| 
								 
								
								Bakıdakı 69 nömrəli körpələr evi-uşaq bağçasında 
								"Əlvida, bağça, salam, məktəb" devizi altında  
								keçirilən mərasimdə hamıdan çox balaca məzunlar 
								sevinirdi. Axı onlar ilk dəfə əllərinə çanta 
								alıb, məktəbə yollanacaqlar. Geniş, işıqlı sinif 
								otaqlarında bağçada tərbiyəçilərdən  
								öyrəndiklərini müəllimlərinin qarşısında  
								nümayiş  etdirəcəklər.  
								
								
								Budur, şarlarla,müxtəlif oyuncaqlarla, 
								gül-çiçəklə bəzədilmiz musiqi zalında  
								aparıcılar Lamiyə və Yusif balaca məzunları 
								məktəbə getməkləri münasibətilə təbrik edir və 
								onları nümunəvi olmağa çağırır. Rəngarəng 
								proqramla çıxış edən balaca fidanların  sevinci 
								yerə-göyə sığmır. Tural və Turab  qardaşlarının 
								söylədikləri  "Ana" və "Vətən", Əsmərin, 
								Elnurun, Firdovsinin, Məhəmmədin, Ceyhunun, 
								Rzanın ifa etdikləri "Müəllimlərimiz", 
								"Azərbaycan", "Ana dili", "Günəş", "Təbiəti 
								sevək", "Uşaqların bayramı", "Əlifba bayramı", 
								"Əsgər gedirəm", "Mənim hüquqlarım", "Oxumaqdır, 
								adətim" adlı şeirlər və mahnılar, Nərminin, 
								Nigarın, Muradın   nümayiş etdirdikləri  milli 
								rəqslər maraqla qarşılandı. "Xeyir və Şər" 
								səhnəciyi iştirakçılarda  xoş ovqat yaratdı. 
								
								
								Bağçanın müdiri Solmaz Quliyeva, tərbiyəçilər  
								Lalə Əliyeva, Səidə Salayeva, Zemfira Ağayeva və 
								valideynlər sevinclərini balaca məzunlarla 
								bölüşdülər. S.Quliyeva qeyd etdi ki, bağçada 
								məktəbəqədər, böyük,  orta və kiçik yaş 
								qruplarının  hərəsindən bir olmaqla 4 qrup 
								fəaliyyət göstərir. Bu il 25 uşaq  məktəbə  yola 
								salınır. Onların hamısı məktəb təliminə 
								hazırdır. Tərbiyəçi  Zemfira Ağayeva  "Ətraf  
								aləmlə tanışlıq" mövzusunda   "açıq məşğələ"lər 
								keçirir. Tərbiyəçi Aida Əzizovanın iş 
								təcrübəsindən  səmərəli  istifadə olunur. 
								Bağçada  keçirilən  "açıq məşğələ"lərdən, sərgi 
								və müsabiqələrdən, əl əməyi üzrə məşğələlərin 
								təşkilindən, əqli tərbiyənin inkişafında  
								didaktik oyunların rolundan, musiqili-əyləncəli 
								tədbirlərin  əhəmiyyətindən danışıldı. 
								Bildirildi ki, ildə iki dəfə valideynlər üçün 
								"açıq qapı" günü təşkil olunur. Valideyn 
								şurasının sədri Şəfəq Teymurova balacaları 
								tez-tez  Şəhidlər xiyabanına, Milli parka, 
								Atəşgaha,şəhərin görməli və gəzməli yerlərinə 
								ekskursiyaya aparır. 
								
								
								Mərasim başa çatsa da, musiqidən, rəqsdən 
								doymayan balaca məzunlar meydanı tərk etmək 
								istəmirdilər...  
								
								
								
								Sifai SƏFƏROVA  |