| 
								 
								
								Martın 31-də Tofiq İsmayılov adına Uşaq-Gənclər 
								Yaradıcılıq Sarayının "Uşaq dünyası" 
								qalereyasında Azərbaycanlılara qarşı ermənilər 
								tərəfindən törədilmiş soyqırımlara həsr olunmuş 
								"Erməni genosidi" mövzusunda respublika rəsm 
								müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirildi. 
								Təhsil Nazirliyinin təşkilatçılığı ilə 
								keçirilmiş müsabiqəyə respublikanın ali, orta 
								ixtisas, peşə təhsili müəssisələrinin və 
								ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinin 
								təqdim etdikləri 400-ə yaxın rəsm əsərindən 
								250-si Respublika Rəssamlıq Akademiyasının 
								mütəxəssisləri tərəfindən seçilmişdir. Növbəti 
								seçimdə isə 36 rəsm əsəri I, II və III yerlərə 
								layiq görülmüşdür.  
								
								
								Tədbiri giriş sözü ilə açan təhsil nazirinin 
								müavini Elmar Qasımov bildirdi ki, ermənilərin 
								azərbaycanlılara qarşı törətdikləri soyqırımlar 
								XX əsrin ən dəhşətli faciələrindəndir. Belə 
								faciələr müəyyən dövrlərdə respublikamızın 
								müxtəlif bölgələrində sistemli şəkildə 
								törədilmişdir. Həmin soyqırımların izləri hələ 
								də açılmaqdadır. Nazir müavini qeyd etdi ki, 
								Qubadakı kütləvi məzarlıq erməni vəhşiliyi və 
								vandalizmini açıq şəkildə sübut edir. Elmar 
								Qasımov dəhşətli soyqırımların tez-tez 
								xatırlanması və mahiyyətinin daha dərindən 
								öyrənilməsi üçün belə tədbirlərin keçirilməsinin 
								zəruriliyini bildirdi. O, qeyd etdi ki, bu 
								qalereyadakı rəsm əsərləri erməni vəhşiliyinə 
								qarşı nifrəti əks etdirməklə yanaşı, həm də 
								gənclərdə vətənpərvərlik ruhunun yüksək dərəcədə 
								olduğunu göstərir. 31 mart 1918-ci ildə 
								ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş 
								soyqırımına ümummilli liderimiz Heydər Əliyev 
								1998-ci ildə siyasi və hüquqi qiymət verərək 
								tarixi fərman imzalamışdır. Bildirildi ki, 
								soyqırımlar dünyanın bütün xalqlarının diqqətinə 
								çatdırılmalı və bu işdə hər bir azərbaycanlı öz 
								köməyini əsirgəməməlidir. 
								
								
								Sonra respublika Ailə, qadın və Uşaq Problemləri 
								üzrə Dövlət Komitəsinin sədr müavini Aynur 
								Sofiyeva çıxış edərək ermənilərin tarix boyu 
								azərbaycanlılara qarşı yeritdiyi məkrli 
								siyasətdən söz açdı. Qeyd etdi ki, bu 
								soyqırımlar zamanı qadın və körpələr, şikəst və 
								qocalar öldürülmüşdür. O, soyqırımın 
								fəsadlarının hələ də davam etdiyini və 
								insanlarda psixoloji problemlər yaratdığını 
								vurğulayaraq, günahkarların tezliklə 
								cəzalanacağına ümid etdiyini bildirdi. 
								A.Sofiyeva belə müsabiqələrin və tədbirlərin 
								keçirilməsini təqdirəlayiq hal kimi 
								qiymətləndirərək, təhsil naziri Misir Mərdanova 
								və təhsil ictimaiyyətinə minnətdarlığını 
								bildirdi. 
								
								
								Sonda müsabiqənin qaliblərinə Təhsil Nazirliyi 
								tərəfindən diplom və hədiyyələr verildi. 
								
								
								İştirakçılar erməni vəhşiliyini  əks etdirən 
								rəsm əsərlərinə baxdılar.  
								
								
								Niyazi RƏHİMOV  |