| 
								 
								
								 Mayın 
								7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər 
								Yaradıcılıq Sarayının "Uşaq dünyası" 
								qalereyasında ümummilli lider Heydər Əliyevin 
								anadan olmasının 87-ci ildönümü münasibətilə 
								"Heydər Əliyev və müstəqil Azərbaycan" 
								mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri 
								arasında təşkil olunan respublika rəsm 
								müsabiqəsinin qaliblərinin mükafatlandırılması 
								mərasimi keçirildi. 
								
								
								Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov 
								açaraq qonaqları və sərgi iştirakçılarını 
								salamladı. Nazir müavini bildirdi ki, ulu öndər 
								Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü 
								münasibətilə "Heydər Əliyev və müstəqil 
								Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin 
								şagirdləri arasında təşkil olunan rəsm 
								müsabiqəsi 3 mərhələdə (məktəb, rayon (şəhər), 
								respublika) keçirilib. Müsabiqədə respublikanın 
								ümumtəhsil məktəblərindən on minlərlə şagird 
								iştirak edib. Rayon mərhələsində I yer tutan 
								işlər respublika mərhələsinə göndərilmişdir. 
								Respublika mərhələsinə təqdim edilmiş 300-ə 
								yaxın rəsm işindən 18-i qalib hesab olunub. 
								E.Qasımov gənc rəssamların öz yaradıcılıq 
								işlərində ulu öndərə sonsuz məhəbbətini dolğun 
								təsvir etməyə çalışdıqlarını dedi. Nazir müavini 
								çıxışının sonunda müsabiqənin keçirilməsində 
								əməyi olanlara minnətdarlığını bildirib, 
								qalibləri təbrik etdi. 
								
								
								Çıxış üçün söz alan millət vəkili Fəttah 
								Heydərov dahi şəxsiyyət, əbədiyaşar lider Heydər 
								Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı 
								məqamlarından, Azərbaycan xalqının ulu öndərə 
								tükənməz sevgisindən danışdı. 
								
								
								Təhsil naziri Misir Mərdanov ölkəmizin hər 
								yerində ümummilli lider Heydər Əliyevin anadan 
								olmasının 87-ci ildönümünün təntənə ilə qeyd 
								edildiyini bildirdi. Nazir müstəqil Azərbaycan 
								dövlətinin banisi və qurucusu, dahi şəxsiyyət 
								Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz 
								xidmətlərindən söz açdı. Keçirilən rəsm 
								müsabiqəsinin əhəmiyyətinə toxunan təhsil naziri 
								qaliblərə yeni-yeni uğurlar arzuladı. 
								
								
								Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları 
								və hədiyyələr təqdim olundu. Mükafatlandırılma 
								mərasimindən sonra təhsil naziri Misir Mərdanov, 
								Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının sədri, millət vəkili Səttar 
								Mehbalıyev və digər rəsmi şəxslər, millət 
								vəkilləri uşaqların yaradıcılıq işləri ilə tanış 
								oldular. 
								
								
								
								Samirə HÜSEYNQIZI  |