| 
								 
								
								Naxçıvan Dövlət Universitetində 2009-2010-cu 
								tədris ilinin ikinci semestrinə aid pedaqoji 
								təcrübənin başlanğıc konfransı keçirilmişdir. 
								NDU-nun rektoru, akademik İsa Həbibbəyli çıxış 
								edərək təhsil sistemində pedaqoji təcrübənin 
								əhəmiyyətindən, ali və orta ümumtəhsil 
								müəssisələrinin müntəzəm birgə əməkdaşlığının 
								rolundan danışmışdır. Qeyd edilmişdir ki, 
								tələbələrin qabaqcıl pedaqoqların bilik və peşə 
								vərdişlərini  mənimsəmələri, pedaqoji prosesi 
								əyani şəkildə öyrənməkləri gələcəyin müəllimləri 
								üçün zəruridir.  
								
								
								Tədris işləri üzrə prorektor, əməkdar elm xadimi 
								Hüseyn Həşimli pedaqoji təcrübə dövründə qarşıda 
								duran vəzifələr və hazırlanacaq sənədlər 
								haqqında ətraflı məruzə etmişdir. Pedaqogika və 
								psixologiya kafedrasının müdiri Vahid Rzayev 
								çıxışında təcrübə dövründə pedaqogika və 
								psixologiya üzrə görüləcək işlərdən söz açmışdır. 
								Naxçıvan MR Təhsil Nazirliyinin aparat rəhbəri 
								Rəşad Quliyev muxtar respublikada pedaqoji 
								təcrübənin mükəmməl keçirilməsi üçün yüksək 
								şərait yaradılmasından, orta məktəblərdə zəngin 
								bilik və təcrübəyə malik müəllimlərin, yeni 
								texniki avadanlıqların və əyani vəsaitlərin 
								olmasından bəhs etmişdir. Çıxışlarda təcrübi 
								dərslər zamanı müəllim-şagird münasibətlərinin 
								pedaqoji ustalıqla yaradılması, 
								informasiya-kommunikasiya vasitələrindən 
								istifadə, əlamətdar tarixi günlərə həsr olunmuş 
								elmi-kütləvi tədbirlərin keçirilməsi ilə bağlı 
								tələbələrə bir sıra dəyərli tövsiyələr 
								verilmişdir.
								  
								
								
								
								Mehriban SULTAN  |