| 
								 
								
								
								 Əliyev 
								Nadir Alış oğlu  
								
								
								1962-ci il iyulun 30-da Ağdam rayonunun Əliağalı 
								kəndində anadan olmuşdu. 1981-ci ildə Bakı 
								Politexnik Texnikumunu, 1991-ci ildə DTK-nin 
								F.E.Dzerjinsk adına ali məktəbi, 1993-cü ildə 
								isə Bakı Dövlət Universitetinin hüquq 
								fakültəsini bitirmişdi. 1991-ci ildən Milli 
								Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə 
								olan Nadir 1992-ci ildən etibarən MTN-nin 
								Qarabağ üzrə İdarəsinin Ağdərə rayon bölməsində 
								baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdı. 
								1993-cü ilin yanvarından MTN Ağdam rayon 
								şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə 
								təyin edilmişdi. N.Əliyev MTN-nin xüsusi 
								təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə 
								rayonunun Sırxavənd kəndində erməni 
								işğalçılarına qarşı gedən döyüşlərdə şəxsi 
								rəşadət göstərmişdi. 
								
								
								N.Əliyev Ağdam rayonunun Qiyaslı kəndi uğrunda 
								gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 
								1994-cü il tarixli 218 nömrəli Fərmanı ilə 
								Əliyev Nadir Alış oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 
								Suraxanı rayonundakı 282 nömrəli orta məktəb 
								onun adını daşıyır. Yaşadığı binanın önünə 
								xatirə lövhəsi vurulub.   
								
								
								
								 Əliyev 
								Rövşən Nəriman oğlu              
								 
								
								
								1972-ci il avqustun 30-da Bakı şəhərində anadan 
								olmuşdu. 1989-cu ildə paytaxtın Xətai 
								rayonundakı 254 nömrəli orta məktəbi bitirmiş, 
								Azərbaycan Dövlət Politexnik İnstitutunun 
								maşınqayırma fakültəsinə daxil olmuşdu. 1990-cı 
								ildə baş vermiş 20 Yanvar hadisələri Rövşəndə 
								düşmənə qarşı nifrət hissi  yaratmışdı. O, 
								1991-ci ildə könüllü olaraq ordu sıralarına 
								getmişdi. Ağdamın Sırxavənd, Qazançı kəndlərinin 
								düşməndən azad edilməsində igidlik göstərmişdi. 
								1992-ci ildə Muğanlı, Şıxbabalı yüksəkliklərində 
								mövqe tutaraq düşmənin canlı və texniki 
								qüvvələrini məhv etmişdi. Elə həmin il mayın 
								13-də erməniləri Dəhraz kəndindən çıxarmaq 
								məqsədilə Abdal kəndinə hücuma keçmişdilər. Kənd 
								Rövşən kimi qəhrəman oğullarımızın mübarizəsi 
								nəticəsində düşməndən azad edilmişdi. 
								
								
								R.Əliyev 1992-ci il iyunun 14-də ağır döyüşlər 
								zamanı yaralı yoldaşlarını xilas edərkən özü 
								qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 
								1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə 
								Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 254 
								nömrəli orta məktəbə və Bakı şəhərindəki 
								küçələrdən birinə onun adı verilib.  
								
								
								
								 Əmirov 
								Faiq İsfəndiyar oğlu  
								
								
								1975-ci il iyunun 22-də Zaqatala rayonunun 
								Bəhmədli kəndində anadan olmuşdu. 1992-ci ildə 
								doğma kəndlərindəki orta məktəbi bitirmişdi. 
								Hələ orta məktəbdə oxuyarkən, 1988-ci ildən 
								başlayaraq baş vermiş hadisələr onun psixoloji 
								durumuna hədsiz təsir etmiş, onu vətənpərvər 
								övlad kimi yetişdirmişdi. 1993-cü ildə Milli 
								Ordu sıralarına çağırılmışdı. O, həmin dövrdə 
								erməni təcavüzkarlarına qarşı doğma Azərbaycanın 
								ayrılmaz hissəsi olan Qarabağın Füzuli, Tərtər, 
								Ağdərə bölgələri uğrunda gedən ağır döyüşlərdə 
								böyük fədakarlıqla iştirak etmişdi.  
								
								
								1995-ci ilin martında dövlət çevrilişinə cəhdin 
								qarşısının alınmasında Faiqin xidmət etdiyi 
								batalyon da iştirak etmişdi.  
								
								
								F.Əmirov 17 mart 1995-ci ildə Azərbaycan 
								Respublikasında dövlət çevrilişi cəhdinin 
								qarşısının alınması zamanı qəhrəmancasına həlak 
								olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə  
								Əmirov Faiq İsfəndiyar oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bəhmədli kənd qəbiristanlığında dəfn olunub. 
								Zaqatala şəhərindəki küçələrdən biri onun adını 
								daşıyır.  
								
								
								
								 Əsədov 
								Əsəd Soltan oğlu  
								
								
								1956-cı il martın 22-də Zəngilan rayonunun 
								Turabad kəndində anadan olmuşdu. 1975-ci ildə 
								Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra 
								sovet ordusu sıralarına xidmətə çağırılmışdı. O, 
								hərbi xidmətini başa çatdırdıqdan sonra Saratov 
								vilayətinin Krasnokutsk şəhərindəki təyyarəçilik 
								məktəbinin mülki  aviasiya şöbəsinə daxil 
								olmuşdu. 
								
								
								Əsəd 1991-ci il oktyabrın 29-da doqquz nəfər 
								döyüşçü ilə birlikdə Qarabağ istiqamətində 
								səmaya qalxmışdı. Xocalı aeroportunu erməni 
								işğalçılarından müdafiə etməyə can atan 
								döyüşçülər Xanabad kəndi üzərindən uçarkən 
								düşmən tərəfindən güclü atəşə tutulmuşdu. 
								Azərbaycanın mərd, mübariz oğlu, cəsur komandir 
								Ə.Əsədov elə həmin uçuş zamanı heyət üzvləri ilə 
								birlikdə həlak olub. 
								
								
								Ailəli idi. Dörd övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 
								1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə 
								Əsədov Əsəd Soltan oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Zəngilan rayonunda dəfn olunub. Təhsil aldığı 
								Turabad kənd orta məktəbi və Mincivan 
								qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını 
								daşıyır.  
								
								
								
								 Əsədov 
								Malik Hamil oğlu  
								
								
								1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı 
								kəndində anadan olmuşdu. 1979-cu ildə 
								kəndlərindəki orta məktəbi bitirdikdən sonra 
								ordu sıralarına çağırılmışdı. Hərbi xidmətini 
								Qazaxıstanda başa çatdırmışdı. O, Mingəçevir 
								şəhər 45 nömrəli Müstəqil Hərbiləşdirilmiş 
								Yanğından Mühafizə hissəsində əmək fəaliyyətinə 
								başlamışdı. Erməni işgalçılarına qarşı Xocalı, 
								Əsgəran, Ağdam uğrunda gedən döyüşlərdə iştirak 
								etmişdi. Malik 1992-ci il yanvarın 12-də silahlı 
								döyüşçülərlə birlikdə Şuşanın müdafiəsinə 
								yollanmışdı. Yanvarın 18-də ermənilər Şuşanın 
								Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. 
								Azərbaycanın bu cəsur oğlu  həmin hücum zamanı 
								ağır yaralanmasına baxmayaraq, işğalçı düşmənin 
								bir neçə canlı qüvvəsini məhv etmişdi. 
								
								
								M.Əsədov elə həmin döyüşdə qəhrəmancasına həlak 
								olub. 
								
								
								Ailəli idi. Üç övladı var. 
								
								
								 Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Əsədov Malik Hamil oğlu  ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Doğulduğu Havarlı kəndində dəfn olunub. Təhsil 
								aldığı kənd orta məktəb onun adını daşıyır. 
								Həmin məktəbdə və Mingəçevir şəhərində- işlədiyi 
								idarənin önündə büstü qoyulub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |