| 
								 
								
								Bakının Nizami rayonundakı  Uşaq-Gənclər  
								Yaradıcılıq  Mərkəzinin "Azəri inciləri" rəqs 
								kollektivi, hər il olduğu kimi, bu il də  
								Türkiyədə keçirilən 23 Nisan Beynəlxalq Uşaq 
								Festivalında   iştirak edib. 
								
								Bu günlərdə  rəqs qrupu  Türkiyənin Fəthiyə 
								şəhərindən qayıdıb. Minlərlə tamaşaçının 
								toplaşdığı  şəhər stadionunda  "Qızıl günəş"  
								adı altında  keçirilən rəqs yarışmasında  20 
								ölkənin  uşaq  rəqs  kollektivi iştirak edib.   
								Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, 
								İndoneziya,  Rusiya, Gürcüstan, Litva  və  
								başqa  ölkələrdən gələn rəqs qrupları  milli  
								geyimlərdə  rəngarəng  proqramla   ən gözəl 
								rəqslərini nümayiş etdiriblər. 
								
								
								"Azəri inciləri"nin 3 rəqsi -" Nəlbəki", "Naz 
								eləmə", "Qaytağı"nı  özündə birləşdirən 
								kompozisiya ilə çıxışı  tamaşaçıların alqışları  
								ilə qarşılanıb. 20 kollektivin içərisindən  
								bizim rəqqaslar  ilk  üçlüyə  daxil olaraq, 
								yüksək pillələrdən birini  - III yeri qazanıb,  
								ödül və medallara sahib olublar. 
								
								
								Rəqs qrupumuz  Fəthiyə şəhərində keçirilən böyük 
								qala konsertində də iştirak edib. Konsertin 
								əvvəlində  mərkəzin dram dərnəyinin  üzvü  Elnur 
								Əliyev  xalq şairi Bəxtiyar Vahabzadənin  
								"Azərbaycan-Türkiyə" şeirini söyləyib. 
								Tamaşaçılar Elnurun çıxışını sürəkli alqışlarla  
								qarşılayıblar. Sonra  rəqs qrupu  konserti öz 
								şux rəqsləri ilə açıb. Çıxışdan sonra şəhərin  
								bələdiyyə başqanı səhnəyə qalxaraq  kollektivin 
								üzvlərinə ödül və medallar təqdim edib. 
								Beləliklə, "Azəri inciləri" Vətənə bu il də  
								qələbə ilə qayıdıb.  
								
								
								
								Sifai  SƏFƏROVA 
								  |