| 
								 
								
								Qasım Zülfəli oğlu Hüseynov 25 may 1940-cı ildə 
								Naxçıvan MR-in Şahbuz rayonunda anadan olub. 
								Bölgənin Kükü kənd məktəbində orta təhsil alıb. 
								1963-cü ildə Azərbaycan Dövlət Universitetinin 
								(indiki BDU) kimya fakültəsini fərqlənmə diplomu 
								ilə bitirib. 
								
								
								 ...Hazırda 
								BDU-nun Neft kimyası və kimya texnologiyası 
								kafedrasının professoru, ali məktəbin nəzdində 
								olan "Gənc istedadlar" liseyinin direktoru 
								vəzifələrində çalışır.  
								
								
								
								Elm yollarında  
								
								
								Günləri ömrün salnamə sətirlərinə çevirib 
								yaşadıqca taleyin qismətimiz olacaq məqamlarına 
								yaxınlaşırıq. Bu yollar heç də rahat və uğurlu 
								olmur. Həyat mövqeyi insandan məqsədyönlü 
								fəaliyyət, bilik və bacarıq, əmək və istedad 
								tələb edir. Üstəlik inam və ümidlə yaşamalısan. 
								
								
								Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Qasım 
								Zülfəli oğlu Azərbaycan EA-nın Neft-Kimya 
								Prosesləri İnstitutuna göndəriləndə artıq 
								məqsədini müəyyənləşdirmişdi. İstirahət 
								günlərində belə kimyəvi elementlərin qarışıq 
								qoxusu əbədi olan laboratoriyalarda çalışdı. 
								1968-ci ildə "2,5 dialkil - və 2,5 dihalogen 
								tiofenollar və onların S - əvəzli törəmələrinin 
								sintezi və tədqiqi" mövzusunda namizədlik 
								dissertasiyasını müdafiə etdi. Akademik Əli 
								Quliyevin rəhbərliyi altında Aşqarlar Kimyası 
								İnstitutunda kükürd, azot və oksigen atomu olan 
								yeni üzvi maddələrin alınma üsulları tapıldı, 
								həmin maddələr aşqar, inhibitor və analitik 
								reagent kimi araşdırıldı. O, üzvi kimyanın çox 
								az tədqiq olunmuş tiofenollar və merkartokarbon 
								turşularının reaksiya qabiliyyətləri və kimyəvi 
								xassələrini öyrəndi, kükürdlü birləşmələrin 
								sintezinin yeni prinsiplərini işləyib hazırladı. 
								
								
								Bəzi kükürdlü üzvi maddələrin (sulfid, disulfid 
								və aminosulfidlərin), fenolların tərkibində 
								kükürd atomu olan törəmələrinin, eləcə də 
								heterotsiklik birləşmələrin sintezinin sadə, 
								effektli üsullarını ilk dəfə təklif edən 
								Q.Hüseynov olub. O, həmçinin bir sıra üzvi 
								maddələrin elektronodonor xassələrini, dipol 
								momentlərini və istiliyə davamlılığını, bu 
								maddələrin quruluşları ilə aşqar kimi effektləri 
								arasındakı asılılığı öyrənib əvvəllər məlum 
								olmayan qanunauyğunluğu müəyyən etdi. Aşkara  
								çıxardı ki, sulfidlərdə kükürd atomuna görə
								
								
								ß-vəziyyətdə 
								mürəkkəb efir qrupunun olması maddənin 
								antikorroziya xassəsini kəskin surətdə 
								yaxşılaşdırır. 
								
								
								Qasım Hüseynovun elmi-tədqiqat işləri sürtkü 
								yağlarının, yanacaqların keyfiyyətini 
								yaxşılaşdıran aşqarların, metalları korroziyadan 
								qoruyan inhibitorların və analitik reagentlərin 
								sintezinə və tədqiqinə həsr olunub. Kimyaçı alim 
								dizel mühərriklərinin işlənmiş qazlarının 
								tüstülüyünü azaldan, keçmiş SSRİ-də ilk dəfə 
								alınan və tətbiqinə dair 1977-ci ildə SSRİ 
								Dövlət Standartlaşdırma Komitəsi tərəfindən 
								qərar verilən İXP-706 aşqarının 
								müəlliflərindəndir. Dizel mühərriklərinin 
								işlənmiş qazlarının tüstülüyünü azaldan və 
								sürtkü yağlarının korroziyaya qarşı 
								davamlılığını xeyli artıran səmərəli aşqarların 
								sintezi üçün elmi prinsiplər müəyyənləşdirən 
								alim yeni perspektiv istiqaməti göstərmiş, 
								aşqarların quruluşu ilə onların effektliliyi 
								arasındakı asılılığı göstərən ümumi 
								qanunauyğunluqları müəyyənləşdirib.Onun 
								"Kobaltın fotometrik üsulla təyini" ixtirası 
								hələ Sovet dövründən - 1986-cı ildən Xarkovdakı 
								zavodda tətbiq olunur. 
								
								
								Q.Hüseynov 1991-cı ildə "Tiollar və fenolların 
								funksional törəmələri sürtkü yağlarına və 
								yanacaqlara aşqar kimi" (neft kimyası üzrə) 
								mövzusunda doktorluq dissertasiyası müdafiə 
								edib. 
								
								
								Qasım Zülfəli oğlunun elmi-tədqiqat işlərinin 
								nəticələri 175-dən çox elmi əsərdə, o cümlədən 
								16 müəlliflik şəhadətnaməsində öz əksini tapıb.
								 
								
								
								O, dəfələrlə beynəlxalq simpoziumlarda 
								Azərbaycan kimya elmini ləyaqətlə təmsil edib. 
								Professor Qasım Hüseynov elmi kadrların 
								hazırlanması sahəsində də bilik və əməyini 
								əsirgəməyib. Onun rəhbərliyi altında 10 nəfər 
								magistr, yaxından iştirakı ilə  7 nəfər 
								namizədlik dissertasiyası müdafiə edib. 
								Professor Q.Hüseynov respublika və xarici 
								ölkələrin nüfuzlu elmi jurnallarında nəşr 
								olunmuş məqalələrin müəllifidir. 
								
								
								O, Azərbaycan MEA-nın akademik Y.Məmmədəliyev 
								adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində 
								Dissertasiya Şurasının üzvüdür.  
								
								
								
								Ali məktəb müəllimi, rektor  
								
								
								1977-ci ildə müsabiqə yolu ilə pedaqoji sahəyə 
								keçən Qasım Zülfəli oğlu Naxçıvan Dövlət 
								Pedaqoji İnstitutunda baş müəllim, dosent, 
								kafedra müdiri kimi bilik və bacarığını 
								əsirgəməyib. Ali məktəb həyatında bir 
								müəllim-alim kimi təcrübə toplayıb. Və 1989-cu 
								ildə o, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun 
								rektoru təyin edilib. Üzvi kimya fənnini tədris 
								etməklə yanaşı, kimya kafedrasının elmi 
								istiqamətlərindən birinə rəhbərlik edib. 
								
								
								Həmin dövrdə ümummilli lider Heydər Əliyevin 
								rəhbərliyi və qayğısı sayəsində NDU-da xeyli 
								uğurlar qazanıldı, yeni ixtisaslar açıldı, 
								kafedralar fəaliyyətə başladı.  
								
								
								*** 
								
								
								1996-cı ilin oktyabr ayından Qasım müəllim Bakı 
								Dövlət Universitetinin Neft kimyası və kimya 
								texnologiyası kafedrasının professoru 
								vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam 
								etdirir. Onun elmi nəticələrindən (üzvi 
								maddələrin dipol momentləri,  elektronodonor 
								xassələri, hidrogen rabitəsi əmələ gətirmək 
								qabiliyyətləri, sürtkü yağlarının və 
								yanacaqların xassələri və s.) ali məktəblərdə 
								tədris prosesində əlavə mənbə kimi istifadə 
								olunur.  
								
								
								
								Çoxillik təcrübədən doğan təkliflər  
								
								
								Professor Qasım Hüseynov ali məktəbdə - BDU-da 
								çalışmaqla yanaşı, bir müddət kimya-biologiya 
								təmayüllü respublika liseyində dərs deyib. 
								Yetirmələri ali məktəblərə qəbul imtahanlarından 
								uğurla çıxıblar. Bu illərdə o, öz yetirmələrinə 
								ekologiya, ətraf mühit və ekologiyanın kimyəvi 
								problemləri mövzularında məruzələr edib; 
								şagirdlərini ali məktəb laboratoriyalarına, 
								Təkamül muzeyinə ekskursiyaya gətirib. 
								
								
								Təbiətən humanist və sadə olan Qasım Hüseynov 
								vətəndaş alim kimi ali və orta məktəblərdə 
								tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün 
								təkliflərini hələ on il əvvəl qələmə alıb: 
								
								
								·         
								
								
								Savadlı, öz işinə bağlı müəllimlərin əməyi 
								yüksək qiymətləndirilməlidir; müəllimlərin 
								sosial vəziyyəti yaxşılaşdırılmalı, onlara 
								imtiyazlar verilməlidir. 
								
								
								·         
								
								
								Ali və orta məktəblərin maddi-texniki bazası 
								müasir avadanlıqlarla, cihazlarla və s. 
								möhkəmləndirilməlidir. 
								
								
								·         
								
								
								Hazırkı tələblərə cavab verən dərsliklərin 
								hazırlanmasına xüsusi diqqət və qayğı 
								göstərilməlidir. 
								
								
								·         
								
								
								Tələbə və şagirdlərin biliyinin "5 bal"  sistemi 
								ilə qiymətləndirilməsi ədalətli sayıla bilməz. 
								Ona görə də çoxballı sistemə keçilməsi 
								məqsədəuyğundur. 
								
								
								·         
								
								
								Ali məktəblərdə qüvvədə olan ümumi bərabərçilik 
								prinsipi (eyni vəzifədə çalışan müəllimlərin 
								əməyinin eyni səviyyədə qiymətləndirilməsi)  
								özünü doğrultmur. 
								
								
								·         
								
								
								Mövcud şərait gənclərin təlim-tərbiyəsinə xüsusi 
								diqqət yetirilməsini tələb edir. Bu işlə təkcə 
								müəllim və valideynlər deyil, bütün ictimaiyyət 
								məşğul olmalıdır. 
								
								
								·         
								
								
								Orta məktəblərdə ayrı-ayrı fənlərin, xüsusən 
								təbiət elmlərinin və riyaziyyatın, həmçinin 
								xarici dillərin tədrisinin yaxşılaşdırılmasına 
								diqqət artırılmalıdır. 
								
								
								·         
								
								
								Müəllimlər öz fəaliyyətlərində gənclərimizin 
								tarixi yaddaşını formalaşdırmaq, onlarda milli 
								mənlik şüurunu inkişaf etdirmək, vətənpərvərlik 
								hissi aşılamaq kimi məsələlərə xüsusi yer 
								ayırmalıdırlar. 
								
								
								·         
								
								
								Kimya fənninin tədrisi prosesində müəllimlər:
								 
								
								
								a) gənclərdə vətənpərvərlik hissi aşılamaq 
								məqsədilə, keçilən mövzuya uyğun olaraq, 
								Azərbaycan kimyaçılarının elmi nailiyyətləri 
								barədə qısa məlumat verməlidirlər; 
								
								
								b) keçilən mövzuya uyğun olaraq, ekologiyanın 
								kimyəvi problemləri, respublikamızdakı ekoloji 
								vəziyyət barədə məlumat verməlidirlər; 
								
								
								c) çalışmalıdırlar ki, gənclər yaradıcı 
								fikirləşə bilsinlər, məsələnin mahiyyətini başa 
								düşsünlər, Niyə, Nə üçün - suallarına cavab verə 
								bilsinlər.  
								
								
								
								Yenidən təhsil müəssisəsinə rəhbərlik: lisey 
								direktorunun fəaliyyəti  
								
								
								2007-ci ilin 8 iyununda Azərbaycan Təhsil 
								Nazirliyinin 708 nömrəli əmri ilə Bakı Dövlət 
								Universitetinin nəzdində "Gənc istedadlar" 
								liseyi yaradıldı. 
								
								
								Ölkənin ilk universitetinin nəzdində yaradılan 
								bu tədris ocağı dövlət başçısı İlham Əliyevin 
								"Xüsusi istedada malik olan uşaqların 
								(gənclərin) yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" 
								haqqında Sərəncamı (17.04.2006) ilə yaradılmışdı 
								və məqsəd dərin biliyi və geniş dünyagörüşü olan 
								milli ruhlu gənclər yetişdirməkdi. BDU-nun 
								rektoru, millət vəkili, akademik Abel Məhərrəmov 
								Qasım Hüseynovun direktor təyin olunmasını 
								məsləhət bildi. Kollektiv işə əzmlə başladı. 
								
								
								Tədris Azərbaycan və rus dillərində aparılan 
								liseyin rəhbərliyi və pedaqoji kollektivinin 
								səmərəli fəaliyyətinin nəticələrindən biri: 
								2009-2010-cu tədris ilində V sinif üçün nəzərdə 
								tutulan 48 yerə qarşı 734 ərizə verildi... 
								
								
								"Gənc istedadlar" liseyinin pedaqoji 
								kollektivinin keyfiyyət tərkibi bu tip təhsil 
								ocaqları üçün qibtə doğuracaq bir vəziyyətdədir: 
								bir nəfər elmlər doktoru, iyirmi nəfər elmlər 
								namizədi, eləcə də ali kateqoriyalı müəllimlər, 
								Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aparıcı 
								ekspertləri, müxtəlif dövrlərdə Bakı üzrə 
								müsabiqələrdə "İlin ən yaxşı müəllimi" 
								nominasiyalarının qalibləri olanlar milli 
								təhsilin uğurlarını dərinləşdirmək naminə əlbir 
								fəaliyyət göstərirlər. 
								
								
								Dünya təcrübəsindən bəllidir ki, cəmiyyətin 
								inkişafı təhsillə bağlıdır. İstənilən bir ölkədə 
								xalqın yolu keçən təhsil sisteminin səviyyəsi 
								cəmiyyətin inkişafına əsaslı təsir göstərir. 
								Məhz buna görədir ki, dünya miqyaslı təhsillə 
								bağlı qurumlar hər hansı bir ölkədə toplanmış 
								qabaqcıl məktəb və müəllim təcrübəsinin 
								öyrənilməsi, ümumiləşdirilib yayılmasına böyük 
								önəm verirlər. Bu baxımdan cəmi 3 illik 
								salnaməsi olan liseyin rəhbərliyi və pedaqoji 
								kollektivinin təşəbbüsü ilə Bakı Dövlət 
								Universitetinin 90 illiyinə həsr olunmuş 
								respublika konfransı keçirilməsi təklifi BDU-nun 
								rektorluğu tərəfindən təqdir olundu. BDU-nun 
								rektoru, akademik Abel Məhərrəmovun sədrliyi ilə 
								tanınmış alim və müəllimlərdən ibarət təşkilat 
								komitəsi yaradıldı.  
								
								
								Ümumi orta təhsil əslində ali və orta ixtisas 
								təhsilinin, diplomdansonrakı təhsilin əsasıdır. 
								Ümumi təhsil hazırlığı fasiləsiz təhsilin 
								inkişafında mühüm faktorlardandır. Odur ki, 
								liseyin təşəbbüsü ilə təşkil olunan birinci 
								respublika konfransı "Müasir şəraitdə orta 
								ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini 
								yüksəltmək yolları" mövzusunda keçirildi. 
								Humanitar, təbiət, riyaziyyat və informatika 
								elmləri bölmələri üzrə təcrübədən bəhs edən 
								çoxlu sayda məruzələr dinlənildi.   
								
								
								
								İnsan əməyinin dəyəri: təltiflər, fəxri adlar  
								
								
								Bəşəriyyətin inkişafına xidmət edən insan əməyi 
								heç vaxt unudulmur. Dünya miqyasında verilən 
								mükafatlardan başlamış hər bir ölkə daxilində 
								mövcud olan dəyərləndirmə, mükafatlandırma 
								formaları özlüyündə insan - alim, müəllim, 
								həkim, yazıçı, jurnalist, mühəndis... əməyinə 
								verilən qiymətdir. Azərbaycan kimya elminin 
								inkişafında, milli təhsilimizin ali təhsil və 
								ümumi orta təhsil pillələri üzrə uğurlarında 
								rektor, lisey direktoru kimi əqli əməyi, 
								təşkilatçılıq fəaliyyəti olan Qasım Hüseynov 
								"Şərəf Nişanı" ordeni (1986), D.İ.Mendeleyev 
								adına Ümumittifaq Kimya Cəmiyyətinin Fəxri 
								fərmanı, "Azərbaycan Respublikasının əməkdar 
								müəllimi" fəxri adı (2009) ilə təltif olunub, 
								qiymətləndirilib. 
								
								
								*** 
								
								
								Hər gün Əhməd Cəmil küçəsi,41a  ünvanında 
								yerləşən "Gənc istedadlar" liseyinə onlarca 
								beşinci sinfə keçmiş məktəblilər gəlirlər. Onlar 
								burada - artıq öz uğurları ilə tanınmış liseydə 
								təhsil almaq istəyirlər. Bu istəyin reallaşması 
								müsabiqə yolu ilə mümkündür. Xalqın gələcəyi 
								olacaq gəncliyin  bilikli və geniş dünyagörüşlü 
								yetişməsi üçün pedaqoji kollektiv, liseyin 
								direktoru, kimya elmləri doktoru, professor, 
								respublikanın əməkdar müəllimi Qasım Hüseynov 
								seçim prosesinə də diqqət və qayğı ilə, dərin 
								məsuliyyət hissi ilə yanaşırlar. Axı uğurlara 
								aparan yollar inam və etibardan keçir...  
								
								
								
								Mirzə ALLAHVERDİYEV, 
								kimya elmləri doktoru, professor,  
								
								
								
								Şamxəlil MƏMMƏDOV, 
								pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar 
								jurnalist  |