| 
								 
								
								 Aprelin 
								30-da Bakıdakı 335 nömrəli körpələr evi-uşaq 
								bağçasında keçirilmiş "Doğma diyar Azərbaycan" 
								mövzusunda "açıq məşğələ"də məqsəd yuxarı yaş 
								qrupunda tərbiyə alan uşaqların il ərzində 
								ekoloji biliklərə nə dərəcədə yiyələndiklərini 
								aşkara çıxarmaq, bu sahədə toplanmış təcrübəni 
								bölüşmək idi. 
								
								
								Tədbirdə iştirak edən Təhsil Nazirliyinin 
								Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə 
								Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								əməkdaşları Leyla İmanova, Tamilla 
								Allahverdiyeva, Südabə Abdullayeva, Tamilla 
								Useynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi 
								Akademiyasının elmi və yaradıcı iş üzrə 
								prorektoru, əməkdar incəsənət xadimi, professor 
								Gülnaz Abdullazadə və bir qrup bağça müdiri öncə 
								2008-ci ildə istifadəyə verilmiş bu təhsil 
								ocağında uşaqların təlim-tərbiyəsi, inkişafı, 
								sağlamlığının qorunması üçün yaradılmış 
								şəraitlə  tanış  oldular,  tərbiyəçilərin və 
								istedadlı  uşaqların bağçanın dəhlizlərində və 
								foyesində  nümayiş  olunan  əl  işləri  və  
								rəsmlərinə   tamaşa   etdilər. 
								
								
								Tədbiri bağçanın müdiri Sevda Almuradova açaraq, 
								"açıq məşğələ"nin mövzusu, bağçalarında 
								uşaqların ekoloji tərbiyəsi yönündə görülmüş 
								işlər haqqında danışdı. 
								
								
								Musiqi sədaları altında zala daxil olan uşaqlar 
								tədbir iştirakçılarını salamladıqdan sonra 
								məşğələ başladı. Bağçanın böyük və məktəbəqədər 
								yaş qruplarından olan uşaqlarla "açıq məşğələ"ni 
								tərbiyəçilər Şəhla Vəliyeva və Nailə Hacıyeva 
								aparırdılar. Musiqi zalında Azərbaycanın 
								xəritəsi asılmış, hər birinin üzərində ölkəmizin 
								təbiətini, maddi və mənəvi sərvətlərini, 
								dövlətimizin atributlarını əks etdirən əyani 
								vəsaitlərin düzüldüyü masalar yerləşdirilmişdi. 
								Tərbiyəçilər əvvəlcə müxtəlif suallar verməklə 
								uşaqların xəritə üzrə biliklərini yoxladılar. 
								
								
								Sonra tərbiyəçilər onları dövlətimizin 
								atributlarının təsvirləri olan stolun ətrafına 
								dəvət etdilər və suallar verdilər. Uşaqlar 
								verdikləri cavablarla dövlət atributlarını 
								tanıdıqlarını, onları təşkil edən elementlərin 
								mahiyyətini bildiklərini nümayiş etdirib, onlara 
								aid şeirlər, tapmacalar, atalar sözləri 
								söylədilər, xorla himnimizi ifa etdilər. 
								"Sərvətlərimiz", "Uşaq hüquqları və ordumuz", 
								"Yazıçılarımız, milli ornamentlərimiz" 
								adlandırılan digər masalar ətrafında da bu 
								qaydada iş aparıldı. "Açıq məşğələ" uşaqların 
								ifasında şeir və mahnılardan, rəqs və 
								səhnəciklərdən ibarət nömrələrlə, bağçada 
								keçirilmiş tədbirlərə dair videoçarxın nümayişi 
								ilə başa çatdı. 
								
								
								Məşğələdən sonra onun təhlili aparıldı. 
								N.Alnağıyeva, L.İmanova, G.Abdullazadə, 
								S.Abdullayeva və b. çıxış edərək "açıq 
								məşğələ"nin yaxşı keçdiyini, aparılan 
								təlim-tərbiyə işinin nəticəsində uşaqların 
								ölkəmiz, onun ekologiyası barədə zəruri bilik və 
								məlumatlara yiyələndiklərini, ümumiyyətlə, 
								tədbirin yüksək səviyyədə hazırlandığını, qısa 
								fəaliyyəti dövründə bağçada bir çox 
								istiqamətlərdə müsbət təcrübə toplandığını qeyd 
								etdilər, pedaqoji kollektivə fəaliyyətində 
								uğurlar arzuladılar.  
								
								
								
								Yusif ƏLİYEV  |