| 
								 
								
								Mayın 11-də Astanadakı L.Qumilyov adına Avrasiya 
								Milli Universitetində (AMU) Bakı Dövlət 
								Universiteti günləri başlanmışdır.  
								
								
								Bu münasibətlə keçirilən mərasimdə Bakı Dövlət 
								Universitetinin rektoru, Milli Məclisin 
								deputatı, akademik Abel Məhərrəmovun başçılığı 
								ilə nümayəndə heyəti, AMU-nun professor-müəllim 
								heyəti, tələbələr, buradakı diasporumuzun 
								üzvləri, jurnalistlər iştirak etmişlər. 
								 
								
								
								AMU-nun rektoru, professor Baxıtcan Abdraimov 
								qonaqları salamlamış, Azərbaycanın ən qocaman 
								ali təhsil ocağı ilə əlaqələrin daha da 
								genişləndirilməsi, tələbə və müəllim mübadiləsi 
								sahəsində əməkdaşlığın dərinləşdirilməsi 
								vacibliyinə toxunmuşdur.  
								
								
								Abel Məhərrəmov Azərbaycanda təhsil sahəsində 
								həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin 
								gənclər üçün yaratdığı şərait, onların dünyanın 
								ən nüfuzlu təhsil ocaqlarına göndərilməsi və 
								digər məsələlər haqqında danışmış, AMU ilə 
								əməkdaşlığa önəm verdiyini bildirmişdir. 
								 
								
								
								Ölkəmizin Qazaxıstandakı səfiri Lətif Qəndilov 
								ölkələrimiz arasında bütün istiqamətlərdə, o 
								cümlədən təhsil sahəsində əlaqələrin 
								inkişafından söz açmış, səfirliklə bu təhsil 
								ocağı arasında yaranmış xoş münasibətlərdən 
								danışmışdır.  
								
								
								Sonda Abel Məhərrəmova AMU-nun fəxri doktoru adı 
								verilmiş və ona müvafiq diplom təqdim 
								olunmuşdur.  
								
								
								
								AzərTAc  |