| 
								 
								
								Bakı Dövlət Universiteti tədris hissəsinin 
								müdiri, kimya elmləri namizədi, dosent İbad 
								İbadov bizimlə söhbətində  bildirdi ki, ötən 
								illərdən fərqli olaraq bu tədris ilində 
								sessiyanın keçirilməsində müəyyən yeniliklər 
								tətbiq olunub. Belə ki, bütün imtahanlar 
								monitorinq formasında aparılır. Yazılı formada 
								keçirilən imtahanlarda tələbələrin yazı işləri 
								kodlaşdırılır və anonim şəkildə, özü də fənni  
								tədris edən müəllim tərəfindən deyil, kafedranın 
								eyni ixtisaslı digər müəllimləri tərəfindən 
								yoxlanılır və kredit sisteminin tələblərinə 
								uyğun 50 balla qiymətləndirilərək tələbələrə 
								elan olunur. Bu da tələbələrin biliyinin 
								qiymətləndirilməsində obyektivliyin təmin 
								olunmasına tam şərait yaradır. 
								
								
								Hər gün səhər saat 9.00-dan etibarən universitet 
								üzrə imtahan keçiriləcək bütün qruplara 
								qeyri-ixtisas müəllimlərindən koordinatorlar 
								təyin edilir. Hər qrupa təyin olunmuş 2 nəfər 
								müəllim-koordinator imtahanların gedişinə 
								bilavasitə nəzarət edir. Köçürmə hallarına qəti 
								yol verməmək müəllim-koordinatorlara ciddi 
								tapşırılıb. ötən illərdən fərqli olaraq 
								tələbələr arasında köçürmə hallarına çox az 
								təsadüf olunur və belələri dərhal koordinatorlar 
								tərəfindən imtahanın gedişindən kənarlaşdırılır. 
								
								
								İmtahanların gedişinə bilavasitə nəzarət etmək 
								üçün prorektorlar və digər struktur rəhbərləri 
								rektor tərəfindən fakültələrə təhkim olunublar. 
								
								
								Universitetdə fəaliyyət göstərən "qaynar xətt"in 
								telefon nömrələri bütün tədris korpuslarında 
								asılıb. Eyni zamanda bütün korpuslarda xüsusi 
								qutular yerləşdirilib. Tələbələr imtahanların 
								gedişi haqqında öz rəy və təkliflərini, 
								iradlarını, narazılıqlarını onların vasitəsi ilə 
								bildirə bilərlər. 
								
								
								Sessiyanın gedişini operativ izləmək məqsədi ilə 
								rektorun əmrinə  əsasən qərargah yaradılıb. Hər 
								gün onun iclası keçirilir və sessiyanın 
								gedişində yarana biləcək hər hansı bir narazılıq 
								qərargahda dərhal müzakirə olunur. 
								
								
								Bir sıra qeyri-hökumət təşkilatlarının 
								nümayəndələri sessiyanın gedişini izləməyə cəlb 
								olunublar. Onlar Təhsil Nazirliyi tərəfindən 
								seçilib müəyyənləşdirilmiş qruplarda 
								imtahanların gedişinə bilavasitə nəzarət 
								edirlər. İmtahanların təşkili, sessiyanın gedişi 
								hər gün rektorun nəzarətindədir və gündəlik 
								müzakirə olunur. 
								
								
								
								Y.ƏLİYEV  |