| 
								 
								
								Yanvarın 10-da respublikamızda məktəblilərin 
								fənn olimpiadasının II rayon (şəhər) mərhələsi 
								keçirildi. Bu turda I mərhələnin qalibləri olan 
								IX, X, XI sinif şagirdləri riyaziyyat, 
								informatika, fizika, kimya, biologiya, 
								Azərbaycan dili və ədəbiyyat,  Azərbaycan tarixi 
								fənləri üzrə yarışırdılar.  
								
								
								Bu mötəbər bilik yarışının növbəti turunun 
								keçirilməsi üçün paytaxtda 3 məktəb ayrılmışdı. 
								Yarışlar riyaziyyat, informatika və fizika 
								fənləri üzrə 160, kimya və biologiya fənləri 
								üzrə 8, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan 
								tarixi fənləri üzrə 23 nömrəli məktəblərdə 
								keçirilirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								ümumi təhsil sektorunun müdiri Firudin 
								Həmzəyevdən öyrəndik ki, bu mərhələdə paytaxtın 
								ümumtəhsil məktəblərinin 1050 yetirməsi iştirak 
								edir. Hər üç məktəbdə olimpiadaya nümunəvi 
								hazırlıq işləri görülmüş, siniflər və fənlər 
								üzrə otaqlar ayrılmış, lazımi tədris vəsaitləri 
								ilə təmin edilmişdi. Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin müvafiq əmrinə əsasən hər otağa 1 
								nəfər qeyri-ixtisas fənn müəllimi nəzarətçi 
								təyin olunmuşdu. Onlar öz vəzifələrini təlimata 
								uyğun yerinə yetirirdilər. Bütövlükdə turun 
								gedişinə isə idarənin müdiri, əməkdar müəllim 
								Nailə Rzaquliyeva, onun müavini, əməkdar müəllim 
								Məhəmməd Bayramov rəhbərlik və nəzarət 
								edirdilər.  
								
								
								F.Həmzəyevlə birlikdə yarışlar gedən bir neçə 
								otağa baş çəkdik. Şagirdlər diqqətlə verilən 
								tapşırıqlar üzərində işləyirdilər. Bu tur üçün 
								tapşırıqlar təlimata uyğun olaraq Təhsil 
								Nazirliyi tərəfindən hazırlanmışdı. Ana dili və 
								ədəbiyyatdan qüvvəsini sınayan 14 nömrəli 
								məktəbin X sinif şagirdi Seymur Əşrəfli, 
								Azərbaycan tarixi fənnindən yarışa qatılan 254 
								nömrəli məktəbin IX sinif şagirdi Arif Rəsulov, 
								nəzarətçi müəllim, 15 nömrəli məktəbin fizika 
								müəllimi Gülyaz Əfəndiyeva ilə qısa söhbətdən 
								məlum oldu ki, olimpiada tapşırıqları tədris 
								proqramlarına uyğun hazırlanıb, siniflər üzrə 
								yüksək bilikli şagirdin səviyyəsinə müvafiqdir. 
								Şagirdlər onları cavablandırmaqda çətinlik 
								çəkmirlər. 
								
								
								Olimpiada işləri elə həmin gün münsiflər heyəti 
								tərəfindən qiymətləndirildi. 
								
								
								
								Yusif ƏLİYEV  |