| 
								 
								
								Azərbaycan Respublikası vətəndaşlarının təhsil 
								hüququ Azərbaycan Respublikası Konstitusiyasının 
								42-ci maddəsi ilə təyin olunur. Bu maddəyə 
								əsasən hər bir vətəndaşın fasiləsiz təhsil almaq 
								hüququ vardır. Respublikanın hər bir 
								vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil 
								alması imkanının təmin edilməsi və təhsilin 
								keyfiyyətinin yüksəldilməsi üçün şəraitin 
								yaradılması dövlətin təhsil siyasətinin 
								prioritet sahələrindəndir. Təsadüfi deyil ki, 
								son onillikdə respublika prezidentinin diqqət və 
								qayğısı və Heydər Əliyev Fondunun dəstəyi 
								sayəsində təhsil sahəsində köklü islahatlar 
								aparılır, müxtəlif layihələr həyata keçirilir.
								 
								
								
								Hazırda bu islahatların ən mühüm mərhələsinə 
								qədəm qoyulmuşdur. Təhsilin məzmunu və təlimin 
								təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və 
								müasirləşdirmə prosesləri gedir. Bununla 
								əlaqədar olaraq təhsilin və təlimin məzmununun 
								müasir tələblərə uyğun olaraq müəyyən edilməsi, 
								yeniləşdirilməsi və idarə olunması günü-gündən 
								aktuallaşır. 
								
								
								Təhsilin məzmunu hər hansı bir təhsil 
								müəssisəsində həyata keçirilən təlim prosesinin 
								sonunda təlim alanın əldə etməli olduğu 
								biliklərə, bacarıqlara, vərdişlərə və 
								formalaşdırılması nəzərdə tutulan şəxsi 
								keyfiyyətlərə qoyulan tələblərlə müəyyən edilən 
								bir anlayışdır. Bu tələblər cəmiyyət tərəfindən 
								müəyyən edilir və cəmiyyətin inkişaf 
								səviyyəsindən asılı olur. Elmi-texniki 
								tərəqqinin, ümummədəni səviyyənin, istehsalın və 
								ümumiyyətlə, cəmiyyətin inkişafı ilə əlaqədar 
								olaraq təhsilin məqsədi və uyğun olaraq bu 
								məqsədlərə çatmaq üçün təhsilin məzmununa 
								qoyulan tələblər də dəyişir. Bu tələblər konkret 
								olaraq müəyyən normativ sənədlər - standartlar 
								şəklində ifadə olunur. Geniş mənada isə bu 
								tələblər təhsil pilləsindən asılı olaraq ictimai 
								həyata hazır olan, öz gələcək peşə fəaliyyətini 
								müəyyən edə bilən, müəyyən dünyagörüşünə və 
								ümumi mədəni səviyyəyə malik olan, peşə 
								hazırlığı üzrə təhsilini davam  etdirmək üçün 
								lazımi bilik, bacarıq və vərdişlərlə silahlanmış 
								məzun modeli formasında ifadə olunur. 
								 
								
								
								Təlimin məzmunu təhsilin məzmununa qoyulan 
								tələblərin reallaşdırılmasına xidmət edir.
								 
								
								
								Müasir dövrdə təhsilin və təlimin məzmununa 
								bəşəriyyət tərəfindən əldə edilmiş sosial 
								təcrübənin bütün elementləri daxil edilməlidir. 
								Cəmiyyətin hər bir inkişaf səviyyəsində bu 
								təcrübə təhsilin məzmununu təyin edən aşağıdakı 
								elementləri əks etdirməlidir: 
								
								
								* biliklər toplusu - təbiət, cəmiyyət, 
								istehsalat, düşüncə və fəaliyyət üsulları 
								haqqında biliklər; 
								
								
								* fəaliyyət üsulları - fəaliyyətin məlum 
								üsullarının həyata keçirilməsi üzrə toplanmış 
								təcrübə; bu təcrübə eyni zamanda şəxsiyyətin 
								müəyyən bacarıq və vərdişlər üzrə əldə etdiyi 
								bilikləri də özündə əks etdirir; 
								
								
								* yaradıcı fəaliyyət təcrübəsi - cəmiyyətin 
								tələbatına uyğun olaraq əvvəllər əldə edilmiş 
								bilik və bacarıqların yeni şəraitdə tətbiq edilə 
								bilməsi üçün yaradıcı fəaliyyət təcrübəsi, yeni 
								fəaliyyət formalarının axtarışı və 
								formalaşdırılması; 
								
								
								* cəmiyyətin əldə etdiyi nailiyyətlərə hörmətlə 
								yanaşma təcrübəsi - insanın fəaliyyət obyektləri 
								və üsullarına, ətraf aləmə, digər insanlara və 
								ümumiyyətlə, bəşəriyyətin əldə etdiyi maddi və 
								mədəni sərvətlərə   hörmətlə yanaşma, 
								dəyərləndirmə üzrə təcrübə. 
								
								
								Təhsilin və təlimin məzmununun idarə edilməsi 
								ilk növbədə məzmunun müəyyən edilmə 
								metodologiyasının işlənilməsini tələb edir. 
								Təhsilin və təlimin  məzmununun müəyyən edilmə 
								metodologiyası aşağıdakı mərhələlərdən ibarət 
								olmalıdır. 
								
								
								1. Nəzəri tədqiqatlar, elmin, texnikanın, 
								istehsalın, cəmiyyətin və şəxsiyyətin 
								tələbatlarının öyrənilməsi yolu ilə hərtərəfli 
								inkişaf etmiş vətəndaş hazırlanması üzrə təhsil 
								müəssisəsinə veriləcək sosial sifarişin 
								formalaşdırılması.  
								
								
								2. Sosial sifarişə uyğun olaraq məzunların 
								fəaliyyət növünə və keyfiyyətinə qoyulan 
								tələblərin müəyyən edilməsi; bu tələblər dövlət 
								standartlarında əks etdirilir və cəmiyyətin 
								inkişaf səviyyəsinə uyğun olaraq daim 
								yeniləşdirilir. 
								
								
								3. Artıq müəyyən edilmiş standartlara uyğun 
								olaraq konkret keyfiyyətlərin və fəaliyyət 
								növlərinin formalaşdırılmasına imkan verən 
								təhsilin və təlimin məzmununun müəyyən edilməsi. 
								Təhsilin və təlimin məzmunu müəyyən edilərkən 
								aşağıdakı əsas prinsiplər gözlənilməlidir: 
								
								
								* elmin, texnikanın və qabaqcıl texnologiyanın 
								müasir nailiyyətlərinin əks etdirilməsi; 
								
								
								* hər bir fənnin məzmununda ümumi elmi (elmlərin 
								təsnifatının ümumi əsasları, istehsal 
								proseslərinin ümumi prinsipləri, əməyin ümumi 
								sosial-iqtisadi şərtləri və s.) və peşə 
								anlayışlarının (peşə fəaliyyətinin ümumi elmi 
								əsasları, konkret sahələr üzrə istehsal 
								alətlərinin və istehsal texnologiyalarının 
								quruluşunun və iş prinsipinin əsasları, əməyin 
								ümumi iqtisadi amilləri və s.)  əks etdirilməsi; 
								
								
								* ümumi və peşə təhsili arasında qarşılıqlı 
								əlaqənin yaradılması; 
								
								
								* fənlərarası və fənnin ayrı-ayrı sahələri 
								arasında əlaqələrin yaradılması; 
								
								
								* öyrədilən fənnin uyğun peşə fəaliyyətinə aid 
								olan əsas ideyalarının, sahələrinin müəyyən 
								edilməsi və vurğulanması; 
								
								
								* tədris proqramlarında istehsalatın yenilikci 
								təcrübəsinin əks etdirilməsi; 
								
								
								* təlim materialı vasitəsilə təlim alanın 
								düşüncə tərzinin və məntiqi təfəkkürünün inkişaf 
								etdirilməsi üçün şəraitin yaradılması; 
								
								
								* məzunların gələcək peşə fəaliyyətini müəyyən 
								edə bilməsi və əmək bazarının tələbatlarına daha 
								yaxşı uyğunlaşması məqsədilə təlim 
								materiallarında müxtəlif peşələr və daha çox 
								ehtiyac hiss edilən ixtisas  sahələri üzrə 
								məlumatların əks etdirilməsi; 
								
								
								* tərbiyə məsələlərinin əks etdirilməsi. 
								
								
								4. Təhsilin və təlimin varislik və inteqrativlik 
								prinsipi əsasında müəyyən edilmiş məzmununun 
								təhsilin müxtəlif səviyyələri və mərhələləri 
								üzrə təhsil proqramlarına görə paylaşdırılması.
								 
								
								
								5. Təhsil proqramlarında toplanmış materialın 
								inteqrativ təlim fənləri bloku üzrə 
								paylaşdırılması. 
								
								
								6. Formalaşdırılmış tələblər əsasında 
								təlim-tərbiyə prosesinin yeniləşdirilmiş 
								modelinin qurulması və tətbiqi. 
								
								
								Təhsil proqramlarının formalaşdırılması zamanı 
								həmçinin aşağıdakı pedaqoji tələblər 
								gözlənilməlidir: 
								
								
								* məzmun tələbləri - varisliyin və təlimə 
								inteqrativ yanaşmanın nəzərə alınması şərti ilə 
								təhsil proqramlarının modullar əsasında tərtib 
								edilməsi (bu tələblər həmçinin məzunların 
								gələcək təhsillərinin fasiləsizliyinin təmin 
								edilməsi üçün vacibdir); 
								
								
								* təşkilati tələblər - bu tələblər təhsil 
								proqramlarının müxtəlif növlü tədris 
								müəssisələrində reallaşdırılmasına imkan 
								yaradır; 
								
								
								* kadrlara qoyulan tələblər - bu tələblər təhsil 
								proqramlarının səviyyəsinə uyğun olan pedaqoji 
								kollektivin formalaşdırılmasını təmin edir; 
								
								
								* maddi-texniki tələblər - bu tələblər seçilmiş 
								tədris proqramının reallaşdırılması üçün 
								maddi-texniki bazanın yaradılmasını nəzərdə 
								tutur; 
								
								
								* motivasion tələblər - bu tələblər şəxsiyyətə 
								öz təhsil trayektoriyasını seçməyə və təhsil 
								müəssisəsinə öz fərdi təhsil sistemini 
								formalaşdırmağa imkan yaradır; 
								
								
								* milli-regional tələblər - bu tələblər regionun 
								xüsusiyyətlərini və imkanlarını nəzərə alır və 
								iqtisadiyyatın və sosial sferanın inkişafını 
								şərtləndirir; 
								
								
								* yerli tələblər - bu tələblər hər bir rayonun, 
								şəhərin, təhsil müəssisəsinin şəraitinin, 
								xüsusiyyətlərinin, mütərəqqi adət və 
								ənənələrinin nəzərə alınmasını təmin edir. 
								
								
								Təhsilin və təlimin məzmununun idarə edilməsi 
								son nəticədə keyfiyyətin yüksəldilməsinə xidmət 
								edir. Təhsilin və təlimin keyfiyyətinin müəyyən 
								edilməsi aşağıdakı üç komponent üzrə aparılır: 
								
								
								* nəticələrin keyfiyyəti; 
								
								
								* şəraitin keyfiyyəti; 
								
								
								* prosesin keyfiyyəti. 
								
								
								Nəticələrin keyfiyyəti - qarşıda qoyulan 
								məqsədlərə çatma ölçüsüdür və hər bir təhsil 
								müəssisəsi üçün keyfiyyət indikatorları 
								vasitəsilə müəyyən edilir. Öyrədənlər və 
								öyrənənlər üçün nəticələrin keyfiyyət 
								indikatorları müəllim və məzun modelində 
								standartlar şəklində ifadə olunur. Nəticələrin 
								keyfiyyəti təhsil və təlim prosesi üçün mövcud 
								olan şəraitin keyfiyyəti ilə təyin olunur. 
								Öyrədən üçün şəraitin keyfiyyəti daxili 
								motivasiyanın, stimullaşdırma üsullarının və 
								metodiki işlərin aparılması üçün imkanların 
								olması ilə təyin edilir. Öyrənən üçün şəraitin 
								keyfiyyəti əlverişli təhsil mühitinin, 
								motivasiyanın, təhsil alma imkanının və sosial 
								qayğının olması ilə təyin olunur. Digər 
								tərəfdən, nəticələrin keyfiyyəti təlim 
								prosesinin keyfiyyəti ilə təyin olunur. Öyrədən 
								üçün prosesin keyfiyyəti onun peşəkarlıq 
								səviyyəsinin inkişafına imkan verən fasiləsiz 
								təhsil proqramları, öyrənən üçün prosesin 
								keyfiyyəti fərdi təhsil proqramları vasitəsilə 
								əldə edilir. 
								
								
								Təhsilin keyfiyyətinin idarə olunması sistemi 
								keyfiyyət, fəaliyyətin səmərəliliyi və 
								monitorinq kimi üç anlayışın vəhdətini təşkil 
								edir. Keyfiyyət  fəaliyyətin 
								xarakteristikasıdır, səmərəliliyin 
								qiymətləndirilməsi keyfiyyətin müəyyən edilmə 
								üsuludur, monitorinq isə bu üsulun 
								reallaşdırılması mexanizmidir. 
								
								
								Hazırda təhsilin və təlimin məzmunu və ona 
								verilən tələblər müasir kurikulumlarla ifadə 
								olunur. Ona görə təhsilin və təlimin məzmununun 
								idarə edilməsi eyni zamanda kurikulumun 
								qiymətləndirilməsini tələb edir. Kurikulumun 
								qiymətləndirilməsi ehtiyacların öyrənilməsi və 
								mövcud durumun təhlili ilə başlanır. Bu proses 
								ehtiyaclara əsaslanan məqsədlərin müəyyən 
								edilməsi üçün zəruridir. Qiymətləndirmə 
								prosesində müvəffəqiyyət vəziyyətin və 
								kontekstin düzgün aparılmış təhlilindən 
								asılıdır.  
								
								
								Qiymətləndirmə prosesinin müxtəlif fazalarının 
								və növlərinin reallaşdırılması təhsil sistemində 
								daxili və xarici prosedurlar vasitəsilə 
								keyfiyyət və kəmiyyət yanaşmalarının icrasını 
								tələb edir.  
								
								
								Nəticə etibarilə qeyd edək ki, təhsilin və 
								təlimin məzmununun səmərəli idarə edilməsi və 
								keyfiyyət baxımından yüksəldilməsi aşağıdakı 
								tədbirlərin kompleks şəkildə həyata 
								keçirilməsini tələb edir: 
								
								
								* mədəni təhsil mühitinin yaradılması; 
								
								
								* təhsilin və təlimin məzmununun idarə edilməsi 
								üzrə təhsil müəssisələrinin təşkilati və 
								metodiki cəhətdən dəstəklənməsinə yönəlmiş 
								kompleks tədbirlərin həyata keçirilməsi; 
								
								
								* təhsilin məzmununun və texnologiyasının 
								fasiləsiz olaraq dəyişdirilməsi və 
								yeniləşdirilməsi; 
								
								
								* təhsilin məzmununun və təlim 
								texnologiyalarının müasirləşdirilməsi vasitəsilə 
								nümunəvi təhsil müəssisəsi modelinin 
								yaradılması; 
								
								
								* öyrənənlərin məzmunca yeniləşdirilmiş 
								dərsliklər, dərs vəsaitləri və metodiki 
								vəsaitlərlə təmin edilməsi; 
								
								
								* İKT-lərdən istifadə etməklə təlim-tərbiyə 
								prosesinin forma və məzmun cəhətdən 
								yeniləşdirilməsi; 
								
								
								* təhsil və tərbiyə prosesində seçim şəraitinin 
								yaradılması; 
								
								
								* idarəetmə sisteminin yeniləşdirilməsi, müasir 
								standartlara uyğun idarəetmə bacarıqlarına malik 
								olan təhsil menecerlərinin hazırlanması; 
								
								
								* muəssisədaxili idarəetmənin strategiyasının, 
								forma və məzmununun yeniləşdirilməsi; 
								
								
								* öyrədənlərin peşəkarlıq səviyyəsinin fasiləsiz 
								olaraq yüksəldilməsi, onların fəaliyyətinin 
								təhsilin və təlimin yeniləşdirilmiş məzmununa 
								uyğunlaşdırılması üçün şəraitin yaradılması və 
								pedaqoji işçilər üçün əlavə təhsilin məzmununun 
								yeniləşdirilməsi; 
								
								
								* təhsilin və təlimin məzmununun idarə edilməsi 
								üzrə rəhbər və pedaqoji işçilərin bilik və 
								bacarıqlarının inkişaf etdirilməsi; 
								
								
								* qabaqcıl pedaqoji təcrübənin yayılması, 
								öyrədənlər üçün konkursların, müsabiqələrin, 
								açıq dərslərin keçirilmə praktikasının daha da 
								inkişaf etdirilməsi;  
								
								
								* təhsilin və təlimin məzmununun 
								yeniləşdirilməsi, idarə edilməsi və keyfiyyətin 
								yüksəldilməsi üzrə elmi-praktik konfransların 
								keçirilməsi.  
								
								
								
								Aydın KAZIMZADƏ, 
								Bakı Dövlət Universitetinin  
								kafedra müdiri,  
								fizika-riyaziyyat elmləri  
								doktoru, professor  |