| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədə Təhsil 
								Nazirliyinin Amerika Birləşmiş Ştatları 
								təşkilatları ilə təhsil sahəsində həyata 
								keçirilən birgə layihə və proqramlar barədə 
								fikirlərimi davam etdirəcəyəm.  
								
								
								ABŞ-ın Açıq Cəmiyyət İnstitutu dünyanın əksər 
								ölkələrində proqram və layihələr həyata keçirir. 
								Bu qeyri-hökumət təşkilatı Amerika maliyyəçisi 
								və investoru Corc Soros tərəfindən 1979-cu ildə 
								yaradılmışdır. Bu təşkilat hər ildə 
								qeyri-kommersiya layihələrinə 300 milyon ABŞ 
								dolları məbləğində vəsait sərf edir.  
								
								
								Açıq Cəmiyyət İnstitutu tərəfindən 1993-2003-cü 
								illərdə Azərbaycanda təhsil sahəsində bir sıra 
								layihələr həyata keçirilmişdir. Həmin layihələr 
								çərçivəsində həyata keçirilmiş tədbirləri 
								diqqətə çatdırmaq istəyirəm. 
								
								
								"Addım-addım" texnologiyasının tətbiqi layihəsi. 
								Açıq Cəmiyyət İnstitutu tərəfindən təqdim 
								edilmiş yeni pedaqoji texnologiya olan "Addım-addım" 
								layihəsi 1998-ci ildən məktəbəqədər təhsil 
								sahəsində başlanmışdır. 1999-2000-ci tədris 
								ilindən başlayaraq birinci siniflərdə tətbiq 
								edilmişdir.  
								
								
								Layihənin ilk üç ili ərzində nəzərdə tutulan 
								uşaq bağçaları və məktəblərdə seçilmiş otaqlarda 
								təmir işləri aparılmış, otaqlar xüsusi mebel 
								dəstləri, yazı və tədris ləvazimatları ilə 
								təchiz olunmuş, valideynlər üçün xüsusi otaqlar 
								yaradılmışdır.  
								
								
								Texnologiyanın məqsədi uşağı daim yeni biliklərə 
								yiyələnməyə, müstəqil şəkildə öz biliyini 
								artırmağa yönəltmək, onlarda tənqidi təfəkkürün, 
								seçmə bacarığının, problemi qoymaq və həll etmək 
								qabiliyyətinin formalaşdırılması, yaradıcılığa, 
								fantaziya və ixtiraçılığa təşəbbüsün, insanlara, 
								cəmiyyətə, təbiətə, ətraf mühitə qayğı və hörmət 
								hisslərinin aşılanmasıdır. Texnologiyanın 
								fəlsəfi əsasını uşağın özünə, tərbiyəçiyə, 
								valideynlərinə, onu əhatə edən insanlara inam 
								təşkil edir, düşünülmüş şəkildə yaradılan mühit 
								özü onda tədqiqatçılığa, təşəbbüskarlığa və 
								yaradıcılığa maraq oyadır.  
								
								
								Pedaqogika və psixologiyada, fəlsəfi elmdə son 
								20 ildə əldə olunmuş mütərəqqi ideyaları nəzəri 
								əsas kimi götürən, hər bir uşağı yaradıcı 
								şəxsiyyət kimi qəbul edən, ilk növbədə, onun 
								idrak qabiliyyətlərinin, məntiqi təfəkkürünün 
								inkişafını nəzərdə tutan, akademik, bədii, etik, 
								estetik və praktik biliklərin aşılanmasına 
								yönəldilən "Addım-addım" texnologiyası ənənəvi 
								tədris və tərbiyə metodikalarına nisbətən bir 
								sıra üstünlüklərə malikdir.  
								
								
								Belə ki, ailə, məktəbəqədər müəssisə və 
								cəmiyyətin birgə iştirakı nəzərə alınmaqla 
								tərbiyəyə kompleks yanaşma tətbiq olunur, 
								valideynlər tərəfindən uşaqların tərbiyəsinə 
								maraq artır, onların pedaqoji prosesdə fəal 
								iştirakı təmin olunur.  
								
								
								Uşaqların yaradılmış təlim mərkəzlərindən meyil 
								və marağa uyğun səmərəli istifadə etməsi, onlara 
								fikir və mülahizələrini sərbəst söyləmək 
								imkanının verilməsi texnologiyanın üstün 
								cəhətlərindəndir. Təlim mərkəzlərində iş 
								uşaqların qarşılıqlı əlaqə və ünsiyyətinə, 
								müstəqil əqli nəticə çıxarma və qərar qəbul etmə 
								qabiliyyətlərinin inkişafına yönəldilmişdir. 
								Mərkəzlərdə təlim mühitinin təşkili və tərtibat 
								mühüm əhəmiyyət daşıyır. Buradakı bütün 
								materiallar: didaktik vasitələr, avadanlıqlar, 
								plakatlar, portretlər, incəsənət əsərləri, 
								yazılar, uşaqların rəsmləri, əl işləri 
								bilavasitə uşağın inkişafına zəmin yaradır.
								 
								
								
								Mərkəzlərdə təlimin fərdiləşməsi tərbiyəçidən 
								hər bir uşağın fərdi psixoloji, fizioloji, yaş 
								xüsusiyyətlərini, meyil və maraqlarını 
								bilməsini, bunlara uyğun müvafiq tapşırıqlar 
								müəyyənləşdirilməsini tələb edir. Fəaliyyət 
								mərkəzləri hər bir uşağın müvəffəqiyyət 
								qazanmasına imkan yaradır. "Öyrənməyi öyrətmək" 
								metodu üzrə işin təşkili məşğələlərin maraqlı 
								keçməsinə, təlimi hər bir uşağın meyil, maraq, 
								qabiliyyət və istedadına, inkişaf səviyyəsinə 
								uyğun qurmağa zəmin yaradır, uşağa sərbəst seçmə 
								imkanı verir. 
								
								
								Texnologiyada uşağın normal inkişaf sxeminin 
								verilməsi, burada hər bir yaş dövrünə müvafiq 
								olan hərəkət, kommunikativ, koqnitiv, 
								özünəxidmət vərdişlərinin, həmçinin fiziki, 
								sosial, nitq, idrak, motorika sahəsində inkişaf 
								göstəricilərinin öz əksini tapması müəllim və 
								tərbiyəçilər üçün çox faydalıdır və təlimin 
								inkişafetdirici aspektinin gücləndirilməsində 
								mühüm rol oynayır. Bilavasitə təlim prosesində 
								uşaqda güclü və müstəqil xarakter tərbiyəsinin 
								forma, metod və üsullarının göstərilməsi 
								təlim-tərbiyə prosesinin səmərəli təşkilinə 
								şərait yaradır. 
								
								
								"Addım-addım" texnologiyasından istifadə uşağın 
								təlim və tərbiyəsində faydalı olduğu kimi, 
								tərbiyəçilərə və müəllimlərə də bilik və 
								bacarıqlarını təkmilləşdirmək, fəaliyyətlərini 
								əməkdaşlıq pedaqogikası prinsipi üzrə qurmaq 
								imkanı verir, onlarda daim öz üzərində işləmək, 
								elmi-metodik hazırlığını yüksəltmək zərurəti 
								yaradır. Texnologiyanın tətbiqi uşaq bağçası, 
								məktəb - ailə əlaqəsinin mütəşəkkil təşkilinə, 
								valideynlərin pedaqoji prosesdə iştirakına daha 
								əlverişli şərait yaradır, "tərbiyəçi-valideyn", 
								"müəllim-valideyn", "valideyn-valideyn", 
								"uşaq-şagird-valideyn" münasibətlərinin səmərəli 
								qurulmasına kömək edir, birgə fəaliyyət 
								formalarını müəyyənləşdirir. 
								
								
								Mövcud məktəbəqədər tərbiyə prosesində 
								məşğələlər ümumi şəkildə keçirildiyi, yəni bütün 
								uşaqlar, eyni zamanda bir fəaliyyətlə məşğul 
								olduqları halda, "Addım-addım" texnologiyası hər 
								bir uşağın öz arzusuna, meyil, maraq və 
								qabiliyyətinə, sosial və emosional inkişaf 
								səviyyəsinə uyğun olaraq kiçik qruplarda 
								müxtəlif təlim mərkəzlərində məşğul olmasını 
								təmin edir.  
								
								
								"Addım-addım" texnologiyası, həmçinin müasir 
								dövrdə mütərəqqi ideyalar kimi irəli sürülmüş 
								təhsilin demokratikləşdirilməsi, 
								humanistləşdirilməsi, diferensiallaşdırılması, 
								fərdiləşdirilməsi prinsipləri, uşaq hüquqlarının 
								qorunması ideyaları ilə uzlaşır və təlim-tərbiyə 
								prosesində müasir, o cümlədən interaktiv təlim 
								metodlarının tətbiqini nəzərdə tutur. 
								 
								
								
								Layihə ilkin mərhələdə Bakı şəhərinin 11, 105, 
								175, 257, Gəncə şəhər 15, Mingəçevir şəhər 10, 
								16 və Ağdaş şəhər 9 nömrəli uşaq bağçalarının 18 
								qrupunda eksperiment qaydasında tətbiq 
								olunmuşdur.  
								
								
								1999-cu ildə Bakı şəhəri 111, 162, Sumqayıt 
								şəhəri 30, Qusar şəhər 3 nömrəli, Təhsil 
								Nazirliyinin lal-kar uşaqlar üçün ixtisaslaşmış 
								uşaq bağçası, Şəki şəhər 9, Lənkəran rayonu 
								Gərmətük kənd uşaq bağçası layihəyə qoşulmuşdur.
								 
								
								
								2000-ci ildə daha 9 məktəbəqədər təhsil 
								müəssisəsi (Bakı şəhəri 130, "Qərənfil", 
								Sumqayıt şəhəri 11, Şamaxı şəhər 1, 2, Quba 
								şəhər 13, Qax rayonu 19 nömrəli, İngiloy qəsəbə, 
								Balakən rayonu İtitala qəsəbə uşaq bağçaları) 
								yeni texnologiya ilə işləməyə başlamışlar.
								 
								
								
								2001-si ildə layihəyə Cəlilabad şəhər 2, Masallı 
								şəhər 2, Xaçmaz şəhər 4, Sumqayıt şəhəri 20, 
								Balakən şəhər 2, Naxçıvan şəhəri 6, 7, 10, 
								Astara şəhər 1, Lənkəran şəhər 15, Xızı şəhər 
								mərkəzi uşaq bağçası qoşulmuş, əvvəlki illərdə 
								seçilmiş Bakı şəhəri 175, 257, Mingəçevir şəhər 
								10, 16, Qusar şəhər 3 nömrəli, Lənkəran rayonu 
								Gərmətük qəsəbə uşaq bağçalarında isə daha 2 
								qrupda yeni texnologiyanın tətbiqinə 
								başlanmışdır. 
								
								
								Beləliklə, "Addım-addım" texnologiyası 
								ümumilikdə ölkənin 17 bölgəsində 37 uşaq 
								bağçasının 115 qrupunda tətbiq edilmişdir.
								 
								
								
								1998-2001-ci illərdə uşaq bağçalarının 
								tərbiyəçiləri və müdirləri üçün, eləcə də rayon 
								təhsil şöbələrinin məsləhətçiləri, Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun və Təhsil Nazirliyinin 
								nümayəndələri üçün beynəlxalq məsləhətçilər cəlb 
								edilməklə 16 treninq keçirilmiş, 500-dən artıq 
								tərbiyəçi və məktəbəqədər təhsil üzrə digər 
								mütəxəssislər bu treninqlərdə iştirak etmişdir.
								 
								
								
								Yeni texnologiyanın daha səmərəli tətbiqi 
								məqsədilə layihə çərçivəsində təcrübə 
								mübadiləsinə geniş yer ayrılmışdır. Belə ki, 
								Bakı şəhəri 257, 105, Sumqayıt şəhəri 40, Ağdaş 
								şəhər 9, Mingəçevir şəhəri 16, 10 nömrəli uşaq 
								bağçalarının müdir və tərbiyəçiləri Tbilisi 
								şəhərində (1999-cu il), Gəncə şəhər 15 nömrəli 
								uşaq bağçasının nümayəndələri Budapeştdə 
								(1999-cu il) təlim seminarlarında iştirak 
								etmişlər.  
								
								
								Bakı şəhəri 257, Mingəçevir şəhəri 16 nömrəli 
								uşaq bağçalarının tərbiyəçiləri, eləcə də həmin 
								müəssisələrin nəzdindəki treninq mərkəzlərinin 
								trenerləri Ukraynada təcrübə mübadiləsində 
								iştirak etmişlər (oktyabr 2001-ci il). 
								 
								
								
								Təhsil Nazirliyinin nümayəndə heyəti Beynəlxalq 
								"Addım-addım" Assosiasiyasının Baş 
								Assambleyasının işində iştirak etmək və 
								Latviyada layihə üzrə təcrübə ilə tanışlıq 
								məqsədilə Riqaya ezam olunmuşdur (dekabr, 
								2001-ci il). 
								
								
								Layihə çərçivəsində həyata keçirilən əhəmiyyətli 
								tədbirlərdən biri də uşaq bağçalarının 
								tərbiyəçiləri üçün aşağıdakı metodik və köməkçi 
								ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi 
								və nəşri olmuşdur:  
								
								
								-Uşaqlara istiqamətləndirilmiş təlimin təşkili.
								 
								
								
								-Uşaq fəallığına istiqamətləndirilmiş riyazi və 
								ümumelmi yaradıcı materiallar. 
								
								
								-Təhsil və demokratiya mədəniyyəti: erkən yaş 
								dövründə uşaqların inkişafı təcrübəsi. 
								
								
								-Ailələr və erkən yaş dövründə uşaqların 
								təhsili. 
								
								
								-Oyun təlim üsulu kimi. 
								
								
								-Körpələrə istiqamətləndirilmiş təlimin təşkili.
								 
								
								
								Varislik gözlənilməklə 1999-2000-ci tədris 
								ilində Təhsil Nazirliyinin razılığına əsasən 
								"Addım-addım" texnologiyası ümumtəhsil 
								məktəblərinin I siniflərində tətbiq edilməyə 
								başlanmışdır. Bunun üçün Bakı şəhəri 10, 74, 
								153, 269 və Sumqayıt şəhəri 11 nömrəli məktəb 
								pilot məktəblər kimi müəyyənləşdirilmişdir.
								 
								
								
								2000-2001-ci tədris ilində layihə Bakı şəhəri 
								246, 272, 83, Gəncə şəhər 22, Mingəçevir şəhəri 
								15, 6, Şamaxı şəhər 2, Ağdaş şəhər 2, Şəki şəhər 
								12, Qusar şəhər 6 nömrəli, Lənkəran rayonu 
								Gərmətük qəsəbə məktəblərində tətbiq edilməklə 
								onun əhatə dairəsi daha da genişləndirilmişdir. 
								Eyni zamanda 1999-2000-ci dərs ilində layihənin 
								tətbiq edildiyi məktəblərin hər birində əlavə 
								iki sinif də yeni texnologiya ilə işləməyə 
								başlamışdır.  
								
								
								2001-2002-ci tədris ilində layihəyə Naxçıvan 
								şəhəri 7 və 8, Astara şəhər 5, Balakən şəhər 1, 
								Lənkəran şəhər 4 nömrəli, Gərmətük qəsəbə 
								məktəbi, Masallı şəhər 3, Cəlilabad şəhər 8, 
								Zaqatala şəhər 3, Xaçmaz şəhər 7, Quba şəhər 1 
								nömrəli, Qırmızı qəsəbə məktəbi, Qax şəhər 5 
								nömrəli, Qaxingiloy qəsəbə məktəbi, Şəki şəhər 
								fizika - riyaziyyat və humanitar təmayüllü 
								lisey, Şamaxı şəhər 2 və 5, Xızı mərkəzi şəhər 
								məktəbi, Bakı şəhəri 245, 189, 199, 175, 190, 
								191, 214 nömrəli məktəblər, 2 nömrəli internat 
								məktəbi cəlb olunmuş, eləcə də "Addım-addım" 
								texnologiyası əvvəlki illərdə layihəyə qoşulmuş 
								məktəblərin hər birində daha 2 sinfi də əhatə 
								etmişdir.  
								
								
								Beləliklə, layihə ölkənin 17 regionunda 47 
								ümumtəhsil məktəbinin 79 ibtidai sinfində tətbiq 
								olunmuşdur.  
								
								
								Seçilmiş məktəblərin direktor və müəllimləri 
								üçün layihə çərçivəsində 12 treninq 
								keçirilmişdir. ABŞ-dan olan ekspertlərin 
								iştirakı ilə 1999-cu ilin avqustunda Şəkidə, 
								2000-ci ilin avqustunda Şamaxıda, Ukraynadan 
								olan ekspertlərin iştirakı ilə 2000-ci ilin 
								fevralında Bakıda, 2001-ci ilin avqustunda 
								Şamaxıda belə treninqlər təşkil edilmişdir. 
								1998-2003-cü illərdə 600-dən artıq ibtidai sinif 
								müəllimi, məktəb direktoru, məsləhətçi və 
								metodist yeni təlim üsulları üzrə müxtəlif 
								treninqlərdə iştirak etmişlər.  
								
								
								Təcrübə mübadiləsi məqsədilə layihənin tətbiq 
								edildiyi məktəblərin müəllimləri bir sıra xarici 
								ölkələrdə olmuşlar. Belə ki, Bakı şəhəri 153 
								nömrəli məktəbin müəllimləri Tbilisi şəhərində 
								(noyabr 1999-cu il), Bakı şəhəri 269 nömrəli 
								məktəbin müəllimləri Budapeşt şəhərində (1999-cu 
								il), Sumqayıt şəhəri 11 nömrəli məktəbin və 
								BPKİYH İnstitutunun nümayəndələri Vaşinqtonda 
								(aprel - may 2000-ci il), Bakı şəhəri 153, 
								Lənkəran şəhər 4, Sumqayıt şəhəri 11 nömrəli 
								məktəblərin nümayəndələri Kiyevdə (oktyabr 
								2001-ci il) təcrübə ilə tanış olmuşlar. 
								 
								
								
								Layihə çərçivəsində ibtidai sinif müəllimləri 
								üçün STUşaqlara istiqamətləndirilmiş sinif 
								otaqlarının yaradılmasıTT, "Riyaziyyat, savad və 
								yazı üzrə müxtəlif çətinlik səviyyəsi olan 
								testlər" adlı metodik vəsaitlər Azərbaycan 
								dilinə tərcümə olunmuş və nəşr edilmişdir.
								 
								
								
								"Addım-addım" texnologiyasının tətbiqi 
								layihəsinin ən mühüm istiqamətlərindən biri də 
								ölkə üzrə treninq mərkəzləri şəbəkəsinin 
								yaradılması olmuşdur. Layihə çərçivəsində 
								tərbiyəçilərin və müəllimlərin davamlı 
								təkmilləşdirilməsi məqsədilə ölkənin 9 
								regionunda (Mingəçevir şəhəri 16 nömrəli uşaq 
								bağçası, Şamaxı şəhər 5 nömrəli orta məktəb, 
								Şəki şəhər 12 nömrəli orta məktəb, Naxçıvan 
								şəhəri 10 nömrəli uşaq bağçası, Quba şəhər 13 
								nömrəli uşaq bağçası, Lənkəran şəhər 4 nömrəli 
								orta məktəb, Sumqayıt şəhəri 11 nömrəli orta 
								məktəb, Gəncə şəhər 22 nömrəli orta məktəb, Qax 
								şəhər 5 nömrəli orta məktəb, Bakı şəhəri 153 
								nömrəli orta məktəb) məktəbəqədər və ümumi 
								təhsil müəssisələrində treninq mərkəzləri 
								yaradılmış və fəaliyyəti təşkil edilmişdir.
								 
								
								
								Treninq mərkəzlərinin yaradılması zamanı bir 
								sıra amillər nəzərə alınmışdır:  
								
								
								-layihənin ölkədə daha geniş yayılması üçün ən 
								yaxşı uşaq bağçaları və məktəblərdə 
								yerləşdirilməsi; 
								
								
								-pedaqoji profilli ali və orta ixtisas təhsili 
								müəssisələrinə, müəllimləri təkmilləşdirmə 
								institutlarına yaxın olması;  
								
								
								-treninq mərkəzlərində layihə üzrə çalışan ən 
								təcrübəli tərbiyəçi və müəllimlər cəlb edilməklə 
								trenerlərin/təlimatçıların/metodistlərin 
								hazırlanması və komandaların formalaşdırılması; 
								
								
								-layihəni tətbiq etmək istəyən tərbiyəçi və 
								müəllimlər üçün mərkəzlərdə treninqlərin 
								keçirilməsi imkanları; 
								
								
								-gələcəkdə yeni texnologiyanı tətbiq etmək 
								istəyən tərbiyəçi və müəllimlər üçün layihəni 
								müşahidə etmək, metodologiyalar əldə etmək, 
								treninqlərdə iştirak etmək imkanı yaradılması; 
								
								
								-treninq mərkəzlərinin təmiri, ofis və treninq 
								avadanlığı ilə, eləcə də iki il müddətinə 
								treninq mərkəzinin koordinatorunun əməkhaqqı ilə 
								təmin edilməsi.  
								
								
								Treninq mərkəzlərinin fəaliyyətinin daha 
								səmərəli təşkil edilməsi məqsədilə ən qabaqcıl 
								və yaradıcı tərbiyəçi, müəllim, metodist və 
								direktorlar sırasından seçilmiş trenerlər üçün 
								beynəlxalq məsləhətçilər cəlb edilməklə 
								2000-2002-ci illərdə 3 xüsusi treninq 
								keçirilmişdir. 
								
								
								"Addım-addım" texnologiyasının məktəbəqədər və 
								ümumi təhsil müəssisələrində tətbiqi ilə yanaşı, 
								bu texnologiyanın müəllim hazırlığı 
								kurikulumlarına daxil edilməsi və ali məktəb 
								müəllimlərinin bu sahədə bacarıqlarının 
								artırılması sahəsində də bir sıra tədbirlər 
								həyata keçirilmişdir. Belə ki, Bakı Dövlət 
								Universiteti, Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, 
								Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət 
								Universiteti və bir sıra orta ixtisas 
								məktəblərinin müəllimləri üçün ABŞ 
								mütəxəssislərinin iştirakı ilə 1999-2002-ci 
								illərdə müvafiq treninqlər keçirilmişdir. 
								 
								
								
								Layihənin inkişaf strategiyasının ən mühüm 
								istiqamətlərindən biri də resurs mərkəzləri 
								şəbəkəsinin yaradılması olmuşdur. Ölkənin 5 
								regionunda resurs mərkəzləri yaradılmış və 
								2002-ci ildən fəaliyyətə başlamışdır (Azərbaycan 
								Müəllimlər İnstitutu, Lənkəran Dövlət 
								Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, 
								Şəki Pedaqoji Texnikumu, Azərbaycan Dövlət 
								Pedaqoji Kolleci). Bu resurs mərkəzləri layihəyə 
								cəlb olunmuş uşaq bağçaları və ümumtəhsil 
								məktəblərinin təcrübəsini öyrənmək və təcrübə 
								mübadiləsi aparmaq funksiyasını yerinə 
								yetirmişdir. Onu da qeyd etmək lazımdır ki, 
								Azərbaycan Dövlət Pedaqoji Universiteti, 
								Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan 
								Müəllimlər İnstitutu, BPKİYH İnstitutunun 
								əməkdaşları, resurs mərkəzlərinin 
								koordinatorları 2000-2001-ci illərdə təcrübə 
								mübadiləsi məqsədilə Bişkek, Kiyev və Riqa 
								şəhərlərində təlim seminarlarında iştirak 
								etmişlər.  
								
								
								Ali və orta ixtisas təhsili müəssisələri üçün 
								STFərdiləşdirilmiş təhsilTT, STOyun vasitəsilə 
								təlimTT, STAilə ilə məktəbin əməkdaşlığıTT, 
								STMüşahidələr vasitəsilə uşaqların 
								öyrənilməsiTT, "Uşağa istiqamətləndirilmiş 
								təlimTT, STKiçikyaşlı uşaqların təhsili 
								sahəsində tətbiqi tədqiqatlarTT adlı vəsaitlər 
								Azərbaycan dilinə tərcümə olunmuş və nəşr 
								edilmişdir.  
								
								
								"Addım-addım" texnologiyasının tətbiqi 
								layihəsinin 1998-2003-cü illərdə həyata 
								keçirilməsinə Açıq Cəmiyyət İnstitutu tərəfindən 
								ümumilikdə 2,3 milyon ABŞ dolları məbləğində 
								vəsait sərf edilmişdir.  
								
								
								Akademik təqaüdçülər proqramı (ATP). Proqram 
								2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun "Ali 
								təhsilə dəstək proqramı" çərçivəsində Şərqi 
								Avropa, keçmiş Sovetlər Birliyi ölkələrində 
								həyata keçirilməyə başlanmışdır. Proqramın 
								məqsədi ölkələrdə ali təhsil sahəsində 
								islahatlar prosesinə dəstək, akademik şəbəkənin 
								yerli, regional və qlobal şəkildə qurulmasına 
								yardım göstərməkdir. Proqram:  
								
								
								-seçilmiş universitetlərin kafedralarında 
								islahatların həyata keçirilməsinə yardım 
								göstərir;  
								
								
								-xaricdə təhsillərini başa vurub vətənlərinə 
								geri dönmüş gənc və ümidverici müəllimləri ali 
								təhsil müəssisələrinə cəlb edir və onların 
								peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin 
								edir;  
								
								
								-Qərb ölkələrinin aparıcı universitetlərindən 
								professorları ali təhsildə gedən islahatlara 
								yardımçı olmağa cəlb edir, hər il professorları 
								bir neçə dəfə ali məktəblərə 5-7 günlük işgüzar 
								səfərə dəvət edir.  
								
								
								Proqram artıq 5-ci ildir ki, Bakı Dövlət 
								Universitetində həyata keçirilir. Əməkdaşlığın 
								nəticəsi kimi artıq üçüncü ildir ki, Bakı Dövlət 
								Universitetində Sosial iş üzrə magistr və ikinci 
								ildir ki, Sosial iş üzrə bakalavr proqramları 
								üzrə kadr hazırlanır. Sosial iş üzrə hər iki 
								proqramın işlənilməsində ABŞ və Avropa 
								ölkələrinin aparıcı universitetlərində təhsil 
								almış və proqram tərəfindən BDU-da tədrisə cəlb 
								olunmuş müəllimlər yaxından iştirak edirlər. 
								Həmin müəllimlər Sosial iş üzrə standartların 
								hazırlanmasına yardımçı olmuşlar. Həmçinin 
								2008-2009-cu tədris ilində BDU-da Beynəlxalq 
								İnsan Hüquqları üzrə Magistr proqramı 
								yaradılmışdır. Bu proqramın tədris dili ingilis 
								dilindədir və tədris planının beynəlxalq 
								standartlara uyğun tərtib olunmasına xarici 
								professor və yerli kadrlar böyük əmək sərf 
								etmişlər.  
								
								
								ATP Bakı Dövlət Universitetinin beynəlxalq 
								münasibətlər; beynəlxalq hüquq, sosial elmlər və 
								psixologiya fakültələri, İqtisadi kibernetika 
								kafedrası ilə səmərəli əməkadaşlıq etmişdir. 
								2009-2010-cu tədris ilində Beynəlxalq hüquq 
								kafedrası və sosial elmlər və psixologiya 
								fakültəsi ilə iş aparılır. Bu kafedra və 
								fakültələrdə xarici ölkələrin aparıcı 
								universitetlərində təhsil almış və beynəlxalq 
								standartlara uyğun tədris apara bilən müəllimlər 
								çalışırlar. Həmin müəllimlər hər il müsabiqə 
								yolu ilə seçilirlər.  
								
								
								Son 5 il ərzində xaricdə təhsil almış 26 nəfər 
								azərbaycanlı gənc, xaricdən 6 professor ATP-nin 
								maliyyə dəstəyilə BDU-nun müxtəlif 
								kafedralarında beynəlxalq standartlara uyğun 
								tədris aparmışlar. Növbəti illərdə ATP 
								Azərbaycanda fəaliyyətini genişləndirməyi 
								planlaşdırır.  
								
								
								2004-cü ilin aprelindən Açıq Cəmiyyət İnstitutu 
								bazasında "Müasir Təhsilə və Tədrisə Yardım 
								Mərkəzi" ictimai birliyi təsis edilmişdir. 
								Əvvəllər Açıq Cəmiyyət İnstitutunun, sonralar 
								isə mərkəzin fəaliyyətinin təşkilində və təhsil 
								sahəsində proqram və layihələrin həyata 
								keçirilməsində Elmina Kazımzadə, Ülviyyə 
								Mikayılova, Elnarə Qənizadə, Bahar Kərimova, 
								İradə Məmmədovanın xüsusi xidmətləri qeyd 
								edilməlidir. 
								
								
								Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə 
								dəstəyi ilə Müasir Təhsilə və Tədrisə Yardım 
								Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə birgə 
								bir sıra layihələr həyata keçirilməkdədir.
								 
								
								
								Məktəb liderliyinin inkişafı layihəsi. Layihə 
								2008-ci ildən həyata keçirilir. Layihənin əsas 
								məqsədi məktəb liderliyini inkişaf etdirməklə 
								təhsildə hesabatverməni və şəffaflığı inkişaf 
								etdirməkdir. Layihə çərçivəsində bir sıra 
								fəaliyyətlər - məktəb liderliyinin inkişafı 
								mövzusunda təlimlər, mübadilə proqramı, məktəb 
								səfərləri və sair həyata keçirilmişdir. Prosesdə 
								həm yerli, həm də beynəlxalq ekspertlərlə 
								əməkdaşlıq edilir. Belə ki, təlim proqramları 
								əsasən ABŞ-ın Cənubi Konnektikut Dövlət 
								Universitetinin Məktəb liderliyi fakültəsinin 
								professoru Ketrin Magno tərəfindən aparılır. 
								Eyni zamanda təlimlər zamanı uğurlu 
								fəaliyyətləri ilə seçilən məktəb direktorları 
								təqdimatlarla çıxış edirlər. Amerika Birləşmiş 
								Ştatları və Avropada təhsilin idarəedilməsi və 
								liderlik, ictimai siyasət üzrə magistr dərəcəsi 
								almış 4 gənc azərbaycanlı mütəxəssis də təlim 
								proqramlarına cəlb edilmişdir.  
								
								
								Məktəb idarəetməsi və maliyyələşməsi: təcrübə və 
								siyasət layihəsi. Layihənin məqsədi məktəbin 
								səmərəli maliyyələşməsi və demokratik 
								idarəedilməsi prosesini gücləndirmək, bu 
								məqsədlə Azərbaycanda məktəb idarəetməsi və 
								maliyyələşməsinə dair modellərin tədqiqi, bu 
								sahədə tövsiyələrin hazırlanması və 
								ictimaiyyətin maarifləndirilməsi kampaniyasının 
								təşkilidir.  
								
								
								Layihə çərçivəsində "Azərbaycanda məktəb 
								maliyyələşməsinin yeni modeli" mövzusunda 
								tədqiqat aparılmışdır. Məqsəd Təhsil Sektorunun 
								İnkişafı Layihəsi (TSİL) çərçivəsində 
								şagirdbaşına maliyyələşmə pilot layihəsinə cəlb 
								olunmuş rayonların məktəblərində maliyyələşdirmə 
								və idarəetmənin təkmilləşdirilməsi istiqamətində 
								həyata keçirilən islahatların icra vəziyyətinin 
								araşdırılması, təsirlərinin (nəticələrinin) 
								qiymətləndirilməsidir. Sorğuda Ucar, İsmayıllı 
								rayonları və Şirvan şəhərinin 59 pilot 
								məktəbinin direktoru, məktəb şurasının üzvü olan 
								müəllimlər (150 nəfər), valideynlər (150 nəfər), 
								şagirdlər (150 nəfər) iştirak etmişdir. Bundan 
								əlavə, məktəb şurasının sədri (40 nəfər), 
								mühasib (40 nəfər), rayon təhsil şöbəsinin 
								müdirləri (3 nəfər), rayon maliyyə şöbəsinin 
								müdirləri (3 nəfər), yerli icra hakimiyyətinin 
								nümayəndələri (3 nəfər), yerli bələdiyyə 
								orqanının üzvləri (3 nəfər), digər maraqlı 
								tərəflərdən (5 nəfər) dərinləşdirilmiş 
								müsahibələr götürülmüşdür. Tədqiqata dair sorğu 
								və dərinləşdirilmiş müsahibələr "SİQMA" İnkişaf 
								və Beynəlxalq Əməkdaşlıq Tədqiqatları Mərkəzi 
								tərəfindən aparılmışdır.  
								
								
								Həmçinin layihənin ekspert qrupu tərəfindən 
								mövcud maliyyə modelinin təhlili aparılmışdır. 
								Təhlil ümumi təhsil sisteminin mövcud 
								maliyyələşmə sisteminin ümumi prinsiplərini, 
								mexanizmlərini, eləcə də maliyyənin 
								idarəedilməsində müxtəlif tərəflərin iştirak 
								imkanlarını əhatə etmişdir.  
								
								
								Layihə çərçivəsində pilot məktəblərdə yeni 
								modelin tətbiqinə dair məlumatın birbaşa 
								yerlərdən alınması məqsədilə bölgələrə səfər 
								edilmiş, məktəb şurası sədrləri, üzvləri, məktəb 
								direktorları, mühasiblər, eləcə də rayon təhsil 
								şöbəsinin rəhbərliyi ilə yeni modelin tətbiqi və 
								meydana çıxan maneələrlə bağlı müzakirələr 
								aparılmışdır.  
								
								
								Pilot layihəsinə cəlb edilmiş rayon 
								məktəblərində çalışan mühasiblər (59 nəfər) üçün 
								şagirdbaşına maliyyələşdirmə düsturunun 
								tətbiqinə dair Milli Büdcə Qrupu ilə əməkdaşlıq 
								çərçivəsində təlimlər keçirilmişdir. 
								Mühasiblərin ehtiyacları nəzərə alınaraq "Məktəb 
								büdcə bələdçisi" adlı təlimat kitabı 
								hazırlanmışdır. Layihə çərçivəsində "Məktəb 
								ehtiyaclarına əsaslanmış maliyyə formulası" 
								kitabı nəşr olunmuş, layihənin tərəfdaşları 
								arasında yayılmışdır.  
								
								
								İctimai maarifləndirmə komponenti layihənin əsas 
								istiqamətlərindən biri olmuş və layihə 
								müddətində media vasitəsilə mütəmadi olaraq 
								ictimaiyyətin məlumatlandırılması həyata 
								keçirilmişdir. Bu məqsədlə İTV "Açıq dərs" 
								proqramında, eləcə də radiolarda "Məktəb 
								maliyyəsi və idarəolunması" mövzusunda xüsusi 
								proqram təşkil olunmuşdur.  
								
								
								Təhsil Siyasəti Forumu (TSF) layihəsi. Layihə 
								2004-cü ildən həyata keçirilməyə başlanmışdır. 
								Layihənin məqsədi maraqlı tərəflərin, xüsusilə 
								icma, media şəbəkəsi vasitəsilə təhsil 
								məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq, 
								təhsilə dair qərarların qəbul edilməsinə 
								vətəndaş cəmiyyətini cəlb etməkdir.  
								
								
								TSF layihəsi, əsasən, üç strateji istiqaməti 
								əhatə etmişdir: a)monitorinq/araşdırmalar; 
								b)araşdırmaların nəticələrinin ictimaiyyət 
								arasında yayılması; c)əməkdaşlıq və effektiv 
								kommunikasiya vasitələrinin inkişaf etdirilməsi.
								 
								
								
								Ötən müddət ərzində "Fərdi müəllimlik" (2005 və 
								2009-cu illər), "Valideynlərin məktəbə 
								qeyri-formal ödənişləri", "Ali təhsildə 
								korrupsiya: səbəb və nəticə", "Müəllim peşəsinin 
								tədqiqi" mövzularında genişmiqyaslı tədqiqatlar 
								və monitorinqlər aparılmışdır.  
								
								
								Layihə çərçivəsində beynəlxalq əməkdaşlıq 
								istiqamətində ciddi təşəbbüslər həyata 
								keçirilmiş, YUNESKO-nun Beynəlxalq Təhsil 
								Planlaşdırılması İnstitutu ilə birgə tədqiqatın 
								Azərbaycan dilində nəşrinə nail olunmuşdur. 
								Həmçinin layihə çərçivəsində təhsil sahəsində 
								ixtisaslaşmış beynəlxalq, regional və yerli QHT 
								şəbəkələri ilə fəal əməkdaşlıq edilmiş, o 
								cümlədən QHT-lərin antikorrupsiya fəaliyyətinə 
								dair yerli şəbəkə, AzPAC (Avropa Şurası) 
								layihəsi, təhsil siyasəti mərkəzləri şəbəkəsi (NEPC), 
								YUNESKO-nun Beynəlxalq Təhsil Planlaşdırılması 
								İnstitutu ilə birgə tədbirlər həyata 
								keçirilmişdir.  
								
								
								TSF layihəsi üzrə mütəmadi şəkildə mətbuat 
								konfransları, "dəyirmi masa"lar, seminarlar 
								keçirilmiş, mətbuat üçün açıqlamalar 
								hazırlanmışdır. Həmçinin "Təhsil və media" adlı 
								jurnalist qrupu yaradılmış və onlarla əməkdaşlıq 
								təmin edilmişdir. Bu qrupun əsas məqsədi təhsil 
								problemlərinin mətbuatda daha geniş və yaradıcı 
								işıqlandırılması olmuşdur. Həmçinin 
								jurnalistlərın təhsil sahəsində ixtisaslaşması 
								üçün təlim və seminarlar təşkil olunmuşdur. 
								Təlimlərdə Bakı və regionlar da daxil olmaqla 20 
								media təmsilçisi iştirak etmişdir. Təlimlərdən 
								sonra da jurnalistlərlə əlaqə davam etdirilmiş, 
								həyata keçirilən tədqiqatlar, eləcə də jurnalist 
								peşəkarlığıının artırılması məqsədilə keçirilən 
								digər tədbirlər barəsində məlumatlar verilmişdir. 
								Layihənin icrası müddətində 24 mətbuat konfransı 
								keçirilmiş və bununla da təhsil prosesində 
								iştirak etməkdə maraqlı olan auditoriya (mətbuat 
								nümayəndələri, qərarqəbuledicilər, QHT 
								təmsilçiləri, icma üzvləri, təhsil ictimaiyyəti, 
								beynəlxalq təşkilatların təmsilçiləri) 
								formalaşmışdır. Bundan əlavə, hər il İctimai 
								Televiziyanın "Açıq dərs" verilişi 2 proqramını 
								layihənin nəticələrinin əsasında qurmuşdur.
								 
								
								
								Qeyd etmək yerinə düşər ki, TSF çərçivəsində "Təhsil 
								haqqında" Qanun layihəsinin ictimai müzakirələri 
								keçirilmiş, təkliflər hazırlanmış, onların bir 
								qismi qəbul edilən sənəddə öz əksini tapmışdır.
								 
								
								
								Eyni zamanda layihə çərçivəsində 2008-ci ilin 
								yayında "Məktəb maliyyələşməsi: şəffaflıq və 
								cavabdehlik", 2009-cu ildə isə "Təhsildə 
								qiymətləndirmə strategiyasının inkişafı" 
								mövzularında "yay məktəbi" təşkil edilmişdir. 
								Bunlarla yanaşı, "Korrupsion məktəblər, 
								korrupsion universitetlər nə etməli?", "Gizli 
								bazarda təhsil: fərdi müəllimlik", "Antikorrupsiya 
								tədrisi metodologiyası", "Valideynlərin 
								müvəkkillik fəaliyyəti üçün təlimatlar", "Təhsil 
								terminlərinin izahlı lüğəti", "Təhsildə 
								şəffaflıq", "Məktəb ehtiyaclarına əsaslanmış 
								maliyyə formulası" vəsaitləri, o cümlədən 
								multimedia vəsaitləri çap olunmuşdur. 
								 
								
								
								Müasir Tədrisə və Təhsilə Yardım Mərkəzi "Məcburi 
								köçkün şagirdlərin təhsilinin keyfiyyətinin 
								yaxşılaşdırılması", "Xüsusi qayğıya ehtiyacı 
								olan uşaqların təhsilə cəlb olunması" 
								layihələrinin həyata keçirilməsində iştirak 
								etmişdir.  
								
								
								
								(Ardı var)  
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının təhsil naziri, 
								fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |