| 
								 
								
								M.V.Lomonosov adına Moskva Dövlət 
								Universitetində (MDU) gənclərin "Lomonosov-2010" 
								ənənəvi 17-ci beynəlxalq elmi forumu açılmışdır.
								 
								
								
								Forumda  M.V.Lomonosov adına MDU-nun Bakı 
								filialının və Bakı Dövlət Universitetinin (BDU) 
								gənc alimləri, tələbələri və aspirantları 
								iştirak edirlər.  
								
								
								MDU-nun foyesində MDB gənc alimlərinin 
								innovasiya layihələrindən və nailiyyətlərindən 
								ibarət sərgi açılmışdır. Ayrıca stenddə gənc 
								azərbaycanlı alimlərin nailiyyətləri təqdim 
								olunmuşdur.  
								
								
								MDU-nun Fundamental kitabxanasının İntellektual 
								mərkəzinin iclas salonunda forumun təntənəli 
								açılışı olmuşdur. İclası açan MDU-nin rektoru 
								Viktor Sadovniçi Smolensk ətrafında baş vermiş 
								aviaqəzanın qurbanlarının xatirəsini yad etmək 
								üçün bir dəqiqəlik sükut elan etmişdir. 
								 
								
								
								V.Sadovniçi ənənəvi xarakter daşıyan tədbirin 
								əhəmiyyətindən danışaraq demişdir ki, bu, 
								olduqca vacib forum və MDB gənclərinin təcrübə, 
								bilik və novator ideya mübadiləsi aparmaları 
								üçün gözəl meydandır. Sonra "Müstəqil Dövlətlər 
								Birliyi: gənclərin baxışı" seksiyasında plenar 
								iclasın açılışı olmuşdur.  
								
								
								Açılış mərasimində MDB ölkələrinin 
								dövlətlərarası orqanlarının rəhbərləri, 
								deputatlar, Milli Təhsil və Elm nazirliklərinin 
								nümayəndəlikləri, diplomatlar, görkəmli alimlər 
								və bir neçə min gənc alim iştirak etmişdir.
								 
								
								
								MDU-nun Bakı filialının altı tələbəsi elmi 
								tədqiqatlarının nəticələrini geniş auditoriyaya 
								təqdim etmək imkanı qazanmışdır.  
								
								
								Qeyd etmək lazımdır ki, Bakı filialının rektoru, 
								professor Nərgiz Paşayeva bir gün əvvəl 
								konfransın regional mərhələsindən uğurla keçən 
								gənclərlə görüşərək, elmi tədqiqatlardan 
								danışmışdır.  
								
								
								MDB məkanında nüfuzlu və iri forumlardan sayılan 
								"Lomonosov-2010" 2005-ci ildən Gənclərin 
								Beynəlxalq Elmi Forumunun tərkib hissəsidir. 
								Builki forum MDB-də elan edilmiş "Elm və 
								innovasiyalar ili"nə həsr olunmuşdur. Forum elmə 
								can atan gənclərin fəallığını inkişaf etdirmək, 
								onları müasir elmin aktual məsələlərinin həllinə 
								cəlb etmək məqsədi daşıyır.  
								
								
								Forum çərçivəsində şagird və tələbələrin fənn 
								olimpiadaları, 17-ci Lomonosov Beynəlxalq elmi 
								konfransı, elmi işlərin, tədqiqat və innovasiya 
								layihələrinin müsabiqəsi keçiriləcəkdir. 
								 
								
								
								Forumun təşkilat komitəsinin həmsədrləri 
								Rusiyanın təhsil və elm naziri Andrey Fursenko 
								və Moskva Dövlət Universitetinin rektoru, 
								akademik Viktor Sadovniçidir.  
								
								
								Bu il forumun təşkilat komitəsinə gənc 
								alimlərdən, MDB ölkələrinin, uzaq 60 xarici 
								ölkənin elmə istiqamətlənmiş gənclərindən 15 
								mindən yuxarı ərizə daxil olmuşdur. Forumun 
								ilkin mərhələləri MDU-nun Bakı, Sevastopol, 
								Astana, Daşkənd və Düşənbə filiallarında 
								keçmişdir. Bundan əlavə, 15 minədək məktəbli MDU-nun 
								forum çərçivəsində təşkil etdiyi çoxsaylı 
								olimpiadalara qatılacaqdır. 
								  |