| 
								 
								
								 Fransanın 
								paytaxtı Paris şəhərindəki "Petra" nəşriyyatında 
								"Nazim Hikmət: irs və modernizm" adlı kitab nəşr 
								olunmuşdur. Fransız dilində çap olunmuş kitabda 
								görkəmli türk şairi, dramaturq və ictimai xadim 
								Nazim Hikmətin həyatı və yaradıcılığına aid 
								məqalələr toplanmışdır. Fransa, Türkiyə, 
								Almaniya, Polşa, İspaniya alimlərinin 
								məqalələrinin yer aldığı topluda Naxçıvan Dövlət 
								Universitetinin rektoru, akademik İsa 
								Həbibbəylinin "Nazim Hikmət Azərbaycanda" adlı 
								məqaləsi də verilmişdir. Məqalədə şairin 
								Azərbaycanla, habelə Azərbaycan yazıçıları və 
								şairləri ilə əlaqələrindən bəhs olunur. 
								Akademik  İsa Həbibbəyli ilk şeirlər kitabı 
								1928-ci ildə Bakıda nəşr olunan, Azərbaycan 
								xalqının və ədəbiyyatının yaxın dostu Nazim 
								Hikmətin yaradıcılığında Azərbaycan mövzusu, 
								azərbaycanlı müəlliflərin şair-dramaturqla bağlı 
								tədqiqatları haqqında elmi qənaətlərini 
								Azərbaycan-türk ədəbi əlaqələrinin fonunda 
								təqdim etmişdir. Kitabda məqalə müəllifinin 
								təqdim etdiyi Nazim Hikmətin Azərbaycan 
								yazıçıları ilə əlaqələrini əks etdirən 3 
								fotoşəkil də öz əksini tapmışdır.  
								
								
								"Nazim Hikmət: irs və modernizm" kitabını 
								tanınmış fransız alimləri Mişel Bozdəmir və 
								Timour Muhidine çapa hazırlamışlar. Timour 
								Muhidinenin kitaba yazdığı ön sözdə görkəmli 
								türk şairinin yaradıcılığındakı bəşəri 
								dəyərlərdən, humanizm ideyalarından və 
								mübarizlik ruhundan, onun dünya ədəbiyyatındakı 
								yerindən bəhs olunur. Tərtibçilərdən professor 
								Mişel Bozdəmir həm də yeni dövr 
								Azərbaycan-Fransa əlaqələrinin inkişafına mühüm 
								xidmətlər göstərən görkəmli alim kimi tanınır. 
								Ümid edirik ki, yeni nəşr görkəmli 
								şair-dramaturq Nazim Hikmətin simasında XX əsr 
								türk ədəbiyyatının Avropa oxucularına daha geniş 
								təqdimatında böyük rol oynayacaq.  
								
								
								
								Mehriban SULTAN  |