| 
								 
								
								Ölkəmizdə pedaqoji kadrların hazırlanmasında 
								böyük xidmətləri olan Azərbaycan Müəllimlər 
								İnstitutunun ötən il 80 illik yubileyi qeyd 
								olunub. Bu münasibətlə və təhsildəki 
								xidmətlərinə görə institutun bir qrup əməkdaşı 
								Azərbaycan Respublikası Prezidentinin 
								sərəncamları ilə orden və medallarla, fəxri 
								adlarla təltif olunub. Martın 19-da institutda 
								təltif olunanlara mükafatların təqdim edilməsi 
								mərasimi keçirilib. 
								
								
								Tədbirdə təhsil naziri Misir Mərdanov iştirak 
								edib. Mərasimi giriş sözü ilə açan AMİ-nin 
								rektoru, professor Aqiyə Naxçıvanlı ötən illər 
								ərzində institutun fəaliyyətindən danışıb.
								 
								
								
								Nazir Misir Mərdanov çıxış edərək ölkədə 
								təhsilin inkişafında, aparılan təhsil 
								islahatlarında, pedaqoji kadrların 
								hazırlanmasında Azərbaycan Müəllimlər 
								İnstitutunun rolunu yüksək qiymətləndirib. 
								
								
								Ölkə Prezidentinin apardığı məqsədyönlü daxili 
								və xarici siyasət nəticəsində respublikada gedən 
								sürətli inkişafdan, təhsilimizin dünya təhsilinə 
								inteqrasiyası sahəsindəki uğurlarından danışan 
								nazir müəllimlərin əməyinə yüksək qiymət 
								verdiyinə görə təhsil işçilərinin Prezident 
								İlham Əliyevə həmişə minnətdar olduqlarını 
								bildirib. Qeyd edib ki, ötən il Prezidentin 
								sərəncamları ilə AMİ-nin rektoru, professor 
								Aqiyə Naxçıvanlı "Şöhrət" ordeni, İctimai fənlər 
								kafedrasının müdiri, professor Vaqif Piriyev 
								"Əməkdar elm xadimi" fəxri adı ilə, həmçinin bir 
								qrup əməkdaş "Tərəqqi" medalı və "Əməkdar 
								müəllim"  fəxri  adı  ilə  təltif  olunublar. 
								Sonra mükafatlar sahiblərinə təqdim edilib. 
								
								
								Sonda professor Aqiyə Naxçıvanlı diqqət və 
								qayğıya görə rəhbərlik etdiyi institutun 
								kollektivi adından ölkə başçısına təşəkkürünü 
								bildirib.  
								
								
								Nizami MİRZƏ   |