| 
								 
								
								Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə 
								aprelin 29-da "Ekologiya ili" çərçivəsində 
								şagird elmi-praktik konfransı keçirildi. 
								
								Liseyin binasının birinci mərtəbəsindəki foyedə 
								Azərbaycanın iqtisadi rayonlarına və bölgələrinə 
								aid şagirdlərin əl işlərindən ibarət maraqlı 
								sərgi açılmışdı. Hər iqtisadi rayona və bölgəyə 
								aid guşədə həmin yer üçün xarakterik olan 
								məhsullar, habelə bölgəni səciyyələndirən 
								fəaliyyət sahəsinə dair eksponatlar nümayiş 
								olunurdu.  
								
								
								 Foyenin 
								bir tərəfində isə ev quşları və heyvanlarından 
								ibarət canlı guşə var idi. Konfransa dəvət almış 
								qonaqlar - tanınmış alimlər, liseyin fəxri 
								direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili, 
								professor Nizami Cəfərov, akademik Urxan 
								Ələkbərov, BDU-nun kafedra müdiri, professor 
								Qara Namazov, professorlar Cəlil Nağıyev, Ülfət 
								Bədəlbəyli, Məlikbaxış Babayev, Xətai RİH-in 
								şöbə müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsi müdirinin müavini Məhəmməd 
								Bayramov, "Azərbaycan məktəbi" jurnalının baş 
								redaktoru  Nəcəf Nəcəfov və başqaları sərgi ilə 
								maraqla tanış oldular. 
								
								
								Konfransın plenar iclasını liseyin direktoru 
								Həlimə Mehdiyeva açaraq qonaqları salamladı, 
								dəvətlərini qəbul edib gəldikləri üçün onlara 
								təşəkkür etdi.  
								
								
								H.Mehdiyeva son illər liseylərində təhsilin 
								keyfiyyətinin yüksəldilməsi istiqamətində 
								görülmüş işlər, liseyləri ilə alimlər arasında 
								yaranan sıx əməkdaşlıq əlaqələri, bu əlaqələrin 
								nəticəsi olaraq müxtəlif elm sahələrini təmsil 
								edən mütəxəssis və alimlərin liseydəki tədris 
								prosesində, keçirilən tədbirlərdə iştirakı, 
								şagirdlərdə elmi-tədqiqatçılıq bacarıq və 
								vərdişlərinin inkişafı, məzunlarının uğurları 
								haqqında məlumat verdi. Liseyin istedadlı 
								şagirdləri konfrans iştirakçılarını mahnı və 
								şeirlərlə salamladılar. 
								
								
								Plenar iclasda söz alan professor Nizami 
								Cəfərov, Xətai RİH-in şöbə müdiri Pənah İmanov, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 
								müavini Məhəmməd Bayramov ekoloji mövzuda 
								sərginin onlarda xoş təəssürat yaratdığını, 
								təhsil ocağında şagird yaradıcılığına, 
								axtarışlarına böyük fikir verildiyini, son illər 
								liseyin təhsil uğurlarının xeyli artdığını 
								bildirdilər. Konfransın əhəmiyyətini xüsusi qeyd 
								edən qonaqlar belə tədbirlərin şagirdlərin 
								intellektini inkişaf etdirdiyini, müəllimlərin 
								bu işdə aparıcı rol oynadığını diqqətə 
								çatdırdılar.  
								
								
								Sonra konfrans öz işini bölmələrdə davam 
								etdirdi. Hər birinə liseyin müəllimlərinin 
								rəhbərlik etdiyi, alim və mütəxəssislərin 
								ekspert qismində cəlb olunduqları "Ədəbiyyat", 
								"Riyaziyyat və informatika", "Tarix və 
								coğrafiya", "Fizika", "Kimya, biologiya", 
								"İngilis dili" bölmələrində 18 şagirdin məruzəsi 
								dinlənilərək müzakirə olundu. Müzakirələrdə 
								çıxış edən alimlər şagirdlərin təqdim etdikləri 
								məruzələri yüksək dəyərləndirib, onların əhatəli 
								işləndiyini, məktəblilərin işlədikləri mövzular 
								haqqında geniş məlumata malik olduqlarını qeyd 
								etdilər.  
								
								
								
								Yusif ƏLİYEV  |