| 
								 
								
								
								 Bayramov 
								Soltanağa Nəhmət oğlu              
								 
								
								
								1936-ci il oktyabrın 17-də Lənkəran rayonunun 
								Şürük kəndində anadan olub. O, orta təhsilini 
								Astara rayonunda alıb. 1957-ci ildə Lənkəranda 
								tibb məktəbini bitirib, sonra təyinatla hərbi 
								hospitalda əmək fəaliyyətinə başlayıb. 1990-cı 
								illərdə bəzi xarici dövlətlər erməni 
								separatçıları ilə birlikdə bir qrup adamı öz 
								əlaltılarına çevirərək Azərbaycanı parçalamaq 
								istəyirdilər. Həmin nankorlardan biri də  
								vətəninə, xalqına xəyanət edən "Talış Muğan 
								Respublikası" yaratmaq xülyası ilə yaşayan 
								Əlikram Hümbətov idi. 1993-cü ildə bir qrup 
								silahlı dəstə Soltanağanın çalışdığı hospitala 
								basqın edib. Öz qorxmazlığı, vətənə olan sevgi 
								və məhəbbətini canı, qanı bahasına hər zaman 
								torpaqlarımızın bütövlüyünü düşünən S.Bayramov 
								burada əsl vətənpərvərlik nümayiş etdirərək 
								silahlılara qarşı müqavimət göstərərək faciəli 
								şəkildə həlak olub. 
								
								
								Ailəli idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 24 avqust 
								1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə 
								Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub. Lənkəran şəhərindəki küçələrdən birinə 
								onun adı verilib və büstü qoyulub. Yaşadığı 
								binanın önünə xatirə lövhəsi vurulub.   
								
								
								
								 Behbudov 
								Səfiyar Abuzər oğlu  
								
								
								1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı 
								kəndində dünyaya göz açıb. 1984-cü ildə Bərdə 
								şəhər 6 nömrəli orta məktəbi bitirib. Bir il 
								sonra isə sovet ordusu sıralarına çağırılıb. 
								Səfiyar 1987-ci ildə ordudan tərxis olunaraq, 
								rayon Hərbi Komissarlığının təqdimatı ilə bu 
								sahədə təhsilini artırmaq üçün zabitlik kursuna 
								göndərilib. Həmin kursu müvəffəqiyyətlə 
								bitirərək kiçik leytenant rütbəsi alıb. Tərtər 
								bölgəsində erməni quldurlarına qarşı gedən 
								gərgin döyüşlərdə neçə-neçə uğurlu 
								əməliyyatların iştirakçısı olub. Xalqımızın 
								tarixi qəhrəmanlıq əməllərini davam etdirən, 
								ürəklərdə özünə bir ölməzlik abidəsi ucaldan 
								Səfiyar daha sonra Ağdam və Əsgəran uğrunda 
								gedən ölüm-dirim savaşında xüsusı fəallıq 
								nümayiş etdirib. 
								
								
								O, 1992-ci il martın 11-də ermənilər tərəfindən 
								əsir götürülmüş, martın 21-də meyitini 
								çətinliklə də olsa geri almaq mümkün olmuşdu. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Behbudov Səfiyar Abuzər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bərdə rayonunun Mollalı kəndində dəfn olunub. 
								Təhsil aldığı 6 nömrəli orta məktəb onun adını 
								daşıyır.  
								
								
								
								 Babayev 
								Əjdər Xalıqverdi oğlu              
								 
								
								
								1950-ci il avqustun 26-da Qazax rayonunun 
								Mollacəfərli kəndində anadan olub. Bir müddət 
								sonra ailələri Ağstafa rayonunun Xətai kəndinə 
								köçüb. O, 1967-ci ildə Xətai kənd orta məktəbini 
								bitirib. 
								
								
								Əjdər 1969-cu ildə hərbi xidmətə çağırılmış, 
								ordu sıralarından tərxis olunduqdan sonra isə 
								Bakının Nərimanov Rayon Polis Şöbəsinə işə qəbul 
								olunub. 1978-ci ildə polis orqanlarında 
								çalışmaqla yanaşı, Sumqayıt Politexnik 
								Texnikumuna qəbul olmuş, 1981-ci ildə burada 
								avtonəqliyyat ixtisasına yiyələnib. O, dörd il 
								Qazax Rayon Polis Şöbəsində işləmiş, sonra iş 
								yerini dəyişərək Ağstafa Rayon Polis Şöbəsində 
								fəaliyyətini davam etdirib. Ə.Babayev bu orqanda 
								çalışdığı illərdə nümunəvi polis işçisi kimi 
								dəfələrlə DİN-in mükafatlarına layiq görülüb. O, 
								1995-ci il 13-17 mart hadisələri zamanı həlak 
								olub. 
								
								
								Ailəli idi. Dörd övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb.  
								
								
								Ağstafa rayonunda dəfn olunub. Adına məktəb 
								var.  
								
								
								
								 Cəbrayılov 
								Fəxrəddin Mövsüm oğlu  
								
								
								1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın 
								Gorus şəhərində anadan olmuşdur. Ailə üzvləri 
								ilə birlikdə Almaniyaya getmiş və ibtidai 
								təhsilini orada almışdır. Az sonra Bakıya 
								dönərək orta təhsilini burada bitirmişdir. 
								Fəxrəddin 1975-ci ildə Bakı Ali Ümumqoşun 
								Komandirləri məktəbinə daxil olmuş və 1979-cu 
								ildə təhsilini müvəffəqiyyətlə başa 
								çatdırmışdır. Fəxrəddin 1992-ci ildə cəbhə 
								bölgəsinə yollanaraq,  656 nömrəli hərbi hissədə 
								motoatıcı taborun komandiri təyin olunmuşdur. 
								1993-cü ildə Beyləqan rayonu istiqamətində gedən 
								döyüşlərdə qərargah rəisi kimi düşmənin xeyli 
								canlı qüvvəsini itkiyə məruz qoymuşdur. 1994-cü 
								ildə Füzuli və Kəlbəcər istiqamətində döyüşən 
								F.Cəbrayılov Gəncə şəhərindəki 172 nömrəli 
								motoatıcı briqadasına komandir təyin edilmişdir. 
								Onun komandir olduğu tabor, motoatıcı alay və 
								briqada düşmənə qarşı döyüşlərdə mərdlik və 
								şücaət göstərmişdir. 
								
								
								O, 1994-cü ilin oktyabrında "Azərbaycan Bayrağı" 
								ordeni ilə təltif olunmuşdur. 
								
								
								Ailəlidir. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb.  
								
								
								Hazırda 4-cü ordu korpusunun fərdi qərargah 
								rəisi vəzifəsində çalışır.  
								
								
								
								 Cəbrayılov 
								Mikayıl Əhmədiyyə oğlu              
								 
								
								
								1952-ci il aprelin 27-də Şəki rayonunun Oxut 
								kəndində - Fransa partizan hərəkatının əfsanəvi 
								döyüşçüsü olmuş Əhmədiyyə Cəbrayilovun ailəsində 
								dünyaya gəlib. O, 1971-ci ildə Şəki Şəhər Polis 
								Şöbəsində milis nəfəri vəzifəsinə qəbul olunub, 
								1978-ci ildə isə leytenant rütbəsi ilə sahə 
								müvəkkili vəzifəsinə təyin edilmişdi. 
								
								
								M.Cəbrayılov 1990-cı il dekabrın 12-də polis 
								əməkdaşları ilə birlikdə Qarabağa ezam olunub. 
								Həmin vaxt Cəmilli kəndinin müdafiəsinin təşkili 
								onun dəstəsinə tapşırılıb. 1990-cı il dekabrın 
								15-də Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 
								ton buğda camaata çatdırılmalı idi. Onun polis 
								əməkdaşlarından ibarət dəstəsi həmin yükü kəndə 
								apararkən Cəmilli-Kosalar arasında erməni 
								silahlılarının hücumuna məruz qalıb. Bu döyüşdə 
								Mikayıl qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 iyun 
								1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə 
								Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən 
								sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb.  
								
								
								Şəki rayonunun Oxut kəndində dəfn olunub. Adına 
								Şəki şəhərində küçə var. Doğulduğu kənd onun 
								adını daşıyır.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya 
								Mərkəzinin 
								materialları əsasında hazırladı:  
								Ədalət DAŞDƏMİRLİ  |