| 
								 
								
								Naxçıvan Dövlət Universitetinin Elmi 
								kitabxanasında şair-publisist, filologiya 
								elmləri namizədi, dosent Əbülfəz Muxtaroğlunun 
								70 illiyinə həsr olunmuş  yubiley tədbiri 
								keçirilib. 
								
								
								Tədbirdə  çıxış edən NDU-nun rektoru, akademik  
								İsa Həbibbəyli yubilyarı bu əlamətdar hadisə 
								münasibətilə təbrik edib,  şairin həyat və 
								yaradıcılıq yolundan geniş söz açıb. 
								
								
								Vurğulanıb ki, bu təhsil ocağında çalışdığı 
								dövrdə şair ruhlu bu nümunəvi müəllim tələbə və 
								müəllimlərin  rəğbətini, sevgisini qazanıb, 
								istər kollektiv daxilində, istərsə də şeir 
								sənətində  özünəməxsusluğu ilə daim seçilib. 
								 
								
								
								Sonra müəllim həmkarları və dostları adından 
								çıxış edən Azərbaycan dilçiliyi kafedrasının 
								müdiri, filologiya elmləri doktoru, professor 
								Sevindik Vəliyev, həmin kafedranın müəllimi, 
								filologiya elmləri namizədi, dosent Arif 
								Ağalarov, Xarici tələbələrlə iş üzrə dekan, 
								filologiya elmləri namizədi, dosent Xanəli 
								Kərimli, "Qeyrət" nəşriyyatının direktoru, tarix 
								elmləri namizədi  Vaqif  Məmmədov yubilyarın 
								vətənpərvərlik, məhəbbət, təbiət və başqa 
								mövzulardakı şeirlərinin sadəliyini diqqətə 
								çatdırıblar.    
								
								
								Tələbələrin müəllifin "Peşiman deyiləm" və 
								"Naxçıvan" adlı şeirlərinin  bədii qiraəti isə 
								tədbirə xüsusi rəng qatıb. 
								
								
								Yubilyara Elmi kitabxanın  rəhbərliyi adından 
								hədiyyə təqdim olunub.  
								
								
								Sonda ürək sözlərini çatdıran yubilyar şair 
								göstərilən qayğı və diqqətə görə dərin 
								minnətdarlığını ifadə edib.   
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun Mətbuat şöbəsinin əməkdaşı  |