| 
								 
								
								Ömrün hər anı o zaman mənalı olur ki, aydın 
								məqsəd yolunda inamlı addımlar atırsan, necə 
								deyərlər, yerişinə-duruşuna, hərəkətinə fikir 
								verirsən, niyyətin saf, əməllərin sözlərinə 
								uyğun olur. Bu cəhətə fikir verənlər həyat 
								yollarında həmişə uğur qazanır, yaxınların - 
								doğmaların, dost-tanışların sevimlisinə 
								çevrilirlər. 
								  
								
								
								Anadan olmasının 60, pedaqoji-elmi fəaliyyətinin 
								40 illiyi bu günlərdə tamam olan həmkarımız, 
								əməkdar incəsənət xadimi, professor Nazim Kazım 
								oğlu Kazımov da hamının sevimlisi, qadir Allahın 
								xalqımıza bəxş etdiyi qənimət insanlardandır. 
								
								
								Professor Nazim Kazımov və sadiq dostları üçün 
								əlamətdar olan bu günlərdə onun keçdiyi mənalı 
								ömür yoluna nəzər salarkən iftixar hissi ilə bu 
								qənaətə gəldik ki, o, öz işini mükəmməl bilən, 
								musiqi təhsili aləmində dəst-xətti, dəyərli 
								fəaliyyət istiqamətləri ilə tanınan, 
								sayılıb-seçilən pedaqoq alimdir. 
								
								
								Xalqına, Vətəninə sədaqətlə xidmət edən bu 
								zəhmətsevər insanın, mahir musiqi pedaqoqunun 
								ömür yolu dahilər, görkəmli sənətkarlar diyarı  
								Naxçıvandan başlanıb. 1950-ci il aprelin 4-də 
								dünyaya gələndə həmişə ağsaqqallıq, kişilik 
								titulunu şərəflə daşıyan Kazım kişiyə, 
								qohum-əqrəbaların istəklisi Həcər anaya 
								gözaydınlığı verənlər çox oldu. Həcər ananın 
								həzin laylaları ilə dünyanı dərk etməyə başlayan 
								Nazimin körpəlik-uşaqlıq illəri də bir-birindən 
								maraqlı keçdi.  
								
								
								Görkəmli pedaqoq-psixoloq alimlərin gəldiyi 
								qənaətə görə, insanın  məktəbəqədər dövrdəki 
								təəssüratlarının, həyat müşahidələrinin və 
								qabiliyyətlərinin zənginliyi sonrakı həyat 
								mərhələlərinin mənalı keçməsi üçün möhkəm zəmin 
								yaradır. Bəlkə elə buna görədir ki, o dövrdə iti 
								hafizəsi, bədii maraq və qabiliyyəti ilə 
								yaşıdlarından fərqlənən Nazim ədəbiyyata, 
								musiqiyə könül verdi. 1956-cı ildə ayaq açdığı 
								Naxçıvan şəhər Üzeyir Hacıbəyov adına 1 nömrəli 
								orta məktəbində və bir neçə il sonra Naxçıvan 
								şəhər musiqi məktəbinin tar sinfində oxuyarkən 
								fəallığı ilə seçildi. Onda ədəbiyyata da, 
								musiqiyə də güclü həvəs vardı. Ona görə də orta 
								təhsilini başa vurarkən iki yolun ayrıcında 
								qaldı. Lakin çox düşünmədən ədəbiyyatı da, 
								musiqini də özünə "yol yoldaşı" etdi. 1966-cı 
								ildə mötəbər musiqi təhsili ocaqlarından sayılan 
								Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi 
								Texnikumunun xalq çalğı alətləri şöbəsinin tar 
								sinfinə daxil oldu. 1967-ci ildən isə qiyabi 
								yolla Azərbaycan Dövlət Universitetinin 
								filologiya fakültəsində təhsil almağa başladı.
								 
								
								
								1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan 
								Dövlət Musiqi Texnikumunu bitirib təyinatla Əli 
								Bayramlı şəhər musiqi məktəbində tar müəllimi 
								kimi pedaqoji fəaliyyətə başlayanda  universitet 
								təhsilini davam etdirdi və 1973-cü ildə buranı 
								filoloq ixtisası üzrə bitirdi. Musiqi təhsilini 
								artırmaq üçün Y.Hacıbəyov adına Azərbaycan 
								Dövlət Konservatoriyasının xalq çalğı alətləri 
								şöbəsinə daxil oldu. Onun daim oxumaq istəyi 
								dost-tanışları tərəfindən təəccüblə qarşılandı. 
								Hətta "bu qədər oxumaqla nə qazanacaqsan?" 
								deyənlər də tapıldı. 
								
								
								Ancaq Nazim müəllim inadından dönmədi. Bilirdi 
								ki, inkişafa, tərəqqiyə, yüksəlişə aparan 
								yolların əsas cığırları məhz ixtisas məktəbindən 
								keçir. Buna görə də sevib-seçdiyi sənətin 
								nəzəri-praktik məsələlərini mükəmməl mənimsəmək 
								üçün gecə-gündüz  hey çalışırdı. İxtisas 
								müəllimləri - xalq artistləri, Dövlət mükafatı 
								laureatları, professorlar Səid Rüstəmov (tar 
								ixtisası üzrə), Süleyman Ələsgərov (dirijorluq 
								ixtisası üzrə) yetirmələrinin uğurlarından 
								fərəhlənir, ifaçılıq qabiliyyətlərini yüksək 
								qiymətləndirirdilər. 
								
								
								"Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov 
								çox qabiliyyətli və həssas musiqiçidir. Onun 
								ifaçılıq və pedaqoji fəaliyyətdə böyük uğurlar 
								qazanacağına əminəm". Görkəmli bəstəkarımız, 
								professor Səid Rüstəmov hələ 33 il əvvəl böyük 
								iftixar hissi ilə yetirməsi haqqında 
								təəssüratını bu sözlərlə bildirmişdi. 
								
								
								1970-ci ildə Əli Bayramlı şəhər musiqi 
								məktəbində əmək fəaliyyətinə başlayan N.Kazımov 
								tezliklə şagirdlərin, onların valideynlərinin və 
								pedaqoji kollektivin sevimlisi oldu. Sonralar 
								Nazim müəllimin əmək kitabçasına yeni-yeni 
								ünvanlar, təhsil ocaqları - Bakıdakı 15, 25 
								nömrəli musiqi məktəbləri yazıldı. 
								
								
								N.Kazımovun 40 illik əmək fəaliyyətinin 16 ili 
								Əli Bayramlı şəhər musiqi məktəbi ilə bağlıdır. 
								O bu məktəbdə tar müəllimi, tədris işləri üzrə 
								direktor müavini, direktor vəzifələrində 
								çalışarkən məktəbin şöhrəti daha da artmışdı. 
								Nazim müəllim o dövrdə şəhər sovetinin deputatı 
								kimi uşaqların və məktəbli gənclərin estetik 
								tərbiyəsi naminə bir sıra mədəni-kütləvi 
								tədbirlərin həyata keçirilməsinə, yeni musiqi 
								kollektivlərinin - xalq çalğı alətləri 
								orkestrinin və ansamblının yaradılmasına nail 
								oldu. Respublikada müxtəlif devizlərlə keçirilən 
								baxışlarda, müsabiqələrdə məktəbin gənc 
								istedadları həmişə fərqlənir, aldıqları fəxri 
								fərmanların, diplomların sayı ilbəil artırdı. 
								Həmin illərdə tələbələrdən Ariz Abduləliyev, 
								Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov 
								musiqi məktəbi şagirdlərinin ifaçılığı üzrə 
								respublika müsabiqələrində laureat adına layiq 
								görüldülər. Əlbəttə, bunlar hər şeydən əvvəl 
								pedaqoji kollektivin və bu kollektivə bacarıqla 
								rəhbərlik edən Nazim müəllimin aydın məqsəd 
								yolunda səylə çalışmasının real nəticələri idi. 
								Onun yetirmələrindən bir çoxu indi də müstəqil 
								respublikamızda musiqi təhsilinin inkişafi, 
								müasir tələblər  səviyyəsində qurulması naminə 
								böyük həvəslə, səylə çalışırlar. 
								
								
								İstedadlı musiqişünas Ariz Abduləliyev 
								Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının baş 
								müəllimi, Mübariz Dadaşov Şirvan şəhər musiqi 
								məktəbinin, Əmirhüseyn Hüseynov Bakıdakı 25, 
								Ramiz Əliyev 33 nömrəli musiqi məktəblərinin 
								direktorları, Rahib Məmmədov isə Hacıqabul Rayon 
								Mədəniyyət və Turizm Şöbəsinin müdiri 
								vəzifəsində səmərəli fəaliyyət göstərirlər. 
								Cəfər Qarayev və Yaqub Manafov isə hazırda 
								kollecdə Nazim müəllimlə birlikdə çalışırlar. 
								
								
								Sevib-seçdiyin sahənin bilikli, səriştəli 
								mütəxəssisi kimi tanınmaq, sayılıb-seçilmək 
								həqiqətən böyük qabiliyyətdir. Nazim müəllim 
								1992-ci ildə Təhsil Nazirliyində mütəxəssis kimi 
								fəaliyyət göstərməyə irəli çəkiləndə də, 
								şübhəsiz, məhz bu cəhət nəzərə alınmışdı. Burada 
								o, təxminən 10 il inspektor, aparıcı mütəxəssis, 
								rəis müavini vəzifələrində çalışaraq 
								təşəbbüskarlığı, səriştəliliyi ilə diqqəti cəlb 
								edir. O, eyni zamanda 1997-ci ildən 2001-ci 
								ilədək Təhsil Nazirliyi Həmkarlar İttifaqı 
								Komitəsinin sədri  vəzifəsini aparır, rəhbərlik 
								etdiyi təşkilatın fəaliyyətini səmərəli qurmaqla 
								həmkarlar ittifaqı üzvlərinə göstərdiyi diqqət 
								və qayğısı, insaniliyi, ağır-ağayanalığı, hər 
								kəsin yerini, dilini bilmək qabiliyyəti ilə bu 
								mötəbər qurumun kollektiv üzvlərinin dərin 
								rəğbətini qazanır. 
								
								
								Nazim müəllim nazirlikdə işlədiyi müddətdə də 
								həmişə arayıb-axtarmağa böyük səy göstərmişdir. 
								1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji 
								Elmlər İnstitutunun dissertantı olanda bu səyi, 
								həvəsi daha parlaq şəkildə nəzərə çarpdı. Səsi 
								respublikamızda keçirilən ən mötəbər elmi 
								məclislərdən gəldi. Pedaqoji mətbuat 
								səhifələrində bir-birindən maraqlı yazılarla 
								çıxış etdi. Məhz bu səyin, həvəsin və səmərəli 
								elmi araşdırmaların nəticəsində o, "Ümumtəhsil 
								məktəblərində şagirdlərin musiqi 
								qabiliyyətlərinin inkişafında muğam 
								nümunələrindən istifadə üzrə işin sistemi" 
								mövzusunda namizədlik dissertasiyasını 
								tamamlayaraq müvəffəqiyyətlə müdafiə etdi. 
								
								
								Nazim Kazımov yaradıcılıq planlarını əzmlə 
								həyata keçirən alimdir. O, dissertasiya 
								müdafiəsindən sonra da gənc nəslin 
								musiqi-estetik tərbiyəsi üzrə tədqiqatlarını 
								davam etdirir. "Azərbaycan məktəbi" jurnalında, 
								"Azərbaycan müəlimi" qəzetində dərc olunan 
								elmi-metodik məqalələri bu baxımdan 
								əhəmiyyətlidir. N.Kazımovun çap etdirdiyi "Tar, 
								kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə 
								proqramı" (Bakı, 1998),  "Ümumtəhsil 
								məktəblərində muğamların tədrisi məsələləri" 
								(Bakı, 1996, 2000), "Tar ilə fortepiano üçün 
								pyeslər məcmuəsi" (Bakı, 1999) həm Musiqi 
								Akademiyasının, Milli Konservatoriyanın, həm də 
								orta ixtisas musiqi məktəblərinin tələbələri, 
								uşaq musiqi məktəblərinin şagirdləri üçün 
								dəyərli vəsaitlər kimi qiymətləndirilir. 
								 
								
								
								O, eyni zamanda ali musiqi tədrisi müəssisəsində 
								pedaqoji fəaliyyətini davam etdirərək musiqi 
								kadrlarının hazırlanmasında yaxından iştirak 
								edir. Azərbaycan Dövlət Konservatoriyasında 
								1981-84-cü illərdə müəllim, 1993-1998-ci illərdə 
								baş müəllim, 1998-2006-cı illərdə dosent 
								vəzifələrində çalışır. 2006-cı ilin fevral 
								ayında Azərbaycan Milli Konservatoriyasının xalq 
								çalğı alətləri kafedrasında professor vəzifəsinə 
								seçilir. Böyük təşkilatçılıq qabiliyyəti nəzərə 
								alınaraq 2001-ci ildə N.Kazimovu Milli 
								Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə 
								direktor təyin etdilər. Onun məqsədyönlü 
								fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki 
								şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta 
								ixtisas musiqi təhsili müəssisəsinə 
								çevrilmişdir. Musiqi təhsili sahəsindəki 
								səmərəli fəaliyyəti layiqincə qiymətləndirilən 
								N.Kazımov müxtəlif vaxtlarda fəxri fərmanlara, 
								"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" 
								döş nişanına layiq görüldü. 2006-cı ildə isə 
								Nazim Kazımova ölkəmizdə musiqi təhsilinin, 
								musiqi mədəniyyətinin inkişafına böyük diqqət və 
								qayğı göstərən Prezidentimiz İlham Əliyev 
								cənablarının sərəncamı ilə "Əməkdar incəsənət 
								xadimi" fəxri adı verildi. 
								
								
								Əməyinin yüksək qiymətləndirilməsi onu daha da 
								ruhlandırdı.  
								
								
								2007-ci ildə Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyev görkəmli bəstəkar və 
								musiqi xadimi, Dövlət mükafatı laureatı Səid 
								Rüstəmovun 100 illik yubileyinin keçirilməsi 
								haqqında sərəncam imzaladı. Ölməz sənətkarın 
								xatirəsinə göstərilən bu hörmət və ehtiram Nazim 
								müəllimi çox sevindirdi. Üzərində işlədiyi lSəid 
								Rüstəmov» monoqrafiyasını çapa hazırladı. 
								2007-ci ildə "Nərgiz" və "Çaşıoğlu" nəşriyyatı 
								tərəfindən nəfis şəkildə buraxılan bu 
								fundamental monoqrafiya Səid Rüstəmov sənətini 
								layiqincə qiymətləndirənlərin-səidsevərlərin çox 
								böyük marağına səbəb oldu. 
								
								
								Professor Nazim Kazımovun Azərbaycan bəstəkarlıq 
								məktəbinin təməlini qoyanlardan biri kimi 
								tanınan, ancaq 23 il ömür sürən (1909-1932) Asəf 
								Zeynallının anadan olmasının 100 illiyinə həsr 
								etdiyi dəyərli monoqrafiyası isə 2009-cu ildə 
								"Elm və təhsil" nəşriyyatı tərəfindən çap olundu 
								və dərs vəsaiti səviyyəsində dəyərləndirildi. 
								Azərbaycan Milli Elmlər Akademiyasının müxbir 
								üzvü, xalq artisti, Dövlət mükafatı laureatı, 
								"İstiqlal" ordenli, professor Arif Məlikov "Asəf 
								Zeynallı haqqında ilk monoqrafiya" adlı ön sözdə 
								yazır: 
								
								
								"Monoqrafiyanın dərs vəsaiti kimi nəzərdə 
								tutulması Azərbaycan musiqi tarixi, XX əsr 
								Azərbaycan musiqi ədəbiyyatı fənləri üzrə 
								müəllim və tələbələrə layiqli töhfədir. Digər 
								tərəfdən, Asəf Zeynallı barədə musiqi 
								ədəbiyyatının lazımi səviyyədə olmadığı müasir 
								dövrdə bu monoqrafiya bəstəkarın həyat və 
								yaradıcılığı haqqında geniş məlumata və dərs 
								vəsaitinə olan tələbatı ödəyə biləcəkdir". 
								
								
								Nazim müəllimin rəhbərlik etdiyi möhtəşəm təhsil 
								ocağının-Musiqi Kollecinin 110 illiyinə həsr 
								etdiyi və ötən il çapdan buraxılmış kitab da 
								maraqla qarşılanıb. Musiqi təhsili işçiləri, 
								sənətşünas alimlər, müəllimlər, tələbələr və 
								geniş musiqi ictimaiyyəti üçün nəzərdə tutulan 
								vəsaitdə bu müqəddəs sənət-təhsil ocağının 
								keçdiyi inkişaf yolu tarixi mərhələlərlə nəzərə 
								çatdırılır. 
								
								
								N.Kazımov geniş diapazona malik musiqi 
								pedaqoqudur.  Bu ali keyfiyyət onun həyata, 
								ətraf aləmə baxışı, dünyagörüşü ilə bağlıdır. 
								Professor Nazim Kazımov yaxşı bilir ki, milli 
								şüurun, vətənpərvərlik tərbiyəsinin inkişafında, 
								formalaşmasında musiqinin çox böyük rolu, təsir 
								imkanları vardır. Bax elə buna görə də o, ali və 
								orta ixtisas musiqi məktəblərində, habelə 
								ümumtəhsil məktəblərində musiqi fənlərinin 
								müasir tələblər səviyyəsində tədrisinə, 
								pedaqoji, metodik təminatına müsbət təsir 
								göstərən tədris vasitələrinin hazırlanmasında 
								yaxından iştirak edir. O, təlim Azərbaycan və 
								rus dillərində aparılan ümumtəhsil məktəblərinin 
								2, 5, 7, 8-ci sinifləri üçün son illərdə nəşr 
								edilən "Musiqi", "Muzıka" dərsliklərinin 
								həmmüəlliflərindən biridir. 
								
								
								Professor Nazim Kazımov həyatının, 
								yaradıcılığının müdrik çağında Azərbaycan Milli 
								Konservatoriyası nəzdindəki Musiqi 
								Kollecinə-burada çalışan yaradıcı kollektivə çox 
								böyük diqqət və qayğı ilə rəhbərlik edir. Onu da 
								deyək ki, uzun müddət qəza vəziyyətində olan və  
								sınıq-sökük binada yerləşmiş bu möhtəşəm təhsil 
								ocağının yeni ünvanda, müasir tələblər 
								səviyyəsində fəaliyyət göstərməsində də Nazim 
								müəllimin böyük əməyi var. Bunu kollecin 
								adlı-sanlı müəllimləri, tələbələri və təhsil 
								ocağı ilə müntəzəm əlaqə saxlayan valideynlər də 
								etiraf edirlər. Bu möhtəşəm təhsil ocağının nəyə 
								qadir olması YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, Heydər Əliyev Fondunun 
								prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü 
								və səyilə keçirilən muğam ifaçılığı 
								müsabiqələrində də parlaq şəkildə nəzərə çarpdı. 
								2005-ci ildə müsabiqədə iştirak edən 20 nəfərdən 
								14-ü, 2007-ci ildə isə 20 nəfərdən 12-si məhz bu 
								kollecin tələbələri olmuşdur. Bu  möhtəşəm 
								təhsil ocağının məzunu Təyyar Bayramov isə 
								2009-cu ildə Bakıda keçirilən Beynəlxalq Muğam 
								Festivalının qalibi olmuş və festivalın 
								"Qran-Pri" mükafatına layiq görülmüşdür. Onun 
								"Azərbaycan Respublikasının əməkdar artisti" 
								fəxri adını alması isə dövlətimizin başçısının 
								gənc istedadlara necə böyük diqqət və qayğı 
								göstərməsinə parlaq nümunədir. Bütün bunlar 
								böyük fəxrlə, ürək-qəlb genişliyi ilə belə fikir 
								söyləməyə əsas verir ki, zəngin ənənəsi, tarixi 
								olan bu möhtəşəm musiqi təhsili ocağının 
								rəhbəri, professor Nazim Kazımov daha xoş 
								günlərin, gələcək uğurların təməlini qoyur. 
								Ömrü-günü müqəddəs  musiqi sənətinə vurğunluqla 
								aşılanan həmkarımıza 60 illik yubileyində möhkəm 
								cansağlığı, uzun ömür, daha böyük uğurlar 
								arzulayırıq!  
								
								
								
								Vidadi  XƏLİLOV,  
								Azərbaycan Respublikası  
								Təhsil Problemləri İnstitutunun  
								şöbə müdiri, pedaqoji  elmlər  doktoru, 
								professor, əməkdar  müəllim  |