| 
								 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyeva ilə müsahibə yazmağa hazırlaşanda 
								xalqımızın iki görkəmli ziyalısının hamımıza 
								böyük örnək olacaq ifadələri yadıma düşdü. 
								Birincisi, cəmi 50 il ömür sürmüş, fəqət, 
								Azərbaycan maarifinin tarixində möhtəşəm izlər 
								qoymuş Məhəmməd Tağı Sidqinin elm, maarif 
								adamlarının haqsız hücumlara məruz qalmasını 
								özündə əks etdirən ifadəsidir: "Bar verən ağaca 
								daş atan çox olduğu kimi, elm, maarif, mərifət 
								sahibinə də zəhmət və əziyyət verən çox olur". 
								İkinci ifadənin müəllifi isə böyük azadlıq 
								mücahidi, tribun şairimiz Xəlil Rza Ulutürk idi. 
								90-cı illərin əvvəllərində Səbail rayonunda 
								keçirilən tədbirdə ardıcıl olaraq iki natiqin 
								məktəb və müəllimlərin üzərinə allahsızcasına 
								hücum etməsi ulu şairi hədsiz dərəcədə narahat 
								etdi və o, ikinci dəfə söz alaraq mikrofona 
								yaxınlaşdı: - "Mən sizi (üzünü özündən əvvəlki 
								natiqə tutub danışırdı - İ.M.) savadlı, qeyrətli 
								və vətənpərvər bir ziyalı kimi tanıyıram. Onu da 
								bilirəm ki, sizi bu səviyyədə yetişdirən məhz 
								məktəb, müəllim, aldığınız təhsil olub. Ona görə 
								də xahiş edirəm, cənablar, gəlin, bir az 
								ehtiyatlı olaq, biz məktəbdən, müəllimdən 
								danışırıq..."
								  
								
								
								Haqqında söz açdığımız idarənin cəmiyyətimizdəki 
								rolu, xalqımızın həyatında tutduğu mövqe barədə 
								əhatəli danışmağa qətiyyən ehtiyac yoxdur. 
								Məktəb və müəllim haqqında hansı şərhə ehtiyac 
								var ki? Ancaq bu şərhə ehtiyac olmasa da, 
								paytaxt müəlliminin üzərinə düşən vəzifələrin 
								gündən-günə artması, həmin vəzifələrin layiqincə 
								yerinə yetirilməsi üçün həyata keçirilən 
								genişmiqyaslı tədbirlər, müəllim - şagird, 
								məktəb - ailə, təhsil ictimaiyyəti - cəmiyyət 
								münasibətlərində yeni formalaşan məqamlar barədə 
								söz açmağa böyük ehtiyac vardır. Təhsil 
								ictimaiyyətinin fikrincə, dünyanın bütün 
								ölkələrinin mətbuatında olduğu kimi, Azərbaycan 
								qəzetçiliyində də yaranmış dedi-qoduya, mənbəyi 
								olmayan "faktlara", populizmə geniş meydan 
								verildiyi indiki zamanda belə yazılara daha 
								böyük ehtiyac vardır. Ona görə də yuxarıda qeyd 
								etdiyimiz məsələləri əhatə edən suallarla Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 
								respublikanın əməkdar müəllimi Nailə xanım 
								Rzaquliyevaya müraciət etdik:  
								
								
								
								- Nailə xanım, təxminən 90-cı illərin 
								ortalarında belə bir tezis gündəliyə gəlirdi ki, 
								təhsilə münasibət dəyişməlidir. Həmin tezisi 
								təhsil ictimaiyyəti ilə birlikdə valideynlər də 
								şüar etmişdilər. Təhsilə dövlətin münasibəti 
								dəyişdi və bu sahənin inkişafı hamının gözü 
								qabağındadır. Maraqlıdır ki, bu gün də həmin 
								tezis gündəliyə gətirilir, fəqət, təkcə təhsil 
								ictimaiyyəti tərəfindən...  
								
								
								- Suallarınızın birincisi elə birbaşa bizi 
								narahat edən məsələ barədə oldu. Amma həmin 
								suala cavab verməzdən əvvəl ulu öndərimiz Heydər 
								Əliyevin bilavasitə bu məsələyə aid olan bir 
								ifadəsini sitat kimi yada salmaq istəyirəm. 
								Böyük dövlət qurucusu və təhsil himayədarı 
								deyirdi: "Bizim hər birimiz elmi dərəcəmizdən, 
								biliyimizdən, təhsil səviyyəmizdən asılı 
								olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, 
								müəllimə borcluyuq". Yəni Prezidentdən tutmuş 
								sıravi müəllimə, texniki işçiyə qədər hamımızı 
								məktəb, müəllimlər ərsəyə gətirib. Ona görə də 
								siz mərhum şair Xəlil Rzanın həmin ifadəsini 
								yada salanda çox incə bir məqama toxundunuz... 
								gəlin, bir az ehtiyatlı olaq. Bu gün 
								Azərbaycanda elə bir insan tapılmaz ki, 
								ailəsindən və ya yaxın qohumlarından kimsə 
								təhsillə, pedaqoji ictimaiyyətlə bağlı olmasın. 
								Eyni zamanda ölkəmizdə elə bir adam tapılmaz ki, 
								ailə üzvləri və ya qohumları barədə söylənilən 
								haqsız ittihamları sakitliklə qəbul etsin. Çox 
								təəssüf ki, həmin təzadların şahidiyik. Hamını 
								məktəblə bağlayan tellər va r 
								və məktəb haqqında, müəllim barədə absurd 
								ittihamlar səslənməkdədir. Məhz ona görə də 
								sizin yada saldığınız "təhsilə münasibət 
								dəyişməlidir" - tezisi gündəliyə gəlir. Özü də 
								bilavasitə təhsil ictimaiyyəti tərəfindən. İndi 
								mən soruşmaq istəyirəm: bu gün Azərbaycan 
								təhsilinin səviyyəsini bəyənməyən - qeyd edim ki, 
								beynəlxalq təşkilatlar və dünyanın aparıcı 
								ekspertləri bizim təhsil sistemimizin 
								səviyyəsini yüksək qiymətləndirirlər - 
								müəllimlərimizin ünvanına müxtəlif ittihamlar 
								səsləndirən, məktəbi az qala təhsilə dəxli 
								olmayan bir qurum kimi qələmə verməyə çalışan 
								şəxslər məktəbin və təhsilin strateji sahə 
								olduğunu bilirlərmi? Yaxud məktəbin gözdən 
								salınmasının nə ilə nəticələnəcəyini başa 
								düşürlərmi? Sanki hansısa qara qüvvələr dünya 
								təhsil sisteminə inteqrasiyanı uğurla davam 
								etdirən milli təhsil sistemimizə qara yaxmaq 
								barədə yarış elan edib. Həmin yarışda qalib 
								gəlmək üçün Azərbaycan təhsilinin 
								keyfiyyətsizliyini sübut etməyə çalışanlara 
								adamın yazığı gəlir. Təsəvvür edin, 8 mart 
								bayramı ərəfəsində ölüm yatağında olan bir 
								məktəb direktorunun ünvanına necə hədyanlar 
								yazırdılar. Direktor məhz həmin gün dünyasını 
								dəyişdi. Bilmirəm yalan püskürən həmin adamların 
								vicdanı narahat oldu, ya yox. Təbii ki, həmin 
								cəhdlər faktlara əsaslanmadığına və hansısa 
								maraqlar xatirinə cəmiyyətə sırındığına görə 
								normal insanlar bu ittihamları qətiyyən qəbul 
								etmirlər. Daha doğrusu, geridə qalan illərin 
								təcrübəsi Azərbaycan insanına elə bir dərs verib 
								ki, o, artıq populist fikirlərə, ajiotaj yaradan 
								yazılara qətiyyən inanmır. Ona görə də 
								ittihamların yeni variasiyaları düşünülür. 
								Düşünürəm ki, belə variantları axtarıb tapanlara 
								cavab vermək baxımından deyil, cəmiyyətə 
								həqiqəti söyləmək, səmimi informasiya vermək 
								baxımından qəzet səhifələrində bəzi yazılara 
								ehtiyac vardır.  
								
								
								
								- Bəlkə məsələni bir az konkretləşdirək? 
								 
								
								
								- Təhsilə münasibəti özü bildiyi şəkildə 
								dəyişmiş insanlar və özünü təhsil eksperti 
								adlandıranların əksəriyyəti üçün sevimli mövzu 
								olan təhsilin keyfiyyəti hansı meyarlarla 
								ölçülür? Həmin adamlar bu meyarların nədən 
								ibarət olduğunu bilirlərmi? Bilmirlər. Ona görə 
								də gah nala, gah mıxa döymək məcburiyyətində 
								qalırlar. Təhsili idarəetmə orqanlarını tənqid 
								edənlər yeri gəldi-gəlmədi, ali məktəbə qəbul 
								olunanların sayının azlığını bayraq edirlər. 
								Ancaq özləri də yaxşı bilirlər ki, təhsilin 
								keyfiyyətinin müəyyənləşdirilməsi üçün lazım 
								olan əsas meyarlar ali məktəbə qəbul olan 
								məzunların say göstəricisi ilə qurtarmır. Çünki 
								orta məktəbin əsas məqsədi ali məktəblər üçün 
								tələbə hazırlamaq yox, əsl vətəndaş 
								yetişdirməkdir. Ölkədə 110-120 min nəfər məzun 
								varsa və ali məktəblərə qəbul planı cəmi 25-30 
								min nəfərdirsə, bütün məzunların ali məktəbə 
								qəbul olunmasını necə mümkün saymaq olar? Deməli, 
								belə bir sadə məntiq üzərində cavabı məlum olan 
								məsələni şişdirib ajiotaj yaratmaq 
								təcrübəsizlikdən deyil, qərəzçilikdən 
								qaynaqlanır. Bir də ki, cəmiyyət həyatının 
								müxtəlif sahələrindəki proseslər öz nəticəsini 
								dərhal verirsə, təhsil sahəsindəki proseslərin 
								nəticəsi 10-15 ildən sonra özünü göstərir. Yəni, 
								bugünkü Azərbaycan məktəbi sabah və ya gələn ay 
								üçün deyil, ümumilikdə gələcək üçün fəaliyyət 
								göstərir.  
								
								
								
								- Məktəbin ünvanına səsləndirilən ittihamlar 
								əsasən nədən ibarətdir?  
								
								
								 - 
								Hər şeydən. İstənilən islahat və ya eksperiment 
								böyük səs-küylə, top-tüfənglə qarşılanır. Uzun 
								müddət ittihamlar eşidirdik ki, orta 
								məktəblərdəki buraxılış imtahanlarında çoxlu 
								sayda neqativ hallara yol verilir. Həmin neqativ 
								halların qarşısının alınması üçün Təhsil 
								Nazirliyi dünya təhsil təcrübəsində böyük uğurla 
								sınaqdan çıxmış mərkəzləşdirilmiş buraxılış 
								imtahanlarının keçirilməsini məqsədəuyğun saydı. 
								Növbəti səs-küy dalğası da məhz həmin 
								imtahanlardan sonra başlandı ki, ay haray, 
								məzunların filan qədəri attestat ala bilmədi. 
								Deməli, özləri də bilmədən dünən söydükləri 
								şəxsin - buraxılış imtahanında neqativ hallara 
								yol vermiş məktəb direktorunun ucuz 
								müdafiəçisinə çevrilmiş oldular. Əslində dünya 
								təcrübəsindən xəbərsiz olduqlarını ortaya 
								qoyurlar. Çünki beynəlxalq aləmdə orta məktəbin 
								hamını attestatla təmin etməsi daha çox 
								qeyri-adi hal kimi qəbul edilir. Əksər ölkələrdə 
								hətta məzunların cəmi 50-60 faizinin orta təhsil 
								barədə sənəd alması tam təbii qarşılanır. Bizdə 
								isə kiminsə attestat ala bilməməsini təhsilin 
								tamamilə çökməsi kimi qələmə verirlər. Bu isə 
								şəxsi mənafelərə xidmət etməkdən başqa bir şey 
								deyildir. Həmin tendensiya isə təhsilin 
								inkişafına az da olsa mane olur. Yəni ən xırda, 
								əhəmiyyətsiz, ümumi nəticəyə təsir etməyən 
								hadisələri də böyük fəlakət kimi qəbul etməyə və 
								ya qəbul etdirməyə çalışırlar. Ancaq bütün 
								bunlara baxmayaraq, zaman sübut edir ki, dərin 
								təhsil islahatları aparan Azərbaycan dövləti də, 
								Azərbaycan məktəbi də doğru yoldadır. 
								 
								
								
								Biz məhz dövlətin iradəsini və qətiyyətini əsas 
								tutaraq təhsil islahatlarını daha da 
								dərinləşdiririk. Məzmunca mütərəqqi, gələcəyə 
								hesablanmış islahatlar sonda hamı tərəfindən 
								qəbul olunur. Əminəm ki, bizim islahatlar öz 
								müsbət nəticələrini verəndə bugünkü 
								opponentlərimiz səhv etdiklərini başa düşəcəklər.
								 
								
								
								
								- Ancaq bütün bunlar o demək deyil ki, 
								məktəblərdə neqativ hallar yoxdur və ya olmayıb...
								 
								
								
								- Heç biz də o iddiada deyilik. Nöqsan da, 
								neqativ hal da olur. Lakin milçəkdən fil 
								düzəltməyin ustaları da çoxdur. İndi bu məqamda 
								bizə ən yaxın olan sahə, daha doğrusu, 
								həmsöhbətimiz siz olduğunuza görə məsələni 
								mətbuat müstəvisinə gətirmək istəyirəm. Belə ki, 
								ölkədə yüzlərlə qəzet çıxır. Onların 70-80-nin 
								adı həm Mətbuat Şurasının qara siyahısındadır, 
								həm də cəmiyyətin qınaq ünvanında. Həmin 70-80 
								qəzetə görə mindən çox qəzetin hamısına pis 
								demək mümkündürmü? Əsla yox. Bu gün halal 
								zəhmətlə yaşayan, gözünün nurunu, canını, 
								sağlamlığını mətbuatın inkişafı üçün əsirgəməyən, 
								minlərlə öz peşəsinə, dövlətinə və xalqına 
								sədaqətli qələm sahibi var. Eyni zamanda həmin 
								keyfiyyətlərin tamamilə əksini özü üçün həyat 
								amalı seçən jurnalistlərin olması da həyatımızın 
								reallığıdır. İndi nə deyirsiniz, bu "azsaylı" 
								mətbuat təmsilçilərinə görə o boyda jurnalistlər 
								ordusu barədə pis düşünəkmi? Bu mümkün deyil. 
								Yaxud bəzi nazirliklərin illik kollegiya 
								iclaslarının qərarında göstərilir ki , 70, 80, 
								hətta bəzən 100-dən çox əməkdaş öz 
								fəaliyyətindəki neqativ hallara görə tutduğu 
								vəzifədən kənarlaşdırılıb. Bizdə də belə hallar 
								olur. Yeri gəlmişkən, burada da bir 
								məntiqsizliklə üzləşirik. Bir çox "ekspertlər" 
								və ya qəzetlər vay-şivən qaldırırlar ki, filan 
								məktəbdə filan neqativ hal var. Təbii ki, dərhal 
								araşdırma aparılır və fakt təsdiqlənərsə, kimsə 
								cəzalandırılır. Vəssalam. Səs-küyün yeni dalğası 
								qalxır ki, Təhsil Nazirliyi və ya təhsil idarəsi 
								filan məktəbin direktorunu tamamilə haqsız yerə 
								cəzalandırır. Unutmaq lazım deyil ki, təcrübəli 
								və peşəkar kadrların hazırlanması xeyli vaxt 
								tələb edir. Onları yetişdirmək, təcrübəli 
								mütəxəssisə çevirmək idarəetmə orqanlarının 
								işidir. Ona görə də tutduğu mövqeyə görə 
								bilavasitə müəllimə borclu olan insanın onu 
								araya-ərsəyə gətirən insana qənim kəsilməsi, 
								əlbəttə, günahdır. Ömrünü maarifə, müəllimliyə 
								həsr etmiş insanın ləyaqətini alçaltmağın 
								nadanlıq olduğunu söyləyənlər tamamilə 
								haqlıdırlar. Başqa bir məsələyə münasibət 
								bildirək. Bəzən belə fikirlər dolaşır ki, guya 
								təhsil idarəsi illər uzunu heç bir müsbət işi 
								olmayan direktorları vəzifədə saxlayır və sairə. 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarananda bizim 
								elan etdiyimiz prioritetlərdən biri də qabaqcıl 
								işi ilə fərqlənən, həqiqi pedaqoji təcrübəsi və 
								idarəetmə qabiliyyəti olan müəllimlərdən ibarət  
								"Ehtiyat kadr bankı"nın yaradılması idi. Öz 
								fəaliyyəti ilə zamanın tələblərinə cavab 
								verməyən məktəb direktorları məhz həmin bankdakı 
								kadrlar hesabına dəyişdirilir. Bu isə yuxarıda 
								qeyd etdiyim kimi, yeni "ekspert" şərhlərinə 
								səbəb olur ki, daha onlar barədə danışmaq 
								istəmirəm.  
								
								
								
								- Yeri gəlmişkən, bu il orta məktəblərdə ümumi 
								məktəbli formasına keçid məsələsi başa 
								çatmalıdır. Belə formalar hansı ərazini əhatə 
								edəcək? Hər rayon, hər məktəb, yoxsa hər sinfi?
								 
								
								
								- Nəzərdə tutulan forma Bakı şəhərinin 
								ümumtəhsil məktəblərinin hamısını əhatə edəcək. 
								Eyni formanı bütün şagirdlərimiz geyinəcək və 
								heç bir istisna nəzərdə tutulmur. Bu təklifin 
								gündəmə gətirilməsində əsasən dörd məqsədimiz 
								var idi. Əvvəla, bütün məktəblərdə eyni forma 
								tətbiq edildiyindən şagird il ərzində bir 
								məktəbdən digərinə keçərkən formanı dəyişmək 
								məcburiyyətində qalmayacaq. İl ərzində Bakı 
								şəhərində yüzlərlə şagird bir məktəbdən digərinə 
								keçir. Deməli, biz bu qərarla yüzlərlə valideyni 
								təkrar forma almaq məcburiyyətindən xilas etmiş 
								olacağıq. İkinci, məktəbli formasının 
								seçilməsinə valideyn və məktəb rəhbərlərinin, 
								sinif rəhbərlərinin müdaxiləsinin qarşısı 
								alınacaq. Üstəlik fərqli qiymətlər və fərqli 
								mövqelər də olmayacaq. Üçüncü, bütün valideynlər 
								də, şagirdlər də biləcəklər ki, vahid məktəbli 
								forması hansı qiymətədir. Bu zaman kiminsə əlavə 
								qiymət diqtə etmək, monopoliya yaratmaq imkanı 
								olmayacaq. Tikiş fabrikləri vahid formada paltar 
								tikəcək və əlbəttə, valideyn də keyfiyyətli 
								geyimə üstünlük verəcək. Dördüncü, məktəblərin, 
								ayrı-ayrı siniflərin, eləcə də şagirdlərin 
								arasında geyim fərqi olmayacaq. Beləliklə, 
								sosial mahiyyət kəsb edən həmin məsələ də öz 
								həllini tapacaqdır.  
								
								
								
								- Nailə xanım, daha bir mühüm məsələni yada 
								salaraq qeyd edək ki, cəbhədə atəşkəs davam etsə 
								də, Azərbaycan hələlik müharibə şəraitində 
								yaşayır. Ona görə də orta ümumtəhsil 
								məktəblərinin üzərinə düşən vəzifələrdən biri də 
								hərbi-vətənpərvərlik tərbiyəsinin 
								gücləndirilməsidir.  
								
								
								- Mən yuxarıda qeyd etdim ki, biz ali məktəb 
								üçün tələbə yox, müstəqil Azərbaycan üçün həqiqi, 
								kamil vətəndaş hazırlamağı daha üstün tuturuq. 
								Həqiqi vətəndaşın ən mükəmməl keyfiyyətlərindən 
								biri isə məhz onun hərbi-vətənpərvərlik 
								tərbiyəsi ilə böyüməsi, ərsəyə gəlməsidir. Ona 
								görə də biz bütün orta məktəblərdə ibtidai hərbi 
								hazırlıqla yanaşı, hərbi-vətənpərvərlik 
								tərbiyəsinə də böyük önəm veririk. Ali Baş 
								Komandanımızın ciddi səyləri və dövlətin 
								ayırdığı vəsait nəticəsində gündən-günə inkişaf 
								edən Azərbaycan ordusu barədə həqiqətlər, işğal 
								olunmuş torpaqlarımızın düşmən tapdağından azad 
								edilməsi zərurəti gənc nəslə hər gün təlqin 
								edilir. Qeyd olunur ki, hamının bilavasitə əlinə 
								silah alaraq orduya getməsi ilə deyil, hamının 
								Vətənə sədaqətlə xidmət etməsilə daha qüdrətli, 
								daha firavan Azərbaycan yarada bilərik. Bu bir 
								həqiqətdir və mən çox məmnunam ki, bu gün 
								düşmənin atəşkəsi pozmaq cəhdlərinin qarşısını 
								alan Azərbaycan əsgərləri arasında Bakı 
								məktəblərinin məzunları minlərlədir. 
								Məktəblərimizin ünvanına hərbi hissələrdən gələn 
								minnətdarlıq və təqdir məktubları sanki bir 
								mənəvi sərvət kimi bizim üçün əzizdir. Tam 
								əminliklə deyirəm ki, yetişən gənclik bizim 
								fəxrimizdir və onlardakı vətənpərvərlik ruhu, 
								müstəqil Azərbaycan dövlətinə, onun 
								atributlarına hörmət, sevgi və sədaqət hissləri 
								kifayət qədər yüksəkdir. Bu tərbiyənin, ilk 
								növbədə, məktəbdə formalaşdığını isə heç kəs 
								inkar edə bilməz. Hətta məktəbə, müəllimə haqsız 
								hücumların başında dayananlar da.  
								
								
								
								- Həmin tərbiyənin formalaşdırılması üçün 
								məktəblərdə əlamətdar günlərin və bayramların 
								təntənəli şəkildə qeyd edilməsinin də xüsusi 
								əhəmiyyəti vardır.  
								
								
								- Elə paradoks da buradan yaranır. Bizi tənqid 
								edənlər həm vətənpərvərlik tərbiyəsindən danışır, 
								həm də belə tərbiyənin formalaşmasında, yüksək 
								səviyyədə təmin olunmasında mühüm əhəmiyyəti 
								olan tədbirlərin, şənlik və müsamirələrin 
								keçirilməsinə gərəksiz iş kimi baxırlar. 
								Nəticədə mahiyyəti və məzmunu müstəsna 
								əhəmiyyətə malik olan tədbirlər şübhə altına 
								alınır. Əlbəttə, təhsil müəssisəsində hansısa 
								ziyafətin və ya qonaqlığın təşkil edilməsi 
								yolverilməzdir və biz buna yol vermirik. Ancaq 
								elə tədbirlər var ki, mütləq təşkil edilməlidir. 
								Məsələn, 11 il təhsil almış şagird orta 
								məktəbdən ayrılıb müstəqil həyata qədəm qoyursa, 
								biz "son zəngi" necə gündəlikdən çıxara bilərik? 
								Təəssüf ki, həmin tədbirə də bir həftə, on gün 
								qalmış mətbuatda allahsızcasına bir hay-küy 
								qaldırılır. "Son zəngi" gözdən salmağa çalışan 
								insanlar unudurlar ki, bu tədbir valideynlərdən 
								və məktəbdən daha çox şagirdlərin özlərinə 
								lazımdır. Çünki bu "uşaqlar" əsgər yoldaşları 
								ilə cəmi il yarım, institut yoldaşları ilə isə 
								dörd il bir yerdə olacaqlar. Ona görə də 11 il 
								eyni sinifdə, eyni məktəbdə oxuduqları 
								yoldaşlarından yaddaqalan formada ayrılmaq 
								istəyirlər. Bəs onların bədxahları neyləyirlər? 
								Məktəbdə keçirilən hər bir tədbirin bir qayəsi 
								və məqsədi var: gənc nəslin hərtərəfli 
								tərbiyəsini təmin etmək, dünyagörüşünü 
								formalaşdırmaq və onu müstəqil həyata hazırlamaq.
								 
								
								
								
								- Bütün bunlara - yəni məruz qaldığınız ünvansız 
								və məzmunsuz təzyiqlərə baxmayaraq, bu gün Bakı 
								təhsilinin dinamik inkişafda olması həm ölkədə, 
								həm də beynəlxalq aləmdə birmənalı şəkildə qəbul 
								edilir və təqdir olunur.  
								
								
								- Başqa cürə ola da bilməz. Çünki Azərbaycan 
								təhsili həm dövlətin, həm də dövlət başçımız 
								cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. 
								Cənab Prezident milli təhsilimizin tərəqqisi 
								üçün heç nəyi əsirgəmir. Ulu öndərimizin adını 
								daşıyan Heydər Əliyev Fondunun prezidenti, 
								YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, 
								Milli Məclisin deputatı Mehriban xanım 
								Əliyevanın Azərbaycan təhsilinin inkişafına 
								göstərdiyi qayğı, yetişməkdə olan gənc nəslin 
								həm fiziki, həm də mənəvi cəhətdən sağlam 
								böyüməsi üçün həyata keçirdiyi çoxsaylı 
								layihələr bizim ümumi işimizə böyük təkan verir. 
								Biz, eyni zamanda səmimiyyətlə etiraf edirik ki, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əldə etdiyi 
								çoxsaylı uğurlarda Təhsil Nazirliyinin, xüsusən 
								nazir Misir Mərdanovun Bakı təhsilinə göstərdiyi 
								qayğının, ayırdığı diqqətin əhəmiyyəti çox 
								böyükdür.  
								
								
								
								- Təhsilin idarə edilməsindəki yeniliklər, bu 
								sahədə həyata keçirdiyiniz tədbirlər barədə nə 
								deyərdiniz?  
								
								
								- Yarandığı gündən bəri BŞTİ-də təhsilin 
								keyfiyyətli idarə edilməsi məsələsi daim diqqət 
								mərkəzində olub. Bu proses getdikcə daha da 
								təkmilləşdirilir. İdarəetmənin 
								təkmilləşdirilməsi son nəticədə təhsilin 
								inkişafına, bu sahəyə demokratik prinsiplərin 
								daha əhatəli şəkildə tətbiq edilməsinə zəmin 
								yaradır. Təhsil idarəsində seminar, treninq, "dəyirmi 
								masa" və konfransların keçirilməsi idarəmizin 
								gündəlik fəaliyyətinin bir istiqaməti kimi 
								yüksək qiymətləndirilir və müsbət nəticələrini 
								verir. Maarifləndirmə xarakteri daşıyan, 
								keyfiyyətli idarəetmənin təmin olunmasına imkan 
								yaradan belə tədbirlərdən biri də "Əmək 
								qanunvericiliyinin yerinə yetirilməsi sahəsində 
								müəssisə rəhbərlərinin vəzifələri" adlı 
								treninqin keçirilməsi olmuşdur. Bu treninqlərdə 
								tələbkarlıq və öyrədici funksiya yüksək 
								səviyyədə olmaqla bərabər, təhsil 
								ictimaiyyətində ciddi maraq doğurmuşdur. Bu 
								treninqlər o vaxta qədər davam etdirilir ki, hər 
								hansı müəssisə rəhbəri burada öyrəndiklərini 
								təcrübədə lazımi səviyyədə tətbiq edə bilsin. 
								Biz rəhbər işçilərin maarifləndirilməsini, bütün 
								təhsil və tərbiyə müəssisələrinin rəhbərlərinin 
								hazırlığının artırılmasını davam etdiririk. Bu 
								tədbir müəssisə rəhbərinin zamanın tələblərinə 
								cavab verən səviyyədə hazırlanmasınadək davam 
								edir və sonra növbə başqa müəssisə rəhbərlərinə 
								çatır. Direktorların təyin edilməsinə gəlincə 
								isə, onların hamısı idarəetmədə fərqlənən, 
								təcrübəli, qabaqcıl müəllimlər sırasından 
								seçilir. Bu zaman biz Təhsil Nazirliyi və yerli 
								icra orqanları ilə razılaşdıqdan sonra müəssisə 
								rəhbəri ilə əmək müqaviləsi bağlayırıq.  
								 
								
								
								
								- Arzu edirik ki, qarşıdakı illərdə uğurlarınız 
								daha çox, nailiyyətləriniz daha böyük olsun.
								 
								
								
								- Təşəkkür edirəm. İnanıram ki, xalqın və 
								dövlətin böyük dəstəyi ilə təkcə Bakı təhsili 
								deyil, bütövlükdə Azərbaycan təhsil sistemi 
								beynəlxalq aləmdə öz layiqli yerini tutacaqdır. 
								 
								
								
								
								"Xalq qəzeti",  
								10 aprel 2010-cu il   |