| 
								 
								
								Bu il orta ümumtəhsil məktəblərinin 104037 
								şagirdi məzun oldu. 
								
								
								"Son zəng" həyatda bir dəfə olan və bütün ömür 
								boyu xoş hisslərlə xatırlanan hadisələrdəndir. 
								Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" 
								texniki-humanitar təmayüllü liseydə builki 
								məzunlar üçün keçirilən "Son zəng" tədbirini isə 
								nəinki bu təhsil ocağını başa vuran 73 gənc, həm 
								də mərasimin digər iştirakçıları, yəqin ki, heç 
								vaxt unutmayacaqlar. 
								
								
								 Liseyin 
								rəhbərliyi, 3 onbirinci sinfin məzun olacaq 
								şagirdləri, onların sinif rəhbərləri bu ənənəvi 
								tədbiri əvvəlki ildəkilərdən fərqli, olduqca 
								zəngin məzmun və orijinal formada 
								hazırlamışdılar. 3 onbirinci sinfin hər birinin 
								ayrıca xüsusi bayram forması və məzun lentləri 
								vardı. Hər biri "Son zəng"ə öz təqdimatını - 
								mahnı, rəqs, şeir, yumorlu səhnəciklərlə dolu 
								proqramını hazırlamışdı. 
								
								
								Mərasim musiqi sədaları altında onbirincilərin 
								tədbirin keçirildiyi yerə - məktəbin 
								bayramsayağı bəzədilmiş geniş həyətindəki 
								meydançaya daxil olması ilə başlandı. Tədbiri 
								açan aparıcılar mərasim iştirakçılarını 
								salamlayıb, onbirinciləri məzun olmaları 
								münasibəti ilə təbrik etdilər. Dövlət himni ifa 
								olundu, Azərbaycan bayrağı qaldırıldı. 
								Onbirincilər öz yoldaşlarından birinin - dərs 
								ilinin başa çatmasına bir neçə ay qalmış 
								dünyasını dəyişmiş Şəhriyar Eyvazovun xatirəsini 
								bir dəqiqəlik sükutla yad etdilər. Onsuz da 
								kövrək hisslər üstündə köklənən tədbirə bu 
								hadisə bir az da kövrəklik qatdı. 
								
								
								V sinif şagirdləri "Azərbaycanım" mahnısını ifa 
								etdilər. XI-lər "Yallı" getdilər. Aparıcılar 
								ölkəmizdə son illər təhsilin inkişafı yönündə 
								görülən işlərdən, əldə olunan uğurlardan, 
								ümummilli liderimiz Heydər Əliyevin təhsilə, 
								gənclərə göstərdiyi diqqət və qayğısından, həmin 
								siyasəti bu gün ölkə Prezidenti cənab İlham 
								Əliyevin uğurla davam etdirməsindən, 
								təhsilimizdə aparılan inkişafyönlü işlərdə 
								Heydər Əliyev Fondunun, onun prezidenti, ölkənin 
								birinci xanımı, millət vəkili Mehriban 
								Əliyevanın yaxından iştirakından söz açdılar, 
								ölkə təhsilində baş verən inkişaf fonunda 
								liseylərinin də tərəqqi etdiyini vurğuladılar. 
								
								
								Sonra onbirincilərə təbriklər ünvanlandı. 
								Məzunları öncə liseyin direktoru Məhbubə 
								Məmmədova təbrik edib, onlara ən xoş arzularını 
								bildirdi. Tövsiyə etdi ki, heç vaxt 
								 liseylərini, müəllimlərini yaddan 
								çıxarmasınlar, onlarla daim əlaqə saxlasınlar, 
								liseyin və onun əvvəlki illərinin məzunlarının 
								ənənələrini davam etdirsinlər. 
								
								
								M.Məmmədova təbrik çıxışında başa çatmaqda olan 
								dərs ilində liseylərinin əldə etdiyi uğurlara, 
								onların qazanılmasında məzunluq astanasında olan 
								XI sinif şagirdlərinin roluna da toxundu. Qeyd 
								etdi ki, lisey son illər xeyli inkişaf edib. 
								Hazırda o, ölkədə "Elektron məktəb" layihəsinə 
								qoşulmuş 20 ümumtəhsil müəssisəsindən biridir. 
								Liseyin 10 sinfində proyektorla kompüterlər 
								quraşdırılıb. Bildirdi ki, tədris müəssisəsi 
								Türkiyənin Samsun şəhərindəki məktəblərlə 
								"Qardaşlaşmış məktəblər" layihəsinə qoşulub. May 
								ayında liseyin direktoru, 4 müəllimi və 7 
								şagirdi həmin layihə çərçivəsində Samsun 
								şəhərində səfərdə olmuş, qardaşlaşdıqları Namiq 
								Kamal adına liseyin kollektivi ilə görüşmüşlər. 
								
								
								Direktor M.Məmmədova qeyd etdi ki, liseyin V 
								"A"  (Azərbaycan bölməsi) və V "A" (rus bölməsi) 
								siniflərində eksperimental olaraq yapon dilinin 
								tədrisinə başlanıb. Bununla əlaqədar Yaponiyanın 
								ölkəmizdəki səfirliyi və Yaponiya Mədəniyyət 
								Fondu ilə əlaqələr yaradılıb. Yaponiya səfiri 
								ilə V sinif şagirdlərinin görüşü keçirilib. 
								
								
								Liseyin digər uğurlarından da söz açan 
								M.Məmmədova IX sinif şagirdi Nərmin 
								Məmmədovanın, XI sinif şagirdi Mənsumə 
								Nuriyevanın bu il ölkə üzrə fənn 
								olimpiadalarının son turunda Azərbaycan dili və 
								ədəbiyyat fənnindən II və III yerləri 
								tutduqlarını, XI sinif şagirdi Elçin Salahovun 
								respublika üzrə riyazi məntiq olimpiadasında 50 
								ən yaxşı şagird sırasına düşdüyünü və final 
								turuna vəsiqə qazandığını, ulu öndər Heydər 
								Əliyevin anadan olmasının 87-ci ildönümü ilə 
								əlaqədar keçirilmiş müsabiqədə IX "A" sinif 
								şagirdi Fəridə Əfəndizadənin qaliblər sırasına 
								çıxdığını, ibtidai sinif şagirdlərindən 7 
								nəfərin şahmat turnirində III yeri tutduğunu 
								diqqətə çatdırdı. 
								
								
								Sonra dərs ili boyu qazandığı uğurları və 
								təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə 
								fərqlənmiş şagirdlərə və müəllimlərə mükafatlar 
								- Fəxri fərmanlar və diplomlar təqdim olundu. 
								
								
								Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi 
								Gülbuta Abıyeva, tarix müəllimi Qənirə Yaqubova, 
								buraxılış siniflərinin rəhbərləri Təranə 
								Aslanova, Sevda Məhsəliyeva, Təranə Abbasova, 
								direktor müavinləri Sədaqət Nağıyeva, Afət 
								Əsədova, Mehriban Salahova da öz yetirmələrini 
								məzun olmaları münasibəti ilə səmimi-qəlbdən 
								təbrik edib, onların valideynlərinə gözaydınlığı 
								verdilər, məzunlara müstəqil həyatlarında 
								uğurlar arzuladılar. 
								
								
								Sonra onbirinci siniflər hazırladıqları maraqlı 
								proqramı növbə ilə təqdim etdilər. Çıxış edən 
								məzunlar yaşadıqları 11 illik maraqlı məktəb 
								həyatına, əldə etdikləri bilik və bacarıqlara, 
								hər zaman görüb duyduqları isti münasibətə görə 
								liseyin direktoru Məhbubə Məmmədovaya, 
								bütövlükdə müəllim kollektivinə və onun 
								ayrı-ayrı üzvlərinə minnətdarlıqlarını bildirib, 
								barələrində xoş sözlər dedilər. 
								
								
								Mərasimin ən maraqlı və sevindirici anlarından 
								biri XI "A" sinfinin rəhbəri Təranə Aslanovanın 
								yetirmələrindən 3-nün artıq imtahan verərək 
								qardaş Türkiyənin ən nüfuzlu ali məktəblərinə 
								qəbul olunmaları barədə məlumat verməsi oldu. 
								Mərasim iştirakçıları tələbə adını qazanmış 
								Əmrah Abbasovu, Toğrul Abbaslını və Murad 
								Qurbanovu alqışlarla qarşıladılar. Direktor 
								M.Məmmədova yüksək uğura imza atmış hər üç 
								məzunu təbrik etdi. 
								
								
								Birinci sinif şagirdləri meydana daxil olub, 
								onbirincilərə öz təbriklərini şeirlər, 
								mahnılarla çatdırdılar. 
								
								
								Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı 
								gəlib çatdı. Dərs ilinin başa çatdığını, 
								onbirinci sinif şagirdlərinin məzun olduğunu 
								bildirən "son zəng" çalındı. Mərasim 
								iştirakçılarının alqış sədaları altında 
								onuncular liseyin rəmzi açarını onbirincilərdən 
								qəbul etdilər. "Məktəb illəri"nin həzin, kövrək 
								hisslər doğuran melodiyası ətrafa yayıldı...  
								
								
								
								Yusif ƏLİYEV  |