| 
								 
								
								Martın 17-də daha bir təhsil ocağında - 
								paytaxtın S.Hacıyev adına 5 nömrəli orta 
								məktəbində Valideyn-Müəllim Assosiasiyası təsis 
								olundu. Bu münasibətlə keçirilmiş konfransda 
								məktəbin 150-dək valideyni və Azərbaycan Milli 
								VMA-dan, Ombudsman aparatından, digər 
								məktəblərdən qonaqlar iştirak edirdilər. 
								
								
								Öncə məktəbin direktoru Nərminə Gündüzlü 
								konfrans nümayəndələrini və qonaqları 
								salamlayıb, yaradılmasına xeyli müddətdən bəri 
								hazırlıq işləri gördükləri assosiasiyanın təsis 
								konfransının baş tutması münasibəti ilə onları 
								təbrik etdi. 
								
								
								VMA-nın yaradılması üzrə təşkilat komitəsinin 
								sədri Günel Musəvi konfransı açıq elan etdikdən 
								və Dövlət himni ifa olunduqdan sonra Azərbaycan 
								Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı 
								direktoru Təranə Şərifova  çıxış edərək təsis 
								olunacaq qurumun əhəmiyyətindən, VMA-nın 
								yaradılması istiqamətində son illər ölkəmizdə 
								görülmüş işlərdən danışdı. Ölkənin 1000-dək 
								məktəbində bu gün VMA-nın uğurla fəaliyyət 
								göstərdiyini diqqətə çatdıran T.Şərifova onların 
								qarşısında duran vəzifələrdən söz açdı, 
								VMA-ların təhsil sistemində şəffaflığın 
								yaradılmasına böyük töhfə verdiyini vurğuladı. 
								O, paytaxtdakı 18 nömrəli məktəbdə 2003-cü ildə 
								təsis olunmuş VMA-nın müsbət işini nümunə 
								gətirərək, onun təşəbbüsü ilə məktəbdə 
								təklif-tövsiyə qutusunun qoyulduğunu, həmin 
								qutuya atılan təklif və tövsiyələrin diqqətlə 
								araşdırılaraq nəzərə alındığını söylədi. 
								
								
								Sonra konfransın işçi heyəti seçildi, gündəliyi 
								təsdiq olundu. Gündəlikdəki birinci məsələ - 
								məktəbdə Valideyn-Müəllim Assosiasiyasının 
								yaradılması, onun əsasnaməsinin təsdiqi barədə 
								təşkilat komitəsinin sədri Günel Musəvi məlumat 
								verdi.  
								
								
								Daha sonra məktəbin fəaliyyətindən, 
								valideynlərlə əlaqəsindən bəhs edən təqdimat 
								oldu. Konfrans iştirakçılarına VMA-nın 
								əsasnaməsinin bəzi müddəaları, xüsusən də onun 
								rəhbər orqanlarının, assosiasiya üzvlərinin 
								vəzifələrini əks etdirən müddəaları təqdim 
								edildi, müvafiq izahatlar verildi. Əsasnamə səsə 
								qoyularaq qəbul edildi. 
								
								
								Konfransda habelə, məktəb VMA-nın rəhbər 
								orqanları - 21 nəfərdən ibarət rəyasət heyəti, 
								prezidenti və vitse-prezidenti, 5 nəfərlik 
								nəzarət-təftiş komissiyası seçildi. Keçirilən 
								açıq səsvermə nəticəsində məktəbin fəal 
								valideynlərindən biri olan Azərbaycan Tibb 
								Universiteti Əczaçılıq kafedrasının müdiri, 
								professor Məhbubə Vəliyeva VMA-nın prezidenti, 
								məktəbin tərbiyə işləri üzrə direktor müavini 
								Zafta Şirinova vitse-prezidenti oldu. M.Vəliyeva 
								konfransda çıxış edərək göstərilən etimada görə 
								məktəbin rəhbərliyinə, müəllim və valideynlərə 
								təşəkkürünü bildirdi, bu etimadı doğrultmağa, 
								VMA-nı məktəbin bütün fəaliyyətində yaxından 
								iştirak edən işçi bir quruma çevirməyə 
								çalışacağını söylədi. 
								
								
								Konfransın qərarı ilə məktəbin fəal valideyni, 
								tanınmış pedaqoq-alim, professor Yəhya Kərimova 
								"Fəxri valideyn" adı verildi. Məktəbin direktoru 
								N.Gündüzlü nəfis şəkildə hazırlanmış "Fəxri 
								valideyn" diplomunu, təbrik ünvanını və xüsusi 
								hədiyyəni valideynlər adından Yəhya Kərimova 
								təqdim etdi. Y.Kərimovun məktəblə əlaqəsindən 
								bəhs edən "Bizim Yəhya müəllim" adı altında 
								fotogörüntülər nümayiş etdirildi.  
								
								
								Konfransda söz alan professor Y.Kərimov ona 
								"Fəxri valideyn" adı verildiyinə görə məktəbin 
								kollektivinə minnətdarlığını bildirdi, özünün də 
								üzv olduğu VMA idarə heyətinin işi, gələcək 
								fəaliyyəti, müasir dövrdə məktəblə əlaqə 
								kontekstində valideynlərin öhdəsinə düşən 
								vəzifələrlə bağlı fikir və qənaətlərini bölüşdü, 
								tövsiyələrini verdi. 
								
								
								Məktəbin IX sinif şagirdi Eldanə Əliyeva çıxış 
								edib VMA-nın yaradılmasını şagirdlərə göstərilən 
								diqqət kimi dəyərləndirdi, məktəblə 
								valideynlərin sıx əlaqəsinin son nəticədə onlara 
								fayda verəcəyinə inamını ifadə etdi.  
								
								
								
								Yusif ƏLİYEV  |