| 
								 
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 
								iyun 2009-cu il tarixli, 682  nömrəli əmrinə 
								əsasən 2009-cu il 4-5 dekabr tarixlərində Təhsil 
								Nazirliyinin   təşkilatçılığı ilə Azərbaycan 
								Dillər  Universitetinin bazasında 
								doktorantların  və gənc tədqiqatçıların  XIV 
								Respublika elmi konfransı keçirilmişdir. 
								Konfransın bölmə iclaslarının aparılmasına və 
								məruzələrin elmi səviyyəsinin 
								qiymətləndirilməsinə görkəmli alimlər cəlb 
								edilmişdir. 
								
								
								Təşkilat Komitəsinə 20 ali məktəbdən 298 məruzə 
								tezisi göndərilmiş və həmin məruzələrin adları 
								proqrama daxil edilmişdir. 
								
								
								Konfransın 19 bölməsində  222  məruzə 
								dinlənilmiş və müzakirə edilmişdir. 
								Məruzəçilərdən 58 nəfəri elmi işinin aktuallığı, 
								yeniliyi və mövzusunu auditoriyaya çatdırmaq 
								bacarığı ilə fərqlənmişdir. Təşkilat Komitəsinin 
								qərarına əsasən  konfransda dinlənilmiş  və 
								bölmə sədrləri tərəfindən nəşrə layiq görülmüş 
								məruzə tezislərinin doktorantların və gənc 
								tədqiqatçıların XIV Respublika elmi konfransının 
								materiallarına daxil edilməsi  və  nəşr olunması 
								nəzərdə tutulmuşdur.  
								
								
								Azərbaycan Dillər Universitetinin rəhbərliyi 
								tərəfindən konfransın keçirilməsi üçün müvafiq 
								şərait yaradılmış və lazımi tədbirlər operativ 
								şəkildə həyata keçirilmişdir.  
								
								
								Qeyd olunanları nəzərə alaraq  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq 
								doktorantlar və gənc tədqiqatçılar üçün 
								keçirilən respublika elmi konfranslarının ali 
								məktəblərdə gənc alimlərin hazırlanmasına müsbət 
								təsiri qeyd edilsin. 
								
								
								2. Bölmə sədrlərinin rəyinə əsaslanaraq 
								doktorantların və gənc tədqiqatçıların XIV 
								Respublika  elmi konfransında dinlənilmiş 
								məruzələrin elmi səviyyəsinin ümumilikdə keçən 
								konfransa nisbətən daha yüksək olması müsbət hal 
								kimi qeyd edilsin. 
								
								
								3. Doktorantların və gənc tədqiqatçıların XIV 
								Respublika elmi konfransının bölmə sədrlərinə və 
								həmsədrlərə bölmənin işinin təşkilində səmərəli 
								fəaliyyətlərinə görə Təhsil Nazirliyinin 
								təşəkkürü elan edilsin. 
								
								
								4. Bölmə sədrlərinin qərarlarına əsasən 
								doktorantların və gənc tədqiqatçıların  XIV 
								Respublika elmi konfransında  fəal iştirak 
								etmiş  doktorant və gənc tədqiqatçılara 
								sertifikatlar təqdim edilsin.  
								
								
								5. Bölmə sədrlərinin qərarlarına əsasən 
								doktorantların və gənc tədqiqatçıların XIV 
								Respublika elmi konfransında ən yaxşı məruzə ilə 
								çıxış etmiş aşağıda adları göstərilən doktorant 
								və gənc tədqiqatçılar noutbukla 
								mükafatlandırılsın: 
								
								
								- Nağıyev Elnur Vaqif oğlu, Bakı Dövlət 
								Universitetinin doktorantı, "Kürün aşağı 
								axınında yerləşən şəhərlərin ekoloji şəraitinə 
								görə qiymətləndirilməsi" məruzəsinə görə; 
								 
								
								
								- Əsgərova Nuranə Şakir qızı, Azərbaycan Dillər 
								Universitetinin doktorantı, "Subtitr və onun 
								tərcüməsi" məruzəsinə görə; 
								
								
								- Novruzova Gülnar Vəli qızı, Azərbaycan  
								Memarlıq  və İnşaat  Universitetinin doktorantı, 
								"Kanalların çöküntülərdən təmizlənməsinin əsas 
								xüsusiyyətlərinin tətbiqi" məruzəsinə görə; 
								
								
								- Salamov Əlisgəndər Akif oğlu, Azərbaycan 
								Texniki Universitetinin doktorantı, "Külək 
								mühərriklərində istifadə olunan rotorlu və 
								qanadlı pərlərin müqayisəli analizi" məruzəsinə 
								görə;  
								
								
								- Səmədov Samir Bəxtiyar oğlu,  Bakı Dövlət 
								Universitetinin doktorantı,  "İssledovaniye 
								problemı otkazoustoyçivosti raspredelennıx 
								sistem" məruzəsinə görə. 
								
								
								6. Doktorantların və gənc tədqiqatçıların XIV 
								Respublika elmi konfransının  Azərbaycan Dillər 
								Universitetində keçirilməsi üçün əlverişli 
								şərait yaradıldığına görə həmin universitetin 
								rektoru, professor Səməd Seyidova və elmi işlər 
								üzrə prorektoru, professor Dünyamin Yunusova 
								Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
								 
								
								
								7. Təhsil Nazirliyinin Elm şöbəsinə 
								(G.Hüseynova) tapşırılsın: 
								
								
								7.1. Doktorantların və gənc tədqiqatçıların XIV 
								Respublika elmi konfransının materialları nəşrə 
								hazırlanıb çap olunmaq məqsədilə Azərbaycan 
								Dillər Universitetinə təqdim edilsin. 
								
								
								7.2. Bu əmrin 2 nömrəli əlavəsində adları 
								çəkilən doktorant və gənc tədqiqatçılar üçün 
								müvafiq sertifikatların  hazırlanması təmin 
								edilsin. 
								
								
								7.3. Doktorantların və gənc tədqiqatçıların XV 
								Respublika elmi konfransının keçirilməsi 
								haqqında təkliflər hazırlanıb 10 fevral 2010-cu 
								il tarixə qədər nazirliyin rəhbərliyinə təqdim 
								edilsin. 
								
								
								8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Təhsil xəbərləri" məlumat-informasiya 
								məcmuəsində, "Azərbaycan müəllimi" qəzetində 
								dərc edilməsini və nazirliyin İnternet 
								səhifəsində yerləşdirilməsini təmin etsin.
								 
								
								
								9. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb ali 
								təhsil müəssisələrinə çatdırılmasını təmin 
								etsin. 
								
								
								10. Əmrin icrasına nəzarət təhsil nazirinin 
								müavini İ.Hüseynovaya həvalə edilsin.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının  
								təhsil naziri  
								21 dekabr 2009-cu il  |