| 
								 
								
								 İyunun 
								26-da 7 nömrəli Bakı Peşə Liseyində ölkəmizdə 
								fəaliyyət göstərən İlk peşə-ixtisas təhsili 
								müəssisə rəhbərlərinin ümumi yığıncağı 
								keçirildi. Təhsil Nazirliyinin Texniki peşə 
								təhsili şöbəsinin müdiri Namiq Məmmədov  
								yığıncağı açaraq, iştirakçıları Təhsil 
								Nazirliyinin rəhbərliyi və öz adından salamladı, 
								Azərbaycan Respublikası Silahlı Qüvvələr günü 
								münasibətilə  təbriklərini çatdırdı. Sonra 
								yığıncaq iştirakçıları 1 dəqiqəlik sükutla ulu 
								öndər Heydər Əliyevin və Vətən uğrunda həlak 
								olanların  xatirəsini yad etdilər. 
								
								
								Yığıncaqda Namiq Məmmədov mövcud problemlərin 
								həllinə dair təkliflərlə çıxış edib, buraxılış 
								ixtisas imtahanlarının nəticələri barədə məlumat 
								verdi. İmtahanların nəticələrinin müzakirəsinin, 
								buraxılan nöqsanların araşdırılmasının 
								vacibliyini qeyd etdi.   
								
								
								Sonra yeni normativ - hüquqi sənədlər: İlk 
								peşə-ixtisas təhsili müəssisələrində 
								imtahanların aparılması,  şagirdlərin kursdan 
								kursa keçirilməsi və buraxılması barədə təlimat, 
								İlk peşə-ixtisas təhsili pilləsinin dövlət 
								standartı və proqramı (kurikulum) haqqında, 
								şagird qəbulu qaydaları haqqında, təhsil 
								haqqında, dövlət sənədlərinin nümunələri və 
								onların verilməsi qaydaları haqqında ümumi 
								məlumat verildikdən sonra, geniş müzakirə 
								edildi. 
								
								
								 Nəzərə 
								çatdırıldı ki, İlk peşə-ixtisas təhsili 
								müəssisələrinin illik fəaliyyət planlarında  
								Dövlət Proqramının icrası ilə bağlı verilmiş 
								əmrlər, təhlillər və digər məsələlər təhsil 
								müəssisələrinin rəhbərləri tərəfindən müzakirə 
								edilərək yerinə yetirilir. Müəyyən çətinliklər 
								olsa da, Dövlət Proqramına uyğun olaraq, Təhsil 
								Nazirliyi inkişaf etmiş ölkələrdə texniki peşə 
								təhsili müəssisələri ilə müxtəlif dövlət və 
								qeyri-dövlət təşkilatları arasında əlaqələrin 
								yaradılmasını təmin edir. Belə əlaqələrin 
								yaradılması, ilk növbədə, peşə təhsili 
								müəssisələrinə cəmiyyətin inkişafında fəal 
								iştirak etməyə, baş verən dəyişikliklərə uyğun 
								inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan 
								yaradır. 
								
								
								Qeyd edildi ki, peşə təhsilinin inkişafında 
								dövlətin iştirakı ilə yanaşı, işəgötürənlər, 
								həmkarlar ittifaqları və qeyri-hökumət 
								təşkilatlarının birgə fəaliyyətini təmin 
								etməliyik. Məhz belə əlaqələr nəticəsində 
								texniki peşə təhsili sahəsində uğurlar əldə 
								etmək olar. Müəssisə rəhbərlərinə İlk 
								peşə-ixtisas təhsili sistemində ixtisaslı 
								mühəndis-pedaqoji kadrların hazırlıq 
								səviyyəsinin və pedaqoji kadrların hazırlanması 
								işinin təşkili vəziyyətinin yaxşılaşdırılması 
								bir daha müəssisə rəhbərlərinin nəzərinə 
								çatdırıldı. 
								
								
								İclasda mövcud problemlərin həlli məqsədilə 
								ixtisas və fənn müəllimlərinin ixtisasartırma 
								kurslarına cəlb olunması, şagird qəbulunun 
								qruplarda 20 nəfərə qədər artırılması ilə bağlı 
								dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə 
								qəbul qaydalarının işlənilməsi, 
								mühəndis-pedaqoji heyətin fəaliyyətinin 
								qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, 
								zəif nəticə göstərən müəssisələrə şagird 
								qəbulunun azaldılması  və digər məsələlər barədə 
								təkliflər irəli sürüldü. 
								
								
								
								Elxan CƏFƏROV, 
								Təhsil Nazirliyi Texniki peşə təhsili  
								şöbəsinin aparıcı məsləhətçisi   |