənməsi daha faydalı olar. Bundan 
								başqa, uşaqları şəkilli lüğət hazırlamağa 
								həvəsləndirmək də olar. Müəllim sözlər yazılmış 
								vərəqləri lövhəyə sancır və uşaqlara tapşırıq 
								verir ki, sözlərə aid şəkil çəksinlər. Daha 
								sonra isə uşaqlar şəkilləri sözün altına 
								yapışdırırlar. Müəllim isə bu zaman onlarin 
								düzgün olub-olmadığına nəzarət edir. 
								
								Səkillərlə işi başqa cür də davam etdirmək olar: 
								məsələn, "Find something beginning with the 
								letter B", ya da "Find a fruit that is yellow". 
								
								
								Səkillərlə "Bingo" oyunu da oynamaq olar. 
								Cütlərlə oynanılan "Guess what?" (Tap görüm!) 
								oyunu uşaqların çox xoşuna gəlir: sagirdin biri 
								şəkil seçir, digəri isə onu tapmaq üçün suallar 
								verir. 
								
								
								Bütun yuxarıda qeyd etdiklərim, fikrimcə, dərs 
								prosesini daha məhsuldar edir və hər bir 
								sagirdin dərsdə fəal iştirakını təmin edir.  
								
								
								
								Fatimə SüLEYMANOVA, 
								Bakıdakı 287 nömrəli   
								"Zəkalar" liseyinin ingilis dili müəllimi  |