| 
								 
								
								Müəllim cəmiyyəti işıqlandıran bir günəşdir. Bu 
								günəş öz şəfəqləri ilə daim insanların yoluna 
								nur saçır. Belə müəllimlərdən biri də Bakıdakı 
								134 nömrəli orta məktəbin riyaziyyat müəllimi 
								Aidə Əliyevadır. O, 1955-ci ildə Dərbənd 
								şəhərində anadan olmuş, 1967-ci ildə isə ailəsi 
								ilə birlikdə Bakı şəhərinə köçmüşdür.1976-cı 
								ildə APİ-nin riyaziyyat fakültəsini bitirərək 
								pedaqoji fəaliyyətə başlamışdır.  
								
								
								Aidə müəllim sadəliyi,səmimiliyi və tələbkarlıgı 
								ilə seçilən, peşəsinin vurğunu olan bir 
								müəllimdir. O öz nüfuzunun keşiyində durmağı, 
								bunun üçün özünə daim nəzarət etməyi, 
								şagirdlərin və valideynlərin gözü ilə özünə 
								kənardan baxmağı bacarır. Elə bu keyfiyyətləri 
								özündə cəmləşdirməyi onun əsl müəllim olduğunu 
								sübut edir. 
								
								
								A.Əliyeva gənc yaşlarından bu müqəddəs peşəyə 
								bağlanmış,qəlbi müəllim olmaq arzusu ilə 
								döyünmüşdü. Məhz bu istək, arzu onu məktəbə 
								gətirmiş və müəllim peşəsinə yiyələnməsinə 
								stimul vermişdi.Riyaziyyat fənnini seçməsi isə  
								təsadüfi deyildi. O bu fənni çox sevir və 
								düşünür ki, riyaziyyat dəqiq fənn olaraq  bütün 
								elmlərin açarıdır. 
								
								
								Aidə müəllim həmişə öz üzərində işləyərək elmin 
								sirlərini daha da mükəmməl öyrənməyə,bilik və 
								bacarığını artırmaga çalışır.Bu çalışqanlıq və 
								fədakarlıq onu özü də bilmədən zirvələrə 
								ucaldır. A.Əliyeva 1996-cı ildə "İlin ən yaxşı 
								müəllımı" müsabiqəsinin qalibi olmuşdur. 
								
								
								Şagirdlərini öz övladı kimi sevən və onların 
								şəxsiyyət kimi formalaşmasında xüsusi rol 
								oynayan Aidə müəllim vaxtaşırı uşaqlarla 
								gəzintiyə çıxır, dünyagörüşlərinin 
								genişləndirilməsinə çalışır. 
								
								
								Aidə müəllimin dediklərindən:  
								
								
								- Müəllim həmişə öz adını,şərəfini hər şeydən 
								üstün tutmalıdır. Mənə elə gəlir ki, müəllimin 
								ədalətli və obyektiv olması əsas şərtlərdəndir. 
								Müəllim  hərtərəfli intellektual inkişafa malik 
								olmalı, xüsusən öz ixtisası sahəsində dərin 
								biliklərə yiyələnməlidir. Mən də bütün 
								müəllimlər kimi həmişə çalışıram kı, tədris 
								materiallarını şagirdlərə çatdıram. Bu, mənim 
								üzərimə düşən müqəddəs vəzifə borcudur. Daim bu 
								vəzifənin öhdəsindən gəlməyə, onu yerinə 
								yetirməyə çalışıram.Mənim həyatda ən böyük arzum 
								müəllim olmaq idi. Bu arzuma çatmışam və buna 
								görə öz müəllimlərimə borcluyam. İndi mən də bir 
								müəllim kimi çalışıram ki, şagirdlərim  öz 
								arzularına çataraq, istədikləri peşəyə 
								yiyələnsinlər. Bunun üçün əlimdən gələni 
								əsirgəmirəm. Biz müəllimlər həmişə onları 
								gələcəyə inamla baxmağa,zirvələri fəth etməyə 
								ruhlandırmalıyıq. Çalışmalıyıq ki, onlarda olan 
								potensialı ortaya çıxarıb səmərəli istifadə 
								edək, respublikamız və xalqımız bundan 
								bəhrələnsin. 
								
								
								Şagirdlərimdən çox razıyam.Onlar heç vaxt mənim 
								əməyimi itirməyiblər. Ən zəif şagirdim belə, az 
								da olsa, riyaziyyatın sirlərindən xəbərdardılar. 
								
								
								Hazırda həm respublikamızın, həm də Avropanın 
								bir çox ali təhsil müəssisələrində oxuyan 
								şagirdlərim var.Arzu edirəm ki, onlar 
								təhsillərini uğurla başa vuraraq respublıkamızın 
								quruculuq işlərində yaxından iştirak etsinlər. 
								Dövlətimizin bayrağını daim uca tutaraq ölkə 
								Prezidenti cənab İlham Əliyevin ətrafında 
								birləşsinlər.Möhtərəm Prezidentimizin həyata 
								keçirdiyi siyasi,iqtisadi siyasətdə ona dəstək 
								olsunlar.Mən buna inanıram və şagirdlərimlə fəxr 
								edirəm. 
								
								
								Bəli, biz də şagirdlərinin  könüllərində özünə 
								yer qazanan Aidə müəllimə  müqəddəs işində 
								uğurlar diləyirik.  
								
								
								
								Niyazi RƏHİMOV  |