| 
								 
								
								Bir nəğmə səslənirdi. Bu nəğməni dinlədikcə 
								insan  sanki körpə olur, özünü  qayğısız bir 
								dünyada hiss edirdi. Bu, Oqtay Zülfüqarovun 
								uşaqlar ücün bəstələdiyi mahnı idi. Mahnının 
								ifaçısı elə gözəl oxuyurdu ki, uşaqlar ona 
								diqqətlə qulaq asırdılar. O, ömrünün  45 ilini 
								bax beləcə qayğısını çəkdiyi körpələrə gözəl 
								nəğmələr öyrətməklə keçirmişdir.  
								
								
								Haqqında söhbət açacağımız insan Bakıdakı 38 
								nömrəli uşaq bağçasının musiqi müəllimi Zemfira 
								Nuriyevadır. O, 1940-cı ildə Bakı şəhərində 
								anadan olub. 
								
								
								1965-ci ildə orta musiqi məktəbini bitirərək 38 
								nömrəli bağçada fəaliyyətə başlamışdır. 
								Z.Nuriyeva respublikanın müxtəlif rayonlarında 
								olmuş, məktəbəqədər təlim-tərbiyə proqramı üzrə  
								musiqi müəllimlərinə mühazirələr söyləyib, 
								seminarlar keçirmişdir. O, təhsildə göstərdiyi 
								xidmətinə görə müxtəlif fəxri fərman və 
								diplomlarla mükafatlandırılmışdır.  
								
								
								Zemfira müəllim 45 illik təcrübəsi olmasına 
								baxmayaraq, həmişə axtarışda olur, yeni təlim 
								metodlarından istifadə etməyə çalışır. 
								 
								
								
								Bütün varlığı ilə uşaqlara bağlı olan 
								Z.Nuriyeva  xalq və bəstəkar mahnılarımızı 
								onlara sevə-sevə öyrədərək milli ruhun 
								formalaşmasına, vətənpərvərlik hissinin 
								aşılanmasına xidmət edir. O həm də elə mahnılar 
								seçir ki, uşaqlar onu asanlıqla mənimsəyir, 
								yaddaşlarına  həkk edirlər.   
								
								
								Z.Nuriyevanın dediklərindən: 
								
								
								- Mənim nə qədər ömrüm varsa, hamısını uşaqlarla 
								keçirmək istərdim. Bu günlərdə 70 yaşım tamam 
								olur. Ömrümün 45 ilini burada keçirmişəm və 
								bununla fəxr edirəm. Fəxr edirəm ona görə ki, bu 
								uzun illər ərzində, az da olsa, uşaqlara nəsə 
								öyrədə bilmişəm. Musiqi aləmində ilk addımını 
								atmağa kömək etdiyim Fidan Hacıyeva İtaliyada 
								opera səhnəsində oxuyanda sevincimin 
								həddi-hüdudu yox idi. Hazırda bağçamızın 
								yetirmələrindən Musiqi Akademiyasında və orta 
								ixtisas musiqi məktəblərində təhsil alanlar da 
								var. Onlar tez-tez mənimlə əlaqə saxlayır və 
								bizi unutmurlar. 
								
								
								Biz müəllimlər çalışmalıyıq ki, uşaqlar həyata 
								açıq gözlə baxsınlar və haqqı, ədaləti hər 
								şeydən üstün tutsunlar. Hər bir uşağı öz 
								xarakterinə görə tədricən müsbətə doğru tərbiyə 
								etmək lazımdır. Allahdan arzum odur ki, Yer 
								üzərində sülh olsun  və  bütün uşaqlar kimi 
								mənim ömür nəğmələrim olan  nəvələrim də həmişə 
								əmin-amanlıq, xoşbəxtlik içərisində yaşasınlar. 
								Qoy onlar zəhmətsevər, qayğıkeş, Vətənini sevən 
								şəxsiyyət olsunlar.  
								
								
								Bəli, biz də Zemfira müəllimə bu şərəfli, nəcib 
								işində uğurlar arzulayaraq ona cansağlığı və 
								uzun ömür diləyirik. 70 yaşınız mübarək. 
								
								
								
								Niyazi RƏHİMOV  |