| 
								 
								
								İyunun 30-da "Park İNN Azərbaycan" 
								mehmanxanasında Azərbaycan Respublikasının 
								Prezidenti yanında Elmin İnkişafı Fondunun 
								elmi-tədqiqat proqramlarının, layihələrinin və 
								digər elmi tədbirlərin maliyyələşdirilməsi 
								məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il 
								üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan 
								edilməsinə həsr olunmuş mətbuat konfransı 
								keçirilmişdir.  
								
								
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin 
								Babayev son illər ölkəmizdə elm sahəsinin 
								inkişafına göstərilən diqqət və qayğıdan 
								danışmışdır. Azərbaycanda elmin hərtərəfli 
								inkişafı istiqamətində Prezident İlham Əliyevin 
								imzaladığı müvafiq sərəncamların tarixi 
								əhəmiyyətini xüsusi vurğulayan icraçı direktor 
								demişdir ki, elm həmişə cəmiyyətin fövqündə 
								duran bir məsələdir və onun inkişafı yeni 
								texnologiyaların tətbiqi ilə üzvi surətdə 
								bağlıdır.  
								
								
								E.Babayev demişdir ki, Fondun əsas məqsədi 
								ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, 
								digər müvafiq qurumlar və fiziki şəxslər 
								tərəfindən təqdim olunmuş təbiət, texniki, 
								humanitar və ictimai elmlər sahəsində dövlət və 
								cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, 
								tətbiqi və axtarış-innovasiya xarakterli elmi 
								tədqiqat proqramları və layihələrini, digər elmi 
								tədbirləri qrant şəklində ünvanlı 
								maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini 
								stimullaşdırmaq və onlara azad yaradıcılıq 
								imkanı yaratmaq və s. məsələlərdən ibarətdir. Bu 
								gün elan olunan müsabiqə ölkəmizdə təbiət, 
								dəqiq, texniki, humanitar və ictimai elmlər 
								sahəsində fundamental, tətbiqi və 
								axtarış-innovasiya xarakterli elmi-tədqiqat 
								proqramlarının, layihələrinin və digər elmi 
								tədbirlərin maliyyələşdirilməsinə təkan 
								verəcəkdir.  
								
								
								Müsabiqədə hər hansı bir alim, fiziki şəxs, elmi 
								mövzu ətrafında yaradılmış yaradıcı kollektiv, 
								elmi müəssisələr, təşkilatlar, elmi iş aparan 
								QHT-lər və digər qurumlar iştirak edə bilərlər. 
								Qrant layihəsi öz tipinə görə fərdi və müştərək 
								ola bilər. Öz kateqoriyasına görə bu qrantlar 
								ölkədaxili, regional və beynəlxalq layihələr 
								şəklində verilə bilər. İcra müddəti bir qayda 
								olaraq bir ildir. Lakin xüsusi əsaslandırılmış 
								hallarda bu, 2 və 3 il müddətində də həyata 
								keçirilə bilər. Qrantların verilməsində konkret 
								bir məbləğ üzərində dayanılmamışdır. Qrantlar 
								kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya 
								bölünmüşdür. Öz xarakterinə görə qrant 
								layihələri bir elm və ya bir neçə elm sahəsini 
								əhatə edə bilər.  
								
								
								Diqqətə çatdırılmışdır ki, qrant layihələrinin 
								bölüşdürülməsi prinsipinə - fundamental və 
								tətbiqi xarakterli qrant layihələri, elmin 
								ayrıca götürülmüş sahəsinin inkişafına böyük 
								həcmli qrant layihələrinin ayrılması, məqsədli, 
								xüsusi qrant layihələri və axtarış-innovasiya 
								yönümlü layihələr daxildir.  
								
								
								Bütün bu layihələrin idarə olunması daim diqqət 
								mərkəzində saxlanılacaqdır və bunun üçün lazımi 
								işlər görülmüşdür.  
								
								
								E.Babayev ildə iki dəfə belə müsabiqələrin 
								keçirilməsinin nəzərdə tutulduğunu demişdir. Bu, 
								hər ilin may və noyabr aylarının 10-da 
								reallaşacaqdır. Vurğulanmışdır ki, cari il üçün 
								qrant maliyyələşdirilməsinin həcmi 6 milyon 100 
								min manat məbləğindədir.  
								
								
								Tədbirdə Elmin İnkişafı Fondunun Himayədarlar 
								Şurası sədrinin müavini, Azərbaycan Milli Elmlər 
								Akademiyasının prezidenti, akademik Mahmud 
								Kərimov və şuranın digər üzvləri iştirak 
								etmişlər.  
								
								
								Sonda jurnalistləri maraqlandıran suallar 
								cavablandırılmışdır.  
								
								
								
								AzərTAc   |