| 
								 
								
								Yanvarın 14-də "Park İnn" otelində ali təhsildə 
								maliyyələşdirmə mexanizmləri üzrə seminar 
								keçirildi. 
								
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov hörmətli qonaqları və rəsmi dövlət 
								nümayəndələrini salamlayaraq giriş sözü ilə 
								çıxış etdi. Nazir qeyd etdi ki, sürətli 
								dəyişikliklərin baş verdiyi müasir dövrdə 
								cəmiyyətin sosial-iqtisadi tərəqqisində, 
								rəqabətə davamlı insan kapitalının 
								formalaşmasında, davamlı inkişafa zəmin yaradan 
								iqtisadiyyatın qurulmasında ali təhsilin 
								müstəsna rolu vardır. Qloballaşmanın geniş vüsət 
								aldığı müasir dövrdə hər bir ölkənin 
								iqtisadiyyatının inkişafı, onun uğurlu gələcəyi, 
								inkişaf etmiş ölkələr sırasına daxil olması 
								həmin ölkədə təhsilin səviyyəsi ilə 
								müəyyənləşir. Bu cəhətdən ölkənin malik olduğu 
								təbii sərvətlərin cəmiyyətin hərəkətverici 
								qüvvəsi olan insan kapitalına çevrilməsi ali 
								təhsilin qarşısında duran əsas vəzifələrdən 
								biridir. Bütün bu amillər qarşıya respublikada 
								ali təhsil sahəsində islahatların 
								istiqamətlərinin dünyada ali təhsilin inkişaf 
								tendensiyalarına uyğun müəyyənləşdirilməsi 
								zərurətini qoyur. Əgər bu amillərin sırasına 
								2005-ci ilin mayında ölkəmizin Boloniya 
								prosesinə qoşulması, Azərbaycan Respublikasının 
								Prezidenti İlham  Əliyevin neftdən və qazdan 
								gələn gəlirlərin ölkədə insan potensialının 
								inkişafına yönəldilməsi ideyaları, azərbaycanlı 
								gənclərin dünyanın nüfuzlu universitetlərində 
								təhsil almağa göndərilməsi, ölkənin ali təhsil 
								sistemində islahatlar üzrə dövlət proqramlarının 
								təsdiqi də əlavə edilsə, bugünkü seminarın 
								aktuallığı daha aydın görünər.  
								
								
								Bu tədbirin Dünya Bankının birbaşa dəstəyi ilə 
								artıq ikinci dəfə keçirildiyini diqqətə çatdıran 
								Misir Mərdanov bildirdi ki, seminarların 
								keçirilməsində, dünyanın müxtəlif ölkələrində 
								ali təhsillə bağlı simpozium və konfranslarda 
								iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu 
								sahə ilə bağlı tendensiyalarla yaxından tanış 
								olmaq və onlardan ölkənin ali təhsilinin 
								inkişafında istifadə etməkdir. Təhsil sahəsində 
								həyata keçirilən bütün islahatların, o cümlədən 
								maliyyələşmə ilə bağlı islahatların təhsilin 
								keyfiyyətini yüksəldəcəyinə və ali təhsil 
								imkanlarını genişləndirəcəyinə ümidini ifadə 
								edən nazir qeyd etdi ki, ölkəmizdə bütün bunlar 
								üçün əsaslı baza formalaşmışdır. Son illərdə 
								dövlətin diqqət və qayğısı nəticəsində ali 
								məktəblərin maddi-texniki bazası möhkəmlənmiş, 
								müasir avadanlıq və texnologiyalarla təminatda 
								əhəmiyyətli işlər görülmüş, professor-müəllim 
								heyətinin əməkhaqqı hiss olunacaq dərəcədə 
								artırılmışdır. 
								
								
								Sonra təhsil naziri "Ali təhsildə yeni 
								maliyyələşdirmə mexanizmi" mövzusunda 
								məruzə-təqdimatla çıxış etdi. Təqdimatda 
								Azərbaycan Respublikasının ali təhsil sistemi, 
								ölkədə fəaliyyət göstərən ali təhsil 
								müəssisələri, ali təhsilə dövlət büdcəsindən 
								ayrılan vəsait və s. haqqında ətraflı məlumat 
								verildi, mövcud problemlər diqqətə çatdırıldı və 
								maliyyələşdirmə ilə bağlı təkliflər səsləndi. 
								
								
								Daha sonra seminarın proqramına müvafiq olaraq 
								Dünya Bankının baş təhsil mütəxəssisi Riçard 
								Hopper "Ali təhsilin maliyyələşdirilməsi və bu 
								sahədə olan innovasiyalar", Dünya Bankının ali 
								təhsil proqramının koordinatoru Cəmil Səlmi 
								"Müəssisələrin birbaşa və dolayı 
								maliyyələşdirilməsi", ali təhsilin 
								maliyyələşdirilməsi üzrə məsləhətçi Con Filden 
								"Düstur əsasında maliyyələşdirmə", Litva 
								Respublikasının təhsil və elm naziri Gintaras 
								Steponaviçius "Litvanın vauçer sistemi" və onun 
								müşaviri Gitautas Damiyonaytis "Litvada düstur 
								əsasında maliyyələşdirmə" mövzusunda 
								məruzə-təqdimatlarla çıxış etdilər. 
								
								
								Fasilədən sonra dinlənilən təqdimatlara əsasən 
								ayrı-ayrı məsələlər - əsas büdcənin düsturla 
								maliyyələşdirilməsi, strateji prioritetlər üzrə 
								vəsaitləri təmin edən rəqabətli maliyyələşmə, 
								tədris üzrə əsas maliyyələşməni təmin edən 
								vauçer sistemi, kapital qoyuluşlarını təmin edən 
								maliyyələşmə, tədqiqatların müxtəlif mənbədən 
								maliyyələşdirilməsi və mərkəzdən idarə olunan 
								dövlət vəsaitləri üçün strateji seçimlərlə bağlı 
								müzakirələr aparıldı.  
								
								
								
								Hicran ƏKBƏROVA  |