| 
								 
								
								İyunun 30-da "Hyatt Regency" otelində ənənəvi 
								"İnnovasiya günü" forumu keçirildi. Azərbaycan 
								Respublikası Təhsil, Rabitə və İnformasiya 
								Texnologiyaları nazirlikləri, "Microsoft 
								Azərbaycan" şirkətinin birgə təşkilatçılığı,  
								HP, "Ultra" və "Bestcomp Group" şirkətlərinin 
								dəstəyi ilə keçirilən tədbirdə "Xalq kompüteri" 
								layihəsinin əsas mərhələsi üzrə niyyət protokolu 
								imzalandı. 
								
								
								 Azərbaycanda 
								rəqəmsal bərabərsizliyin aradan qaldırılması və 
								müxtəlif əhali qruplarının informasiya ilə təmin 
								olunması üçün dövlət və özəl müəssisələrin 
								əməkdaşlığına həsr olunmuş forumda ali 
								məktəblərin rektorları, Təhsil, Rabitə və 
								İnformasiya Texnologiyaları nazirliklərinin 
								müvafiq şöbələrinin və struktur bölmələrinin, 
								müxtəlif şirkət və təşkilatların rəhbərləri, 
								beynəlxalq qurumların nümayəndələri, müəllimlər 
								və KİV təmsilçiləri iştirak edirdilər. 
								
								
								Mərasim açıldıqdan sonra Rabitə və İnformasiya 
								Texnologiyaları Nazirliyi İnformasiya 
								cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət 
								Gülməmmədov "Xalq kompüteri" layihəsi haqqında 
								ətraflı məlumatı diqqətə çatdırdı.  
								
								
								Mərasimdə çıxış edən HP Azərbaycan şirkətinin 
								baş nümayəndəsi Rüfət Hacıəlibəyov,  "Bestcomp 
								Group" şirkətinin direktoru Rauf Həsənov və 
								"Ultra" şirkətinin  direktoru Tahir Mirkişili 
								"Xalq kompüteri" layihəsi çərçivəsində görülən 
								işlərdən danışdılar və bu gün başlayan növbəti 
								mərhələnin də uğurla davam edəcəyinə ümidlərini 
								ifadə etdilər. 
								
								
								Forumda "Microsoft" şirkəti yaxın gələcəkdə bizi 
								necə görür" adlı videoçarx nümayiş etdirildi.  
								"Microsoft"un regional direktoru Mustafa Kılıç 
								Aslan  təmsil etdiyi şirkətin fəaliyyətinə dair 
								geniş təqdimatla çıxış etdi. 
								
								
								Sonra "Xalq kompüteri" layihəsinin əsəs 
								mərhələsi üzrə sənədlərin imzalanması mərasimi 
								oldu. 
								
								
								Razılaşmanı Təhsil Nazirliyinin Təhsilin idarə 
								olunmasının məlumat sistemləri şöbəsinin müdiri 
								İsmayıl Sadıqov, Rabitə və İnformasiya 
								Texnologiyaları Nazirliyinin İnformasiya 
								cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət 
								Gülməmmədov, "Microsoft Azərbaycan" şirkətinin 
								baş nümayəndəsi Teymur Axundov və HP Azərbaycan 
								şirkətinin baş nümayəndəsi Rüfət Hacıəlibəyov 
								imzaladılar. 
								
								
								Sonra çıxış üçün söz Azərbaycan Respublikasının 
								təhsil naziri Misir Mərdanova verildi. Qonaqları 
								salamlayan nazir öz çıxışında layihənin uğurla 
								həyata keçirilməsindən bəhs etdi. Bu işdə əməyi 
								olan hər kəsə, şirkət və təşkilatlara 
								təşəkkürünü bildirən təhsil naziri müasir dövrdə 
								həyatımızı kompütersiz təsəvvür etməyin mümkün 
								olmadığını söylədi. On il əvvəl Azərbaycanda hər 
								1046 şagirdə 1 kompüter düşdüyü halda, hazırda 
								orta hesabla hər 20 şagirdə 1 kompüter düşməsi 
								faktını diqqətə çatdıran Misir Mərdanov bu 
								uğurun Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi 
								xüsusi diqqət və qayğı sayəsində əldə olunduğunu 
								vurğuladı. 
								
								
								Nazir daha sonra Təhsil Nazirliyi ilə Rabitə və 
								İnformasiya Texnologiyaları Nazirliyi arasında 
								mövcud olan sıx və səmimi əməkdaşlıq 
								əlaqələrindən söz açdı. 
								
								
								Məktəblərdə elektron tədris resurslarından 
								istifadə edilməsinin əhəmiyyətindən danışan 
								Misir Mərdanov son illər uşaq və gənclərin bu 
								sahəyə daha çox maraq göstərməsini 
								fərəhləndirici  hal kimi dəyərləndirdi. 
								
								
								Rabitə və informasiya texnologiyaları naziri Əli 
								Abbasov müvafiq sahədə monitorinq aparan 
								beynəlxalq  təşkilatların reytinq cədvəlinə 
								əsasən Azərbaycanın təhsil sistemində İKT-nin 
								tətbiqinin Şərqi Avropa səviyyəsini keçdiyini 
								bildirərək bu inkişafın son illər daha geniş 
								vüsət aldığını qeyd etdi. Bu amilin təhsilin 
								keyfiyyətinə çox müsbət təsir göstərdiyini deyən 
								nazir daha sonra çıxışında ölkəmizdə İKT-nin 
								prioritet sahə kimi qəbul olunması və müvafiq 
								dövlət proqramlarının həyata keçirilməsi 
								istiqamətində görülən işlərdən bəhs etdi. 
								
								
								
								Hicran ƏKBƏROVA  |