| 
								 
								
								Aprelin 14-də Bakı Dövlət Universiteti nəzdində 
								fəaliyyət göstərən "Gənc istedadlar" liseyində 
								"İngilis dilini öyrənirik" mövzusunda tədbir 
								keçirildi.  
								
								
								Öncə tədbir iştirakçıları 5 sinif otağında 
								ingilis dilində aparılan "açıq dərs"də iştirak 
								etdilər. Bu dərslərdə müəllimlər şagirdlərə 
								ingilis dilində mövzular ətrafında suallar verir 
								və onlardan cavablar alırdılar.  
								
								
								Sonra "dəyirmi masa" ətrafında dərslərin 
								müzakirəsi keçirildi. BDU-nun elmi işlər üzrə 
								prorektoru, professor İsmayıl Əliyev müəllim və 
								şagirdlərdən razı qaldığını bildirərək, xarici 
								dilin daha da dərindən öyrənilməsinin  
								vacibliyini vurğuladı. O, belə tədbirlərin 
								keçirilməsini təqdirəlayiq hal kimi 
								qiymətləndirərək, müəllimlərə tədrislə bağlı 
								tövsiyələrini verdi. "Açıq dərs" haqqında fikir 
								söyləyən digər qonaqlar da tədrisin 
								keyfiyyətinin yüksək olduğunu söylədilər. 
								
								
								"Dəyirmi masa" başa çatdıqdan sonra 
								iştirakçılar  liseyin akt  zalında şagirdlərin 
								iştirakı ilə ingilis dilində aparılan bədii 
								hissəyə tamaşa etdilər. Bədii hissəni açıq elan 
								edən liseyin direktoru, kimya elmləri doktoru, 
								professor Qasım Hüseynov bildirdi ki, lisey üç 
								ilə yaxın fəaliyyəti müddətində bir sıra uğurlar 
								əldə etmişdir. O, liseyin ilk məzunlarının hər 
								birinin nüfuzlu ali məktəblərə daxil olmasını 
								ilk uğurları hesab etdiyini bildirdi. Bilik, 
								intellekt və idman yarışlarında lisey 
								şagirdlərinin qalib olduqları vurğulandı. 
								Q.Hüseynov keçən il liseydə "Müasir şəraitdə 
								orta ümumtəhsil məktəblərində tədrisin 
								keyfiyyətini yüksəltmək yolları" mövzusunda 
								keçirilən konfransın və digər tədbirlərin 
								əhəmiyyətindən söz açaraq, belə bir şəraitin 
								yaradılmasına görə təhsil naziri Misir 
								Mərdanova, BDU-nun rektoru, akademik Abel 
								Məhərrəmova minnətdarlığını bildirdi. 
								
								
								Şagirdlərin  ingilis dilində hazırladıqları 
								çıxışları qonaqlar tərəfindən maraqla 
								qarşılandı.  
								
								
								
								Niyazi RƏHİMOV  |