| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında) 
								 
								
								
								Hörmətli oxucular, bu məqalədə Azərbaycanda 
								məktəb tikintisi, onların təmiri, avadanlıqlarla 
								təchiz edilməsi, istiliklə təminatı məsələləri 
								ilə əlaqədar məlumatları diqqətinizə təqdim 
								etmək istəyirəm.  
								
								
								Məktəb tikintisi. Azərbaycanda ilk dünyəvi 
								məktəblər üçün binalar görkəmli xeyriyyəçi Hacı 
								Zeynalabdin Tağıyevin təşəbbüsü, vəsaiti 
								hesabına inşa edilmişdir. 1885-1887-ci illərdə 
								Bakıda Mariya qız gimnaziyasının (indiki 
								Azərbaycan İncəsənət Muzeyi), 1898-1901-ci 
								illərdə Bakıda Müsəlman qız məktəbinin 
								(H.Z.Tağıyevin qız məktəbi - indiki AMEA 
								Əlyazmalar İnstitutu) inşa edilmişdir. 
								
								
								Azərbaycanda sovet hakimiyyətinin ilk illərində 
								ən çətin problemlərdən biri məktəb tikintisi, 
								yeni açılan təhsil müəssisələrinin müvafiq bina 
								ilə təmin edilməsi idi. 20-ci illərin 
								əvvəllərində məktəb tikintisi respublikanın 
								iqtisadi potensialının və maliyyə imkanlarının 
								məhdudluğu səbəbindən, demək olar ki, 
								aparılmırdı. Yeni açılan məktəblər başlıca 
								olaraq sovet hakimiyyəti orqanlarının 
								"milliləşdirmə" adı ilə imkanlı, varlı adamların 
								əlindən alınmış tikililərdə (əsasən, şəxsi 
								mülklərdə) və ya uyğunlaşdırılmış köhnə 
								binalarda yerləşdirilirdi. Lakin respublikanın 
								ağır maliyyə çətinliklərinə baxmayaraq, xalq 
								maarifi işçilərinin təşəbbüsü və yerli əhalinin 
								köməyi ilə şəhər və qəzalarda (rayonlarda) 
								əsasən, ibtidai məktəblər üçün yeni məktəb 
								binaları tikilir, yaxud tədrisə yararlı köhnə 
								binalar təmir etdirilirdi. Bunun nəticəsi idi 
								ki, artıq 1923-cü ildə Zaqatala qəzasında on, 
								Ağdaş qəzasında dörd, 1924-cü ildə Gəncə 
								qəzasında iki, Qazax qəzasında beş yeni ibtidai 
								məktəb binası tikilib istifadəyə verilmişdi. 
								Təkcə 1924-25-ci tədris ilində Azərbaycanda 34 
								yeni məktəb fəaliyyətə başlamış və 13-nün 
								tikintisi başa çatdırılmışdı. Azərbaycanda 
								məktəb tikintisi sahəsində işlər 1928-ci ilə 
								kimi müxtəlif mənbələr əsasında aparılmış, həmin 
								ildən hökumətin qəbul etdiyi beşillik planlar 
								əsasında dövlət vəsaiti hesabına həyata 
								keçirilməyə başlanmışdı. Mənbələr göstərir ki, 
								1920-24-cü illərdə 41 yeni məktəb binası 
								tikilmişdi. Həmin məktəblərin 40-ı respublikanın 
								müxtəlif şəhər və qəzalarında, 1-i isə Bakı 
								şəhərində tikilmişdi. Məktəb tikintisi üzrə 
								göstərici 1924-28-ci illərdə əvvəlki dörd illə 
								müqayisədə 3 dəfədən çox artaraq 144-ə 
								yüksəlmişdi.  
								
								
								Azərbaycan SSR hökuməti tərəfindən ilk beşillik 
								(1928-1932) planda respublikada 918 məktəb 
								binasının tikintisi nəzərdə tutulsa da, 
								1928-32-ci illərdə 244 yeni məktəb binası 
								tikilib istifadəyə verilmişdi. Ümumiyyətlə, 
								1928-29-cu dərs ilindən başlayaraq Azərbaycanın 
								maarif sistemində məktəb tikintisi bütövlükdə 
								respublikada mədəni quruculuğun əsas probleminə 
								çevrilmişdi. Ümumi icbari ibtidai təhsilə keçidi 
								təmin etmək məqsədilə hökumət 1931-32 və 
								1932-33-cü dərs  illərində  600-dən  çox  yeni  
								məktəb  binasının  inşasını,  500-dək  binanı 
								məktəb üçün icarəyə götürməyi planlaşdırmışdı.
								 
								
								
								30-cu illərdən başlayaraq dövlət planına əsasən 
								yeni məktəb binaları təkcə ibtidai məktəblər 
								üçün deyil, həm də natamam orta və orta 
								məktəblər üçün də tikilməyə başlandı. Azərbaycan 
								SSR-də ikinci (1933-1937) beşillikdə 108090 
								şagird yerlik 336 yeni məktəb binası, üçüncü 
								beşilliyin ilk üç ili (1938-1940) ərzində isə 
								29530 şagird yerlik 103 yeni məktəb binası 
								tikilib istifadəyə verilmişdi.  
								
								
								Aşağıdakı cədvəldə Azərbaycan SSR-də 
								1920-1940-cı illərdə məktəb tikintisi haqda 
								statistik məlumat verilmişdir:  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												İllər  | 
												
												
												Yeni tikilən məktəblərin ümumi 
												sayı | 
												
												
												O cümlədən: Bakıda | 
											 
											
												| 
												
												1920-1924 | 
												
												
												41 | 
												
												
												1 | 
											 
											
												| 
												
												1924-1928 | 
												
												
												144 | 
												
												
												9 | 
											 
											
												| 
												
												1928-1932 | 
												
												
												244 | 
												
												
												10 | 
											 
											
												| 
												
												1932-1937 | 
												
												
												336 | 
												
												
												62 | 
											 
											
												| 
												
												1938-1940 | 
												
												
												103 | 
												
												
												60 (digər şəhərlərlə birlikdə) | 
											 
											
												| 
												
												Cəmi: | 
												
												
												868 | 
												
												
												142 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								1920-30-cu illərdə məktəb tikintisinin inkişaf 
								dinamikasının təhlili göstərir ki, 20-ci illərin 
								sonu və 30-cu illərdə Azərbaycanda məktəb 
								tikintisinin intensiv artımı, hər şeydən əvvəl, 
								respublikada əvvəlcə ümumi icbari ibtidai 
								təhsilə keçidlə, sonralar isə ümumi icbari 
								yeddiillik təhsilə keçilməsi yolunda aparılan 
								maarifçilik siyasəti və məktəb quruculuğu ilə 
								bağlı olmuşdur.  
								
								
								40-60-cı illərdə Azərbaycan SSR-də məktəb 
								tikintisi respublikanın iqtisadi imkanları 
								daxilində dövlət tərəfindən, eləcə də kənd 
								yerlərində kolxoz və sovxozların vəsaiti 
								hesabına aparılmışdı. 1941-45-ci illərdə məktəb 
								tikintisi müharibənin doğurduğu çətinliklər 
								səbəbindən demək olar ki, tamamilə 
								dayandırılmışdı. Statistik məlumatlara görə, 
								Azərbaycanda məktəb tikintisinə 1946-cı ildən 
								başlanmış, 1946-70-ci illərdə respublikanın 
								şəhər və kəndlərində dövlət və kolxozların 
								vəsaiti hesabına 444 min şagird yerlik 520 
								ümumtəhsil məktəb binası tikilib istifadəyə 
								verilmişdi.  
								
								
								1970-80-ci illərdə Heydər Əliyevin təhsilə 
								diqqəti və qayğısı nəticəsində respublikada 
								aparılan genişmiqyaslı məktəb tikintisi 
								ümumtəhsil məktəblərində təhsil şəraitinin 
								yaxşılaşdırılmasına gətirib çıxardı. 1970-ci 
								ildə 28300 şagird yerlik 88, 1975-ci ildə 48200 
								şagird yerlik 100 müasir tipli məktəb binası 
								inşa edilmişdi. Bütövlükdə, 70-80-cı illərdə 
								683,1 min şagird yerlik 1191 ümumtəhsil məktəb 
								binası tikilib istifadəyə verildi ki, bu da 
								1946-70-ci illərdəki müvafiq göstəricidən (520 
								məktəb) iki dəfə çox idi. Nəticədə 70-ci illərin 
								sonunda gündüz ümumtəhsil məktəblərində təhsil 
								alanların sayı 1436096 nəfərə çatdı ki, bu da 
								respublikada ümumi icbari orta təhsilə tam 
								keçilməsinə imkan verdi. Bu illərdə şagird 
								kontingenti də sürətlə artdı. Belə ki, 
								ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 
								sayı 1970-ci ildəki 1436000 nəfərdən 1982-ci 
								ilin əvvəllərində 1544000 nəfərədək yüksəldi.
								 
								
								
								1970-ci ildə Azərbaycanın ümumtəhsil 
								məktəblərində şagirdlərin 40,2 faizi ikinci 
								növbədə oxuyurdu. 1970-1980-ci illərdə 
								respublikada aparılan genişmiqyaslı məktəb 
								tikintisi ikinci növbədə oxuyanlar üzrə 
								göstəricilərin yaxşılaşdırılmasına təkan verdi. 
								Nəticədə şagirdlərin ikinci növbədə oxuma 
								göstəricisi 1978-ci ildə 30,8 faizə, 1980-ci 
								ildə 28,1 faizə, 1985-ci ildə 24,9 faizə 
								çatdırıldı ki, bununla da şagirdlərin 75,1 
								faizinin birinci növbədə təhsil almaq imkanı 
								təmin edildi. 
								
								
								Həmin illərdə məktəblərin tədris, texniki və 
								elmi-metodiki vasitələrlə təminatı da əsaslı 
								şəkildə yaxşılaşmışdı. Təkcə bir fakt kifayətdir 
								ki, 1978-ci ildə fizika və kimya kabinetləri ilə 
								təminat 92,2 faizə qədər yüksəlmiş, məktəb 
								kitabxanaları ilə təminat 97,9 faizə qalxmışdı.
								 
								
								
								Müstəqilliyin ilk illərində məktəb tikintisi 
								sahəsində böhranlı vəziyyət hökm sürürdü. 
								1990-cı ildən 111 təhsil obyektində işlər 
								dayandırılmışdı. 1991-1992-ci illərdə demək olar 
								ki, yeni məktəblər tikilməmişdi. 1993-cü ildə 
								ölkədə 18464 şagird yerlik 37 məktəb binasının 
								tikintisi nəzərdə tutulduğu halda, 13385 yerlik 
								31 məktəb binası tikilib istifadəyə verilmişdi. 
								1994-cü ildə isə 28 təhsil obyektində 
								tikinti-quraşdırma işlərinin aparılması 
								planlaşdırılmışdı. 
								
								
								1995-1998-ci illərdə də, demək olar ki, ölkədə 
								məktəb tikintisi sahəsində əsaslı irəliləyişlər 
								baş verməmişdi. 1998-ci ildən başlayaraq bu 
								sahədə dönüş yaranmışdır.  
								
								
								1998-ci ildə Azərbaycan müəllimlərinin XI 
								Qurultayında ümummilli lider Heydər Əliyevin 
								məktəb tikintisinə, maddi-tədris bazasının 
								möhkəmləndirilməsinə diqqətin artırılması barədə 
								iş adamlarına çağırışından sonra bu sahəyə maraq 
								artdı, həm dövlət təşkilatları, həm də 
								beynəlxalq təşkilatların qrant və kreditləri, iş 
								adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına 
								yeni məktəb binaları tikildi. 
								
								
								ABŞ-ın humanitar təşkilatları, Yaponiya 
								hökuməti, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf 
								Bankı, Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft 
								Şirkəti, Dövlət Gömrük Komitəsi, Fövqəladə 
								Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Daxili 
								İşlər Nazirliyi və digər təşkilatların maliyyə 
								vəsaitləri hesabına ölkənin müxtəlif 
								regionlarında məktəb binaları inşa edildi. 
								
								
								1998-2002-ci illərdə ümumilikdə 23053 şagird 
								yerlik 139 yeni məktəb binası inşa edilmişdir. 
								Aşağıdakı cədvəldə həmin illərdə məktəb 
								tikintisi barədə məlumat təqdim edilir.  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												İllər  | 
												
												
												İnşa edilən məktəblərin sayı | 
												
												
												Şagird yerlərinin sayı 
												 | 
											 
											
												| 
												
												1998 | 
												
												
												10 | 
												
												
												2144 | 
											 
											
												| 
												
												1999 | 
												
												
												12 | 
												
												
												2133 | 
											 
											
												| 
												
												2000 | 
												
												
												30 | 
												
												
												4822 | 
											 
											
												| 
												
												2001 | 
												
												
												30 | 
												
												
												4281 | 
											 
											
												| 
												
												2002 | 
												
												
												57 | 
												
												
												9673 | 
											 
											
												| 
												
												Cəmi: | 
												
												
												139 | 
												
												
												23053 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Bununla yanaşı, 2002-ci ildə Azərbaycanda ümumi 
								təhsil sistemində ən ciddi problemlərdən biri 
								məktəblərin maddi-texniki bazasının yararsız 
								olması ilə bağlı idi. Təsadüfi deyildir ki, 
								həmin dərs ilinin ilk günündə Bakı şəhəri 
								Suraxanı rayonundakı 275 nömrəli məktəbdə 
								olarkən ümummilli lider Heydər Əliyev öz 
								çıxışında "Mən bu gün bəyan edirəm ki, yaxın 
								zamanlarda Azərbaycanda məktəb tikintisi, 
								məktəblərin müasir avadanlıqlarla təmin 
								olunması, təmir edilməsi ilə əlaqədar ciddi 
								tədbirlər haqqında öz təkliflərimi irəli 
								sürəcəyəm" demiş, bu problemin dövlət üçün 
								prioritet məsələ olmasını vurğulamışdı. Həmin 
								çıxışdan qısa müddət keçdikdən sonra ölkə 
								Prezidenti "Azərbaycan Respublikası ümumtəhsil 
								məktəblərinin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci 
								il tarixli Sərəncam imzalamışdı. Qeyd 
								edilməlidir ki, həmin Sərəncam milli təhsil 
								sisteminin inkişafında mühüm amil olan 
								ümumtəhsil məktəbləri şəbəkəsinin 
								genişləndirilməsinə, maddi-texniki bazanın 
								möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı.
								 
								
								
								Sərəncamın icrası istiqamətində Təhsil Nazirliyi 
								tərəfindən ölkənin bütün ümumtəhsil 
								məktəblərində maddi-texniki bazanın monitorinqi 
								aparıldı və nəticələrə əsasən "Azərbaycan 
								Respublikasında yeni ümumtəhsil məktəblərinin 
								tikintisi, mövcud məktəblərin əsaslı təmiri və 
								müasir tədris avadanlıqları ilə təmin olunmasına 
								dair Proqram (2003-2007-ci illər)" hazırlandı. 
								Proqram Azərbaycan Respublikası Prezidentinin 17 
								fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq 
								edildi. Proqramda 5 ildə 44698 yerlik 149 yeni 
								məktəbin, 175 məktəbdə 25560 yerlik 1328 sinif 
								otağının inşası, 408 məktəbdə əsaslı təmir 
								işlərinin aparılması nəzərdə tutulmuşdu. 
								 
								
								
								Proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyi 
								nəzdində Təsərrüfathesablı Əsaslı Tikinti 
								İdarəsi yaradıldı və iş həcmi həddən çox 
								artdığından, sonradan ştat tərkibi 
								genişləndirildi. Bu idarə ölkədə məktəb 
								tikintisi sahəsində əhəmiyyətli nailiyyətlərin 
								əldə edilməsində mühüm rol oynadı və hazırda da 
								öz fəaliyyətini uğurla davam etdirir. 
								 
								
								
								Qeyd edilməlidir ki, Proqramda nəzərdə tutulan 
								tikinti işləri həyata keçirildi və ölkənin bütün 
								regionlarında məktəb infrastrukturunun müasir 
								tələblər səviyyəsinə çatdırılması istiqamətində 
								əhəmiyyətli işlər görüldü. Lakin Proqramda 
								nəzərdə tutulan təmir işləri maliyyə vəsaitinin 
								ayrılmaması səbəbindən həyata keçirilmədi və 
								yalnız sonrakı illərdə bu tədbirlər 
								reallaşdırıldı.  
								
								
								2002-2005-ci illərdə Yaponiyanın Azərbaycandakı 
								fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış 
								Toşiyuki Fucivara "maarifçi səfir" kimi 
								tanınmışdı. Bu, Fucivaranın digər sahələrlə 
								müqayisədə təhsilə daha çox diqqət yetirməsi və 
								qısa müddət ərzində təhsillə bağlı çoxsaylı 
								layihələrin, xüsusilə də "Ot kökləri və insan 
								təhlükəsizliyi" qrant layihəsi əsasında məktəb 
								tikintisi və təmiri ilə bağlı layihələrin yüksək 
								səviyyədə yerinə yetirilməsini təmin edə bilməsi 
								ilə bağlı olmuşdur. Xüsusi vurğulamaq lazımdır 
								ki, həmin layihə çərçivəsində Azərbaycanın 
								regionlarında ümumilikdə 50-dək məktəb tikilmiş 
								və əsaslı təmir olunmuşdur. Hazırda da hər il 
								Yaponiya hökumətinin qrantları hesabına 
								Azərbaycanın regionlarında ən azı 3 məktəb 
								əsaslı təmir və bərpa edilir.  
								
								
								Müstəqil Azərbaycanda təhsil sistemində 
								irimiqyaslı islahatlar prosesi artıq dönməz 
								xarakter almış, Prezident İlham Əliyevin təhsil 
								sisteminə diqqət və qayğısı sayəsində milli 
								təhsil sisteminin aydın sabahını təmin edəcək 
								İnkişaf Proqramları təsdiq olunaraq 
								reallaşdırılmağa başlanmış, Azərbaycan 
								təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı 
								tədbirlər görülməkdədir. Bu tədbirlər içərisində 
								təhsil müəssisələrinin maddi-texniki və tədris 
								bazasının möhkəmləndirilməsi də prioritetlər 
								sırasındadır.  
								
								
								Bu istiqamətdə məktəb tikintisini əhatə edən 
								digər proqramlar da təsdiq olundu. Belə ki, 
								"Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi 
								inkişafının sürətləndirilməsi üzrə Proqram 
								(2006-2008-ci illər)", ayrı-ayrı regionların 
								inkişaf proqramlarına əsasən ölkədə ümumtəhsil 
								məktəblərinin infrastrukturunun əsaslı şəkildə 
								yeniləşdirilməsi mümkün olmuşdur.  
								
								
								Həmin dövrdə Bakı şəhərində məktəblərin 34 faizi 
								məktəb üçün nəzərdə tutulmayan, müasir tələblərə 
								cavab verməyən, sanitar-gigiyenik normaları 
								ödəməyən uyğunlaşdırılmış binalarda yerləşmişdi. 
								Paytaxtın ümumtəhsil məktəblərinin böyük 
								əksəriyyətində şagird sıxlığı müəyyənləşdirilmiş 
								normadan dəfələrlə artıq idi. Şagird sıxlığının 
								yüksək olması məktəblərdə dərs məşğələlərinin 
								üç, hətta dörd növbədə təşkil edilməsi ilə 
								nəticələnirdi. Son illərdə müxtəlif səbəblərdən 
								baş vermiş miqrasiya prosesləri nəticəsində Bakı 
								şəhərində bir növbədə fəaliyyət göstərən 
								məktəblər 41,0 faizdən 13,0 faizə enmişdi. Həmin 
								dövrdə üç növbədə işləyən məktəblərin sayı da 
								xeyli artmışdı, ikinci, üçüncü və dördüncü 
								növbədə təhsil alan şagirdlər ümumi kontingentin 
								40 faizini təşkil edirdi. Bakı şəhərində şagird 
								kontingenti 115 min nəfərədək artdığı halda, 
								cəmi 4132 yerlik 7 yeni məktəb binası inşa 
								olunmuşdu ki, bu da mövcud tələbatın yalnız 10 
								faizini təşkil edirdi.  
								
								
								Həyata keçirilən tədbirlər nəticəsində Bakı 
								şəhərində məktəb tikintisi sahəsində ciddi 
								problemlər aradan qaldırılmış, ümumilikdə 65 min 
								şagird yerlik 140 yeni məktəb binası və mövcud 
								məktəblər üçün əlavə korpuslar tikilib 
								istifadəyə verilmişdir. Bununla da paytaxtda 
								şagird sıxlığı və növbəlilik sahəsində 
								çətinliklər aradan qaldırılmış, birinci növbədə 
								təhsil alan şagird kontingentinin faizi 34-dən 
								75 faizə yüksəlmişdir. 
								
								
								Məcburi köçkün uşaqlar üçün əlverişli təlim 
								şəraitinin yaradılması məqsədilə 2001-2007-ci 
								illərdə Dövlət Neft Fondunun vəsaiti hesabına 
								məcburi köçkün ailələrindən olan şagirdlər üçün 
								113 orta məktəb tikilib istifadəyə verilmiş, 470 
								mövcud məktəb üçün əlavə sinif otaqları inşa 
								edilmişdir. 
								
								
								Son illərdə Azərbaycanda ümumilikdə bir növbədə 
								550 min şagird yerlik 2000-dək yeni məktəb 
								binasının tikilməsi və əsaslı təmiri çağdaş 
								təhsil tariximizin ən parlaq səhifələrindən 
								biridir.  
								
								
								Məktəblərin infrastrukturunun yeniləşdirilməsi 
								sahəsində Heydər Əliyev Fondunun müstəsna 
								xidmətləri olmuş, Fondun təşəbbüsü ilə 
								"Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq 
								evləri və internat məktəbləri" proqramları 
								çərçivəsində 300-ə yaxın yeni məktəb, uşaq 
								bağçası, uşaq evi, internat məktəbi binası 
								tikilib istifadəyə verilmiş, əsaslı təmir və 
								bərpa olunmuş, müasir avadanlıqlarla təchiz 
								edilmişdir.  
								
								
								Xüsusi qeyd etmək istəyirəm ki, 2005-ci ildə 
								ölkədə inşa edilmiş 49732 şagird yerlik 328 yeni 
								məktəbdən 22060 şagird yerlik 132 məktəb, yəni 
								məktəblərin 40 faizi bilavasitə Heydər Əliyev 
								Fondunun təşəbbüsü ilə tikilmişdir. Heydər 
								Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni 
								məktəb" Proqramı öz coğrafiyasına görə bütün 
								ölkəni əhatə etmişdir. Ən əhəmiyyətlisi odur ki, 
								on illərlə təmir edilməmiş, tam yararsız və qəza 
								vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir 
								şəraiti olmayan məktəblərin yerində müasir 
								standartlara uyğun yeni binalar inşa edilmiş, 
								keyfiyyətli avadanlıqlarla təmin olunmuş və 
								şagirdlərin istifadəsinə verilmişdir. 
								 
								
								
								Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud 
								məktəblər üçün əlavə korpusların inşası, onların 
								əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, 
								istilik sisteminin bərpası, ümumilikdə 
								infrastrukturun yeniləşdirilməsi nəticəsində 
								ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 
								75 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. 
								Məktəb tikintisi sahəsində həyata keçirilən 
								proqramlar nəticəsində son 10 ildə ikinövbəli 
								məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci 
								növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 
								21-ə endirilmişdir.  
								
								
								Aşağıdakı diaqramda 2003-2009-cu illərdə məktəb 
								tikintisi barədə məlumat verilmişdir.   
								
								    
								
								
								Təhsilə investisiya qoyuluşları 2004-cü ildəki 
								5,8 milyon manatdan 38 dəfə artaraq 2008-ci ildə 
								220 milyon manata yüksəlmişdir. Bunu aşağıdakı 
								diaqramdan görmək olar.   
								
								    
								
								
								Bütün bunlarla yanaşı, ölkədə hələ də qəza 
								vəziyyətində olan və yararsız binalarda yerləşən 
								məktəblərin olmasını nəzərə alaraq, Azərbaycan 
								Respublikası Prezidentinin "Qəza vəziyyətində 
								olan ümumtəhsil məktəbləri üçün yeni binaların 
								tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir 
								işlərinin aparılması haqqında" 16 avqust 2007-ci 
								il tarixli Sərəncamı ilə 14 milyon, "Qəza 
								vəziyyətində olan ümumtəhsil məktəb binalarının 
								tikintisi, təmiri və ali təhsil müəssisələrinin 
								maddi - texniki bazasının möhkəmləndirilməsi 
								haqqında" 23 iyun 2008-ci il tarixli Sərəncamı 
								ilə 25 milyon, "Qəza vəziyyətində olan 
								ümumtəhsil məktəb binalarının yenidən qurulması 
								işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu 
								il tarixli Sərəncamı ilə 13 milyon, "Qəza 
								vəziyyətində olan ümumtəhsil məktəblərinin 
								yenidən qurulması ilə bağlı əlavə tədbirlər 
								haqqında" 4 dekabr 2009-cu il tarixli Sərəncamı 
								ilə Azərbaycan Respublikası Prezidentinin 
								Ehtiyat Fondundan 3 milyon manat vəsait 
								ayrılmışdır.  
								
								
								Eyni zamanda ölkə Prezidenti 2003-2009-cu 
								illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı 
								təmir olunmuş məktəblərdə olmuş, hər dərs ilinin 
								ilk günündə müəllimlərlə, şagirdlərlə, 
								valideynlərlə görüşmüşdür ki, bütün bunlar ölkə 
								başçısının təhsilə diqqət və qayğısının bariz 
								nümunəsidir. 
								
								
								Məktəblərin əsaslı təmiri. Məlumdur ki, uzun 
								illər məktəblərin əsaslı təmiri yerli büdcə 
								vəsaiti hesabına yerli icra hakimiyyəti 
								orqanları tərəfindən həyata keçirilirdi. Hər il 
								bu məqsədlə dövlət büdcəsindən müəyyən qədər 
								maliyyə vəsaiti ayrılmış, lakin həmin vəsaitdən 
								səmərəli istifadə edilmədiyindən məktəblərin 
								əsaslı təmiri sahəsində hissolunacaq 
								irəliləyişlər olmamış, nəticədə məktəblərin 
								binaları tədris üçün yararsız vəziyyətə 
								düşmüşdü.  
								
								
								Məhz bu səbəblərdən hökumətin qərarı ilə 2006-cı 
								ildən məktəblərin əsaslı təmiri 
								mərkəzləşdirilmiş büdcə vəsaiti hesabına Təhsil 
								Nazirliyi tərəfindən həyata keçirilməyə 
								başlandıqdan sonra bu sahədə vəziyyət əsaslı 
								şəkildə dəyişmişdir. Bu istiqamətdə həyata 
								keçirilmiş tədbirlərin nəticəsində son 3 il 
								ərzində 550-dən çox məktəb əsaslı təmir edilmiş, 
								müasir avadanlıqlarla təchiz olunmuşdur. 
								 
								
								
								Qeyd edilən əhəmiyyətli nailiyyətlərlə yanaşı, 
								ölkə Prezidenti tərəfindən təsdiq edilmiş 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								yoxsulluğun azaldılması və davamlı inkişaf 
								Dövlət Proqramı"na əsasən 2009-2012-ci illərdə 
								390 məktəb üçün yeni binanın inşası, 540 məktəb 
								üçün əlavə korpusların tikintisi, 900 məktəbin 
								əsaslı təmiri nəzərdə tutulmuşdur. Əsas hədəf 
								məktəblərdə çoxnövbəliliyin ləğvi və beşgünlük 
								tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün 
								əlverişli təlim şəraitinin yaradılmasıdır. 
								
								
								Ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin 
								olunması. Son vaxtlaradək ümumi təhsil 
								sistemində ən ciddi problemlərdən biri də mövcud 
								ümumtəhsil məktəblərinin avadanlıqlarla 
								təchizatı ilə bağlı olmuşdur. Əsaslı təmir kimi, 
								məktəblərin avadanlıqlarla təchizatı da yerli 
								büdcə vəsaiti hesabına həyata keçirilmişdir. 
								Lakin aparılmış monitorinqlər və nəticələrin 
								təhlili bu sahədə də vəziyyətin qənaətbəxş 
								olmadığını göstərirdi. 
								
								
								Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən 
								aparılan təhlillər göstərdi ki, avadanlıq 
								baxımından respublikanın ümumtəhsil 
								məktəblərində şagird masası, sinif lövhəsi, 
								müəllim masası və stuluna daha çox ehtiyac 
								yaranmışdır. Onu da qeyd edim ki, keçmişdə 
								istehsal olunmuş həmin avadanlıqların keyfiyyəti 
								və davamlılığı da qənaətbəxş deyildi. 
								 
								
								
								Zəruri ehtiyac nəzərə alınaraq Təhsil Nazirliyi 
								tərəfindən "Azərbaycan Respublikasında 
								ümumtəhsil məktəblərinin avadanlıqla təmin 
								olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu 
								illər)" hazırlandı və Nazirlər Kabinetinin 
								qərarı ilə təsdiq olundu. Proqramın 
								reallaşdırılmasına 2005-ci ildən başlandı. İlk 
								dəfə olaraq mərkəzləşdirilmiş vəsait hesabına 
								Təhsil Nazirliyi tərəfindən ümumtəhsil 
								məktəblərinə yüksək keyfiyyətli avadanlqlar - 
								şagird masası, yazı lövhəsi, müəllim masası və 
								müəllim stulu verilməyə başlandı. Yeni tikilən 
								və əsaslı təmir edilən məktəblərdən əlavə, son 
								illərdə Proqrama əsasən 708 məktəb və 10 rayon 
								təhsil şöbəsi müasir avadanlıqlarla təchiz 
								edilmişdir.  
								
								
								Aşağıdakı cədvəldə 2005-2009-cu illərdə 
								ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatı 
								barədə məlumat verilmişdir.  
								
									
										|   | 
										
										
											
												| 
												
												Avadanlığın adı | 
												
												
												İllər üzrə verilən avadanlığın 
												sayı | 
												
												 
												
												Cəmi  | 
											 
											
												| 
												 
												
												2005  | 
												
												
												2006 | 
												
												
												2007 | 
												
												
												2008 | 
												
												
												2009 | 
											 
											
												| 
												
												Şagird masası | 
												
												
												17500 | 
												
												
												56599 | 
												
												
												65000 | 
												
												
												68157 | 
												
												
												27414 | 
												
												
												234670 | 
											 
											
												| 
												
												Yazı lövhəsi | 
												
												
												1500 | 
												
												
												4880 | 
												
												
												5000 | 
												
												
												6520 | 
												
												
												2315 | 
												
												
												20215 | 
											 
											
												| 
												
												Müəllim masası | 
												
												
												1700 | 
												
												
												6104 | 
												
												
												7000 | 
												
												
												8180 | 
												
												 
												
												4313  | 
												
												
												27297 | 
											 
											
												| 
												
												Müəllim stulu | 
												
												
												2600 | 
												
												
												7594 | 
												
												
												8000 | 
												
												
												11377 | 
												
												
												7662 | 
												
												
												29571 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Təhlil göstərmişdir ki, 5 illik Proqramın başa 
								çatmasına baxmayaraq, məktəblərin avadanlıqlarla 
								təminatı sahəsində işlərin davam etdirilməsi 
								zəruridir. Bu istiqamətdə 2010-2015-ci illəri 
								əhatə edən yeni proqramın hazırlanması və həyata 
								keçirilməsi mühüm vəzifələrdəndir.  
								
								
								Eyni zamanda təhlil göstərir ki, respublikada 
								fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 40,4 
								faizində fizika kabineti, 55,4 faizində kimya 
								kabineti, 55,9 faizində biologiya kabineti 
								yoxdur. Məktəblərin maddi-tədris bazasının 
								bütövlükdə müasir tələblər səviyyəsinə 
								çatdırılması məqsədilə onların təlim 
								keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən 
								tədris laboratoriyaları ilə təmin olunması üçün 
								müvafiq dövlət proqramının qəbul edilməsi 
								zəruridir. 
								
								
								Məhz bu zərurət nəzərə alınaraq Azərbaycanda 
								müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb 
								müasir kimya və fizika laboratoriyaları ilə 
								təmin edilmişdir, bu istiqamətdə işlər davam 
								etdiriləcəkdir.  
								
								
								Ümumtəhsil məktəblərinin istiliklə təminatı. 
								Ümumtəhsil məktəblərinin istiliklə təminatı 
								sahəsində mövcud olan problemlərin aradan 
								qaldırılması ilə əlaqədar 2007-ci ildən etibarən 
								Təhsil Nazirliyi tərəfindən proqram həyata 
								keçirilməyə başlanmışdır. İlk növbədə, Bakı 
								şəhərinin bütün məktəblərində istilik sisteminin 
								vəziyyəti araşdırılmış, hər bir məktəbdə problem 
								və onun aradan qaldırılması üçün görüləcək 
								tədbirlər, tələb olunan maliyyə vəsaiti əhatə 
								olunmaqla proqram hazırlanmışdır. Eyni zamanda  
								bu  məsələ  Bakı  şəhərinin  bütün məktəblərinin 
								rəhbərlərinin iştirakı ilə nazirliyin kollegiya 
								iclasında geniş müzakirə olunmuşdur.  
								
								
								Təhsil Nazirliyi və "Azəristiliktəchizat" Açıq 
								Tipli Səhmdar Cəmiyyətinin birgə proqramlarına 
								əsasən 2007-2009-cu illərdə ölkə üzrə istilik 
								sistemi bərpa edilmiş məktəblərin sayı 700-ə 
								çatmışdır. 2007-ci ildə 250 məktəbin istilik 
								sistemi bərpa edilmişdir ki, onlardan 128-i 
								Təhsil Nazirliyi tərəfindən həyata 
								keçirilmişdir. 2008-ci ildə istilik sistemi 
								bərpa edilmiş 350 məktəbdən 206-sı Təhsil 
								Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına 
								olmuşdur. 2009-cu ildə isə 100 məktəbin istilik 
								sistemi əsaslı təmir olunmuşdur. Bu illər 
								ərzində Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin 
								istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur 
								ki, bu da paytaxtda məktəblərin qızdırılması 
								sahəsində problemlərin tam həlli deməkdir.   
								
								
								
								(Ardı var)  
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının təhsil naziri,  
								fizika-riyaziyyat elmləri doktoru, professor  |